Şəki “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalı açıq elan olundu  

 

2016-CI İLİN TÜRK DÜNYASI MƏDƏNİYYƏT PAYTAXTI QAPILARINI QONAQLARIN ÜZÜNƏ AÇDI

Əsrlərdə üzü bəri xanımlığını, gəncliyini, gözəlliyini və ən əsası sehrini, cazibəsini itirməyən QIZın - Qız qalasının önündə durub gözləyirəm.

TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı İçəri şəhərdə qonaqlara bələdçilik edir. Bir azdan Bakıdan çıxıb üzü Şəkiyə yola düşəcəyik. İpək yoluMusiqi Festivalının açılış mərasiminə. İndilikdə isə məndən ötrü maraqlı olan qonaqların reaksiyasıdı. Elçin bəy türk dünyasının hər tərəfindən gəlmiş musiqiçi qonaqlarla məni tanış etdikcə, qələm adamı olduğumu söylədikcə hamısı öz təəssüratını bölüşmək istəyir. bu türk dilinin müxtəlif ləhcələrində danışılanların, bəzən hər sözünü anlamadığım fikirlərin hamısı bir-birinə bənzəyir.

 

İçərişəhərə heyranlıq, Qız qalasının möhtəşəmliyi qarşısındagözəldi”, “möcüzədinidaları... Qazaxıstandan gələn qruptarix sizin bu qədim şəhərin hər daşından, hər küçəsindən hiss olunur” – deyir. Bir-birinə imkan vermədən, bir-birinin sözünü kəsə-kəsə danışırlar, gördüklərini uşaq kimi nəql edirlər. Hay-küylərindən, şən-şux ovqatlarından başa düşürəm ki, səfərimiz sakit keçməyəcək. Belə olur... İndiyə kimi müxtəlif xarakterli adamlarla səfərə çıxdığım olub. Kimsə yolboyu özündən deyib, uğurlarından danışıb, kimsə dünyanın gəlişindən-gedişindən narazılığını bildirib, kimsə heç danışmayıb, sakitcə düşünüb özü üçün, birisiylə səfər çox rahat olub, başqasının yanında belə durmaq istəməmişəm... Amma qəlbimin beynimin bütün dərinliklərindən gələn bir etiraf edim ki, belə yol yoldaşlarım heç vaxt olmayıb.

 

Bakıdan çıxmamış başlanırkonsert”... Avtobusun arxa tərəfində çalırlar, oxuyurlar, rəqs edirlər, bildikləri bilmədikləri bütün oyunları oynayırlar, gördükləri işlərə emosiyaları, məmnunluqları, qəhqəhəli gülüşləri, söhbətləriylə səs-küy qatırlar. Neçə illərdi alimlərin düşünübicadetmək istədikləri ortaq dil-filan söhbəti maraqsız görünür bu sənətçilərin ünsiyyətini görəndə; hərəsi öz bildiyi kimi danışır, hamı da bir-birini anlayır. Artıq Qobustana çatanda düşünürəm, çox çəkməz yorularlar, amma yox... Şamaxını, İsmayıllını da keçirik - fasilə vermirlər, Qəbələni arxada qoyuruq - dayanıb-durmaq bilmirlər, Şəkiyə çatırıq - yenə davam edirlər. otelin önündə avtobusdan enəndəaxşam yeməyindən sonra oteldə davam edərik” – demələrindən mat qalıram sadəcə. Düşünürəm ki, incəsənət adamına bəxş edilmiş ən böyük vergi - enerjidi... Sadəcə, incəsənətin hər növü bir cür ifadə edir bu enerjini... Yazıçı səhərəcən düşünüb, əzab çəkib, öz içində gəzib sözə çevirir enerjisini, musiqiçi isə səsinə... Sənətinlə məşğul olmadığın vaxtlarda isə bu enerji ayrı istiqamətə yönəlir. Elə bu fövqəladə enerji gecənin bir aləmi Şəkinin istirahət mərkəzlərindən birinin qonaqlarını təəccübləndirmişdi. Musiqiçilərimizheç kəs yatmayacaqşüarı ilə az qala səhərə kimi çalıb oxudular. Bu da elə bir növ məşq idi... Sabah keçiriləcək, VII “İpək yoluMusiqi Festivalının açılış mərasiminə hazırlıq idi!

 

Türk Dünyası Mədəniyyət paytaxtıŞəki

 

Artıq bir neçə ildir ki, TÜRKSOY Türk dünyasının müxtəlif şəhərlərini bir illik mədəniyyət paytaxtı elan edir. Bir il ərzində həmin o mədəniyyət paytaxtı seçilmiş şəhərdə müxtəlif tədbirlər, təqdimatlar, kitab sərgiləri, konsertlər keçirilir. 2012-ci ildə Astanada Avrasiya Yazarlar Birliyinin TÜRKSOY-la bərabər düzənlədiyi Ədəbiyyat Dərgiləri Konqresində iştirak etdik. Həmin il Astana mədəniyyət paytaxtı elan olunmuşdu. o tədbirlərdən yaddaşımda qalan xatirələrdən biri qazaxların bu hadisəylə necə qürur duyması, şəhərlərini bizlərə necə təqdim etməsidi. Sonrakı il Türkiyənin Əskişəhəri mədəniyyət paytaxtı seçildi biz yenə bu şəhərdə bir neçə tədbirdə, kitab sərgisində iştirak etdik. Elə Əskişəhərdəcə növbəti ilin mədəniyyət paytaxtı Kazan şəhəri olacağı elan edildi.

 

Bu il, 2016-cı ildə Türk Dünyası Mədəniyyət paytaxtı Şəki oldu. Mirzə Fətəlinin, Bəxtiyar Vahabzadənin, Sabit Rəhmanın, Emin Sabitoğlunun Şəkisi Xan Sarayı, tarixi abidələri, gözəl təbiəti, koloriti ilə bu statusa layiqdi.

 

Şəki Yay teatrında açılış mərasimi

 

Beləliklə, iyunun 27-də Şəki şəhəri Yay teatrında Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, TÜRKSOY-un, Azərbaycan Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəkiİpək Yolu” VII Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi başlayır.

 

Şəkinin mərkəzindəki Yay teatrı belə mərasimlər üçün tam uyğun bir məkandır. Tərtəmiz dağ havası udub, sakitlik, hüzur içərisində musiqi dinləməkdən, sənətin ecazkarlığından zövq almaqdan gözəl nə ola bilər?

 

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın bədii rəhbəridir. Hələ konsert başlamamış Firəngiz xanımın ruh yüksəkliyi hiss olunur. Festivalla bağlı söhbət edirik bir az, “İpək yoluMusiqi festivalının həyatının ayrılmaz hissəsinə çevrildiyini deyir: “Yay girəndən Şəkini, “İpək yolu” festivalını düşünürük. Elə bil nəsə çatmır. Bu festival həyatımın parçasına çevrilib.” Açılış mərasimində çıxışında da Firəngiz xanım “İpək yolunun musiqi həyatımızda, mədəni sferada böyük hadisə olduğunu vurğulayır: “Artıq yeddinci dəfə Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə isə TÜRKSOY Xalq Çalğı alətlərinin konserti bizlər üçün əsl böyük bayram olacaq. Buna görə TÜRKSOY sədri Düsen bəyə öz təşəkkürlərimi bildirirəm.”

 

Düsen Kaseinov da öz növbəsində mərasim iştirakçılarını salamlayır və Şəkiyə aid təəssüratlarını bölüşür: “Şəkinin özünəməxsusluğu, koloriti, qədimliyi hər kəsin diqqətini cəlb edir, məni də çox təsirləndirdi bu şəhər. Aprel ayında Şəki şəhərinin Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunmasını dörd bir yanımızdan təşrif buyurmuş incəsənət ustalarının iştirakı ilə möhtəşəm bir bayram kimi qeyd etdik. Silsilə proqramlarımız davam edəcək, lakin bu gün “İpək yoluMusiqi festivalının açılışının bizə həvalə olunmasından qürurluyuq.”

 

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin qapılarını yenidən möhtəşəm musiqi bayramına “İpək Yolu” VII Beynəlxalq musiqi festivalına açdığını deyir: “Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır, artıq Şəki festivallar şəhəri kimi də tanınır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu dəfə isə bayram bayrama qarışıb. Mən Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi səbəbindən TÜRKSOYun Daimi Şurasına, başda Düsen Kaseinov olmaqla hər kəsə təşəkkür edirəm”.

 

Beləliklə qarşılıqlı bayramlaşmalar, təşəkkürlər, minnətdarlıqlardan sonra... “Hitlerlərin”, “Stalinlərin”, birliyimizi istəməyən, bunu əngəlləməyə çalışan bütün düşmənlərin acığına konsertimizə başlayırıq.

 

Bəxtiyar Vahabzadə: “...türk oğlu türkəm”

 

Şəkidə, Bəxtiyar Vahabzadənin dünyaya göz açdığı şəhərdə bu musiqiləri dinləmək, türklərin müxtəlif, amma həm də eyni, bənzər mədəniyyətlərindən zövq almaq tamam başqadı. Bakıda bu nömrələrin bir neçəsini dinləmiş olsam da, yenə hər şey yenidi

 

sanki. Əslində də elədir. Axı ruh hər zaman yenilənir, əsl sənət isə ruhdan keçib gəlir, ona görə o da təzələnir şübhəsiz.

 

Konsert sona doğru yaxınlaşdıqca düşünürəm ki, bu böyük bayramı, onun ifadə elədiyi mənanı bütövlükdə yenə Bəxtiyar Vahabzadənin məşhur şeiri ilə sözə çevirmək olar:

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm!

 

 

PƏRVİN

525-ci qəzet.- 2016.- 29 iyun.- S.4.