İmperiyalar və onların süquta sürüklənməsi

 

Proloq

 

(Əvvəli 4 iyun sayımızda)

 

V. I Dünya müharibəsi.

 

I Dünya müharibəsinə gedən yol 

 

28 iyun 1914-cü ildə Avstriya taxt-tacının varisi, ershersoq Frants-Ferdinand Bosniya şəhəri Sarayevoda qətlə yetirildi. Bu hadisə Avstriya ilə Serbiya arasındakı əksdurmanın nəticəsi olmasına baxmayaraq, I Dünya müharibəsinə aparırdı. Müharibə isə heç də labüd deyildi, çünki əvvəllər Avropa liderlərinin qətlə yetirilməsi müharibəyə səbəb olmamışdı və Avropa dövlət xadimləri belə münaqişələri lokallaşdırılmış və yatırmışdılar.

 

Lakin bu vaxt Avropada militarizm güclənmişdi. İri kütləyə malik olan orduların böyüməsi Avropada mövcud olan münaqişələri kəskinləşdirmişdi. Ordular böyüdükcə hərbi liderlərin də təsiri artırdı. 1914-cü ilin yayı ərzindəki böhranda generallarda Avropa siyasi liderlərinə xas olan çeviklik yox idi, ona görə də siyasi vasitələr əvəzinə hərbi qərarlara üstünlük verildi.

 

Bu dövrdə müharibəyə cəlb olunacaq beş imperiyadan üçünün imperatorları bir-birlərinə yaxın qohum idilər. Onlar Almaniyanın, Böyük Britaniyanın və Rusiyanın imperatorları olmaqla, titulları əsasən kayzer, kral və çar kimi işlənirdi.

 

Almaniyanın kayzeri II Vilhelm Böyük Britaniya kralı V Corcun bibisi oğlu idi, onların hər ikisi Britaniya kraliçası, 1901-ci ildə vəfat edən Viktoriyanın nəvələri olmaqla, qızının və oğlunun övladları idi. Rusiya çarı II Nikolay isə Britaniya kralı V Corcla xalaoğlu idi, onların anaları Danimarka kralının qızları olmaqla, printsessalar idi. II Nikolayın arvadı da kraliça Viktoriyanın nəvəsi idi.

 

Görən taxt-taca yiyələnmiş bu adamlar niyə tabeliklərində olan xalqları, ölkələri ilə yanaşı, özlərini də bu ölümcül təhlükənin ağuşuna atırdılar? Axı qətlə yetirilən Avstriya ershersoqu və ya onu qətlə yetirən Qavrilo Printsip ilə onların bilavasitə heç bir əlaqələri yox idi. Əgər Avstriya-Macarıstan bir serb cavan oğlan olan qatilə görə bütöv Serbiyadan qisas almaq istəyirdisə, nəyə görə Almaniya öz müttəfiqini müharibə başlamağa təhrik edir və əks tərəfdəki böyük dövlətlərə hədə gəlirdi. II Vilhelm öz doğma anasının və məşhur kraliça nənəsinin vətəninə qarşı müharibəyə başlamaqla hansı bir məqsədi güdürdü? Bu vaxt Böyük Britaniya dünyanın ən böyük dövləti idi. İmperiyada 0,5 milyard nəfər və ya planetin ərazisindəki bütün əhalinin dörddə biri yaşayırdı, Hindistana, Afrikanın yarısına malik idi. Axı Napoleon kimi istedadlı sərkərdə və dövlət xadimi ada dövləti olan Böyük Britaniyanı diz çökdürə bilməmişdi və axırda ingilis generalının başçılıq etdiyi birləşmiş Britaniya və Prussiya orduları tərəfindən qəti və axırıncı məğlubiyyətə uğradılmışdı. Digər tərəfdən, Britaniya imperiyası iqtisadi inkişafda yüksək zirvələri fəth edəndə, yenicə birləşmiş Almaniya Avropanın böyük dövlətləri ailəsinə daxil olmuşdu. Bu süfrəyə gec gəlsə də, böyük iştah nümayiş etdirən Almaniya qısa müddətdə yüksək sənaye inkişafına malik olmuşdu. Lakin hərbi cəhətdən digər böyük dövlətləri məğlub etmək barədə elə də böyük şansa malik deyildi. İllüziya isə müharibə kimi olduqca ciddi bir işdə arqument rolunu oynaya bilməzdi.

 

II Vilhelm militarizmə ümdə fikir verirdi, güclü hərbi-dəniz donanmasına sahib olmağa can atırdı. Axı XX əsrin başlanğıcının İngiltərəsi nə b.e.ə. III əsrin ortalarının Karfageni deyildi, nə də Almaniya həmin dövrün Romasına çevrilib, dəniz müharibəsində ən yeni silah olan sualtı qayıqlara bel bağlasa da, İngiltərəni məğlubiyyət acısını dadmağa məcbur edə bilməzdi. İspanların məğlubedilməz Armadası da Çarlz Hovarddan və Frensis Dreykdən, XIX əsrin başlanğıclarında isə fransız və ispan birgə donanmaları da Trafalqar döyüşündə isə admiral Nelsondan yaxşı dərs almışdılar. Tarixin belə ibrət dərsləri olan yerdə görən Almaniya kayzeri özünü hansı xəyallarla qidalandırırdı.

 

II Vilhelm taxt-taca çıxdıqdan iki il sonra Almaniyanın birləşməsinin, yeni iri Avropa dövlətinin beşiyi başında dayanmış, iki onillik əvvəl Fransanı ağır məğlubiyyətə uğradan, bu qələbənin “qılıncını döyən” Bismarkı imperiyanın reyxskanslerliyindən uzaqlaşdırmışdı. Bismark militarist siyasət aparsa da, öz dövlətinin və onun rəqibinin imkanlarına yaxşı bələd olduğundan ağır səhvlərdən qaçmağı bacarırdı.

 

II Vilhelm isə hərbi təlim keçsə də, hərb və ən başlıcası siyasət aləmində Bismarkla heç cür müqayisə oluna bilməzdi, diplomatiyada isə ona bütünlüklə uduzurdu. Lakin bədbəxtlikdən Bismarkdan yaxasını qurtarıb, sərbəstliyə malik olsa da, bu mövqeyindən ustalıqla deyil, xəyallara qapılmaq yolu ilə istifadə etməyə çalışırdı. Alman hərbi maşınının hər şeyə qadir olması barədəki dayaz düşüncə onu müharibə cığırlarına düşməyə sövq etmişdi. II Vilhelm əgər Yeddiillik müharibədə böyük Fridrixin Rusiya tərəfindən ağır vəziyyətə salındığını, rus qoşunlarının Berlin də daxil olmaqla, Prussiyanın xeyli hissəsini tutmasını, yalnız taleyin çar III Pyotr şəklindəki mükafatı ilə bu bəladan xilas olduğunu nəzərə alsaydı, yəqin ki, Avropanın hərbi cəhətdən heç də zəif olmayan üç böyük dövlətinin yaratdığı ittifaqa - Antantaya qarşı müharibəyə girişməzdi. Axı onların potensial müttəfiqi olan ABŞ da nəzərə alınmalı idi.

 

II Vilhelmdən 25 il sonra Hitler də sərsəm ideya-fiksə tabe olaraq, bütün Avropa ilə müharibəyə girmək kimi ağılsız bir riskə özünü atmışdı. Onların hər ikisinin tarixdən dərs almaq imkanı olsa da, onlar buna məhəl qoymamışdılar.

 

Hər iki dünya müharibəsi olmasaydı, Almaniya, heç şübhəsiz, dünyanın iqtisadi cəhətdən fövqəl dövlətinə çevrilə bilərdi. Almaniya birləşdikdən sonra iqtisadi cəhətdən çox güclənmişdi. Çünki hələ 1913-cü ildə Almaniya sənaye istehsalına görə Böyük Britaniyanı ötüb keçmişdi. Həm də güclü orduya malik idi. Lakin həm II Vilhelm, həm də Hitler bu imkanı məhv etdi. Çox işgüzar bir xalqı müharibədəki məğlubiyyətlə və səfalətlə üzləşməyə gətirib çıxardı. Əlavə “yaşayış məkanı” qazanmaq arzusu isə öz ölkələrinin ərazisinin kiçildilməsi ilə nəticələndi.

 

İmperiyalar onsuz da öz sonluğuna çatacaqdı. Lakin I Dünya müharibəsi tonqalını yandırmağa görə onun başlamasına günahkar olanlar məsuliyyət daşımalı idilər. Lakin bu baş vermədi, II Vilhelm cəzadan yaxasını ölkəsindən qaçmaqla qurtardı, I Frants-İosifi isə təbiətin qanunu sıradan çıxarmışdı. Böyük İtalyan filosofu Çezare Bekkariyanın cəzanın cinayətə müvafiq olması barədəki təlimi də öz vacib tətbiq imkanını tapmadı.

 

1914-cü ildə I Dünya müharibəsinin başlanmasına bəhanə kimi istifadə edilən hadisə - Avstriya ershersoqu Frants-Ferdinandan Sarayevoda gənc fanatik tərəfindən öldürülməsi idi. Bu qətldə panserb millətçiliyinin təbliğatı müəyyən rol oynamışdı. Çünki çox sayda adamlar buna can atırdı. Səbəb isə daha dərin idi. Bundan əvvəlki onilliklərdə Avropa işlərinə nəzarət edən böyük dövlətlər - Almaniya, Avstriya-Macarıstan, İtaliya, Rusiya, Fransa və Böyük Britaniya arasındakı rəqabət və düşmənçilik münasibətləri I Dünya müharibəsi kimi bir hadisənin qısa müddətdə meydana gəlməsi üçün əslində olduqca zəruri olan bir rol oynadı.

 

Bir qədər əvvəlki onilliklərə qayıtsaq, bu düşmənçiliyin təzahürlərinin daha aydın nəzərə çarpdığını müşahidə edə bilərik. Bismarkın başçılıq etdiyi Prussiya hökuməti 1870-1871-ci illərdə Fransaya qarşı müharibənin qalibiyyət mühitində Versalda birləşmiş Almaniyanın yaranması barədə saziş imzalandı. Almaniya sərhəd ərazisi olan Elzas və Lotarilgiyanı Fransadan kəsib, özünə birləşdirdi. Fransızların qisas alacağının və yeni müharibənin qorxusu altında Bismark təhlükəsizliyi təmin etmək naminə 1873-cü ildə Avstriya-Macarıstana və Rusiyaya yaxınlaşaraq, Üç İmperator Liqası və ya Drein Kaiservona yaratdı. 1878-ci ildə Berlin Konqressi Rusiyanın maraqlarını Türkiyə naminə qurban verdikdə, bu ittifaq iflasa uğradı. Bismark sonra, 1879-cu ildə Avstriya-Almaniya müqaviləsi bağlandı. 1882-ci ildə bu ittifaqa İtaliya da qoşuldu.

 

Bismarkın ittifaqlar sistemi özünün paradoksal cəhətlərinə baxmayaraq, Almaniya üçün olduqca vacib idi. Çünki Fransa barədəki başlıca qayğı öz mövcudluğunu davam etdirirdi. Lakin Avstriya-Macarıstan isə nəyə görəsə Fransadan qorxmurdu və əsasən yalnız Balkanlarda maraqlı idi. Osmanlı imperiyasının tənəzzülü Balkanlarda yeni dövlətlərin yaranmasına səbəb olmuşdu, onların da hamısı millətçilik prinsiplərinə əsaslanırdı. 1867-ci ildə Avstriya-Macarıstan Dual (ikisi birgə) monarxiyası yaradıldı, burada yaşayan almanlar (avstriyalılar) və macarlar ümumi əhalinin 41 faizini təşkil edirdi, digər irqi azlıqlar üzərində onlar ağalıqlarını bölüşürdülər. Bunlara çexlər, slovaklar, polyaklar, ukraynalılar, rumınlar, italyanlar, slovaklar, xorvatlar və serblər daxil idi. Balkanlarda yeni dövlətlərin yaranması isə Avstriya-Macarıstanı bu prosesi yaxından izləməyə məcbur etmişdi ki, onların nümunəsi əsasında ölkəsindəki azlıqlar azadlığa can atmasınlar. Balkanlarda status-kvonu saxlamaq Avstriya-Macarıstan üçün həm də kifayət qədər çətin bir iş idi.

 

Digər tərəfdən, Rusiya Balkan yarımadasının işlərinə fəal müdaxilə etmək istəyirdi, Balkan slavyanlarının xeyrinə panslavyan təbliğatı aparırdı, özünü onların hamisi hesab edirdi. Türkiyə boğazları - Dardanel və Bosfordan Aralıq dənizinə özünün keçidi bağlandıqda, Rusiya “Avropadakı Türkiyənin” ləğv edilməsini qeyd etməyə hazırlaşırdı. Çünki bu vaxt boğazlar Rusiyanın hərbi gəmiləri üçün açılacaqdı. Rusiyanın Balkanlara münasibəti yalnız Avstriya-Macarıstanla yenidən barışdığına görə çətinləşmişdi. İtaliya da artıq öz ənənəvi düşməni olan, onun torpaqlarının müəyyən hissəsini bir müddət öz ağalığı altında saxlamış Avstriya ilə barışmışdı, həm də Avstriya artıq Fransadan da öz təhlükəsizliyi məsələsində xeyli ümidə malik idi.

 

1878-ci il Berlin Konqressi Rusiyanın Türkiyə ilə müharibədə qazandıqlarının üstündən qalın xətt çəkdi, yalnız Cənubi Bessarabiyanı Rusiyaya verdi. Həmin Konqressdə də mühüm rol oynayan Böyük Britaniya Rusiyanı Aralıq dənizindən aralı saxlamaq istəyirdi. Onun bu mövqeyindən Osmanlı imperiyası da faydalanırdı. Avstriya-Macarıstan isə bəzi Türkiyə ərazilərini, o cümlədən, Bosniya-Herseqovinanı “işğal etmək” hüququnu əldə etmişdi, burada isə əsasən serblər yaşayırdı və onun ərazisi Serbiya knyazlığı ilə digər cənubi slavyan dövləti olan Çernoqoriyanın arasında idi. Bu “işğal” imperiyada serb azlığının çoxalmasına səbəb oldu.

 

(Ardı var)

Orucov Telman

525-ci qəzet.- 2016.- 18 iyun.- S.20.