Gələcəyimiz naminə  

 

“Göyərçin” uşaq bağçasının – “Ana məktəb” layihəsinin balaca məzunları ilə vida...

 

 

 

 

Uşaqların yaşatdığı qürurun həzzini ayrı heç nədən almaq mümkün deyil.

 

Heç bir uğur, heç bir tərif, heç bir fövqəladə hadisə ağıllı, istedadlı uşağın yaratdığı sevinci, xoşbəxtliyi bəxş edə bilməz insana. Əllərin yorulana kimi alqışlayırsan, ürəkdolusu sevinirsən, gözlərinin yaşından, qürur, sevinc qarışıq kövrəkliyindən çəkinmirsən. Axı qarşında bapbalaca ağızlarını böyük açıb ürəkdən, lap-lap içdən Azərbaycan deyən körpə həmvətənlərin durublar. onlar kiçicik əllərini ürəklərinin üstünə qoyub himnimizi oxuduqca, düşünürəm yəqin Əhməd Cavad buna görə minbir məşəqqətə dözüb, Üzeyir bəy gecəsini-gündüzünə buna görə qatıb... Şərqin ilk respublikasının qurucuları da, çəkilməz zəhmətə buna görə qatlaşıblar... Ki illər keçsin, azad, müstəqil, güclü ölkənin - Azərbaycanın uşaqları var səsləri iləŞanlı vətəndeyib oxusunlar, üçrəngli bayrağı başları üstə qaldırıb dalğalandırsınlar.

 

...Həmişə qonaqlı-qaralı Rus Dram Teatrının foyesinə girincə uşaqsayağı bəzədilmiş daş-divardan, şarlardan, şəkillərdən pozitiv alıram. Başa düşürəm ki, hər adamın içərisində bir uşaq var, o heç vaxt böyümür. Ona görə bəzən çox məsum, kiçik sevinclər istəyirsən. Şokoladın, şarın, rəngli kağızların körpələrə verdiyi sevinc kimi. Burda isə həm böyüklərin, həm də uşaqların sevinməsi üçün səbəb çoxdu. Məsələ burasındadı ki, Yasamal rayonunda yerləşən “Göyərçin” uşaq bağçası – “Ana məktəb” layihəsi artıq neçə ildir, məzunlarını məktəbə bax beləcə, təmtəraqla, bayram kimi yola salır. Həm də bu bayramın iştirakçıları, səhnəcikləri canlandıran, müxtəlif rolların öhdəsindən gələn elə məzunlar özləridi. Bağçanın mehriban, gülərüz işçilərindən, gənc xanımlardan proqramı alana kimi hər şeyin bu qədər ciddi olduğunu təsəvvür etmirdim. Amma proqrama baxanda yaxşı mənada təəccübləndim. Balacalar Aleksandr Dümanı, Puşkini, Mirzə Fətəli Axundzadəni, Lüis Kerrolu orijinalda oynayacaqlar. Ana məktəb” layihəsinin də ən üstün tərəflərindən biri budur; uşaqlar bir neçə dil öyrənirlər, ana dilində təmiz danışırlar, həm də o qədər sərbəst tərbiyə olunurlar ki, böyük teatr səhnəsində çətin rollar oynayırlar.

 

132-134 Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova çıxışında fransa təhsil sisteminin modeli əsasında yaradılmış “Ana məktəb” layihəsindən, bu modelin fərqli tərəflərindən danışır. Onu da vurğulamaq lazımdır ki, hələ 90-cı illərin sonunda bu layihənin Azərbaycanda gerçəkləşməsini ilk dəstəkləyən və onu ilk həyata keçirən Sara xanım olub. İndiöz zəhmətinin bəhrəsini görməkdən məmnunluq duyulur sözlərində: “Bu gün uşaqların rahat, xoşbəxt yaşaması üçün ölkəmizdə hər bir şərait var. Prezident İlham Əliyevin bütün fəaliyyəti balacaların bu gününün və gələcəyinin xoşbəxt olmasına yönəlib” – deyir. “Ana məktəb” layihəsinin üstünlüklərini, qeyri-adi tərəflərini bir azdan seyr edəcəyimiz səhnəciklərdə görəcəyimizi söyləyir.

 

Beləliklə, cəngavər musiqisininsədaları altında balaca məzunlar, əyinlərində uzun mantiya, başlarında alim papağı səhnəyə çıxırlar. Himnimiz çalınır, türklərin söylədiyi əsl sayğı duruşu var bu uşaqlarda. Baxdıqca müqayisə edirəm. Heç şübhəsiz ki, 10-15 il əvvəl, biz bu yaşda belə deyildik. Müasir dünyanın uşaqlarına müstəqil düşünmək, sərbəst olmaq, özünü rahat, komplekssiz aparmaq üçün hər cür imkanlar yaradılıb. Lakin əsas məsələ bu azadlığı, sərbəstliyi düzgün yönləndirməkdi. Sərbəstliyin tərbiyəsizliyə, azadlığın məsuliyyətsizliyə çevrilməməsi üçün çalışmaq, doğru yol seçmək isə böyüklərin, xüsusən də müəllimlərin üzərinə düşür. “Göyərçin” uşaq bağçasının müəllimləri hamısı sanki seçmə insanlardı. Zaldakı, kulis arxasındakı həyəcanlarını duymamaq mümkün deyil. Onlara baxdıqca fikirləşirəm müəllimlik sadəcə vəzifə, peşə deyil, həm də xarakterdi, həyat tərzidi, böyük fədakarlıqdı. Gözümü açandan anamı müəllim görmüşəm və tez-tez tamam yad, tanımadığım uşaqlar, bizə heç bir qohumluğu çatmayan, heç dostluq belə etmədiyimiz ailələrin balaları haqqında necə ürəklə danışdığının şahidi olmuşam. Filan uşaq elə istedadlıdı ki”, “filankəsin oğlu bir riyaziyyat bilir”, “bu qız elə ağıllıdı”, “o oğlanın elə gözəl səsi varkimi qürur dolu söhbətlər evimizdən çəkilməyib. İndi düşünürəm axı o uşaqlar məktəbi bitirdilər, getdilər, bu gün çoxunu, 99 faizini heç görmüranam, sonrakı talelərindən də xəbərsizdi. Bəs elə isə, bu uşaqların ağlına, savadına, istedadına bu cür sevinmək, belə ağızdolusu tərifləmək, fəxr etmək nədən irəli gəlir? Məncə dediyim o müəllim xarakterindən, nə qədər pafoslu səslənsə də əls vətəndaşlıq mövqeyindən, millətin gələcəyi naminə təəssübkeşlikdən. Axı zamanın, tarixin axarını heç nə dəyişə bilməz. Bu günün istedadlı, savadlı, ağıllı, tərbiyəli uşağı sabahın elə bu səviyyədə cəmiyyəti deməkdi... Cəmiyyətə isə hərtərəfli formalaşmış insan lazımdı. Həm hissi, duyğusu olsun, həm soyuq ağlı, həm biliyi, savadı olsun, həm istedadı, tərbiyəsi.

 

“Göyərçin” bağçasının bayram tədbirinin proqramına baxdıqca məhz bu hərtərəflilik haqqında düşünürdüm. Sanki seçilmiş hər bir səhnəcik, tamaşa uşaqlarda bir hissi, bir düşüncəni tərbiyə etməyə hesablanıb. HüqonunNotder dam de Pari” əsəri əsasında hazırlanmış səhnə - müzikl saf, ülvi hissləri tərənnüm edir. Mirzə Fətəlinin “Müsyo

 

Jordan və Dərviş Məstəli şah” pyesindən parça ilə uşaqlarda klassik ədəbiyyatımıza maraq yaradılır. Aleksandr Dümanın “Üç muşketyor” əsəri ilə sarsılmaz birlik, vəfalı dostluq təbliğ edilir. Məcid Şamxalovun “Qaynana”sı ilə məişətimizin, gündəlik həyatımızın məzəli tərəfləri göstərilir. Və bir daha vurğulayıram ki, uşaqlar bu səhnələri əsərin orijinal dilində oynayırlar. Parçalara tamaşa etdikcə bu böyük işin arxasındakı zəhməti təsəvvürümə gətirirəm. Axı uşaqlarla işləmək heçasan deyil, hərəsinin öz xarakteri, öz dəyişilməz “qanunları” var... Ona görə hətta ən istedadlı uşaqla belə işləmək əziyyət tələb edir. Bu əziyyət də əlbəttə ki, bağçanın rəhbərliyinin, müəllimlərinin üzərinə düşür.

 

Zəhmətin əsl həcmini, böyüklüyünü isə Nəzrin səhnəyə çıxanda, PuşkininÇar Saltan haqqında nağıl”ı əsasında hazırlanmış balaca səhnəciyə tamaşa edəndə başa düşdüm. Proqramda adını görəndən düşünürdüm ki, kiçik ailə məclislərində belə, bir yerdə oturda, dəcəllikdən yığıb-yığışdıra bilmədiyimiz qızı, qardaşımın qızını səhnəyə, konkret rolu ifa etməyə necə alışdırıblar, öyrədiblər görəsən?! Amma görəndə ki, müəllimlər, rejissor bu ərköyün balada təzə istedadlar da aşkar ediblər, sevindim. Həm də tez-tez əlin belinə qoyub bizə “məsləhətlər” verən Nəzrinə tam uyğun rol seçiblər. onu da etiraf edim ki, bu gecə qürur, sevinc, sevgi, rahatlıq qarışıq hisslərimin içində bu esseni yaza-yaza gözümün önündən getməyən səhnə məhz Nəzrinin səhnədən şıltaq, dəcəl üzü, çoxbilmiş baxışları ilə “spasibo, spasibo” – deməsidi. Doğrudan da bütün bu gözəl işlərə, belə uşaqlara görə “spasibo”-dan, yəni təşəkkürdən savayı nə deyəsən? Bağçanın müdiri gənc, gözəl Fidan Xanlarova isə bütün səbəbi uşaqlarda görür. Sondakı qısa, amma təsirli çıxışında ən çox nəzərə çarpan hüzün qarışıq fəxarət hissi idi; həm artıq neçə illərdir ki, alışdığı, sevdiyi uşaqlardan ayrılmağın hüznü, kədəri, həm də onların artıq məktəbə gedəcəyi fikrinin sevinci... “Onlarla ürəyimizin bir parçası gedir”. – dedi sonda.

 

Elədir. Ürəyimizi qoyduğumuz hər bir işin gələcəyi gözəldi. Bu uşaqların da gözəl gələcəyinə inanırıq...

 

P.S. Təbrik edirəm, Nəzrinim. Əynində məktəbli forması, cibində tələbə bileti, başında əsl alim papağı görmək arzusu ilə öpürəm!

 

 

PƏRVİN

525-ci qəzet.- 2016.- 25 iyun.- S.9.