Kamalın meracı - (esse)

 

 

 

... İnsanın kamalına inanmayanlar Kamalın Meracına heç inanmazdılar!

 

İnanmadılar da!

 

Amma bu, baş verdi.

 

Məhəmməd peyğəmbərin (və bəzi peyğəmbərlərin) özü, Nəsiminin (Nəsimilərin) sözü Meraca getmədimi?!

 

Məcnunun (aşiqin) kamalı da Meraca getdi...

 

Aşiq olmaq gərək!

 

Onda bizim də kamalımız Meraca gedəcək!

 

lll

 

İllər, əsrlər boyu insan kamala yetmək istədi. Alimlər, filosoflar, mütəfəkkirlər, hətta şairlər, yazıçılar belə, kamala yetməyin yolunu aradılar, axtardılar. Gah eyni, gah da ki, fərqli-fərqli nəticələrə gəldilər.

 

Kamal nə olduğunu hərə bir cür yozdu, başa düşdü, başa salmağa çalışdı.

 

Bir çoxları, xüsusilə də, nadanlar kamalsızlığın özünü az qala Kamal sandılar. Bir çoxları insanın kamil olmasından, kamallı olmasından qorxdular.

 

Ən dəhşətlisi budur ki, Quranda Allahın dediyi fikri- “And olsun insana! İnsanı kamil yaradana!” ayəsini (“Şəms” 91,7) unutdular.

 

Sərf etmədi bu cür ayələr kamalsızlara. Özləri cılız, naqis, aciz riyakar, cahil olan bataqlıq qurbağaları istəmədilər ki, insan kamil olsun, insani görünsün, “öz kamilliyinə insanlıq çatsın” (M.Ə.Nəsəfi). İstədilər ki, heyvan kimi olsun ki, öz heyvani hərəkətlərini ört-basdır edə bilsinlər. İnsanın ruhaniyyət üçün yox, cismaniyyət üçün yaşamalı olduğuna haqq qazandırdılar. Hətta alimi- biəməllik edib Quranda insanın cahilliyinə işarə edilməsindən də xəbərdar olduqlarını bildirdilər.

 

İnsanın alçaqlıqdan başqa heç nəyə qadir olmadığını iddia etdilər.

 

“İnsan kamil ola bilməz” deyib durdular. Unutdular ki, Quranda “Biz insanı mükəmməl, gözəl şəkildə yaratmışıq” hökmü də var.

 

Bunu da unutdular ki, söhbət “Mütləq kamillik Allaha məxsusdur” anlamından getmir.

 

lll

 

Varlığında, ruhunda kamillikdən nəsə olanlar insanları həmişə kamilliyə çağırmışlar. Məhəmməd ağa Müctəhidzadə kimi demişlər: “İnsani-kamil ol” , “İnsana mail ol”, “Zümreyi insana daxil ol”, “Mal yox, kamal kəsb eylə”.

 

“Ələstü”dən “Bəli” dedim, nə xoş kamaldı yüküm” söyləyən aşıq Ələsgər əslində hər şeyi deyib. Kamal sahibi olmaq, kamala yetmək üçün gərək “Ələstü”dən Əzəl-yaradılış günündən “Bəli” deyib gələsən.

 

Təəssüf ki, bu da bir faktdır ki, heç də bütün ruhlar Əzəl aləmində “ Bəli” deməyiblər. Odur ki, hər adam kamil ola bilmir. “Kamal ata kürkü deyil ki, onu hər kəs geyə bilsin.(M.F.Axundov).

 

lll

 

Füzulinin “Leyli və Məcnun”u kamal haqda, Kamalın Meracı haqda ən yaxşı mənbə, dərslik hesab oluna bilər. Bu əsərin “Tamameyi-suxən” fəslində Gərduna (dünyaya, zamana) üz tutularaq deyilir ki, “ Məcnun əgər olsa idi cahil... Könlünü mudam şad edərdin. Əhli- hünər olduğu səbəbdən əqranın (Tay-tuşların) içində xar qıldın”...

 

Yaxud Leyli haqda belə deyilir:

 

...Leyli gər olaydı bir həyasız,

Olmazdı həmişə ona cövrün...

...İdrak ilə kamil olduğundan

Daim qəm əlində zar qıldın...

 

Deməli, burdan belə bir nəticə hasil olur ki, Yaradan Leyli və Məcnunu Kamil yaradıb. Bəs onda niyə zəlil, niyə gülünc, niyə dəli, rüsvayi- eşq hesab olunublar?

 

Günah kimdədi, nədədi?

 

Gərdunun cavabına görə günah özümüzdədir, onları o hala özümüz salmışıq. Cahilliyimiz ucundan. Kamilliyin nə olduğunu bilməzliyimizdən. Qəribədir ki, bu bəla indinin özündə də davam edir. (etdirilir!) Belə ki, kimdən soruşsan ki, insan kamil ola bilərmi? O saat bu sualı küfr sayır və deyir:

 

-Xeyr, ola bilməz! Kamillik yalnız Allahın özünə məxsusdur.

 

Əfsus! Bəs “Şəms” surəsində Allahın dediyi sözü, içdiyi andı hara qoyurlar görəsən? Ağıllı dəlilərə gülən bu dəli ağıllılar?!

 

Söz yox ki, əsas kamal sahibi Allahdır. Lakin insan da kamil olmalıdır və ola bilər. Allaha olan sevgisiylə! Eşqiylə!

 

Axı insan kamallı olduqca Allaha daha çox yaxınlaşır. Bəs biz demirikmi ki, “Özünü dərk edən Allahını dərk edir”.

 

Əsas Kamal sahibi varlığı yoxluqda tapır. “Manfred” əsərinin qəhrəmanı özünü öz qəsrindən atdı. Yoxluğun qoynuna. Varlığa qovuşmaq üçün.

 

İlahi eşqdə də bir yoxluğa dönüb var olmaq şansı var.

 

Ən kamil adamlar eşq yolunda olanlardır. Ən böyük kamal ilahi eşqdir, bəlkə!? Elə Füzuli də bunu deyir:

 

Kamali-eşqdən dəm vurmağa o kimsə layiqdir,

Ki, cananın qəminə nəzr edib qurban edə canı.

 

Dahi sufi şair-alim Cəlaləddin Rumiyə görə “Ney ilk vətəni olan qamışdan ayrı düşdüyü üçün inləməkdədir.

 

İnsan da beləcə öz əzəl aləmindən, ruh aləmindən fani keçici dünyaya sürgün edilmişdir.

 

Ney- içindəki nəfsani arzulardan qurtulmuş, öz nəfsini yox etmiş, sıfırlamış, ilahi sevgi ilə dolu kamil insanın simvoludur”.

 

Bu baxımdan ilahi eşqin yolçuları olan kəslər “Mübtəlayi -eşq olanlar kamil insanlar olur” (Camal ağa Dilbazi).

 

Bir həqiqəti də unutmaq olmaz.

 

İnsan birdən-birə kamal əhli ola bilməz. M.P.Vaqifin qəzəllərindən birində aşiqlərin-bəla əhli olanların “Alın yazısı” olduğu kimi oxunmuşdur:

 

Afəti- dəhr dəgər ol kəsə kim, kamildir,

Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.

 

Demək, kamal əhli üçün əzabsız, əziyyətsiz, bəlasız ömür deyilən bir şey yoxdur.

 

“Əyyamın əncamı əzab olmuş” (K.A Salik).

 

Kamillik bir elmdir.

Bəli, belə bir elm var. Ancaq

“Kamillik elmini hər kəs biləmməz...

...Ələklərdən keçdim, undum, arındım,

Kamilanə, karlı rəngə boyandım.

(Aşıq Veysəl)

 

lll

 

Kamal camala bağlıdır. Kamalın meracı camaldan başlanır.

 

Məndən iraq eyləmə camalın,

Məlumdurur aşikar kamalın.

 

Camal ağa Dilbazinin “Divani-fəsahət” əsərindən gətirilmiş bu misaldan da, aydın görünür ki, əsl kamal camaldır.

 

Əsl kamal sahibi o kəs olur ki, Camaldan (Camalullahdan) qopub gəldiyini anlasın, qayıdıb ona qovuşmağa can atsın.

 

Aşiqlər belə olublar.

 

Böyük övliyalardan biri Sirri Səqəti deyirdi. “Daima Allahı düşünmək və bu dünyaya nifrət etmək gərəkdi. Kamillik yolu budur!”.

 

Bu yolu ən doğru-dürüst şəkildə M.Füzuli göstərmişdir: “Canını cananına verməkdir kamalı aşiqin!” O Canan (o tanrı) ki, mütləq kamillik ona məxsusdur. Tanrı gözəldir, gözəllikdir, fəzilətdir, kamaldır. “Sufilər deyirdilər ki, Allaha doğru cəhd kamilliyə gedən yolun başlanğıcıdır. İrfan- Kamala açılan qapı, əməllə taclanan bir elmdir”. Cəmil Mericin bu sözlərinin tam aydınlığıyla təsdiqini biz “Leyli və Məcnun” poemalarında görə bilərik. Məcnun haqda Nizaminin belə bir misrası var: “Onun dəlilliyi Kamala yetdi... Ata Məcnuna nəsihətinin təsirsiz qaldığını görəndə öz başından papağını alıb yerə vurdu”.

 

Məcnunun dəlilliyi şiddətlənirdi- kamilliyi artırdı. Ata olub qalan ağlını da itirməkdəydi- cahilliyi şiddətlənirdi...

 

lll

 

İnsan kamil ola bilməsəydi, insanın kamilliyə çata bilməsinə daha çox şübhə etsəydik onda gərək C.Ruminin “Külli rəhmətə qatıl və külli- rəhməti ( insani-kamili) yol göstərən bil, onun izi ilə get” fikrinə də göz yumaydıq...

 

Onda gərək onun “Kamil insan bəşəriyyət pərdəsi ilə örtülmüş bir günəşdir” sözlərinin üstündən də götürüb insafsızcasına qara xətt çəkəydik.

 

Belə olduğu halda, bəs Holbaxın fikrini hayana qoyaq? “ İnsan daha mükəmməl varlıqdır”.

 

Məşhur hürufi alim F.Nəimi Holbax və Holbaxlardan çox-çox qabaq belə söyləmişdi: “İnsan cəmi zərrələrin təzahürü və Xaliqin ən kamil yaranmışıdır”.

 

İbn Sinanın “İşarat və tənbihat” əsərinin “İşarat” bölməsinin sonuncu bölməsi belə adlanır: “Kamil insan mələklərin müəllimidir”.

 

“Quran”da “Məryəm” surəsinin 17-ci ayəsində deyilir:” Ona tərəf öz ruhumuzu göndərdik. Onun (Məryəm) üçün kamil insan sürətində zühur oldu”

 

Bunlar nə deməkdir? O deməkdir ki, kamil insan deyilən bir şey var!Beləliklə, insan kamil ola bilər. Mütləq kamilliyin Allaha və qismən də peyğəmbərlərə məxsus olduğunu unutmamaq şərtiylə!

 

Biz deyiriksə Allahın mükəmməl əsəri insandır, onda bəs necə qeyri-mükəmməllikdən danışmağa cəhd edirik?

 

“Müxtəlif mərhələlərdə ariflərdə müəyyən ruhi hal olar. Gördükləri həqiqətlərin və keçirdikləri hisslərin təsirilə bəzi dərin mətləbləri bəyan edərlər.  Danışıqları, düşüncələri və zahirləri adi insanlardan fərqlənər.

 

Buna görə də onları tarix boyu dəli və səfeh hesab etmişlər. Lakin həqiqətən səfeh bu cür ləkə vuranların özləridir” (İbn Sina)

 

Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar.

 

lll

 

Allah insanlara dörd müqəddəs kitab göndərsə də həqiqətdə üç oxunası əsas kitab var: Kainat, Quran, İnsan!

 

Bu kitabları hər adam oxumağa borcludur.

 

Oxuyurmu?!

 

Deyilənə görə İbn Sina bir mövzunu tam öyrənməmiş əl çəkməzmiş. Ərəstunun “Mabədut Təbiə” kitabını başa düşmək üçün düz qırx dəfə oxuyaraq əzbərləmişdi. Yenə başa düşməmişdi. Bir gün bazardan “Ən böyük kamal sahibi Allahdır” deyən Fərabinin bu kitaba yazdığı şərhi alıb oxuyandan sonra əzbərlədiyi mətləbləri dərk etmiş olur.

 

Bu hadisə o adamın başına gəlib ki, on səkkiz yaşında bütün elmlərə kamil bir surətdə yiyələnibmiş.

 

lll

 

...Dünyada bütün qələbələr insan kamalının məhsuludur və bütün məğlubiyyətlər də kamalsızlığın nəticəsidir.

 

Kamilləşmək istəyənin qarşısına belə bir irfani tələb qoyulur: “Yolu yol gedənlərin getdiyi kimi get!”.

 

“Ceyranın izini izlə ki, müşgə qovuşasan, Kamil insanın yolu ilə get ki, ilahi ətirləri duyasan” (C.Rumi)

 

...Allah yaratdığı məxluqatların hər birinin batinində onların kamillik yollarının proqramını qoymuşdur.

 

Kamil olmaq- haqqı tanımaqdır, haqqa yetişməkdir “Haqqa yetişmədən səadət və kamillik yollarını qət etmək mümkün deyildir” (İbn Sina).

 

Ariflərin (kamil adamların) ən uca məqamı “Liqaullah”- Allahla görüşdür.

 

Kamala çatmış insan Allahını tanımış insandır. Allaha çatmış insandır!

 

Qeyri-kamil, cahil insanların halı C.X.Cübranın “Tülkü” hekayəsindəki tülkünün gününə oxşayır. “Gün doğanda özünün nəhəng kölgəsiylə qürrələnən tülkü dedi:

 

-Sabah yeməyinə dəvə ancaq doyurar məni!

 

Bu sevda ilə dəvə axtarışına çıxıb özünü əldən-ayaqdan saldı. Üzü günortaya doğru cırlaşıb bircə qarış qalan kölgəsinə baxınca:

 

-Elə siçanla da keçinmək olar,-deyib özünə təskinlik verdi”.

 

Özündən narazı, təvazökar, daim kamilliyə can atan insandan isə soruşanda ki, “Nə üzərində işləyirsən?”

Həmin sualı o, çox fəlsəfi şəkildə cavablandırır:

 

-Çox məşğulam. Mən növbəti yanlışımın üzərində işləyirəm.

 

Dahilər həmişə belə hərəkət etmişlər. Və ...

 

Dahilər dəli olurlar.

 

Dəlilər dahi olmurlar!

 

lll

 

Kamilliyə gedən yol Eşqdən, dəli-divanəlikdən keçir.

Ey Füzuli, qılmazam tərki-təriqi-Eşq, kim,

Bu fəzilət dəxi əhli-kəmal eylər məni.

 

Tarixdə özünü dəli-divanə saymayan bir aşiqə rast gəlməzsən.

Nizamimi, Xəqanimi, Nəsimimi, Şəms Təbrizimi, İmam Qəzalimi özünü dəli-divanə hesab etməyib, Yunis İmrə, Şah Xətai, Füzuli və s. başqa daha şairlər, filosoflar, övliyalar, görücü adamlar, hətta peyğəmbərlərmi?!

 

Nəbati insanın kamala dolmasında eşqin həlledici rolunu belə qiymətləndirirdi:

 

Heç kim Nəbatitək kam alammadı,

Eşqin kitabından kamallanmadı!

 

lll

 

“Maidə” surəsinin 3-cü ayəsində deyilir: “Bu gün dininizi kamala yetirdim”...

 

Heç ola bilməz ki, insana göndərilən din kamala yetirilsin, insan özü kamala həsrət qalsın!..

 

...Müqəddəs kitabımız Quran-kamala yetmiş kitab!

 

Dinimiz olan islam dini-kamala yetmiş din!

 

Qalır indi bircə nə?!

 

Kamala yetmiş insan!

 

Ustad şəhid M.Mütəhərrinin “Kamil insan” kitabında yazdığına görə ariflərin nəzərində insanın kamal mərtəbələri vardır:

 

1.İnsanın özündən Allaha olan səfəri.

 

2.İnsanın Allahla birlikdə Allaha səfəri. (yəni Allahı tanıması)

 

3.İnsanın Allahla birlikdə onun bəndələrinə doğru səfəri.

 

4.İnsanın Allahla birlikdə onun bəndələri arasında bəndələrin nicatı üçün səfəri.

 

lll

 

Yolçuluq-ruhla olan yolçuluqdur. İnsanı kamala çatdıran, kamilləşdirən ruhi kamilliyidir. Bu üzdəndir ki, hər yola çıxana yolçu deyilmir.Bu üzdəndir ki, qədim filosoflar öz nəslinin 12-ci ruhunun daşıyıcısı olan insanı ən kamil insan hesab edirdilər.

 

M.Ə.Nəsəfi böyük yolçuları-böyük uca ruh sahiblərini nəzərdə tutaraq yazırdı: “Mövcudluğun barı insandır.

 

Ali məlhəm, əvəzsiz iksir, dünyanın özünü göstərən Cam (“Cami-Cəm”), Kainatı tanıdan güzgü-kamil insandır”.

 

Böyük sufi bunu da deməyi lazım bilirdi ki, “Yüz minlərlə yolçudan yalnız biri yola çıxar və kamillik dərəcəsinə çatmış olar”.

 

Fəridəddin Əttar bu fikri bir az da daha aydın şəkildə ifadə etmişdir:

 

“Hər kəsin yüyürüşü kamalıncadır”.

 

...Kamil insanın oxuduğu məktəbi ariflər məhəbbət və özünü tanıma məktəbi adlandırıblar.

 

M.Mütəhərriri yazır: “Arifin (kamil insanın) eşqi insanda yaranaraq Allaha çatan eşqdir və onun həqiqi məşuqu ancaq Allahdır.

 

Kamil insan məqamına çatmaq istəyən şəxs hansı vasitə ilə hərəkət edib irəliləməlidir? Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get. Amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et.

 

Qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir.

 

...Yolun sonu haradadır?

 

Filosof yolunun sonu- bilmək və görməkdir. Arif yolunun sonu -görmək deyil, çatmaqdır. Nəyə çatmaq?

 

Haqqın zatına çatmaq!”

 

Məhz bu yolla insanla Allah arasındakı pərdə aradan götürülər və İnsan Allaha çatar...

 

...Sən elə bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə etina etmirsən. Əbu Səid Əbülxeyr deyir: “O, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb! Artıq nə dünya, nə də axirəti istəyir, yalnız dünya və axirətdən üstün olan Səni istəyir...

 

Ariflərin kamil insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühür edərək cilvələnən aynadır”.

 

Peyğəmbərimiz buyurub ki, kim 40 gün gecə-gündüz yalnız Allah xətirinə saf niyyətlə zikr yerinə yetirsə hikmət çeşmələri onun qəlbindən dilinə car olar.

 

Bu yola yolçu olanların yolu Meraca qədər uzanır, kamalı Meraca gedir.

 

Necə ki, Füzulinin Leylisi səhrada Məcnunu tapanda görür ki, artıq Məcnun onu tanımır, xatırlamır. Leyli ona bildirir ki, biz daha öz vəslimizə qovuşa bilərik. Çünki artıq ortada İbn Səlam yoxdu, vəfat edibdi.

 

Məcnun ilk dəfə gördüyü adama baxırmış kimi Leyliyə baxır. Leyli birdən başa düşür ki,Məcnunun bütün fikri-zikri Yaradanın yanındadır. Artıq Məcnun üçün Leyli adlı sevgili yoxdur, Allah adlı sevgili var. Leyli özünü ələ alır. Özünün də düşdüyü İlahi Eşqin xətrinə üzünü Məcnuna tutub Leyli dedi:

 

Ey vücudu-kamil,

Qürbi həqə ismət ilə qabil!

Meracı-kamalını sınardım,

Keyfiyyəti-halını sınardım,

Oldum necə olduğundan agah,

Xoş mətləbdir bu, bərəkallah!

Eşqində riya güman edərdim,

Ətvarını imtahan edərdim.

Hala mənə rövşən oldu halın,

Meracı-Həqiqəti-kəmalın!

 

Bu misralardan hasil olan fikir budur ki, Məcnun ona görə Leylini tanımayıb ki, kamalı Meraca gedib gəlibmiş!

Beləliklə, Füzuli tam Kamala çatmağın yolunu nişan vermişdir.

 

C.Rumi deyirdi ki, insan yeddi pilləni çıxmamış həqiqətə çata bilməz. O, son 3 pilləni (Nəfsi-Raziyə, Nəfsi-Mərziyə, Nəfsi-Kamilə) kamal mərtəbəsi, Kamalın Meracı hesab edirdi.

 

Daosizm təriqətlərindən biri “Tyunçen” (tam kamillik) adlanırmış.

 

Demək, insan nəinki kamil ola bilər, hətta nisbi kamillikdən də yuxarı qalxıb onun kamalı Merac edə bilərmiş!

 

“Varlıqlar arasında ən ucası insandır. Allah ona imanla bərabər təfəkkür də vermişdir ki, öz mahiyyətini dərk edə bilsin, kamilliyə can atsın.

 

İnsan yalnız bu yolla vəhdət aləminə qayıda bilər və Cüneyd Bağdadi dediyi kimi: “Qulun sonu əvvəlinə dönər. Olmamışdan qabaq olduğu kimi olar” (Həllac Mənsur).

 

İsa peyğəmbər “İncil”də belə buyururdu: “Səmavi atanız kamil olduğu kimi siz də kamil olun”.

 

Belə deyirlər ki, insan kamillik həddinə 40 yaşında çatır.

 

Xatırla, Məhəmmədə 40 yaşında peyğəmbərlik verilmədimi?

 

Zərdüşt kamil insanı şimşəyə bənzədib. “Eşidin, mən də şimşəyin carçısıyam, buluddan düşən ağır damlayam, bu şimşək isə kamil insandır”.

 

Zərdüşt “Mən sizi fövqəlinsən olmağa çağırıram” deyəndə də insanın kamilliyinə, Kamalına inanırdı: “İnsan kamilləşməyə möhtacdır.Bəs siz kamilləşmək naminə əlinizi ağdan qaraya vurmursunuz?”.

 

Nəcib Fazil Qısakürək “Bir adam yaratmaq” adlı pyesində “Allah kamalın kamalıdır” ifadəsini işlədir.

 

Qəhrəmanının diliylə və düzgün də edir.

 

Şeirlərindən birindəsə “Allah mənəm” yox, “Allaha çıxan yollar məndədir” qənaətini qətiləşdirir.

 

Bu cür hərəkətləri insanın kamilləşməyə doğru atdığı inamlı addımlar sırasında saymaq olar.

 

N.F.Qısakürək həmçinin deyirdi ki, mən öləndə bayram etsinlər, 40gün, 40 gecə toy-düyün olsun.

 

Bax budur kamillik!

 

Nəcib Fazil belə deməliydi. Çünki belə deməyə hazırlamışdı özünü. Belə fikirlərə cavab verirdi ömrü, günü, həyatı və sənəti. Sənətkardı! Sənətkar da onun nəzərində kamala çatmış insandı!

 

lll

 

Dante “İlahi komediya” əsərində yazırdı: “Allahın yaratdığı hər şey kamildir”.

 

Şihabəddin Sührəverdiyə görə “Ruhu və cismani olan hər şey kamal arzusundadır”.

 

...Nizami də düz deyirmiş: “İnsana arxadır onun kamalı”.

 

Nəsimi “Hər şey kamalın arzular,” Xətai “Kamil ilən yoldaş olan yorulmaz” deyəndə insan kamalı olan bir nəsnənin varlığını nişan vermirdilərmi, təsdiq etmirdilərmi?!

 

“Vaqif, öyünmə ki, kamalımız var”, deyəndə Vaqif , “Qalib gələcəkmi cahanda kamal?” sualını verəndə S.Vurğun bəs nədən, nəyin yoxluğundan danışır, nəyin qalib gəlməsini istəyirdilər?!

 

lll

 

... Hələ də bəşəriyyət Kamalın meracını dəli hesab etdiyi bir aşiqdən-Məcnundan öyrənmək zorundadır.

 

Kamala çatmağın yeganə yolu Məcnunluqdur, Məcnunlaşmaqdır!

 

Hələ də Allah gözləyir ki, yaratdığı insan onun zəndini doğrultsun, doğrudan da gedib ona çatsın, qovuşa bilsin!

 

Amma hər şey hələ də əfsuslar olsun ki, gözlənilənin əksinə olur.

 

Zaman keçdi, kamal qaldı gözü yerə dikili,

Utandı ki, köməyinə kimsə möhtac qalmamış...

(Xəqani)

 

lll

 

Bununla belə, hər halda, yenə də azacıq da olsa təsəlli tapmaq imkanımız var. Sən demə, İnsan kamala çatmağa qabilmiş!

 

İnsan kamalı Meraca da gedib gəlibmiş!

 

Ən azından bunu şirin bir xatirətək hərdən-hərdən xatırlamağa dəyməzmi?!”

 

lll

 

İkili dünyanın bir qütbündə Füzuli, o biri qütbündə Xəqani dayanıb.

 

Biri kamalın meracından danışır, o biri utandığından kamalın gözünü yerə dikməsindən...

 

Hansı haqlıdı?

 

Hər ikisi!

 

Hər ikisimi?!

 

 

Barat VÜSAL

525-ci qəzet.- 2016.- 25 iyun.- S.14;17.