Mikrovətən ətrafında makro
düşüncələr
Əli Əmirlinin “Ağdamda nəyim
qaldı? (avtobioqrafik roman)”ı haqqında qeydlər
Haçansa,
lap çoxdan hansısa bir filosofun heç vaxt yadımdan
çıxmayan bir fikrini xatırladım: “Dahilər bizə
ona görə dahi görünürlər ki, biz onlara diz
çöküb baxırıq”.
Mən o filosofun bu həqiqətini Əli Əmirlinin
“Ağdamda nəyim qaldı? (avtobioqrafik
roman)”ını oxuyanda yenidən xatırladım. Yenidən xatırladım və roman haqqında
ayıq düşüncələrdən sonra məsələyə
bir də qayıtdım. Bəlkə bu romandakı hadisələr,
insanlar, ən xırda detallar belə mənə tanış (sözün müstəqim mənasında)
olduğuna görə, Əlinin təsvir etdiyi Novruzlu kəndi
ikimizin də olduğuna görə məni belə təsirləndirdi?
Bəlkə romanda təsvir olunan Ağdamın
Dəyirman məhəlləsi, Ağdamın özü
qürbətdə qaldığına görə mənə
bu qədər təsir etdi?
Əvvəlcə bu romanı “Azərbaycan” jurnalında
oxudum. Sonra bu romanı Rəşad Məcid “525-ci qəzet”də
başdan axıradək dərc etdi. Bu qəzet mənə
doğma adamlarım qədər əzizdir - bəlkə bir az da buna görə?
Sonra Saatlıdan Milli Məclisə deputat seçilən
Əflatun Amaşovu yollarda və həmin rayonun kəndlərində
müşayiət etdik. Bizi Saatlıya aparan geniş bir “Mersedes”
mikroavtobusda hamımız bir yerdə otururduq. O uzun
yollarda çox söhbətlər olurdu. Və
həm də həmin günlərdə “525”-in “Azərbaycan”
jurnalından dərc etdiyi “Ağdamda nəyim qaldı?”
romanı ətrafında. Romanın Rəşad Məcidə
də yüksək səviyyədə təsirini yenə də
bir az Ağdamla əlaqələndirirdim: Rəşadın
da uşaqlıq illəri Ağdamda keçib. Romana, onun
müəllifinə və personajlarına məhəbbət
bir az burdan gəlmir ki? Sonra
roman haqqında uzun bir söhbət düşdü.
Ömrünü insanlıq ləyaqətilə yaşayan ədəbiyyat
adamı Umud Rəhimoğlu bu romanı bədii sənətin
nadir nümunələrindən hesab etdiyini dedi və fikirlərini
əsaslandırdı. Sonra Əflatun Amaşov
Əli Əmirlinin sənət dünyasını və bu aləmdə
həmin bioqrafik romanın bənzərsizliyini təhlilə
çəkdi. Sonra dostumuz, hər şeyə
obyektiv yanaşması ilə tanınan Aydın Quliyev
romanı yeni dövrün mükəmməl bədii əsəri
hesab etdiyini söylədi.
Bu yaxınlarda Əli Əmirlini AzTV-nin “Ovqat” proqramında
qonaq gördüm. Haçansa mənim də tələbəm
olmuş Nəcibə Əlixanlı və qonaq Əli
Əmirli. Hər ikisi mənə doğma! Əvvəlcə, mənə elə gəldi ki,
aparıcı Əli Əmirlinin polifonik
yaradıcılığı içərisində onun
dramaturgiyasına daha çox diqqət edəcək. Amma yox, gördüm ki, bütün proqram bu yeni
avtobioqrafik roman üzərində quruldu. Aparıcı
romanın sehrindən çıxa bilmədi. Proqramdan dərhal sonra Nəcibə xanıma zəng
etdim. Romana bu qədər diqqətinin səbəbini
soruşdum. Dedi ki, mən o romanın sehrindən
çıxa bilmədim, yaxşıdı, yoxsa yox, amma neynim
ki, çıxa bilmədim.
Və mən bu anda bir daha əmin oldum ki, biz bəzən
hadisə kimi meydana çıxan əsəri öz adı ilə
çağırmağa nədənsə cəsarət
etmirik.
Yuxarıda Saatlı səfərlərimizdən
adlarını çəkdiyim Azərbaycanın çox
müxtəlif bölgələrindən olan həmin
intellektual insanların bir çoxunun - heç Əli
Əmirli ilə şəxsi tanışlığı olmayan
bu adamların romanı ədəbi hadisə hesab etmələri
mənim içimdəki özümə şübhələrimi
aradan qaldırdı və mən fikrimi qətiləşdirdim:
Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” romanı
zamanın bənzərsiz ədəbi hadisəsidir. Və mən
indi “bənzərsiz” sözünü cəsarətlə
işlətdimsə, onda XX əsrin əvvəllərində
müasirlərindən birinin Çexov
yaradıcılığını dəqiq ifadə edən
lakonik bir fikrini də yada salmaq istərdim: “Əgər hər
hansı bir möcüzə nəticəsində Rusiya yer
üzündən silinsəydi, Çexovun hekayələri əsasında
onu yenidən bərpa etmək olardı”. Əli
Əmirlinin avtobioqrafik romanı mənim qeyb olmuş kəndimin
və qeyb olmuş Ağdamımın yenidən bərpasıdır.
Bu roman Orhan Pamukun İstanbul lövhələrindən də
bir az irəlidə olub stilistikası və
sənədliliyi bədii yüksəkliyə qaldırması
ilə sənətkarlıq örnəyinə çevrilir.
Romanda
Əli Əmirlinin bir mikrovətəni var: “Dünyaya göz
açdığım Novruzlu kəndinin özündə
çox kiçik, amma daha doğma bir vətənim də
vardı. Bu, kəndin lap girəcəyindəki
Boccalı məhləsi idi”. İlk baxışda bunlar
adi, bir az ədəbi dildə ifadə
olunan iki cümlədi. Amma romanı oxuduqca onun əvvəl-əvvəl
“adi” hesab etdiyim hər cümləsi sirli-sehrli bir aləm kimi
mənə qəribə təsir
bağışlayırdı. Əli Əmirlinin
bu Novruzlu kəndi mənim də kəndimdir və o Boccalı
məhləsi bir vaxtlar mənim də seyrangahım olub.
Romanın personajları - Əlinin atası Xanlar kişi, əmisi Xumuş müəllim,
anası Sitarə xanım və digərlərinin
hamısı mənim bəlkə Əlidən də artıq
tanıdığım müqəddəs adamlardı. Ona
görə “Əlidən də artıq” deyə bilirəm ki,
Əli o Boccalıda cəmi 7 il yaşayıb Ağdama
köçdü, amma mən o kənddə və o
Boccalıda 18 yaşa çatana qədər yaşadım.
Bilmirəm, atamı, anamı lap körpəykən itirdiyimdən
idimi, ya nədəndi, Əlinin əsl atası (sonralar ona
dayısı atalıq edəcək) Xanlar kişi
məni heç vaxt öz övladlarından əskik
tutmadı. Bunu Əli o qədər də bilmir, çünki
o, 7 yaşından ata-anasından, bizlərdən
ayrılıb Ağdama - dayısı “artist Mamedin”
övladlığına getdi...
Əli Əmirli çox cəsarətli, dəqiq fikirli,
həyat faktlarını bədii ovqata yükləyən bir sənətkar
kimi o kənddəki həyatını - özünü və
ailəsini, qohumlarını və ətrafını heç
kəsə güzəşt etmədən romana
çıxarıb. Bədii sənətə sədaqət
ruhu onun üçün o qədər əzizdir ki, ən
yaxın doğmalarını belə güzəştə
getmir. Bütün bu güzəştsizliklər o kəndin
qaratikan kolundan düzəldilmiş həyət çəpərlərindən
tutmuş ağlı-qaralı insanlarınadək, məhlə
evlərindən tutmuş Xudu Məmmədov kimi dünya
şöhrətli bir alimin haçansa dərs
aldığı orta məktəbədək - hər şey
müqəddəs ruhları, bu gün pərən-pərən
düşmüş kənd adamlarının ləyaqət
timsalını daha mükəmməl göstərir...
Mən Əlinin Ağdama - dayısı “artist” Mamedə
“oğul olmağa” getdiyi o vaxtı yaxşı
xatırlayıram. Romanın personajları - Əlinin
yaxın qohum-əqrabası o çətin illərdə belə
bir uşağın Ağdama - şəhər mühitinə
getməsinə heç təəccüblənmədilər.
Doğrusu, mən
də min bir zillətlə barama becərən, üzüm
yığıb çaxır zavoduna təhvil verən Novruzlu
uşaqlarından ayrılıb şəhərə gedən
Əlini bu əsəri oxuyanadək dünyanın xoşbəxti
hesab etmişdim. Amma deyəsən çox
yanılmışam. İndi avtobioqrafik romandan bu
abzası oxuyuram və Əlinin Ağdam ömrünə həsədimin
havayılığı üzür məni:
“Ağdamda, təzə evdə, yad ailədə mən hər
bazar gününü səbirsizliklə gözləyirdim. Həmin
gün Əmimlə Mamam şəhərə, yəni
Ağdama bazarlığa gəlirdilər. Təbiidir
ki, bazara gəlib qardaşı evinə dəyməyə bilməzdi
Mamam. Həm də orda indi anasından,
qardaşından başqa mən də vardım, özündən
ayırıb qardaşa peşkəş elədiyi uşaq.
Ağdama gəldiyim gündən darıxmağa
başladım. Ata-anam, bacı-qardaşlarım, həyətimiz,
bağçamız üçün tək burnumun ucu yox,
ürəyim göynəyirdi. Dayımın evində mən
özümü sürgündəki kimi hiss edirdim, amma bunu
heç kimə deyə bilmirdim, hamıdan gizlədirdim, necə
xiffət elədiyimi heç vaxt büruzə vermirdim. Hamı məni xoşbaxt, ərköyün, sevilən
uşaq bilirdi. İndi mənə çox
qəribə gəlir, yeddi-səkkiz yaşlı
uşağı ikili həyat sürməyə, həqiqi hisslərini
cidd-cəhdlə gizlətməyə məcbur edən nəydi?
Nəydi məni bu evdə, bu süni ailədə
saxlayan? Mən Papamın neçənci
arvadı olan Şəfiqənin qabağında, elə
Papamın hüzurunda niyə özümü ata-anama biganə
göstərirdim? Onların yanında anama
həmişəki kimi mama demirdim, həm də deyim ki, buna
ixtiyarım da çatmırdı. Bilirdim
ki, artıq Papa dediyim dayım, mama dediyim Şəfiqə mənim
valideynlərimə göstərdiyim bu biganə münasibətdən
xoşlanır, hətta anamın məni öpməsinə
qısqanclıqla yanaşırdılar. Yazıq
Mamam bunu bildiyindən Papamın, xüsusilə də Şəfiqənin
yanında məni öpməkdən çəkinirdi. Özünü saxlaya bilməyib məni
yüngülvari öpəndə isə, Şəfiqə o
saat Papamı köməyə çağırırdı”.
Etiraf edim
ki, mən bu romanı oxuyub bitirəndə onu qiymətləndirməyin
dillemması qarşısında qaldım: Bilmirəm, kənddə,
hətta Ağdam həyatının özündə xeyli dərəcədə
tanıdığım adamların nə qədər real
detallarla təsvir edildiyinə diqqət kəsilim, yoxsa bu
personajlara sənədlilikdən çıxıb hər bir
oxucu üçün doğmalaşa biləcək bədii
obrazlar kimi yanaşım?
Amma məncə, əsərdə hər iki cəhət
qiymətlidir və sənədliliyin bədiiliyə verdiyi
qüvvət sənətkarın sənət qüdrətini
göstərməkdədir.
Lap cavan çağlarımda oxuduğum bir əsər -
Valentin Rasputinin “Fransız dili dərsləri” hekayəsi - kənddən
gəlib rayon mərkəzində məktəbə düşən,
atası müharibədə həlak olmuş bir
uşağın taleyi heç vaxt yadımdan
çıxmır. Müasir rus kənd nəsrinin
böyük ustadlarından olan V.Rasputinin bu hekayəsi də
avtobioqrafik əsər formatındadır (hekayə birinci
şəxsin dilindən təhkiyə olunur). “Fransız
dili dərsləri” kənddən şəhərə
düşmüş uşağa bir tərəfdən ətrafın
ögey, qısqanc, ədəbaz münasibəti, digər tərəfdən
yeganə olaraq fransız dili müəlliməsinin lirika dolu
qayğıları və s. başdan-ayağa təxəyyülün
məhsuludur və belədə, əlbəttə, sənətkar
o qədər də əziyyət çəkmir. Əli Əmirlinin obrazlarının hamısı -
birmənalı olaraq hamısı - roman müəllifinin ətrafında
olmuş real insanlardır. Belədə isə həmin
adamların bədii obrazını yaratmaq və bu anda bədii
əsər üçün təhlükə mənbəyi ola biləcək publisistikadan uzaq olmaq çətindir.
Əli Əmirli bu çətinliyi birmənalı
şəkildə dəf edə bilmişdir.
Əli Əmirlinin özgə evində (o, dayısı
evini heç vaxt doğma hesab etmir) keçirdiyi narahat
uşaqlıq illəri uşaqlığı ögeylikdə
keçən hər kəsin payına çevrilir.
Mən bu
yerdə müəllifin düşdüyü ögey evdəki
narahatlığını təsvir edən bir abzası da diqqətə
çatdırmaq istərdim:
“Əlbəttə, nə Şəfiqə (dayısının arvadı, Əlinin “yeni” anası - C.M.), nə onunla antoqonist münasibətdə olan nənəm Zinyət, nə də Papam məni məxsusi incitmirdilər, amma mən bu evə gələndən artıq uşaqlığım bitmişdi. Uşaq istəklərimin çoxunu içimdə dəfn eləmişdim. Heç kimə ərkim çatmırdı. Evdə güvənə biləcəyim adam yoxdu. Ona görə də məhlədəki tay-tuşlarım kimi ürəkli deyildim. Nahaq deməyiblər, yetim quzu qoç olmaz! Bilirdim ki, çətin məqamda arxamda dayanan olmayacaq, əksinə, haqlı-haqsız çoxlu danlaq, tənə yeyəcəm, odur ki, bütün hərəkətlərimi Şəfiqənin xoşuna gələ biləcək istiqamətdə tənzimləyirdim. Bir oğlan uşağı kimi mənim azadlığım yoxdu, heç kəs kənddəki kimi başıma fırlanmır, məni tumarlamır, nəvaziş eləmir, üzümdən öpmürdü. Mən heç doğmaca Nənəmdən də elə bir məhəbbət, qayğı görmürdüm. Onun başı özünə qarışmışdı, daha çox “toy toğlusuna oxşayan” gəlinlə mübarizədə idi. Ümumiyyətlə, Dayımın evində bütöv bir ailə anlayışı yoxdu”.
Yuxarıda qeyd etdiyim kimi, Əli Əmirli bütün sətirlərində səmimidir. Hətta, bu səmimiyyət bəzən o həddə çatır ki, yaxınları, doğmaları bu romandan sonra Əlidən inciyə də bilərlər, lakin bu anda Əli Əmirli dünya ədəbiyyatının ən ciddi örnəkləri səviyyəsinə qalxır və məsələn, A.Gertsenin “Olmuşlar və düşüncələr” memuarındakı personajlara müəllifin səmimiyyət ölçüsünü də ötə bilir. Çünki belə əsərlərdə azacıq bir qahmarlıq, azacıq bir uydurma dərhal hiss olunur və əsərin bədii ruhuna kölgə salır. Əli Əmirli 7 yaşından onu ata-anasından ayırıb uşağı olmayan arvadı Şəfiqənin istəyi ilə oğulluğa götürmüş Məmməd Əmirovun - ağdamlıların “artist Mamed” kimi tanıdığı atalığını da, ona pis-yaxşı analıq etmiş Şəfiqə xanımı da gördüyü, duyduğu bütün çalarları ilə qələmə alır. Eləcə də, doğma anası Sitarə xanım, doğma atası Xanlar kişi, kənd və şəhər həyatının digər adamları yazıçı qələmində reallıqla təsvir edilir. Reallıqla deyirəm və həm də bildirmək istəyirəm ki, bu reallıqlar bütün kəm-kəsirləri ilə həmin adamları oxucuya sevdirir. Və bu anda məndə belə bir fikir yaranır ki, bu dünyada maraqlı olmayan insan yoxdur. Sadəcə, qalır insana sənətkar münasibətinin ustalığı.
Əlinin kənddən sonrakı Ağdam həyatı “Dəyirman” deyilən tipik bir məhəllədə cərəyan edir. Bu kiçik məhəllə bütün dolanbacları ilə Ağdam mühitidir, bir az da cəsarət etsəm deyərdim ki, Azərbaycan mühitidir.
Doğrusu, mən hansısa əsərin dilindən, üslubundan danışmağı heç xoşlamıram. Məncə, dili və üslubu yerində olmayan “yazıçı” gərək əlinə qələm almasın. Bu mənada mən hər bir nəsr əsərini, adətən, onun ilk cümləsindən duyuram. Bu duyğu əsərin dilindən doğur. Dil nəsr dili deyilsə, mən əsəri həmin o ilk cümlədən sonra oxumuram. Lakin mən bu “qaydanı” pozaraq, elə bu yerdəcə Əlinin romandakı Novruzlu, Ağdam ləhcəsini olduğu kimi saxlamaqla əsərə necə bir milli kolorit verdiyi bir yana, həm də məni yenidən o illərə qaytarmağı ilə içimdən, canımdan keçən bir nostalji ovqat yaratdığını ayrıca qeyd etmək istərdim.
Romanda bir sevgi macərasından özünü yandıran qadın əhvalatından tutmuş Novruzlu toylarına qədər hər məqamda təkcə təsvir olunan sevgi, təsvir olunan konkret bir kəndin toy hoqqaları (!) deyil, bütöv bir xalqın milli koloriti öz əksini tapıb. Oğlunu dayısına oğulluğa vermiş və bu peşimançılığını heç vaxt kimsəyə bildirməmiş ata Xanlar kişi, ana Sitarə xanım, “Qarabağın maralı” kimi məşhur bir mahnının bəzən unudulan müəllifi İskəndər Novruzlunun, Azərbaycan elmi mühitini dünya arenasına çıxaran Rafiq Əliyevin və digərlərinin haqqında gedən söhbətlər Əlinin nəsr sənətkarlığından xəbər verir.
... Əli yeddi yaşından Ağdama köçür və onun özünə mikrovətən seçdiyi Novruzlunun Boccalı (Borçalı) məhləsi “Dəyirman həyəti” ilə əvəz olunur. Doğrudur, bu “Dəyirman həyəti” mənə ancaq yerlilərin söhbətlərindən məlum idi, amma Əli Əmirli bir məhəllənin simasında Ağdamın 50-ci illərin sonu, 60-cı illərinin bütöv, dəqiq detallardan hörülmüş obrazını yarada bilmişdir.
Romanda müəllifin o dövrün, bu dövrün ictimai hadisələrinə ekskursları da əsəri inandırıcı edir və bir sıra hallarda Əli Əmirlinin vətəndaşlıq mövqeyini ortaya qoyur. Məsələn, Ağdam, onun milli atributları haqqında sətirləri təsirlənmədən oxumaq olmur. Bu barədə xatirələrə dalan müəllif yazır:
“Bu yaxınlarda jurnalistlərdən birinin Ağdam məscidi ilə bağlı bir sualı məni o uzaq illərə apardı. Sualın məğzi beləydi: düşmənlərimiz Avstraliyanın qədim peşə ilə məşğul olan bir aktrisasını Xankəndindən Ağdama gətirib müqəddəs Allah evinin qabağında müxtəlif pozalarda şəklini “atdırıblar”, bu barədə bir ağdamlı yazıçı, ziyalı kimi nə deyərdiniz?
İlk reaksiyam sualı cavabsız qoymaq oldu, amma bu tez keçdi, hiss elədim ki, danışmağa ehtiyacım var. Jurnalistə dediyimi olduğu kimi təkrar edəcəm: “Mən o aktrisanı qınamıram, onun üçün harda, hansı şəraitdə poza verməyin fərqi yoxdur, təki vermək olsun. Qaldı həmin fotosessiyanı təşkil edən ermənilərə... onların bu addımı məndə nifrət deyil, rəhm oyadır. Ermənini yaşadan, bütün şər əməllərə təhrik edən kin, paxıllıq, həsəd və əlbəttə, sonsuz nifrətdir. O,bu nifrətlə doğulur, bu nifrətlə böyüyür, bu nifrətlə də ömrünü başa vurur. Nə qədər acı olsa da, bu nifrətin əsas obyektlərindən biri də bizik.
Çaqqal Tabaki kimi, daha güclülərə sığınıb, yalmanıb torpaqlarımızı qəsb etməkdən ürəyi soyumayan erməni hələ acıq da verir, müvəqqəti qələbəsinin dadını çıxardır. Bax, elə həmin provokasion şəkillərin özü də acığa xidmət edir. Əslində, bu, nifrətdən boğulan insanın aciz çabalarını, aqoniyasını xatırladır və bu normal ağıla, məntiqə sığmayan natəmiz əməllər, yenə də deyirəm, məndə nifrət deyil, rəhm oyadır o bədbəxt insanlara, ömrünü xeyirə deyil, şərə xidmətə sərf edən xəstə təxəyyüllü ermənilərə. Axı, bu pisliklər, məkr və xəbisliklər, hətta “qələbələr”, ermənini xoşbəxt eləmir, əksinə, daimi məhrumiyyətlər və uğursuzluqlar içində inləyir, zarıyır və nəhayətdə diz çöküb güclülərə əl açmağa məcbur olur. Bu, erməninin həyat tərzidir...”
Əlbəttə, mən heç də
bütün romanı təhlil etmək fikrində deyiləm. Amma sonda bir daha əvvələ qayıdıram:
Əli Əmirlinin “Ağdamda nəyim qaldı? (avtobioqrafik
romanı)”ı sənədliliyin və bədiiliyin sintezi kimi
yüksək sənətkarlıqla yazılmış bir əsərdi
və bu bənzərsiz romana görə sənətkara sonsuz
minnətdarlığımı bildirirəm.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 18 iyun.-
S.16;19.