Birun və əndərun
“Düma ilə Coys arasında”
kitabından
Vaxt var idi, evlərimizdə bir-birindən kəskin sərhədlə
ayrılan iki qisim var idi. Bunların birinin adı Birun, o birinin
adı Əndərun idi. Klassik ədəbiyyatımızda
bu duruma aid kifayət qədər açıq və gizli
işarə var.
Bunların münasibəti, sadəcə, gizlin-aşkar
münasibətləri deyil. Bəs o zaman daha nədir?
Birun hamı üçün idi. Qonaqlar,
yaxınlar, uzaqlar ancaq birun qisminin içində hərlənə
bilərdilər, onlar birundan o tərəfə, yəni, əndəruna
keçə bilməzdilər.İnamsızlığın bu
həddi haracan desən uzana bilərdi.
Əndərun isə sırf ailə üçün
idi. Arvad-uşaq burda biruna həsrət bir halda eynən
küçədə çadra örtdükləri kimi əndəruna
örtülüb ömür sürərdi. Evin birunu, yaxud küçənin ancaq gözləri
açıq qalmış çadralısı - bunlar, təxminən,
eyni şeydilər. Yenə eyni inamsızlıq...
Yunan miflərində yerlə göy bir-birindən
ayrıldıqları kimi bunlar da nə zamansa bir-birindən
ayrılmışdılar. Təkcə
ayrılmamışdılar. Hər biri
öz məqamında bir imperatorluq yaratmışdı,
özünəməxsus mədəniyyət
formalaşdırmışdı. Bu, təkcə
ədəb və ərkanda, inam və inamsızlıqda
özünü göstərmirdi, təhtəlşüurdan
(altşüurdan) vurub dil-danışıq qatından
keçir, eyni zamanda sosial münasibətlərin bu və ya
başqa cür formalaşmasına təsir edirdi.
Əgər biz Birun və Əndərunu açar
sözlər kimi götürüb ədəbiyyat və mədəniyyət
labirintinə girmiş olsaq, hara gəlib çıxarıq,
hansı açmazları yeni rakursdan gözdən keçirə
bilərik?! Və
ən vacib sual: Bu iki açar sözü bir-birinə calasaq,
bundan bir Ariadna ipi çıxarmı ki, girdiyimiz labirintdən
cəngavərlər kimi cəsarətlə geri qayıda bilək?!
Bu gün bizə elə gəlir ki, Birun və Əndərun
birləşiblər. Bizim evlərdə bu ayrı-ayrı hissələr
yoxdur. Sanki onlar ayrı-ayrılıqda
bizim həyatımızdan çıxmış kimidirlər.
Amma bu yalnız ilk baxışda belə
görükür. Əslində, onlar bu
gün də birləşməyiblər. Və
bu gün də həyatımızda bu, ya başqa şəkildə
yaşamağa davam edirlər.
Doğrudur, bu gün Birun da, Əndərun da zahirən
yox kimidir. Bu gün həyatımızda bu məqamları birləşdirən
bir vahid məkan var. Amma zehnimizdə, dərin
düşüncəmizdə onların yeri yenə də
ayrı-ayrıdır. Biz hələ də evimizə ailəyə
yaxın olmayan bir kəs, hətta qohum gələndə belə
evdəki arvad-uşağı iç otağa, ya da mətbəxə,
bir söz, gözlə görükməyən yerə
yollayırıq. Bunu bəzən açıq
şəkildə, bəzən də gözümüzün
işarəsi, qaşımızın qalxması ilə edirik.
Qıraq baxışdan kənar yer (məsələn, bağ
yerində bu, arvad-uşağın adətən görünmədiyi,
hətta səsi belə eşidilmədiyi bir həyət
guşəsi ola bilər) bugünkü ailənin
əndərunudur. Belə bir yumşamış
şəkildə olsa da əndərun, aydın məsələdir
ki, bu gün də yaşayır.
Və yaxud, biz bu gün öz dəruni hislərimizi
valideynlərimizdən gizlədirik. Onların, yəni, valideynlərimizin
yanında bir sıra etik görünməyən hərəkətlərimiz
(söyüş söyməməkdən tutmuş siqaret
çəkməməyə qədər,
uşağımızı qucağımıza almamağa qədər)
az qala gəncliyin cəngavərlik kodeksinə
çevrilir, amma yenə də bizim mənəvi aləmimizin
birun qatında qalır, əndərun qatına keçmir.
Hansısa
mətndə əsl milli kişi obrazını axtaranda bu
adamın öz əzizlərinə bəslədiyi son dərəcə
dərin məhəbbət hissinin quru,hətta bəzən qaba
şəkildə ifadəsi, məhəbbətin dərin bir
qatda gizlədilməsi bizi bihuş və məftun edir və
biz ədəbiyyatımızın kişi obrazlarından
söhbət düşəndə ilk əvvəl belə
xüsusiyyətin sahibindən böyük bir pərəstişlə
danışırıq. Mən indi anlamıram.
Nə üçün hisslərin belə gizli
saxlanması, bu cür kənar gözdən gizlədilməsi
müsbət ədəbi priyom kimi təqdir edilməliydi?!
Cahandar ağalar, Gəray bəylər öz
codluqları ilə hansı məhrəmlik boşluğunu
doldururdu?! Yadıma Vaqif Bayatlının həmişəyaşar
misraları düşür: “Çox nahaq deyiblər
ağlamaz kişi. Kişi də insandı,
könlü-gözü var...” Dərin məhəbbət
və bağlantı üzərində qurulan hisslərimizin hətta
ən yaxınlarımızdan belə gizlin tutulması
Birun-Əndərun oyunlarının bu gün üzə
çıxan əlaməti deyilmi?! Deyəsən,
elədir. Cahandar ağanın qəzəbi
tutsa da, elədir.
Yaxud
danışığımızda söhbət ailədən,
həyat yoldaşından, uşaqlardan düşəndə hətta
bəzi yaşlıların bu gün də qızarması,
utana-utana “ayıb olmasın”la, “üzr istəyirəm”lə
söhbəti davam eləməsi adamlarımızın təfəkküründə
hələ də Əndərun adlı və belə bir
funksiyalı mənəvi hissənin mövcud olmasına dəlalət
etmirmi? Məncə, edir. “Ayıb
olmasın” və bu qəbildən olan digər oxşar əttökən
ifadələr bu gün danışığımızın
əndərun hissəsinin sintaktik-leksik vahidlərdən ibarət
keşikçiləridir. Onlar vasitəsilə
bu günkü əndərunun siluyetini cıza bilərik.
Biz böyüklərin yanında çəkinib siqaret
çəkmirik. Onların yanında balaca
uşaqlarımızı qucağa almırıq, öpüb əzizləmirik,
tumarlamırıq. Biz öz hisslərimizlə
bizə yaxın olmayanların arasına sərhəd çəkib
o sərhəddi qırmamaq, yıxmamaq üçün əlimizdən
gələni edirik. Bu, Əndərun əxlaqının
bizimlə bir hərif kimi oynadığı utancaqlıq oyunu
deyilmi? Odur.
Bizim bir qəlb evimiz var. Bütün gizlinlərimiz
ordadır. Biz hər kəsi qəlb evimizin içinə
buraxmarıq. Olsa-olsa ancaq həndəvərinə
buraxarıq. Bu, Əndərunun Biruna bir
şıltaqlığı, özünəməxsus
qurğusu deyilmi?! Qurğusudur.
Bizim bütün addımlarımız, hərəkət
və fəaliyyətimiz, hiss-həyəcanımız,
düşüncə və duyğularımız bu gün də
Birun-Əndərun oyunlarının, başqa sözlə desək,
kələfinin içindədir.
Qəlbimiz bu gün də bizim üçün Əndərunun
niqabıdır. Beynimiz bir Birun məkanıdır...
Qərblilər “avam-avam” elə bilir ki, onlarda
Birun-Əndərun yoxdur. Bizə də bu belə gələ bilər.
Onlar da yanılırlar, biz də
yanılırıq. Sadəcə, bu iki məqam,
qərblilərdə başqa mental səviyyədə, yaxud kəsiklərdə
yerləşir. Onların öz qədim zamanlarında bu
iki ayrı məqam əvvəl kəskin (yunan faciələrini
- Esxilin, Sofoklun, Evripidin əsərlərini yada salaq - orda
xordan çıxıb personaja dönən əvvəl iki,
sonra üç, daha sonra dörd aktyorun içindən
çıxdıqları xora münasibətləri bir daha dəyişməkdə
olan Birun və Əndərunu yada salır), sonra yüngül
şəkildə, formal olaraq özünü göstərib,
daha sonra yavaş-yavaş silinib gedib. Bu
üç mərhələ kifayət dərəcədə
sürətlə baş verib.
Qədimdə ümumi dəyərlər daha çox və
bir-birinə daha bərk bağlı olub. Bir çox
başqa ümumdəyərlər də qeyd eləmək olar.
Məsələn, sonradan dinlərin adına
çıxılan bir çox etiketləri bu sıradan
göstərə bilərik. Bəyəm Qərb
üçün, məsələn, qadının
başını bağlamaq adəti və məcburiyyəti
yox idi? Var idi. Sadəcə,
unudulub gedib. Kilsəyə girəndə və
yaxud məzar ziyarətinə gedəndə bu adətin
dirçəlib canlandığını, onun relikt əlamətlərini
kəskin şəkildə və yaxud mümkün qədər
simvollaşmış şəkildə bu gün də
görürük.
Sadəcə, Birun-Əndərun oyununun Qərbdə
calağı tutmayıb. Cücərməyib. Bu oyun Qərbin
oyunu ola bilməyib. Şərq
isə bu oyunu bu gün də oynamaqdadır. Amma necə?
Kimsə əgər düşünsə ki,
“Birun-Əndərun” oyunları həyatımızın ancaq
dini-fəlsəfi, əxlaqi-etik səviyyəsindən o tərəfə
keçməyib, məncə, yanılır. Bu halın
“residivini”, perspektivini bədii mətn səviyyəsində də
müşahidə eləmək mümkündür. Mətnin də öz “əndərun-birun” oyunları
var. Onları çözmədən müəllifin dərin
psixolojisini, altşüurunu, deməyib-demək istədiyini
bilmək namümkündür. Bunlar isə
bəzən müəllifin şəxsi iradəsinin əksinə
mətndə özünəuyğun bir sahman tapır və
“nə üçün belədi, başqa cür
mümkün deyil?” sualına heç müəllifin
özü də cavab verə bilmir. Amma
oyun və onun əlamətləri göz
qabağındadır. Sual edilə bilər.
Nə üçün oyun?! Burda oyunluq nə var? Əlbəttə, oyun! Onun üçün oyun ki, mətnin sahmanı burada
xüsusi olaraq qurulur.
Mətndə bu oyunun nədən ibarət olduğunu
daha əyani şəkildə nəzərə
çarpdırmaq üçün bilərəkdən gizlədilmiş,
amma mətnin poetikasının xeyrinə “işləyən” məqamları
nəzərdən keçirə bilərik. Belə məqamlar
çoxdular. Məsələn, poetik mətndə
misranın bəzən ən ağlagəlməz yerində
özünü göstərən qafiyəni götürək.
Ümumilikdə, qafiyə bir misranı başqa
misraya bağlayan poetik vasitədir. Bu
gün onun poetik sistemdə xeyli özünəməxsus və
əvəzsiz yeri var. Formalaşması qədim poetik dövrlərdən
süzülüb gəlir. Belə deyək: poetik
dansöküləndə qafiyənin ibtidai formaları (tam təkrar,
qrammatik təkrar və s.) özünü göstərir. Təmiz təkrarın qafiyəyə çevrilməsi
uzun bir ədəbi prosesdir. Qafiyələr
zaman-zaman cürbəcür, növbənöv olublar. Müxtəlif stilistik biçimlərdə təzahür
ediblər. Bəzən görürsən
ki, onlardan birini əsas qafiyələr cərgəsindən
ayırıb misranın içinə (orta mövqeyə) yerləşdirirlər,
bu şəkildə sanki bir növ, “gizlədirlər”. Bəs
bu belədirsə, o zaman harda baş verir bu kənar
gözdən gizlənmə məqamı?! Misranın
da öz əndərun hissəsi olmasın?! Varmış. Əlbəttə
ki, misranı Əndərunda gizlədirlər. Misranın əndərunu bu şəkildə üzə
çıxarıla bilər. Və biz
anlarıq ki, indiyənə qədər biz, sən demə,
hansısa misranın birununda hərlənə-hərlənə
qalmışıq.
Nəticədə, belə və bunun kimi onlarla başqa
poetik sirlərin gizləndiyi məqam Əndərun dediyimiz
gizli məkanın siluetini, “ətini-canını”,
dizaynını düzüb-qoşmağa gətirib
çıxarır. Yaxud, çıxara bilər. Biz
“qara yeşik” deyilən fiziki obyektin fəaliyyətini bu
yeşiyin içinə müdaxilə edərək heç
cür öyrənə bilmirik, amma yeşiyin içindən
kənara çıxan bəzi hərəkətlər
(vurnuxmalar) onun içindəki nəsnələri və orada
gedən prosesləri “görməyə” və müəyyən
etməyə imkan verə bilər. Eynən gizli
Əndərun barədə də aşkar Birundakı
“vurnuxmalar” və “var-gəllər” vasitəsilə təsəvvür
əldə etmək mümkündür.
Beləliklə, biz hal-hazırda bir sistemli
yanaşmanın həndəvərindəyik. Əgər
cümlənin (eyni zamanda, əlbəttə ki, misranın...) əndərunundan
danışa biliriksə, o zaman cümlələr birliyinin də
(loru “tipoqrafiya” dilində desək - abzasın da) əndərunundan
danışa bilərik. O zaman hekayənin də, həmçinin
istənilən mətnin də əndərunundan danışa
bilərik. Sadəcə, bu anlayışların
bizim əvvəlcə əxlaqi, sonra kulturoloji, daha sonra ədəbi-bədii
təsəvvürümüzdə özünə nə
cürə yer eləməsi
düşündürücüdür. Özünə
yer elədikcə mövqeyi ilə birlikdə adını,
formasını da dəyişir. Funksiyasını isə
dəyişmir, bəlkə onu qovub-qovub bir qədər də
dərində gizləyir. Artıq bir sistem içində
olmağımız aşikar...
Nağıllarımız
belə başlayır: Biri vardı, biri yoxdu... Əslində
isə hər şey, təkcə nağıllar yox, hər
şey bundan başlayır. Bu bir universal
ikigözlü xurcundur ki, ucu-bucağı yoxdur. Sonsuz sayda dünyaları belə öz içində
ehtiva edə bilən bir nəhayətsizlikdir. “Biri vardı” burada bizim yadımıza Birunu
salmırmı?! Və “biri yoxdu” da Əndərunu,
daim gizlətməyə
çalışdığımız (guya olmayan) məkanı
yadımıza salmırmı? Mənim
yadıma onlar düşdü.
Baxın, məncə, bizim yaddaşımızın da
özünəməxsus Birun-Əndərun oyunları yox
deyil. Biz bəzən
aşkar olan Birun hissəyə elə şeyləri üzə
çıxarıb gizli Əndərunda elə şeyləri
gizlətmişik ki, indi yerbəyer zamanı gələndə
mat qalırıq ki, sən bir gör, nə boyda bir zamanın
içində özümüz üçün yanlış
dəyərlər düzəltmişik. Elə
Füzulini götürək. Əsrlər
oldu ki, onu qəmin, kədərin, əzabın əvəzsiz
tərənnümçüsü, gözəgörünməz
hisslərin cilovunu müqtədir qələminin ucunda tutub
saxlayan şairlər şairi kimi tanıdıq. Bu isə, sən demə, Birun söhbətindən
başqa bir şey deyilmiş. Füzulinin
bu cür görüntüləri onun birununun təzahür
formaları imiş.
Hər şair özünün bir, ya iki
misrasının içində olar. Yerdə qalan, necə
deyərlər, təfərrüatdır. Füzuli
“...Şəbi-hicran, yanar canım...” kimi hətta amansız
odlu fəryadın, yaxud pıçıltının
içində deyil. O, qəm şairi deyil! Kədər, sitəm, biçarəlik şairi
deyil. Füzuli onlarla, yüzlərlə bu
qəlibdən olan başqa yazdığı şeirlərin də
şairi deyil. Bu şeirlər Füzuli
adlı möhtəşəm bir qəsrin olsa-olsa birunudur.
Bəs əsl Füzuli hardadır, yaxud onun əsl
misraları kənar, naməhrəm gözdən harda gizlənib?!
O qəsrin əndərunu hanı?!
Məcnun
doğularkən şair onun adından İlahiyə üz
tutub belə söyləyir:
Olmuşdu
zəbani-hali guya
Söylərdi
ki, ey cəfaçı dünya,
Bildim qəmini
sənin ki çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim
qəminin olam hərifi,
Gəl imtahan eylə mən zəifi.
Qanda qəm
ola, qılma ehmal,
Lütf eylə, dili-həzinimə sal.
Həm
ver mənə qəm yemək kəmali,
həm
aləmi qəmdən eylə xali!..
Füzuli özünün bütün böyüklüyü
ilə bu təmiz və pak misraların içindədi,
Füzuli bu misraların şairidi. Budur Füzulinin əndərunu! Bu misralarda qəm yoxdur, bir
çılğınlıq və bir nikbinlik var. Dəlisov
inam var ki, ona İlahidən təmənna etdiyi, istədiyi
qüvvə verilsə, o, bütün aləmi çəkib qəmdən
azad edəcəkdir. Qəmdən və kədərdən
azad etmək istədiyi dünyanın isə bir vahid bəşər
övladı var, bir bölünməz bəşər
övladı. Bu dünyada milli, dini, irqi fərqliliklər
mövcud deyil. Füzuli əzab-əziyyətdən
bəşərin yalnız bir qismini azad etməyi düşünmür,
o, bütün bəşərin əvəzinə “qəm yemək”
istəyir. Budur Füzuli! Budur Füzulinin əndərunu.
İllər, bəlkə əsrlər boyu
“Şəbi-hicran” qalxanı ilə kənar gözdən gizlədilən,
kənar gözün təsvirinə və təfsirinə gəlməyən
məkanı.
Əlbəttə ki, Füzuli bu misraların içindədi. Bu misralardan Füzulinin əsl
ruhani məkanı qurulub... Bu misralarla o
böyükdür. Çünki bu
Füzuli, əslində, Poeziyanın vətəndaşıdır,
özü də sıradan vətəndaşı deyil,
Poeziyanın İsa peyğəmbəridir. Biz əsl Füzulini onun dünyaya, bəşəriyyətə
mesaj kimi göndərdiyi bu misraların içində
görürük. Bəlkə də əsl
Füzuli elə öz yaşam dövründə də bu
misraların, bu məhrəm misraların içində mənəvi
bir əndərunun içindəki kimi gizlənirdi. O
misraların Füzulisi öz əndərunu indi-indi ehtiyatla tərk
edir. Çünki onun dünyası onu yavaş-yavaş
anlamağa çalışır...
Füzuli öz dünyasına uyuşmur. Ona uyğun gəlmir.
Füzuli kardioqram şəkillərində olan
kimi üfüqi xəttin şaquli xətlərlə kəsilmələrindədi.
Çünki həyat ordadı. Nə qədər şablon səslənsə də
min dəfə deyiləni mən də min birinci dəfə təkrar
edəcəyəm. Amma bir az başqa
kontekstdə. Füzuli zəmanəsinə
sığmır.
Labirintli ricət. Bir ifadəni o qədər deyiblər ki, öz mənasını
az qala itirib. Onu eşidəndə
ağız öz-özünə büzülür:
“Füzuli zəmanəsinə sığmır”.
Elmi ifadədən çox, “alimanə” ifadədir. Nə
üçün sığmır?! Nəyə
görə sığmamalıdı?! Bunun
axı bir məntiqi əsası olmalıdı. Höte deyirdi ki, Hamlet zəmanəsinə
sığmır, çünki o, büllur vazaya əkilən
bir palıd ağacı kimidi. Büllur vaz
isə zəmanədi. Hötenin
metaforasına görə, vaxt gələcək, palıd
ağacı böyüyüb vazanı dağıdıb
parçalayacaq. Deməli, diqqəti
palıd ağacına yox, zəmanəyə vermək
lazımdır. Bəs Füzulidə necədi?
Füzulinin zəmanəsi belə bir büllur vaz ola bildimi? Ricətin sonu.
Əslində, Füzulinin ədəbi mühiti
ölüdür. Orda qızmar günəş altında
beyin deşən istinin içində heç milçək
vızıltısı da eşidilmir. Amma
bununla yanaşı, Füzuli ədəbi zəmanəsinin
ölü olmadığını mövcud şaquli xətlər
göstərir. Yəni, Füzulinin
özü göstərir. Və bir
başqa yöndən baxarsaq, Füzuli ölümün
ağuşundadır. Zəmanə diridisə, o isə
biz bilirik ki, diridi -
başqa cür ola da bilməzdi - əgər Zəmanə diridisə,
onda əlbəttə ki, Füzuli ölüdür. Xətt ancaq üfüqidir, onu heç nə kəsmir.
O öz əndərununu oxucusuna ötürüb və
mülk aləmini, şəhadət aləmini tərk edib. Əslində, Füzulinin oxucusu şair tərəfindən
ona nə ötürüldüyünü heç başa da
düşməyib. Başa düşməyibsə
Füzuli bu gün də sükut içində öz
vaxtını gözləyir. Və
Füzuli indi dirilmək istəyir. Çünki
bu gün onun bu dirilməyə hazır olan oxucusu var. 19-cu əsrdə
bu dirilmə baş verə bilərdi. M.F.
Axundov imkan vermədi.
Kriminal ricət. Rolan Bart mətni dünya kimi qəbul edib
müəllifi öldürmüşdü. Təxminən, buna bənzər bir şeyi ondan əvvəl
Nitşe də etmişdi. O da cəsarətə gəlib
belə bir küfr demişdi ki, Allahı biz
öldürmüşük. Daha kimi
öldürmək lazımdır ki, Mətnin adekvat anlamının
qarşısında maneəyə çevrilməsin? Mətn
Birundan Əndəruna, Əndərundan Biruna voleybol topu kimi
atılmasın və ya Sonsuz lüğətin içində
gizlədilməsin?! Zəmanələr sirlərdən
azad olsun, çünki cürbəcür və rəngarəng
sirlər zəmanənin içində ağır bir yükə
çevrilib anlaşılmaz təbəddülatlara gətirir.
İnsan özü-özünü tanımaqdan get-gedə
daha çox uzaqlaşır. Onun özü ilə
özü arasında minalanmış sahələrə bənzər
keçilməz məsafələr yaranır. “O və
özü!” O özündə, özü isə onda bir-birinə
tanış olmayan qəribə cizgilər,
xüsusiyyətlər axtarmağa başlayırlar. Anlaya bilmədikləri nəsnələr
tapırlar. Fokusçular kimi havadan nə
isə çıxarıb ortaya qoyurlar. Köhnə
sirlər açılmadan və çözülmədən
yeni, naməlum sirlər yaranır. Çünki
bu insanların da bəziləri müəllifdir. Amma digər tərəfdən, onların bəziləri
və daha çox olanları oxucudur. Müəllif və
oxucu arasında özünə məkan eləmiş sirlər zəmanələrinin
ən ağır yüküdür.
Anlaşılmazlıqların anlaşılana
çevrilməsi artıq zəmanənin deyil, Zamanın
probleminə dönür. Rolan Barta görə
müəllifin ölümü ilə oxucunun doğuluşu
eyni anda baş verir. Bir şeyi əlavə
etməyi unudur. Müəllif öləndən
sonra bu dəfə artıq ruha dönüb bu şəkildə
oxucunu gözəgörünməz bir məngənədə
sıxacaq. Dilin içində azmış
və bəlkə də ərimiş müəllif
özü də dilin məngənəsindədi. Bu hələ harasıdır?! Dilin
özü də başqa bir məngənədədi. Humboltu xatırlasaq, dil, öz növbəsində,
ruhun məngənəsindədi. Çevrə
bu şəkildə qapanır.
Bu məqamda mifoloji mövzuda çəkilmiş belə
bir rəsm tablosunu xatırladım. Laokoon və
oğullarını öldürmək üçün İlahə
Hera nəhəng ilanlar göndərmişdi. Bu
zavallıların - ata və oğlanlarının ilanların məngənəsində
olduqları o tükürpədici mənzərə yadıma
düşdü. Müəllif,
oxucu və mətn də beləcə ruhun məngənəsindədilər
- bütün gərilmiş əzələləri, dəhşətdən
və eyni zamanda ləzzətdən dəyişmiş cizgiləri
ilə bir yerdə. “Laokoon”dan bizi fərqləndirən
yalnız mətndən aldığımız ləzzət
hissidir. “Laokoon”da ancaq dəhşət
hökm sürür, bizim prosesdə isə dəhşətlə
yanaşı ləzzət də var. Ricətin sonu.
Lirik ricət.
Şəhər
hamam içində,
Çeşmə saman içində.
Saman
altı gedər su
Köhnə zaman içində.
Nəinki “ağıllı” şeirlərdə, hətta
belə bir absurd “şeir” parçasında da Birun və
Əndərunu ayırmaq mümkündür.
Buradakı Əndərun bizi
nağıllarımızdakı “saman saman içində...” məqamına
aparır.
Buradakı Birun isə qatma-qarışıqdı, xaotikdi, əndərunu
qoruyub gizlətməklə, özü də xeyli bacaracaqsız(səriştəsiz) şəkildə
gizlətməklə məşğuldur. Ricətin
sonu.
Birun və Əndərun ən verimli rakursunu yaddaş və
huşsuzluq müstəvisində tapır. Qədim yunanların Mnemozina
dedikləri huş (yaddaş) ilahəsi
insanın Birundakı fəaliyyətini ehtiva edirsə, onu ən
çox düşündürən Leta - huşsuzluq ilahəsi
(və eyni zamanda çayı) qaranlığın, xaosun elə
özü idi. İnsanın özündən də
xəbərsiz onun huşsuzluğu bu cür doldurulurdu və
bu huşsuzluq yavaş-yavaş yaddaşdan
çıxarılmış lazımsız nəsnələrin
məkanına çevrilirdi. Maraqlıdı,
“MNEMOZİNA və LETA” “Birun və
Əndərun” istiqamətindən necə görünməkdədir?!
Niççe
dəhşətli bir uzaqgörənliklə deyirdi: “Səhra
böyüyür”. Bu, ilk növbədə,
yaddaşın itməsinə bir işarədir. Burdan birbaşa yol bizi bundan daha yaxşı
tanıdığımız başqa bir ədəbi müstəviyə
- Çingiz Aytmatova gətirir. Onun məşhur
“manqurt” ideyasına. Əlaqə göz
qabağındadı. Yəni, onu demək lazımdı
ki, vaxtilə Sovet intellektualının bayıldığı
“manqurt” ideyası ilə Çingiz Aytmatov ən azı fəlsəfi
müstəvidə orijinal deyil. Niççe
bizim kontekstdə gizli Əndərundursa, Çingiz Aytmatov
aşkar Birundur.
“Səhra böyüyür” isə çox böyük
və qarşısıalınmaz bir faciədir, daha doğrusu
davamlı faciədir, amma əslində, heç
dağıntı da deyil. Dağıntını
aradan qaldırmaq daha asan məsələdi. Haydegger Niçşeni şərh edərkən
deyir ki, dağıntı yalnız özündən əvvəlkinin
məhvi deməkdir. Səhra isə bununla
yanaşı, həm də (!) özündən sonranın,
başqa sözlə, özündən əvvəlin və
özündən sonranın, yəni, hər şeyin,
büsbütün hər şeyin məhvidi. Yaddaşın yox olmağı, itməyidi. Mən
belə deyərdim: Mnemozinanın Letada batmağıdı,
boğulmağıdı.
Nəhayət, “Birun-Əndərun” oyunları bizim şəxsiyyətimizi
də iki yerə bölür. Biz öz içimizdə
saxlayıb hamıdan gizlədiklərimizi hamıya deyə biləcəklərimizdən
qoruya-qoruya qalmışıq. Niyə?
Nə üçün? Gizlədilən
sözlər və deyilən sözlər axı eyni Sonsuz
lüğətin içindən çıxırlar. Bəlkə də çox zaman eyni işarələrdən
ibarətdirlər. Birunda görünmə “əmri”
verilmiş sözlə, əndərunda qapalı, gizli
qalmış söz arasında hansı münaqişələr
yarana bilər və bu münaqişəni kim
həll edə bilər?
İntonasiya,
ton... Yalnız onlar bəzən yaxşı, bəzən
isə pis qrimçilər kimi sözü “ənlik-kirşana”
bürüyüb onu ilkin mənasından uzaqlaşdırma
funksiyalarını ciddi-cəhdlə yerinə yetirirlər.
Mürəkkəb məzmunları sadə mətləblərə
gətirmək istedadı nadir əql adamlarında olur. Sadə mətləb
özü ilə öz məkanına mürəkkəbliyin
hər “əza”sını gətirmir, əsas və ümumi
ştrixlər səviyyəsində məsələni həll
edir. Mürəkkəbliyin
dolaşıqlığı, labirinti biz görmədiyimiz (bəlkə
də dərinliyinə girib anlaya bilmədiyimiz) tərəfdə
qalır. Biz gördüyümüz hissə
yenə də Birun hissə olur. Diqqətli
olmaq lazımdır. Fikir qatlarının
Birunu və Əndərunu incə, həssas nöqtələrə
işarə edir.
Dərindən
baxsaq, söz əgər şəxsiyyətin bölünməsindən
düşdüsə, “mən”lə “mənsizlik” arasında
da Birun-Əndərun münasibətləri var. “Otaqda heç
nə yoxdur” əvəzinə “otaqda heç nə var” deyə
biliriksə, “məndən o tərəfdə bir mənsizlik
var” dəxi deyə bilərik. Niyə də “məni” Birun, “mənsizliyi”
Əndərun kimi nəzərdə tutmayıb mənə “mən”,
mənsizliyə “mənsizlik” mahiyyətini verən altşüurumuzun
yollarına düşməsək də ona başqa maraqlı
bir kontekstdən nəzər salmayaq?!
Düşündürücü ricət. “Otaqda heç nə yoxdur” əvəzinə
“Otaqda heç nə var” məntiqi alternativi bizə nə verir?! İnanmaq istəyirəm ki, bu xüsusda
düşünsək, maraqlı nəticələrə gələ
bilərik. Ricətin sonu.
Adi ricət. İnformasiya nədir sualına ən qısa və
aydın cavab budur: İnformasiya entropiyanın aradan
götürülməsidir. Entropiya xaotik bir
mahiyyətdir. İnformasiya isə bu
müstəvidə sahman yaratmağın üsuludur. Hər hansı sahman yaratma cəhdi yenilik nəticəsində
baş verir. Elə buna görə də
informasiyanı hər hansı deyil, təzə olan xəbər
kimi götürmək doğrudur. İnformasiya
və entropiyanı eyni xəttin görünən və
görünməyən tərəflərində duran
Birun-Əndərun münasibətlərinin fonunda daha aydın
anlamaq mümkün deyilmi?! Mümkündür.
Ricətin sonu.
Birun-Əndərun münasibətlərinin kəskin
qarşıdurma mahiyyətini yavaş-yavaş itirib yumşaq
qarşıdurma rejiminə, bəzən isə altşüura
keçməsi prosesində həyatımızda baş verən
bir qnoseoloji-psixoloji faktor önəmli rol oynayır. Tolerantlıq əxlaqı
bizi bürüdükcə həyatımızda “bəlkə”
və “ola bilər”lərin rolu çoxalır. Biz Aristotel məntiqinin barrikadasındakı
barışmaz tərəfləri sanki sülhə dəvət
etmiş kimiyik. Biz artıq bir ölüyə
baxıb əgər o tərpənmirsə, anındaca “ölüdür”
demirik. Amma axı o, diri də deyil,
ölü də deyil. Aristotel deyirdi ki,
insan ya ölüdür, ya diri. Amma məsələn,
başqa bir ağıllı adam (məşhur
fizik Fon Neyman) deyir ki, bu adam nə ölü ola bilər, nə
də diri ola bilər. Yəni, bu adam komada
ola bilər. Yəni, “bu adam bəlkə
(ola bilər...) komadadı” yanaşmasının da məntiqi əsası
vardır və bunu nəzərə almaq lazımdır.
Biz yadımıza salaq və xatırlayaq ki, belə bir
koma (nə diridi, nə ölü!) vəziyyətinin
özünəməxsus təsvirinə, uzaqda yox, elə “Dədə
Qorqud” dastanında rast gələ bilirik. “Qanturalı”
boyunu nəzərdə tuturam. Kafirlərlə
döyüşdən əvvəl bizim qəhrəmanı tərslikdən
uyqu tutur və o elə möhkəm bir yuxuya gedir ki, hətta
sevgilisi Selcanxatun onu heç cür bu yuxudan oyada bilmir. Düşmən əskəri isə artıq yaxınlıqdadır.
Müəllif deyir ki, ol zamanlar oğuz igidləri
yatanda yeddi gün, yeddi gecə yatardılar. Bunun adına “küçücük ölüm”
deyərlərdi. Küçücük ölüm haman “koma” deyilmi?! Fon Neymanın
dediklərini qədim Oğuz dastanı öz qəhrəmanını
bu cür devlər kimi yuxuya verməklə təsdiqləmirmi?!
Və bu məqam “Kitabi - dədə Qorqud”un
Əndərun hissəsinin elementi deyilmi? Bu məqamda
Füzuli ilə bağlı dediklərimizi də xatırlamaq
olar.
“Bəlkə”dən sonrakı həyat
çizməsi və “bəlkə”dən əvvəlki həyatın
özü... Əlbəttə ki, Birun və
Əndərun münasibətləridir. Və
əlbəttə ki, “bəlkə”dən sonrakı qisim
Əndərun qismi olacaq.
Lirik ricət. Belə bir cümləyə diqqət edək.
“Taleyində olan həyatında olmaya bilər”.
Bu cümləni mən “Vakxanaliya
mövsümündə Çalıquşu” adlı hekayəmdə
işlətmişəm. Bu cümlənin dərindəki
mənası uzun zamandan bəri
danışığımızda, yazımızda sinonim kimi
işlədilən “tale” və “həyat” sözlərini, nəhayət
ki, bir-birindən ayırır. Şeirimizdə, nəsrimizdə,
ümumiyyətlə, bədii mətnlərimizdə “həyatım”
dedinsə, ardınca “taleyim”, “taleyim” dedinsə, ardınca “həyatım”
gəlir. Fərq isə təkcə fəlsəfi
dərketmə məqamında deyilmiş. Fərq
həm də bədii dərketmə məqamında
özünü göstərə bilirmiş. Tale ilə həyat arasına bu cümlə vasitəsilə
sanki bir pərdə çəkilir. Onların,
əslində, bir-birinin eyni olmadıqları üzə
çıxır. Həyatın öz yolu
var, taleyin isə öz yolu. Və onlar yenə
də Əndərunla Birunu bizə xatırladır. Yenə də Əndərun və Birun hissələr
qarşı-qarşıya durmuş kimidir. Tale yad gözdən kənar bir Əndərundusa, həyat
hamının gözü qabağında baş alıb gedən
bir Birundur. Əndərunda olan Birunda
görünməz, Birunda olmaz, ən azından Birunda əl-ayağa
dolaşmaz. Ricətin sonu.
Düşündürücü ricət. Dilimizdə “mən-lilik”
sözünə ehtiyac var. “Süni şəkildə söz
yaranmaz” deməyə tələsməyək. Dərinə getsək, niyə də yaranmasın,
yaranar. “Liliput” buna klassik nümunədir.
Amma bu məsələnin bir tərəfidir.
“Mən-lilik” sözünə qayıdaq.
Mendeleyev cədvəlinin boş yuvacıqları olduğu kimi
leksikamızda da boş, amma yeri görünən yuvacıqlar
var. İlk baxışda “mən-lilik” “mən”
sözünü xatırladır. “Mən” isə
hələ “mən-lilik” deyil. Mən-lilik ona görə
var ola bilir ki, onun müqabilində onun əksi olan “mən-sizlik”
var. Bu kontekstdə “Mən-sizlik” sözü öz qaranlıq
sakitliyində “mən”in Əndəruna, bir növ qeybə
çəkilməsidir. Ricətin sonu.
Nə zamansa “1937az.” (indiki “Kulis”)
saytında Məmməd Süleymanovun “Yazmaq və susmaq
zamanı” adlı bir məqaləsini oxudum. Müəllif
yazmaq zamanını və susmaq zamanını fərqləndirirdi.
Hər müəllifin susmaq zamanı və təbii
ki, haqqı var. Maraqlıydı. Mənə “Birun-Əndərun”
müstəvisində bir az daha dolaşmaq
üçün fürsət verdi.
Əlbəttə, mənalı susqunluq mənasız
çığırtıdan həmişə yüksəkdə
olub. Amma biz, məncə onu da fərqləndirməliyik
ki, susqunluğun özünün də bir əndazəsi
olmalıdı. Əndazəni keçirsə,
susqunluq artıq özü barədə əlavə işarələr
ötürməyə başlayır. Bu
cür susqunluq zamanı Əndərun öz meyarlarını
işə salır və bu da öz növbəsində Birunu
hərəkətə gətirir, ona əlavə yük verir.
Birun Əndərunun da boynuna düşəni
izhar eləməyə məcbur olur. Birunun
bu cür ambivalent davranışı Əndərunun öz
“qazını” (energiyasını) daha dərinə
ötürməsilə nəticələnir. Zaman keçəndən sonra bu halın
nağıllardakı gözəllər kimi yuxuya getdiyini
görəcəyik. Onların yenə də nə zamansa
labüd birləşməsindən sonra bu hal özünü
“tədricə qoyulmuş mina” kimi aparacaq - hər an partlaya biləcək. Və belə
olan zaman sən bu partlayışın məntiqini, bu
azdır, adi semantikasını belə tapa bilməyəcəksən.
Qalaktikanın yaranmasına səbəb olan ilkin
Möhtəşəm Partlayışın milyonlarla əsr
özündən sonraya, bu günə gəlib əks-sədası
çatmayıbmı, gəlib çatıb. Məntiq
hardadır, kim bunu deyə bilər?! Fiziki
qanunauyğunluq - var! Amma məntiq?!
Fonetik ricət. “Doğru - oğru” sözlərini
müqayisə edək. Bircə “d” səsinin
artırılması ilə görün necə antaqonist məna
dəyişikliyi baş verir. “Oğru” fonetik biçimi və
semantikası indiki mənaya malik “oğru” sözünə qədər
“əg+ru - əgri” dolanbacından keçib gəlib. “D”
öz-özlüyündə, əslində, bir Əndərundur.
Hər şey nağıldakı kimi göbələk çətirinin
içinə sığışıb, onun içində
gizlənib. Bütün yerdə qalan o biri hissə isə Birundur. Ricətin
sonu.
Niyazi Mehdi www.axar.az
saytındakı “Cənnət və cəhənnəm mənə
qaranlıqdı” adlı çox maraqlı bir yazısında
pozitiv yalanla bağlı deyir ki, ikiüzlü adamların
işi keçir. Bunu oxuyarkən, mənim
yadıma müəllifi olduğum “Gizli Dədə Qorqud”dan
bir məqam düşdü. Qədim Yunan
padşahlarından olan Admet, Niyazinin təbirincə desək, əsl
ikiüzlü imiş, çünki qonaqpərvərlik
qaydalarına riayət edərək arvadının
ölümünü dostu Herakldan gizlədir və onun
üzünə gülürsə də içində əzab
çəkir. Başqa sözlə,
ikiüzlülük edir. Buna baxmayaraq, məsələdən
duyuq düşən qəhrəman Herakl, nəhayət, həqiqəti
öyrənir və bundan sonra qonaqpərvər Admetin işi
düzəlir. “Birüzlü” Herakl Tanatla
döyüşür və ölmüş arvadını ərinə
- “ikiüzlü” Admetə qaytarır. İkiüzlü
adamın bizim filosof demiş, işi beləcə düzəlir.
Çevrə qapanır.
“Admet-Herakl” ikili qarşıdurması
öz-özlüyündə həll oluna bilməz. Hökmən
kontekst lazımdır. Kontekst isə Birun və
Əndərundan ibarətdir. Admetinbirunu
olmasaydı, onun əndərunu Heraklı bu qədərinə
maraqlandıra bilərdimi? Admetin birunu
Herakla nələri deyir? Əndəruna
aparan yola işarə edirmi? Bəlkə bu
birun həddindən artıq dərəcədə
maskalanmağa və beləliklə, Heraklın diqqətini cəlb
etməyə çalışır?! Bəlkə Admet
öz birununda Herakl üçün onun şübhələnməsindən
yana üstüörtülü mesajlar
qoyub?! Amma Herakl zəngin psixologiyaya məxsus bədii
qəhrəman deyil. O mifoloji personajdır və həssas
qəlbə malik olmaya bilər. Buna baxmayaraq həssaslıqdan
məhrum Herakl Admetin birunun da hansısa gizli əndəruna
aparan cığırlar hiss edir. “İkiüzlü”
Admetə də elə bu lazım deyildimi?!
Eynilə, Sfinks və Təpəgöz kimi. İkisi də
eyni kontekstin övladlarıdı. Onların
ikisi də öz təntənələrini insanların məhrumiyyəti
üzərində qurur. Birunları Qoqolun
vəsf etdiyi burun kimi zorlagözə girir. Amma tutalım ki, Təpəgözün əndərunundan
kiminsə xəbəri olubmu?! Onun intihar
arzusunun səbəbləri kimisə maraqlandırıbmı?!
Orest və
Hamlet! Qətilik və süstlük. İnam və tərəddüd. Eyni kontekst - amma bu dəfə önəmli olan
kontekstin coğrafi və mənəvi miqyasıdır. Kontekstin həcmini (miqyasını) müəyyənləşdirmək
xüsusi həssaslıq istəyir. Orest
daha birmənalıdır, çünki tipik mifoloji
personajdır. Sanki Orestdə əndərun
yoxdur. O, məqsədinə doğru tərəddüdsüz
gedir. Bundan fərqli olaraq Hamletin tərəddüdləri
(əndərun hissəsi) onun psixoloji zənginliyindən xəbər
verir. Əslində, mənə belə gəlir
ki, Hamletin əndərunu dolayısı ilə Orestdə də
əndərunun olması potensialından xəbər verir.
Bunlar iki paralel xətlərdir. Birində nə varsa idealda o birində də
olmalıdır. Amma olmalı olan
görünməyə bilər. Olmalı olan potensialda ola bilər. Bu baxımdan, Orestdə
Hamletdə açıq görünən əndərun
görünmür, Orestdə o potensialdadır. Yaxud, belə deyək, Orestin əndərunu çox
dərindədir. Onun Hamletlə birləşdiyi
kontekst olmasaydı, yəni, bu paralel xətt olmasaydı, biz
şübhəsiz ki, Orestin əndərununun bərpası barədə
düşünə bilməzdik. İndi
isə ən azından bu barədə düşünə
bilirik. Paralel xəttin tam qolu (Hamlet qolu)
paralel xəttin natamam qolunu (Orest qolunu) bərpa etməyə
kömək edir.
Allah Xristosdan insan olanı çıxardı. Ona görə də o deyə
bildi: “Mən və Ata - vəhdətdəyik”. Müqəddəs
Rəbiyə isə belə deyirdi: “Qəlbimdə Allaha sevgidən
başqa bir də Allaha sevgi varımdı”. Yenə kontekst... Və
yenə Birun və Əndərun...
Sufilik, əslində, müsəlmanlığın
hüdudlarını vurub aşmaqdır. Bəlkə də
xristianlığa körpüdür. İsanın
“Mən və Ata - vəhdətdəyik”. etirafının
ardınca Yusif Həllac, sonra da Nəsimi deyir: “Ənəlhəq!”
Kontekst çox böyük olsa da hər halda
görməmək olmur ki, hər iki tərəf bir həqiqətin
içindədilər.
Rus dilində
belə bir ifadə var: “Pravd mnoqo, istina - odna!”
Azərbaycancaya tərcüməsi mütəqəlqəldir,
müşkil işdir, əzabdır. Amma bəlkə həqiqət
birdirsə, o zaman onun doğruçu və yalançı
çalarlarına və bənzərlərinə də təfəkkürümüzdə
yer olmamalıdı?!
Həqiqətən də, həqiqət birdir, yerdə
qalan təfərrüatdır.
Kamal
ABDULLA
525-ci qəzet.- 2016.- 25 iyun.- S.18-19