“Sözün yeddi gözəli” - az sözlə ifadə olunan böyük mətləblər

 

 

(Əvvəli 17 iyun sayımızda)

 

Əli Rza Xələflinin bir-birindən fərqli təqdimatları o qədər dərin, güclü olur ki, oxucu ondan mənəvi zövq almaqla yanaşı ətraflı bilgiyə də malik olur. Onun təhlil metodu, üslubu bu sənətkarların hər birinin fərqli ampulada səciyyəsi ilə yadda qalır.

 

Ə.R.Xələflinin sənətkara ünvanlanmış məktubları onların mənəvi aləmi, həyat amalları ilə oxucunu tanış etmək məqsədini daşıyır. Çox zaman da geniş səpgidə işlənmiş məktublar qəhrəmanı bütün cizgiləri, xarakterilə təqdim edir. Şirin xanım Şadimana ünvanlanmış məktub da bu qəbildəndir.

 

Müəllifin Şirin xanım Şadiman haqqında tədqiqat əsəri üç bölmədə qruplaşdırılıb: 1. Filisterlər arasında (məktub). 2. Bir əfsanə yaşayacaq. 3. Şadimanın qırmızı həqiqətləri. Hər biri olduqca bitkin səslənən bölmələrdə sənətkara, onun ədəbi irsinə münasibətin istiliyini duyduq. Nədən, hardan qaynaqlanır bu istilik? Ə.R.Xələflinin onun ədəbi mühitdə görünən obrazına, yaradıcılığına obyektiv münasibətindən, əsərlərinin daşıdığı xüsusiyyətləri yaşadığı hadisələri ədəbiyyatda əks etdirə bilməsi qüdrətindən qaynaqlanıb. Ş.Şadimanın da yaradıcılığında xalqın yaşadığı milli faciələr, onun istəyi, arzuları başlıca mövzulardandır. O, şairdir, həm də həyat həqiqətlərindən sözünə libas biçən publisistdir. Yaradıcılığının hər iki qolunda yazdığı əsərləri arasında mənəvi yaxınlığı, doğmalığı var. Elə tədqiqatçının da təhlilində bu xüsusiyyət paralellik prizmasından işlənmişdir. Burda müəllifin də qəlbi qəhrəmanın itkisindən, faciəsindən alovlandığından sözünü, fikrini yana-yana deyir. Bunu ən çox da Şirin xanımın müharibə mövzusunda yazdığı “Balaca, şəhid Farizin hekayəti” əsərindən də görmək mümkün olur. Müəllif uşaqlar üçün ibrətamizlik nümunəsi olan bu əsərdə uşağın doğulduğu yurda, torpağına kiçik qəlbində yaranmış sevgisini, vətənə bağlılığını məharətlə aça bilmişdir.

 

Əslində yaradıcı insanlar da həyat hadisələrini bədii ədəbiyyata gətirməklə tarixi yazmaq şərəfinə nail olurlar. Müəllif söhbətini bu məcraya yönəldərkən Şirin xanımın da yaradıcılıq missiyasının məhz bundan ibarət olduğuna rəğmən deyir: “Onsuz da cəmiyyətin tarixi elə mübarizələr tarixidir. Əqidə və inam uğrunda aparılan mübarizənin özü tarixi yaradır. Təkcə elə bu səbəbə görə ədəbiyyatı da tarix adlandırmaq olar. Demək, onda bu tarixin müəlliflərindən biri də, özü də çox vicdanlı müəlliflərindən biri də elə sizsiniz”.

 

Müharibə zonasında yaşayan bütün analar kimi balaca Farizin anasının da qəlbi təlaş içindədir. Balasının həyətdə oynamaq arzusunun qarşısında özünü-sözünü itirib. Qəfil atılan düşmən gülləsi onu səksəkə içərisində yaşadır. Amma uşaq heç vəchlə inanmır ki, düşmən balacaları öldürə bilər. Yəqin onlar da uşaqlara qarşı rəhmli, humanist olarlar. Doğma həyətləri, ağacları, bağ-bağatları onu çağırır. Odur ki, anasını yola gətirməyə çalışır.

 

Burax gedim, ay ana,

Şadlıq edim, ay ana.

Bu gün analar günü,

Könlümdə qur düyünü.

İstəyirsən sənə bir

Şeir oxuyum, et səbir.

 

Ana-bala arasında bu şirin dialoq, balacanın qəlbindəki qönçə arzular nəğmə kimi pıçıl-pıçıl oxunur. Amma bu arzulara sarı yürümək istəyinə yetməmiş zavala gəlir. Erməni gülləsi bu günahsız, dinc körpəni qətlə yetirir...

 

Hər kəsin vətənə bir övladlıq borcu var. Bu üzdən müəllif də o fikirdədir ki, “Şirin xanım Şadiman “Balaca, şəhid Farizin hekayəti” əsəri ilə özünün mənəvi borcunu qismən də olsa ödəyib...” Bizcə, müəllifin şair, publisist Ş.Şadimanın zəngin yaradıcılıq yolundan bəhs edərkən belə bir ibrətamiz, insanı duyğulandıran, düşmənə nifrət hissini gücləndirən bir əsəri üzərində təhlillər aparması əsl vətənpərvərlik, yurda bağlılıq nümunəsidir. Müəllifin bu əsəri “qırmızı həqiqətləri” dünyaya yaymaq gücündə olduğundan oxucunu qane etməklə yanaşı həm də əsərlərinə güclü maraq oyadır. Elə ədəbiyyatşünaslığın, ədəbi tənqidin vəzifəsi həm də bundan ibarətdir.

 

Çöhrəsindən çiçək yağışı kimi axıb-tökülən təbəssümü ilə çoxumuza tanış olan şair, publisist, naşir Fəridə Ləman... Ə.R.Xələflinin Fəridə Ləmana məktubunda məni ən çox duyğulandıran onun səmimiyyətə söykənən nəcib keyfiyyətləri oldu. Bu hissin, duyğunun daşıyıcısı olan söz adamının yazdıqları heç şübhəsiz, örnəkdir, gələcəyə əmanətdir. O, “təbiətdən, tarixdən” yazanda da avazında, ruhunda bir vətənpərvərlik, insanpərəstlik çağlayır. Bu keyfiyyətlər onun ədəbi-bədii yaradıcılığının, ictimai fəaliyyətinin mayasını təşkil edir. Ə.Xələfli Fəridənin yaradıcılığından böyük ürəklə, məhəbbətlə bəhs edir. Və bu, sadəcə bir oxucu fikrini yox, həmkar duyğusunu, ədəbiyyatşünasın elmi-nəzəri baxışlarını ifadə edir. F.Ləmanın poeziyasında çox uğurlu tapıntı olan “ağ yağış” fikrinin qüvvətli olmasını şərtləndirir. Tədqiqatçı Fəridənin yaradıcılığından əxz etdiyi mətləblərin insanın psixoloji duyumunu açmaq, cəmiyyətdə mövcud olan hansısa eybəcərliyi, laqeydliyi kəsib-atmaq qüdrətində olduğunu bildirir. Onun bu səyləri o qədər zənginliyə, çoxfaktlılığa qapı açır ki, bu qabiliyyətə, elmi-ədəbi təfəkkürün sahibinə əhsən deməyə bilmirsən. “Fəridə Ləman “Söndür bu tonqalı” şeiri ilə cəmiyyəti aldadıb özünün iddiaları naminə psixoz bir hala gətirən... siyasətçilərin yandırdığı tonqalın mahiyyətini açıqlayır. Bununla da qara əllə yandırılan tonqalın ətrafında birləşməyin mümkünsüzlüyünü xatırladır. Onun işığı yoxdur, odu, hərarəti yoxdur, tüstüsü, hisi daha çoxdur. Bu tərsinə mənzərə ilə də müəllif istəyinə nail ola bilir, fikrini, hissini obrazın köməyi ilə çatdırır”. Bu, istedadlı şair, yazıçı, zəhmətkeş ədəbiyyatşünasın böyük ürəklə, səylə, bacarıqla təhlilə cəlb etdiyi, bir qədər əvvəldə adını çəkdiyimiz şeiri haqqında nəzəri fikirləridir. F.Ləmanın yaradıcılığı haqqında araşdırması başqa elmi mənbələrə, alimlərin fikirlərinə istinadları ilə əsl tədqiqat işi olduğunu göstərir. Əli Rzanın poetik təbiəti ciddi araşdırmasının da ruhunda özünə vətəndaşlıq qazanıb. Əslində belə bir üslubda yazılmış əsəri rahatlıqla oxumaq insana mənəvi rahatlıq gətirir. Müəllifin “Ürəyimi sabahlara açıram” kitabını “sözünə söykənəcək” edən müəllifin ədəbi təxəyyülünə şair ovqatı hopduran fikirlərinə nəzər yetirməmək olmur. “Dağ çiçəklərinin ətri var ürəyi açmaqda. Çayların zümzüməsi var, küləklərin sərinliyi. Titrəyişi var ürək açmaqda.

 

Ürək açmaq insanın xoşbəxtliyidir. Əgər ürəyini açmağa kimsə varsa... Fəridə Ləman bu kimsəni tapa bilib. O, sabahlardır - bizim sabahlarımız, insanların sabahı, insanlığın sabahı...”

 

Həmişə “qaynar mühitin içərisində olan” Fəridə Ləmanın yaradıcılığı çoxşaxəli, mövzuları rəngarəngdir. Bu xüsusiyyətləri fikir genişliyində açan təhlil edən müəllifin tədqiqatından əhatəli bəhs etmək mümkün olmasa da, zənnimizcə bu ədəbi şəxsiyyətə olan marağı göstərə bilməyə çalışdıq.

 

Əgər “Mundir altında ürək”də xanım sənətkarın şəkli ilə qarşılaşmasam da bir sözdən, ifadədən söhbətin köksündə hərbçi ürəyi gəzdirən şair Zəminə Xınalıdan getdiyini dərhal duyardım. Sıra yerinə görə altıncı olan hərbçi şairin yaradıcılığına, ictimai fəaliyyətinə yaddaş körpüsü salan Ə.Xələflinin təqdimatında xanım sənətkar layiq olduğu sözün mərtəbəsində daha parlaq, ləyaqətli, vətənpərvər bir şəxsiyyət kimi görünür. “Zəminə Xınalının mənəvi dünyası haqqında bizim danışmağa kifayət qədər haqqımız var. Çünki onun bir-birinin ardınca çap olunan və eyni zamanda “Kredo” qəzetində işıq üzü görən çox dəyərli əsərləri onu qələm adamı kimi, sənət adamı kimi uca tutmağa, dəyərləndirməyə əsas verir”. Biz də bu təqdimatın işığında Z.Xınalının ictimai-ədəbi fəaliyyətinin bütünlükdə xalqına, millətinə, vətənin işid oğullarına həsr olunduğunu izləyir, izlədikcə də duyğulanır, bu ədəbi məhsulların timsalında ona doğmamız kimi rəğbətimiz yaranır.

 

Şamaxı ətrafı, yol kənarında

Bir türk əsgərinin məzarı vardır.

Bu yoldan ötənlər, keçənlər deyir,

Bu məzar tək-tənha, qərib məzardır.

Hələ uşaq idim, Nigar nənəm də,

Belə söylərdi, belə deyərdi...

 

“Tənha türk məzarı”

 

Xatirələrə dalan müəllifin hələ uşaqlıqdan düşüncəsində formalaşan vətən məhəbbəti, onun azadlığı uğrunda döyüşmək, sinəsini - qələmini sipər etmək sevgisi pöhrə atmışdı. Sözə, əsgər mundirinə rəğbəti də hələ o zamanlardan yaranmışdı. Arzularına, məqsədinə sözünün işığında yol almışdı. Bu gün bu yola nur çiləyən Ə.R.Xələfli onun qeyrətli vətən qızı, sinəsi sözlə dolu qələm sahibi kimi obrazını uğurla yaradıb. Tariyel Abbaslının “Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” kitabının da ideyasına diqqət çəkən müəllif onun ədəbi-ictimai fəaliyyətində özünə inam və özünə güvənc qazandığının səciyyəsinə yer vermişdir. Amma onun “bir sənətkar olaraq Şəhriyar üslublu, dəyərli bir poemasından, könülləri oxşayan şeirlərindən söz açmaq imkanı olmadı”ğını bildirən müəllif qəm yeməsin, o, Z.Xınalının vətənpərvər şair obrazını yetərincə çəkə bilib.

 

Bu da “Sözün yeddi gözəli”nin yeddinci sənətkar xanımının, Zərəngiz Dəmirçinin “Qayalı” kitabına işıq salan Ə.Xələflinin eyni həyəcanla, məsuliyyətlə, həm də güclü duyum hissilə

 

qələmə aldığı əsərindən sətirlər: “Zərəngiz Dəmirçinin təsəvvüf ruhlu şeirlərində Yunis İmrə, Dadaloğlu, Qaracaoğlan, Qurbani, Xəstə Qasım kökü də var. Lap çoxdan yaşamış, bizdən çox-çox əvvəl dünyaya gəlib-getmiş o söz sevdalısının təzədən bizim zəmanəmizə gəlişi elə beləcə görünə bilərdi - Zərəngiz Dəmirçi donunda...” Müəllif Zərəngiz xanımın mənəvi dünyası ilə şəxsiyyəti arasındakı paralelliyi söz-söz, ləçək-ləçək seçib sanballı təqdimatı ilə təhlil müstəvisinə çıxarır. Tədqiqatçı Zərəngizin yaradıcılığına dərindən bələd olduğundan onun şeirlərinin mahiyyətini bütün gözəlliyi ilə açıqlayır.

 

Ey könül, dünyadan xəbərsiz köçmə,

Yüz dəfə ölçməsən, bir dəfə biçmə!

Dünyanı candərdi arşınlama gəl,

Dünyada sənətdir hər şeydən əvvəl.

 

“Müsəlman namusu, dünya hədəfi”

 

Z.Dəmirçi şeirlərində çox qafilliklərə açar salmağa cəhd edir və çox zaman da təxəyyülünün işığında bunlara cavab tapa bilir. Ə.R.Xələfli də məhz onun qarşıya çıxardığı suallara xanımın sözünün məna qatlarında mübhəm qalan inci fikirləri aşkar edir. Müəllifin onun haqqında qənaətləri o qədər dolğun, tutumlu, xarakterikdir ki, bu fikirlərin özündən gələn səmimiyyət ətrini duymamaq olmur. “Zərəngiz Dəmirçinin yaşı ilə hesablaşmayan, yaşından böyük olan müdrikliyi var...”

 

Əli Rza Xələfli yeddi xanım sənətkarın yaradıcılığına yekun sözünü sanki dağ çeşməsitək axıb gələn təbi ilə birnəfəsə deyir, onu bir içim su təki gözümüzə, könlümüzə çiləyir. “Sözün insan varlığında yaranışı üçün insanın özünün yaranışı qədər vaxt lazım olub, zaman keçib. Və biz gözümüzü açıb dünyaya baxanda sözü bizi dünyaya gətirəndən əmanət almışıq. Öz ruhumuzda, varlığımızda onu əzizləyə-əzizləyə, qoruya-qoruya özümüzdən sonrakı nəsillərə ötürmək üçün...” Müəllif söz əmanətçilərinin layiqli təmsilçiləri arasından sevib-seçdiyi ədəbi şəxsiyyətlərin hər birini öz rəngində, öz rayihəsində olan güllərə bənzədir. Düşünür ki, əgər, “Güllər nəğmə oxuyursa...” o nəğmələri niyə də eşitməyək, yox, “biz o gülləri niyə tərənnüm etməyək?!”

 

Və mənə elə gəlir ki, orijinal üsluba, fərqli təhlil metoduna, zəngin təxəyyülə malik olan Əli Rza Xələfli “Sözün yeddi gözəli”nin davamı olaraq hələ neçə-neçə sözə sevdalıları arayacaq, axtaracaq, onların ilk baharla son payız arası oxuduğu nəğmələri bizə təqdim edəcək...

 

 

Şəfəq Nasir

525-ci qəzet.- 2016.- 22 iyun.- S.4.