Əşrəfi şillə - (xatirə-hekayə)

 

 

 

Yeniyetmə yaşımdan hafizəmdə qürur məbədi kimi qalmış qonşum, həmyaşıdım Afərin əziz xatirəsinə ithaf olunur.

İlin hər fəslinin öz gözəlliyi var. Lakin bu fəsil gözəlliyini, təbiətin möcüzəsini heç də hər yerdə görmək, müşahidə etmək hamıya qismət olmur. Həm də fəsil gözəlliyi hər yerdə eyni olmur və görünür, ola da bilməz. Məncə, Şəkinin təbiətinin ən gözəl vaxtı yaz fəslidir. Ən istedadlı yazıçı bunun sözlə portretini çəkib oxucularına çatdırmaqda çətinlik çəkər, mahir fırça ustası olsa-olsa bu mənzərənin kiçik bir epizodunu yarada bilər...Yaz fəslində Şəkinin qoynunda yatdığı əzəmətli dağların bir hissəsi yam-yaşıl dona bürünür, cır meyvələrin ağaclarının çiçəkləri sanki bu dona həkk olunmuş naxışlar kimi göz oxşayır, digər, yuxarı hissəsi ( zirvəsi) aşağıya nisbətən soyuq olduğundan yazın gəlməsindən xəbərsiz kimi hələ qış yuxusundadı. Oyanmamışdır. Qış qarlı keçəndə dağların zirvəsində onu daha da əzəmətli göstərən yaya qədər qalan qar... Bu əsrarəngsiz mənzərə Təbiət adlı böyük rəssamın möhtəşəm tablosuna oxşayır. Həm də bir-birinə dayaq kimi söykənmiş dağların fərqli mənzərəsi rəngarəng, heyrətamiz təbiət mozaikası yaradır. Dağların ətəyindəki yaşıl çəmənliklərdə özünü yerlə-yeksan edərək boynunu burub göy ala gözünü göstərən bənövşələr, hələ əriməmiş qarın altından başını çıxarıb baharın gəlməsi münasibətilə sanki muştuluq uman novruz çıçəkləri, özünü yaşıl çəmənliklərdə sərgiləyərək bəxtinə bir neçə günlük ömür payı düşən al- əlvan naxışlı xalçalara bənzəyən lalələr də yazın mübarək müjdəkiləri sayılırdı. Səhərin açılmasını bəyan edərək sübh tezdən, obaşdan bir-birilə səsləşən xoruzların banlaması, cürbəcür naxışla bəzənmiş quşların bir-birindən seçilən solo ifaları və səsləşmələri də sanki mahir bir dirijorun çubuğu ilə idarə olunurdu. Bu da şəhərin bahar səhərinin epizodları idi. Gün ərzində qısa müddətə bir neçə dəfə yağıb dayanan yağışdan sonra arada yaranan fasilədə mübarək hüsnünü göstərən günəş də yağışın altında üzünü yuyan utancaq gözələ bənzəyir... və insanlar bu möcüzəni nəvazişlə " gün üzünü yuyur"- deyə vəsf edirdilər. Yaz yağışından sonra peyda olan rəngarəng göy qurşağının - bu heyrətamiz təbiət hadisəsini sözlə ifadə etməkdə qələm acizdir...

 

Hekayətimiz yaz ayına təsadüf etdiyinə və nəql edəcəyimiz əhvalatın süjet xəttilə bilavasitə bağlı olduğuna görə bu fəsildə ilk bar verən ağaclardan sayılan tut ağacına da müəyyən yer ayırmışıq. O dövrdə yerli əhalinin bəlkə də ən çox üstünlük verdiyi tut ağacı idi. Tut ağacı olmayan məhəlləni barmaqla göstərmək olardı. Bunun da səbəbi vardı. Tut qlükoza ilə zəngin tərkibinə görə qara ciyər, öd kisəsi, ürək-damar, mədə - bağırsaq və b. xəstəliklərin dərmanı sayılır, ondan hazırlanan tut doşabı - bəkməz ( yerli dialektdə bəhməz), irçal, irçal və xəmirdən hazırlanan xüsusi şirniyyat növü-xamırtökən, tut mürəbbəsi, tut arağı (spirti özündən hazırlanırdı, çox vaxt müalicə məqsədilə istifadə edilirdi) insanların əlindən tutur, maddi durumlarına xeyli kömək olurdu.  Tut ağacı sazbəndlər üçün əvəzolunmaz sayılır. Bu ağacdan hazırlanan ət kötüklərini isə heç bir ağacla dəyişmək olmaz. Tutun silkələnməsi də qəribə bir tamaşa idi. Uzunu təxminən 5 -6, eni 3-4 metr olan "bez"adlanan parçadan hazırlanmış şalı yerdən 30- 40 hündürlükdə 6-7 nəfər daram tutar, bir nəfər səriştəli gənc də ağaca çıxaraq tutun budaqlarını silkələyərdi. Tut ağacının sahibi mütləq bu tutdan qonşulara da pay verərdi. Tutun digər növünə toxmaçar deyirdilər. Bu ağaclar qısaboy olar (yerli əhali qısa boyu olanlara "toxmaçar"ləqəbi verirdi), yarpaqları isə baramaçılıq üçün əvəzolunmaz yem mənbəyi sayılırdı. Görünür, tut ağacını vəsf edən deyimlər, bayatılar, qoşmalar və mahnılar da insanların minnətdarlığının təzahürüdür. Yaddaşıma həkk olunmuş nəql edəcəyim əhvalat da elə bilavasitə tut ağacı ilə əlaqəlidir. Həm də burada söhbət şəxsi ləyaqət və qürurun qorunmasından gedir.

 

 Hadisə 1954-cü ilin yazının üçüncü ayına təsadüf edir. Tutun yetişən vaxtı idi. Bir az vaxt taparaq ünsiyyət üçün adətim üzrə yola çıxmışdım. Biz, 15- 16 yaşlarında yeniyetmə uşaqlar - mən, büvüm oğlu (arada yerli dialektdən istifadə edəcəyəm) Nadir, "Mıqan" ləqəbli ləzgi Nuralların Nadir və adını şərti olaraq N adlandıracağım bir dostumuzla dərzi Qəhrəman dayının həyət qapısının ağzında, yolda oturmuşduq. Büvüm oğlu Nadir 7 yaşından anadan yetim qalmış, ögey ananın himayəsində böyüyürdü. Bir kimsəni incitməyən, ədalətə üstünlük verən uşaq idi. Həmişə onunla ünsiyyətdə olar, mənə qarşı haqsızlıq edənlərin cavabını verərdi. Ona güvənir, özümə arxa sayırdım. "Mıqan" boyda bizdən nisbətən kiçik olsa da hamıdan qüvvətli, çevik idi. O, şəhərdə və məhəllədə qoçaq, mərd cavan kimi məşhurlaşmış nuralların Paşanın (Pəhlivan kimi məşhur olan Ləzgi Paşanın əmisi oğlu) kiçik qardaşı idi. Boyda kiçik olsa da xüsusən güləşdə onu yıxmaq çətin idi. Bunun bir səbəbini də mən sonralar anladım. Biz, təxminən 5 yaşında uşaqlar qonşumuz Yaqub Mirzəyevin (Zorbaların) həyətində güləşdiyimiz zaman onun anası Maral xala tindən Nadiri səsləyər, o da cəld anasının yanına qaçaraq başını onun çarşabının altına salıb az sonra gələrdi. Biz anasının onu əmizdirdiyini bilib xeyli gülüşərdik. Və bu mənzərəni tez-tez müşahidə edərdik. Sən demə, onun gücü ana südündə imiş!!! Sonralar yaşa dolduqca ana südünün heç nə ilə əvəz olunmayan keyfiyyətlərindən agah olanda rəhmətlik Maral xala yadıma düşürdü.

 

 Nəhayət, uşaqlıq dostum N haqqında bir neçə söz deyərək əsas mətləbə keçirəm. Atası repressiya qurbanı idi. Yesir anası təkbaşına iki qız, iki oğlan övladı tərbiyə edirdi. N-in yaraşıqlı qaməti, təmiz diksiyası, güclü məntiqə söykənən mühakimələri vardı. Ağ sifətli idi, ümumiyyətlə, bu ailəninin üzvlərinin hamısı sifətli idi. Həmyaşıdımız olsa da sanki vaxtdan və yaşından ucada dayanır, qeyri - standart hərəkətləri ilə fərqlənir, bu zaman kimisə təhqir etdiyini, kiməsə əl qaldırdığını, dilindən ədəbsiz söz dediyini eşidən olmamışdı, yaşından yaşlı görünürdü. Hərəkətini proqnozlaşdırmaq, xasiyyətini tutmaq çətin olurdu. Onun tez -tez işlətdiyi " mən antiyəm" ( yəni, mövcud siyasi quruluşun əleyhdarıyam! ) ifadəsini isə heç cür anlaya bilmir və mənasını da soruşmurduq, özü də açıqlamırdı (bəlkə də ehtiyat edirdi).Yaşının kiçik olmasına baxmayaraq atasına qarşı olan ədalətsizlikdən yaralandığını, mövcud siyasi quruluşa münasibətini, "üsyanını" "mən antiyəm" ifadəsilə biruzə verirdi. Sovet dövlətinin qılıncının qabağının və dalının kəsdiyi bir vaxtda bu ifadəni dilə gətirmək çox qorxulu idi, onun özünü, anasını, qohum - əqrabasını da həbs gözləyirdi. Hər halda N dilə gətirdiyi bu ifadənin verə biləcəyi nəticəni ya görə bilmir, ya da bunun qətiyyən fərqinə varmırdı .

 

Qəhrəman dayı ucaboy, nurani sifət idi, həmişə təmiz və səliqə ilə geyinərdi, yüksək ədəb - ərkanı ilə seçilən bir ailənin başçısı idi. Üç qız və bir oğlan atası olan Qəhrəman dayı həmin dövrdə Şəki sənətkarlarının sayılıb-seçiləni hesab olunurdu. O, qardaşı Salman dayı ilə tiraltı ( bir evin ayrı -ayrı mənzillərində) yaşayırdılar. Salman dayı da şəhərdə adlı-sanlı dərzi kimi tanınmışdı.

 

Həmin gün gözəl yaz günlərindən sayıla bilərdi. Hadisə günün birinci yarısında, günorta çağı baş verdi. Afər (onun adı əslində Afərdə idi, lakin yaşıdları və qonşular Afər deyə müraciət edərdilər) Qəhrəman dayının üç qızının kiçiyi, həm də ən gözəli idi. Belə qızlar haqqında deyərdilər ki, su içəndə boğazında görünür. Sanki təbiətin bəxş etdiyi gözəlliyini dərk edərək özünü yaşına uyğun olmayan bir qürurla, ərklə aparırdı. Ağbəniz, gözəl qamətli, hələ bu kiçik yaşında qızlıq ismətini və ləyaqətini uca tutduğunu anlatmağa çalışan qız idi. Hürkək, cüyür kimi baxışları vardı, oğlanlardan uzaq gəzər, bizdən cəmi bir yaş böyük olsa da onunla bir kəlmə kəsmək əlçatmaz görünürdü. 1953-54 -cü tədris ilində oğlanlarla qızların birgə təhsili qüvvəyə mindi. İş elə gətirdi ki, bölgüyə görə mən də Afərin oxuduğu 5 saylı orta məktəbə düşdüm. Qəribə aura hökm sürürdü: oğlanlar öz aralarında qızğın müzakirələr aparır, hansı qıza "vurulduqlarını", hətta gəzdiklərini ( yalan- gerçək) bəyan edirdilər. Afər bizdən cəmi bir sinif yuxarı idi. Yuxarı siniflərin oğlanlarının da qızlarla əlaqədar söhbətlərini eşidirdik. Afərin ünvanına bir oğlan artıq- əskik ifadə işlətməyə cürət edə bilməzdi...

 

 

 

Yuxarıda təsfir etdiyim tut ağaclarından biri də Qəhrəman dayının həyətində idi. Ağac bol tut gətirmişdi. Onun iri budaqlarının bir neçəsi yola tərəf - bizim oturduğumuz istiqamətə uzanmışdı. Biz cürbəcür söhbətlər edir, danışıb gülürdük . Bu anda Afər heç gözləmədiymiz halda yola uzanan iri budağın üstündə peyda oldu, sanki göydən düşdü. Kiçik budaqlardan tut dərib yeyirdi. Əynindəki heyva çiçəyi rəngli don sifətilə həmrəng idi, həm də ona çox yaraşırdı. Biz başımızı qaldırıb ötəri ona baxmağa macal tapmamış dostumuz N Afərə tərəf boylanaraq : "Ox, onun boğazından bir öpüş alardım", - dedi. Biz gülüşdük. Bu söhbət ani yarandığı kimi sanki heç olmamış kimi həmin anda da yaddan çıxdı. Başımız başqa söhbətlərə qarışdı. Afərdən də heç bir reaksiya, səs-səmir çıxmadı. Ünvanına deyilən sözləri eşitmədiyini və ya vecinə almadığını da güman etmək olardı. Onun ağacdan necə düşdüyünü də hiss etmədik. Birdən taxta qurama məhəllə qapısından rəngi ağarmış şəkildə çıxan Afər bir andaca söz atan oğlanın qabağında dayanıb "əclaf" deyərək ona güclü sillə (şəkililər buna "əşrəfi şillə" deyirlər) vurduğunu gördük.

 

İldırım çaxmasına bənzər bu sillə ilə Afər nifrət və coşub-daşan ehtirasını, qəzəbini, həm də yaşından qat -qat ucada dayanan qürur və mənliyini ortaya qoydu, tək N- ə yox, bizə də möhkəm dərs verdi. Oğlan nəinki müqavimət göstərməyə, heç reaksiya verməyə belə macal tapmadı. Diksinən kimi oldu, qeyri-ixtiyari başını ani olaraq geri çəkdi, bir təhər müvazinətini saxlaya bildi. Əslində onun yaranmış vəziyyətdə Afərə əl qaldırması və ya müdafiə üçün əl -qol atması da mənsub olduğu bəy nəslinə, qürurlu təbiətinə yaraşan hərəkət olmazdı. Hər halda o, bu kritik anı təmkinlə, səbrlə, kişi kimi yaşaya bildi, aldığı cavab zərbəsini "həzm"etməyə özündə güc tapdı. İnsafən, biz heç vaxt onun qızlara söz atmasını da görməmişdik. Ona görə də bu davranışına məətəl qaldıq! Ortaya ölü sükut köçdü...Biz dərhal ayağa qalxdıq, heyrət içərisində donub qalmışdıq. Afər bir az qızarmış halda hərəkətindən qürur duyurmuş kimi başını yuxarı qaldıraraq dönüb qətiyyətli addımlarla özünü qapılarından içəri saldı. Təhqir olunmuş dostumuz N də sanki nitqi tutulmuş kimi heç nə demədən və xəcalətindən üzümüzə baxmadan başını aşağı salıb tələsik evlərinə tərəf uzaqlaşdı. Biz də baş vermiş hadisədən özümüzə gəlməmiş halda evimizə yollandıq.

 

Afərin bu hərəkəti sürətlə qonum-qonşu arasında yayıldı, təqdir olundu. Hər eşidən onun ünvanına "afərin" dedi, adı ilə əməli arasında bir körpünün olduğunu söyləyənlər də oldu. Bu hadisədən sonra N xeyli vaxt gimcəyə, adam içinə çıxmadı. Düşünmək olardı ki, o, ehtiyatsızlıq üzündən ağzından qaçırdığı sözün mənəvi əzabını çəkirdi. Lakin artıq quş buraxılmış və o, uçub getmişdir. O vaxtdan keçən illərdə məni düşündürən və heyrətə gətirən Afərin - yeniyetmə bir qız uşağının şəxsi ləyaqət , şərəf və qürur hissini belə mərdliklə qoruması idi. Axı o, bu hadisə barədə atasına, böyük qardaşına, milis şöbəsində böyük vəzifədə çalışan, qorxudan hamının "tük saldığı" böyük bacısının ərinə xəbər verər, yaxud bəzi qızlar kimi heç kimə demədən qınına girərək ağlamaqla təsəlli tapardı. Bu hadisə şəxsi ləyaqət hissinin potensialından, insanın özünümüdafiə instinktinin tükənməz gücündən xəbər verirdi. Həmin gündən, həmin andan Afər mənim gözümdə, hafizəmdə (və yəqin ki, çoxlarının da!) qürur məbədi, bir zirvə kimi ucaldı və elə də qalır.

 

 Bir-iki kəlmə N-in sonrakı müqəddəratı barədə söz açsam, yəqin ki, oxucular üçün maraqlı olar. Yuxarıda qeyd etdiyim kimi o, ümumiyyətlə xarakteri qabaqcadan proqnozlaşdırılan insanlardan deyildi. Hər məsələ, mövzu barədə öz fikrini, özəl mövqeyini ortaya qoyar və opponentinin kimliyindən, yaş, vəzifə və maddi durumundan asılı olmayaraq onu müdafiə edərdi. Söz, fikir və hərəkət sərbəstliyi sanki əyninə biçilmişdi. Yuxarıda qeyd etdiyim əhvalatdan bir qədər sonra onun daha bir " sərgüzəştinin "şahidi olduq. Məhəllədə xəbər yayıldı ki, bəs N Xoçih qəbiristanlığının Qurcanaçaya çıxan qaya hissəsini "fəth" etməyə cəhd edərkən yarıda qalmışdır. Biz - məhəllə uşaqları hadisə yerinə çatanda orada qələbəlik idi. Az qala bütün şəhər bu qeyri-adi hadisəni təşvişlə izləyirdi. Hadisə yerinə çatanda nə görsək yaxşıdır. Xoçih adlanan qədim və ən böyük dağ qəbiristanlığının ( Böyük pedaqoq və yazıçı Rəşid bəy Əfəndizadə də bu qəbiristanlıqda dəfn olunmuşdur) şəhərin içərisindən keçən Qurcanaçayın sol tərəfinə söykənən təxminən 25 mərtəbəlik bina hündürlüyündə qaya hissəsinin qurtaracağına 4-5 metr qalmış N-in zirvəyə çatması və ya aşağı düşməsi mümkünsüz olmuşdu. Onun həyatı tükdən asılı vəziyyətdə idi. Cüzi bir ehtiyatsızlıq, ayağının altından xırda bir daş düşsəydi faciə ilə qurtara bilərdi. Milis, yanğınsöndürənlər, elə hey götür-qoy edir, xilas yolları axtarırdılar. Təcili yardım maşınları tibb işçilərilə hazır dayanmışdılar. Bir tərəfdə də N-in qohum-qardaşı onun ağır vəziyyətdə olan anasını sakitləşdirməyə çalışırdılar. Yanğınsöndürən maşını Qurcana çayına salmaq və nərdivanı ilə qayaya qalxmaq da qeyri mümkün idi. Şəhərin məsul şəxsləri, inzibati orqanların rəhbərləri öz aralarında məşvərət edir, lakin bir qərara gələ bilmirdilər. Vaxt keçir, cərginlik artır, N isə sinəsini qayaya söykəyərək qollarını geniş açıb sanki sonuncu nicat kimi ondan bərk-bərk yapışmışdı. Görəsən onun əsəbləri tab gətirəcəkmi? Biz - N-in dostları qayanın dibinə, ona daha yaxın olan yerə gedərək ürək-dirək verir, qorxmamağa çağırırdıq. Bu arada kiminsə təklifi ilə 5-6 ağac nərdivan tapıb gətirərək bir -birinə möhkəm bağlayıb qayaya söykəməyi qərara aldılar. N həmin nərdivanlarla ehtiyatla aşağı düşdü...Şəhərə səs -küy salmış bu hadisədən sonra bilmirəm o, özündə necə güc taparaq adamların arasına çıxa bildi və hərəkətini necə izah etdi...

 

 Bu hadisədən təxminən 40 il keçərdi. N mühasibat işini yüksək səviyyədə bilir və ixtisası üzrə işləyirdi. Ailə qurmuş, övladları, nəvələri vardı. Keçən əsrin 90-cı illərinin ortaları idi. Şəhərin qazla və elektrik enejisi ilə təminatında ciddi problemlər olduğuna görə yerli əhali onlara dar macalda həmişə dağ kimi dayaq durmuş əzəmətli və sədaqətli doğma dağlarına üz tutdular. Müharibə və müharibədən sonrakı illərdə insanların soyuqdan qırılmasının qarşısını alan dağlar bu dəfə də onların imdadına çatdı. Əli balta, dəhrə tutanların hamısı dağlara yollanır, odun, çırpı və s. gətirərək "soyuq "adlı qatildən canlarını qurtarırdılar. İndiki M. F Axundzadə küçəsilə Əfqanlar küçəsinin kəsişdiyi yerdə, Qoçu Abbasın hamamından bir az aşağıda mebel mağazasının yanına çatanda qəribə bir mənzərəni görərək donub qaldım. Mənim getdiyim yolun əks istiqamətində Qurcana çayının sağ divarı boyunca daş körpüyə təxminən 5-6 metr qalmış N və arxasınca 9 -10 yaşlarında 4 nəfər oğlan uşaqları əllərində dəhrə və kəndir dağa gedirdilər. Sual oluna bilər ki, burada qeyri-adi nə var ki? Təəccüblü və qeyri-adi olan odur ki, əvvəla, uşaqlar hərbi sırada olan kimi düzülərək (yəqin ki, N-in təlimatına uyğun) Nin dalınca addımlayır (bu vaxt onun 56 yaşı var idi) və ən təəccüblüsü hamısının başında gicitkəndən (yerli dialektdə " gincar") hörülmüş çələng var idi. Mən təəccübdən bir an ayaq saxladım. Əslində belə qəribə vəziyyətdə N-in məni görməsini istəmədim. Lakin hər halda o da məni gördü, ancaq görməməzliyə vurdu. Mən də eyni hərəkəti etdim. Onu görməmiş kimi keçib getdim, lakin qeyri-ixtiyari dönüb yenə baxdım. Yoldan keçən maşınların sürücüləri sürətlərini azaldaraq, piyadalar isə addımlarını ləngidib onlara maraqla baxırdılar. Hər halda gicitkəndən hörülmüş çələngin mənasını heç cür anlaya bilmədim: əgər bu, gün vurmasından qorunmaq üşün " kəşf" edilmişdirsə, belə bir " kəşf"ə ilk dəfə rast gəlirdim, həm də mən onları görəndə artıq günün qızmar vaxtı ötmüşdü... Nə isə...Fransızlar demişkən, insan dəyişmir, bizə elə gəlir ki, o, dəyişir.

 

 

N-lə 96 -98 -ci illərdə bir müddət eyni müəssisədə işlədik. Arada görüşərək söhbətləşər, olub keçənləri xatırlayardıq. O, uşaqlıq illərindən ürəyində gəzdirdiyi "mən antiyəm" fikrindən dönməmiş, mövcud quruluşla barışmamış, tez -tez atasının reabilitasiya (bəraət alma) məsələsinə baxmaq üçün müraciət qaydasını soruşar, sanki bu məsuliyyətin, yükün onun üstündə qaldığından çox narahat idi. Lakin nədənsə aidiyyatı orqanlar qarşısında məsələ qaldırmağa cəsarət etmədi. Ürəyindəki yara sağalmamışdı...Elə bu yaranı da özü ilə axirət dünyasına apardı.

 

İllər ötdü. Qəhrəman dayının ailəsinin və Afərin taleyindən də xəbərim olmadı. Ordu sıralarında xidmət, Bakı şəhərində ali təhsil aldığım illər, nəhayət, şəhərdə yaşayış yerimi dəyişməyim doğma məhəlləmizlə əlaqəmi soyutdu. Və gözlənilmədən, "dağ dağa rast gəlməsə də, insan insana rast gələr" - atalar sözünün yenidən şahidi oldum. Keçən əsrin 80 - cı illərinin əvvəllərində Şəki Şəhər Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləyərkən SSRİ Mədəniyyət Nazirliyinin Moskva şəhərində təşkil etdiyi bir aylıq seminara getmişdim. Nahar etmək üçün Qorki küçəsindəki bir restorana girdim, lakin növbə olduğuna görə küçəyə çıxaraq orada gözləməli oldum. Küçədən gəlib- keçənlərə baxırdım. Birdən qarşımdan ... Afər keçdi. Bəli bu, o idi. Gözlərimə inanmadım, ani tərəddüd içində qaldım. Yuxarıda nəql etdiyim hadisədən keçən 30 il müddətində onu görməmişdim. Ayaqlarına uzun boğaz payız çəkməsi geymişdi, əvvəlki qətiyyətli yerişilə harasa tələsirdi. Bir anda gözümdən uzaqlaşdı. Arxasınca baxa-baxa qaldım. Tərəddüd içində götür-qoy edirdim: dalınca gedərək ona çatıb özümü təqdim edim? Görəsən necə qarşılayar? Yad şəhərdə məni tanıyarmı? Daxilimdən gələn ürəyimin səsi-intuisiyam onunla görüşməyə səsləyirdi, lakin qətiyyətim çatmadı. Deyirlər uşağın yaddaşı möhkəm olur. Bəlkə onun vaxtilə N-ə vurduğu "əşrəfi şillə"nin səsi qulağımdan, xofu canımdan hələ də çıxmamış, yaddaşımda möhkəm həkk olunmuşdu. Sanki ovsunlanmışdım...Hər halda mən bir qərara gələnə qədər o gözdən itdi... İndi də özümü bağışlamır, ürəyimdə təəssüf hissi gəzdirirəm. Gərək bir az qətiyyət göstərib onunla görüşəydim. Nə isə! Qismət belə imiş!

 

Moskvadan Şəkiyə qayıtdıqdan bir müddət sonra Afərin qardaşı Fikrəti gördüm. O, ali təhsil aldıqdan sonra Sumqayıt şəhərində məsul vəzifələrdə işləmiş, lakin ailəsi dağıldığından özü tək Şəkiyə qayıdaraq ahıl çağında yenidən ailə qurmaq məcburiyyətində qalmışdır. Yanıx məsciddə mühasiblik edirdi. Xeyli əvvəl Moskvada Afəri gördüyümü söylədim və onun müqəddəratı ilə maraqlandım. O, Afərin Bakı şəhərində ərə getdiyini, uşaqlarının ABŞ -da yaşadığını və nəhayət, bu yaxınlarda dünyasını dəyişdiyini söylədi. Əlavə etdi ki, ölümündən bir az əvvəl ata evinə gəlmişdi, vəziyyətimi görüb kədərləndi, ağladı...

 

Afər və dostum N-lə bağlı bu sənədli hekayəmə yekun vuraraq onların xatirəsinə işıq saldığıma görə xeyli yüngülləşdim. Böyük Çin filosofu, bu millətin mənəvi atası sayılan Konfutsi deyirdi ki, insan onu xatırlayan sonuncu adam öləndə ölür. Demək, hekayəmizin qəhrəmanları da ölməmişlər, biz onları xatırlayaraq bu hekayəni ortaya qoymağımız da buna şahidlik edir.

 

Dahi Şekspir yazırdı ki, dünya bir səhnədir, insanlar aktyor. Məğrur Afərlə qürurlu, heç vaxt tanıya bilmədiyimiz N də həyat adlı səhnədə rollarını oynayaraq əbədiyyətə qovuşdular. Mənə isə onların xatirəsini qələmə almaqla ruhlarını şad etmək qaldı.      

 

Noyabr, 2015 -ci i

Hikmət ƏBDÜLHƏLİMOV

525-ci qəzet.- 2016.- 21 iyun.- S.7-8.