Ölü doğulan şeir

 

Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə yerində aynaları silməli, iki qapı o yandakı köhnə yerində  kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir "təkərək" əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün xəngəl bişirməliydi. Tələsirdi. Bu tələskənlik onun qanına hopmuşdu, həyat tərzinə çevrilmişdi. Yolda rast gəldiyi tanışlardan kimsə təngnəfəsliyinə irad tutanda bircə kəlməylə hər şeyin izahını verirdi:

 

-Yüyürürəm!

 

Hə, o yüyürürdü. Həyatın bu başından o başına yüyürürdü. Tanrının ovuclarında ona uzadılan ömür payından hərdən bircə barmaq dadırdı; bu "hərdən" adlı zamanın saçından ayırdığı üç tel üçcə an çəkirdi, bir şeir doğulurdu ürək sancısından. O sancını çəkmək vaxtı da fərqli ölçü-biçidəydi; bir  il, beş ay,  səkkiz gün, bircə an. Bir dəfə şeir doğulan anda "ürəyindən salıb çilikləmək" istəmədi, yüyürüb  kiçik dolabın üstündəki boz qeyd dəftərini açdı, dəftərin bir tərəfinə söykənmiş qırmızı qələmi əlinə götürüb misraları kağıza əmanət etmək istədi. Açdığı vərəqdə bir neçə cümlə yazılmışdı: "Həyatım anamın hər təzə yeri tapanda sevinməsiylə keçdi. O sevinirdi...Mənsə, için-için ağlayırdım."  O gün şeiri ölü doğulmuşdu...

 

Təzə yerinin qapısına çatmışdı. İçəri keçib çantasını  yumşaq kresloya qoyanda fikrindən keçənlərə gülümsündü:

 

-Çantam məndən urvatlıdı, gah çiynimdə nazlanır, gah kreslolarda xumarlanır. Mənim bu kresloda oturmağa da vaxtım çatmır.

 

Aynasiləni götürmək üçün içəri otağa keçəndə gözünə ilk dəyən döşəmə üstünə qoyulmuş Nizami Gəncəvinin "Sirlər xəzinəsi" kitabı oldu.  Qeyri-ixtiyari aşağı əyildi, əlləri kitaba uzandı. İncə, barmaqlar onun qabarlı əllərini qabaqladı, kimsə kitabı açdı. Yalnız indi belini dikəldib otağa nəzər saldı.  İki gənc qadın üzbəüz oturub kitabı araya qoymuşdular. Biri kitabı açıb pıçıltı ilə oxuyurdu, o birisi isə doluxsunmuş halda sanki ürək əməliyyatından çıxmış sevgilisini gözləyirdi; onun ürəyində özünə qarşı bir hissin qalıb-qalmamağını yerişindən bilmək istəyirmiş kimi. Kitabı oxuyan başını qaldırıb əminliklə danışmağa başladı:

 

-Sənin bir sinif yoldaşın qız olub, o sənə yalan danışmağı öyrədib. Bir oğlan səni sevirmiş, ona ümid verib, aldatmısan. O oğlanın nəfsi var səndə. Evdə ananla mübahisəniz tez-tez düşür adamlarla bağlı, o deyir filankəslə danışma, sən bildiyini eliyirsən. Xülasə, ağıllı ol! Kitab belə deyir.

 

Daha burda dayanmaq istəmədi. Əlləri, ayaqları titrəyirdi,  onun nəzərində kitab böhtan atılaraq günahsızca məhbəsə salınana bənzəyirdi. Aynasiləni götürüb cəld otaqdan çıxdı.  Heç iyirmi dəqiqə çəkmədi ki, köhnə yerinin qapısı ağzındaydı, ordakı  küskün "Sirlər xəzinəsi"ndən fərqli olaraq burdakı nazlı, işvəli kitabları sığallaya bilir, ürəklə qucaqlayır,  ürəyi istədiyini evə aparıb axşamlar on-on beş dəqiqə vərəqləyə bilirdi; oxumağa vaxtı çatmırdı.

 

Burdakı işinibitirib bazarın yolunu tutdu. Gedə-gedə də fərəhlənirdi, qızına əvəlik almağa pulu vardı. Havalar bir az soyuyan kimi, oktyabrdan başlayaraq ayda bir dəfə qızına əvəlik alıb göndərirdi. Bir dəfə bazarda əvəlik satan tanışı demişdi:

 

-Qızın rayonda olur axı, orda bu əvəliyi özü yığa bilmirmi ki, sən şəhərdən alıb göndərirsən?

 

Öncə sual ona qəribə gəlmişdi, tanışı düz deyirdi, lakin tezcə də doğruluğuna heç bir  şübhəsi olmayan sözləri dilinə gətirmişdi:

 

-Qızım istəyir ki, əvəliyi ona anası alıb göndərsin!

 

İndibir "təkərək" əvəliklə qızına bir ürək sevgi, bir nəfəs istilik, bir əl qabarı halallıq göndərəcəkdi, həmişəki kimi. Birdən qulağına tanış səs gəldi:

 

-Deyir ki, nə çox gülürsən? Deyirəm ki, magistr oxumağa cəhd eləmişəm, alınmayıb. Deyir ki, çox gülmə! Deyirəm ki, ingilis dilini mükəmməl öyrənərəm ha!!! Kiriyib getdi. Ha-ha-ha...

 

Duruxdu. Bu səs, bu intonasiya, həyasızcasına çəkilən şaqqanaqdan ürpəndi. Dönüb səs gələn səmtə baxdı, zənnində yanılmamışdı.   İki əliylə çantasını eşən, telefonu sağ çiyninə qoyub başını üstünə əyən qızı illərdi ki, tanıyırdı. Lakin illər əvvəl bu qız onun nəzərində ən saf, utancaq, güləndə dişləri görünməyən, yolun ortasında səsini yüksəltməyən, saçları palıdı, dırnaqları boyasız bir gözəl idi. Onda hələ kompüter kursuna oxumağa gələr,  həyalı-həyalı barmaqlarını klaviaturaya toxundurar, kirpiklərini ürkək baxışlarının üstündən pərdə kimi asardı. Sonra bu qızı daha görmədi. Bir neçə ay öncə həmin kursun müəlliminə rast gəlmişdi. Müəllim kursun bağlandığından, işsiz qaldığından, axtarsa da tapa bilmədiyindən danışdı. Bir az dövrandan, zamandan, hətta insanların yadlaşmasından da bir-birinə giley etdilər. Sözarası yaddaşında kövrəklik rəmzi kimi qalan qızı da soruşmuşdu. Ona elə gəlmişdi ki, müəllim bu sualı eşidəndən sonra boyu kiçilmiş, gözlərinin ətrafında qırış çoxalmışdı. Müəllim təəssüf dolu səslə dillənmişdi:

 

-O yazıq da... Anası rəhmətə getdi, atası ikinci dəfə evləndi, analıq da qızı çöllərə saldı. O tində-bu tində axtarır. Görsən, tanımazsan... Yaxşısı budur, görmə heç... Görmə.

 

Onda müəllimin dediyi bu sözlərə fikir verməmişdi, əksinə, o qızı görmək istəmişdi. Bu gün, bu an isə bir heykəlin qarşısında donmuş kimi ayaqları yerə mıxlanmışdı. Matdım-matdım hələ də çantasını eşən qıza baxırdı; sarı saçlar, boyalı dırnaqlar, saxta, nəyinsə  intiqamını alırmış kimi sinəparçalayan gülüş, yuxarı qatlanmış kirpiklər ona heç də tanış deyildi. Təkcə o cingiltili səsi tanıyırdı. O səs də ona çox uzaqdan əl sallayır, vida edirdi...Lap uzaqdan.. İllərin ömür-ömür yığaraq saxlanc etməyə apardığı xatirə faytonunun zınqırovlu atlarının ayaqlarından qalxan tozun içindən...

 

Nəhayət, başını aşağı salıb ağır-ağır bazara tərəf addımladı. Bir neçə dəqiqədən sonra bazarın qapısına çatanda Tanrının ovuclarındakı ömür payından bir barmaq da dadmışdı... 

 

Biz deyə bilmədik

 

- Gülüşündən bir qucaq sevda asılmışdı. Elə bilirdim ki, indicə dodaqlarının kənarındakı qırışlar açılacaq, o bir qucaq sevda küləkdən qorxmuş  gilənarlar kimi ayaqlarım altına səpələnəcək. Mənsə, bax, bunu istəmirdim. Onun gülüşündən asılmış o bir qucaq sevdaya möhtac idim. Yaşamaq istəyirdim...

 

- Çox şişirdirsən, əzizim. Bu, heç də sən düşündüyün kimi romantik görüş olmayıb axı.

 

-Hə, əlbəttə! Mən heçgörüşümüzün romantik olmasını iddia etmək istəmirəm. Sadəcə, o anlarda özümündüşündüyümü  anladıram. O, evli qadın... Mənsə, onun keçmişindən qalan sevgi dolu bir kölgə.

 

-Anlatmırsan, anlatmağa çalışırsan.

 

-Bağışla, amma deyəsən, bizim sözümüz bir-birimizə xoş gəlmir. Üz-üzə oturub özümüzü guya rahatca söhbət edirmiş kimi göstərməyə məcbur deyilik.-Cavan oğlan likör dolu qədəhi birnəfəsə başına çəkdi.

 

Onlar  şəhərin mərkəzindəki  məhşur kafenin xüsusi hücrəsində oturmuşdular. Baxışından  hiyləgərlik tökülən, bəstəboy, saçları çallaşmış, ortayaşlı bank işçisi  hələ də bəbəklərində dünyaya olan inamını qoruyub saxlamağa çalışan ucaboy, sıx qara saçlı, otuz yaşlarında  kompyuter mütəxəssisinin bu gün görüşməsinin səbəbi də sadə idi. Gənc oğlan bank işçisinin qeyri-qanuni nikahdan olan oğlu idi. Görünüşə görə, bank işçisi oğluna isə vacib söz demək istəyirdi. Söhbəti oğlunun sevdiyi qızdan başlamaqla onun az da olsa kövrəkləşdiyi anı tutmaq istəyirdi. Lakin gəncin öz sevdasını bu qədər romantik sözlərlə anlatmasını dinləməyə hövsələsi çatmırdı.  Sözün dağ olunduğu yerə tez çatmaq istəyi ilə dilləndi:

 

-Akif, oğul bala, incimə. Mənim sevda yaşım çoxdan keçib. İndi mənim həyatım ancaq puldan asılıdır.

 

Oğlan əlində oynatdığı qədəhi masaya qoyub kinayəli gülümsündü:

 

-Bilirəm. Səni puldan  başqa düşündürür, bax, onu da bilirəm. -Barmaqlarıyla "iki"  işarəsi verib  əsnədi.-Yuxum gəlir, qısa kəs, qalxaq.

 

-Mənə oxşayan tək bu "qısa kəs" deməyindi. Heçdən bu yaxşıdır ki! Buna da şükür!

 

Kişi əllərini qoşalayıb salavat çevirdi. Oğlan səsini ucaltdı:

 

-Bu da növbəti debüt. Likör , salavat çevir! Əhsən, Baxış müəllim!

 

-Məni dolama, küçük! Bayaqdan  hövsələmi basıram, bəlkə, yadına düşər ki, qarşındakı atandı. Amma yox, görürəm! Görürəm, anan səni mənə olan nifrətində necə qaynadıb bişirib! Dur, rədd ol!

 

Akif onun bağırtısından halını da pozmadı. Əllərini çarpazlayıb başını irəli əydi:

 

-Çıxışınız bitdisə, bir kadr geriyə qayıdaq, Baxış müəllim. Mənə puldan danışırdız.

 

Kişinin üzündəki ifadə bu sözlərin ahənginə uyğun olaraq dəyişdi. Kənardan baxan bir rəssam özünü Klod Monenin sərgisində hiss edərdi. Sanki gün ərzində dəqiqədən-dəqiqəyə dəyişən işığı rəsmdə əbədiləşdirən Monenin fırçası Baxış müəllimin alnından başlayıb çənəsinədək xəfif bir sığal çəkdi.

 

-Bax, qısa kəsirəm, mənə pul lazımdı. Cəmi beşcə min dollar. Gedib maraqlanmışam, banklar ancaq bircə şərtlə kredit verir. Gərək,  kiçik biznesin olsun.

 

-Bilirəm, devalvasiyadan bəri bütün kreditlər dollar olub.

 

- , yaman çətinləşib. Dollar da ki, bir gün yuxudan durursan bir manat əlli qəpik, o biri gün gözünü açırsan,  iki manata bir addım qalıb. Nəysə, elnən gələn toy-bayramdı. Yaşamalıyıq.

 

Akif hələ də gözlərini atasının əllərindən çəkmirdi. Bu əllərin hər bir hərəkəti onda anlaşılmaz duyğular oyadırdı. Elə bilirdi, hardasa bu əllərin hərəkətinə uyğun bir musiqi çalınır, o musiqinin sədaları altında da sevdiyi qız başını ərinin sinəsinə söykəyib  gülümsəyir. Xoşbəxtcəsinə...

 

-Hə, nə deyirsən?  Sabah neçədə gələcəksən Cavadxan küçəsindəki banka? -Nəhayət, kişi əllərini masaya söykəyib gözlərini hərisliklə Akifin üzünə dikdi.

 

Düzdü, Akif, onun son sözlərinə qulaq asmırdı, amma atası "kiçik biznes lazımdı"-deyən kimi söhbətin onun üstünə "Kompyuter  təmiri və proqram təminatı" yazılan birotaqlı "ofisindən"  getdiyini anlamışdı. Baxış müəllim ondan əl çəkəsi deyildi. Odur ki, razılaşmaqdan başqa çarəsi yox idi.

 

-Saat on üçün sənədlər əlimdə ordayam. Qalxa bilərik!

 

Kişi  şəstlə ayağa qalxıb qədəhlərin böyrünə bükülü on manatlıq qoydu, əliylə ofisianta işarə edib dedi:

 

-Xırdası lazım deyil!

 

Ata-bala qapının ağzında elə mehribancasına sağollaşdılar ki, onları izləyən rəssam bu dəfə özünü SSRİ-nin beynəlmiləl vətəndaşı hesab edərdi.

 

Akif  evə gələnədək bütün yolboyu bayaq beynində qurduğu mənzərəni görürdü: sevdiyi qız ərinin sinəsinə  söykənib xoşbəxtcəsinə gülümsəyir. Bu kiçik kadrdan bir addım irəli-geri düşünə bilmirdi. Elə bilirdi ki, təkcə bu kadr onu həyata bağlaya bilər, təkcə bu beynində qurduğu bir ömrün bir neçə dəqiqəsi ona həyatında yeni bir cığır seçib irəliləməyə stimul verəcək. Hələ o qızın üzündəki xoşbəxt ifadə! Akif bu xoşbəxtliyə sevinə bilmirdi. Ona elə gəlirdi ki, bu xoşbəxtlik də o qızın özü kimi "həyasız"dı. Hə, "hə-ya-sız"! Öz çarpayısına uzananda da hələ "həyasız xoşbəxtlik" beyninin içində həzin-həzin yellənirdi. Əlini atıb beyninin içindəki bu yelləncəyi dayandırmaq imkanı olsaydı... Sadəcə yatmaq istəyirdi. Yatmaq.

 

-Akif, yatmamısan ki? -Anası hüznlü baxışlarını onun açıq pəncərəsində süzdürdü. Bu baxışlar Akifə yönələndə artıq  hüznə məzəmmət də qarışmışdı. -Bu pəncərəni örtmək, siyirməsini çəkmək cəmi iki dəqiqənin işidi.-Yaxınlaşıb pəncərəni bağladı. Otaqdan çıxhaçıxda isə laqeydcəsinə dedi.-Sevilyadan məktub var ev telefonunun yaddaşında.

 

Akif əvvəlcə dondu. İllər əvvəl, Sevilya ərə getməzdən bir neçə ay öncə ev telefonlarının nömrəsini ona vermişdi. Hər axşam işdən evə gəlincə anası laqeydcəsinə eyni kəlmələri deyirdi: "Sevilyadan məktub var ev telefonunun yaddaşında". Və bir gün Sevilya ərə getdi. O gündən Akif bir daha ev telefonlarının nömrəsini heç bir qıza, qadına vermədi. Sevilyadan gələn məktubları isə onun toyunun  səhəri günü yaddaşdan təmizləmişdi. Və indi,  anası həmin laqeyd ifadə ilə həmin sözləri demişdi.

 

Yüyürərək ev telefonunu sinəsinə sıxdı, diktofonun düyməsini basıb stulda oturdu. Diktofondan gələn səs beynindəki yelləncəyi dayandırmış, onu həyata bağlayacağına ümid etdiyi kadrı bəd rənglərlə boyamağa başlamışdı:

 

-Akif... Günahın hamısı səndədi, bilirsənmi? Bilirəm ki, səsimi eşidib ağlayacaqsan. Nolar ki, ağla. Hətta, ağlayaq. Gəl bir yerdə ağlayaq. Göz yaşlarının da təkliyinə qıymıram. Unutmamısan məni. Bilirdim unudulmayacağımı. Əlimi sənə tərəf uzatmağım buna görəydi. Sənin əllərimə sadəcə bir baxış göndərib getmən  daha gözəl tabloydu. İmza yerində adım vardı. Hələ də var. Akif, bilirsənmi?! Bir ömür yaşaya bilərdik. Günləri bölə bilərdik məsələn: mənim çay dəmləməyimə, fincanlarımızın qoşa duruşuna, güzgü önündəki darağa eyni anda əl uzatmağımıza.Dalaşa bilərdik məsələn: sən analitik verilişə, mən tarixi filmə baxmaq istəyərdim. Amma olmadı. Sənin cəsarətsizliyin buna imkan vermədi. İndioturub həyasızcasına xoşbəxtliyinimi yaşayırsan? Yox! Bilirəm ki, yox! Çünki unudulmamışam! Varamolacağam! Akif, biz bu dünyada hamıya, hər şeyə "hə" dedik. "Ailəmiz"-dedik, "cəmiyyətimiz"-dedik, " yoldaşlarımız", "küçəlilərimiz", "uzaq-yaxın qohumlarımız"-dedik... Təkləndik, "mən"-dedik, "sən"-dedik,  ancaq "biz"-deyə bilmədik. Biz deyə bilmədik...

 

Akif telefon aparatı qucağında stuldaca oturub ağlayırdı. Anası isə onun kiçik biznesinə aid olan sənədlər əlində qarşısında dayanmışdı.

 

-Akif, sabah saat doqquzda Atatürk prospektindəki banka gedib sənin adına pul götürəcəyəm. Daha bu işi uzatmaq olmaz. Səidə müəllimənin qızı Nigara nişan aparmaq, havalar soyumamış toyu eləmək üçün beşcə min dollar pul lazımdı. Daha evlənməlisən, camaat  deyər?!

 

Akif başını ağır-ağır qaldırdı:

 

-, ana. Camaat çox söz deyər... Çoox... Hamı deyər, hamı! Təkcə... Təkcə, biz deyə bilmədik... Biz...

 

Gəncə

 

Şəfa VƏLİ

525-ci qəzet.- 2016.- 23 iyun.- S.7.