Şair Barat Vüsalın ikicildliyi təqdim edildi

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, publisist Barat Vüsalın yeni kitabının təqdimat mərasimi keçirilib.

 

İki cildlik "Seçilmiş əsərləri" seriyasında şairin şeirləri, poemaları esseləri toplanıb.

 

Qeyd edək ki, Barat Vüsal 1951-ci ildə Qazax rayonunda doğulub. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. "Göz aydınlığı", "Ürəyimdən bir çay axır",  "Yolumuz eşqə bağlıdı", "Ömür bitər, Yol bitməz", "Qazaxda yaşadım mən öz ömrümü", "Ruh gəmisi" "Kufə əhli" kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.

 

Tədbiri Birliyin katibi Rəşad Məcid açaraq şairin ictimai ədəbi fəaliyyətindən danışıb: "Barat Vüsal əyalətdə - Qazaxda yaşamasına baxmayaraq müasir ədəbi prosesə biganə deyil, ədəbiyyatımızı diqqətlə izləyir ədəbi hadisələrə mövqeyini inamla ortaya qoyur. O, "525-ci qəzet"də ədəbi mühitdəki olaylara dəfələrlə reaksiyasını bildirərək yazıları ilə çıxış edib. Barat Vüsal bununla yanaşı ölkəmizin başqa bölgələrində yaşayan şair yazıçıların da yaradıcılığına həssaslıqla yanaşır. Onun gənc yazarların yetişməsində əməyi var. Yazıçılar Birliyinin Qazax bölməsinə rəhbərlik etmək, fəal ictimai mövqeyini qoruyub saxlamaq, əlbəttə, əzmkarlıq tələb edir. Bu fəallıq onun yaradıcılığında da müşahidə olunur".

 

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov B.Vüsalı ədəbiyyatımızın klassiklərindən adlandırıb: "Barat çox zəngin, yaradıcı bir ziyalıdır. O, bizim poeziyamızın klassiklərindən biridir. Barat haqqında deyilən hər bir söz böyük ədəbiyyat barədə deyilir".

 

Xalq şairi Nəriman Həsənzadə B.Vüsalın istedadlı səmimi bir şair olduğunu qeyd edib: "Baratın mətbuatda yazılarını oxuyarkən bəzən sözün psixologiyasını açdığına, bəzən klassik şairlərimizin poetikasından tutarlı fikirlər irəli sürdüyünə rast gəlirik. Yəni, o yalnız şair deyil, həm dəyərli publisistdir. Barat ürəkli, istedadlı, səmimi böyük bir şairdir".

 

Tədbirdə çıxış edən Tağı Əhmədov şairin yaradıcılığını yüksək qiymətləndirib: "Qazax həmişə şairlər məskəni olub. Barat da Qazax yurdunun yetirməsidir. Onun şeirlərinin hamısı göz oxşayır, çünki o, xalqdan, onun ruhundan, qəlbindən keçənləri yazır. Baratın şeirlərində bəzən elə bir təlatüm olur ki, az qalır fırtına qoparsın. Bu onun istedadının, səmimiyyətinin nümunəsidir".

 

Birliyin katibi İlqar Fəhmi şairlə bağlı düşüncələrini bölüşüb: "Barat Vüsal yaradıcılığında ən çox bəyəndiyim detal budur ki, onun poeziyası, şeirləri bizim özümüzə, ruhumuza məxsusdur. Onun şeirləri öz tariximizdən, etnoqrafiyamızdan, milli düşüncəmizdən gələn səmimi duyğulardır".

 

Tənqidçi Rüstəm Kamal bu gün Barat Vüsal poeziyasının ədəbiyyatımızın bayramı olduğunu deyib: "Bəzi şairlər var ki, onların şeirlərində yalnız cinsiyyəti görünür, bəzi şairlər var ki, şəxsiyyəti, kimliyi, mənsubiyyəti ortaya çıxır. Barat ikincilərdəndir. Barat vətəndaş şairdir. O, bu milləti tanıdan, bütövləşdirən dəyərlərin poetik salnaməsini yazan, yaradan söz adamıdır".

 

Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, millət vəkili Kamran Nəbizadə, akademik Teymur Bünyadov, professor Valeh Nəsibli, tədqiqatçı alim Salatın Əhmədli, şairlər Oqtay Rza, Əlirza Xələfli, Yusif Nəğməkar, Nizaməddin Ziyadoğlu, Dərviş Osman, mərhum şairimiz Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk başqaları da çıxış edərək şairin poeziyası şəxsiyyəti barədə xoş düşüncələrini paylaşıblar, şeirlər səsləndiriblər.

 

Sonda Vüsal Barat çıxış edərək tədbir iştirakçılarına təşkilatçılara minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 29 iyun.- S.7.