"Yuva axtarıram - olmayan yerdə..."

 

KƏLBƏCƏR HƏSRƏTLİ ŞAİR YUSİF HÜSEYNİN ŞEİRLƏRİNDƏN ALINAN TƏƏSSÜRATLAR

 

 

 

Onun yaradıcılığı haqqında çoxdan yazmaq istəyirdim. Məndəki kitablarını bir də təkrar oxudum və nəhayət, belə bir yazı alındı...

 

Yaxın dostum, istedadlı şair, "Qızıl qələm" mükafatı laureatı Yusif Hüseyn müxtəlif illərdə nəşr olunmuş "Ömrün ətri", "Bir parça ömür yolu", "Ömür ağacı var, dar ağacı var", "Günlərin birində", "Məndə bu dünyadan beləcə keçdim",  "Ömür bir nağıl imiş", "Kəlbəcər ağrılı dünyamdı mənim" kimi bir-birindən maraqlı kitabların müəllifidir.

 

Yusif Hüseyn 1951-ci ilin may ayının 10-da Azərbaycanın füsunkar guşəsi Kəlbəcərdə doğulub, orada da orta təhsil alıb. 1975-ci ildə Bakıda Azərbaycan Politexnik İntitutunu bitirib Kəlbəcərə qayıtdıqdan sonra 1993 - cü ilin aprel ayına, yurdumuzun bu incisinin düşmən əlinə keçdiyi günə qədər orada yaşayıb.

 

Uşaqlığı çox ağrı-acılı keçib. Səkkiz yaşında atasını itirən Yusifi anası - Yetər ana böyüdüb. Atasız böyüsə də, atalı-analı olanlara heç vaxt həsrətlə, həsədlə baxmayıb, atasızlığı bir alın yazısı, tale, qədər kimi qəbul eləyib. Elə o yaşından evin kişisi olub, zamanın sərt sınaqlarına kişi kimi sinə gərib.

 

Unudulmaz şairimiz M. Aslan Yusifi boya-başa çatdıran ana haqqında yazır: "...Rəhmətlik Yetər ana, eldə deyildiyi kimi, saçının birini , birini qara hörmədi, elə ikisini də dümağ hördü. Bir gün görmədi fağır.

 

Təki övladları bay olsunlar". Yusif özü isə əzab-əziyyətlərlə, olmazın  çətinliklərlə üzləşən anasını belə xatırlayır:

 

Perik düşdü gecələrin yuxusu,

Dərd içində ömrün-günün çoxusu,

Duyğumdadı nəvazişi, qoxusu,

İndi bildim yolumuzda nə çəkmiş,

Mənim anam çox kişidən zirəkmiş.

 

Doğrusu, Yusif Hüseyn haqqında yazı yazmaq üçün onun istənilən şeirini oxuyub fikir yürütmək, xarakterini açmaq mümkündür. Lakin bir şeirinin sehrinə düşdünmü, o biri şeirləri oxumadan durmaq mümkün deyil.

 

Onun yaradıcılığıyla tanış olduqca nə qədər həssas, kövrək, ilhamlı, təəssübkeş, yurdsevər şair olduğunu gördüm. Şairin yaradıcılığında vətən sevgisi, yurd həsrəti,  bu həsrətdən yaranan ağrı- acılar, ana məhəbbəti, təbiət şeirləri, məhəbbət şeirləri mühüm yer tutur. 2004-cü ildə Bakıda nəşr olunmuş "Bir parça ömür..." kitabı üçün qələmə aldığı önsözdə böyük Xalq şairimiz M. Araz yazır: "...Bir neçə kəlbəcərli şair və saz-söz xiridarlarının da yaradıcılığı ilə yaxından tanışam. Deyərdim ki, İlahinin bu ulu ozan yurduna verdiyi əvəzolunmaz nemətlərdən biri də məhz burada doğulanların dilinin poetikliyi, qəlbinin və ruhunun lirik bir ümman olmasıdır!.. Yusif Hüseynin də şeirlərində mən bütöv bir Kəlbəcər obrazını, sonra isə Azərbaycan dünyasını gördüm.Yusifin şeirlərinin hər sətrində vətənpərvər bir oğulun ürəyinin döyüntüləri eşidilir..."

Həqiqətən də Yusif Hüseyn elinə-obasına, doğma Azərbaycanına, candan artıq sevdiyi, lakin uzun illər bizim üçün əlçatmaz, ünyetməz olan həsrətiylə yaşadığımız Kəlbəcərimizə bağlı olan bir şairdir. Bəlkə  yeniyetmə illərindən başlayaraq hər yerini, dərəsini, dağını - düzünü, yaylaqlarını, zümrüd meşələrini qarış- qarış  gəzdiyindəndir  ki, bütün yaradıcılığında    Kəlbəcərin  gözəlliklərini oxucunun    gözü qarşısında  canlandırır.

 

Söz yazdığım xınalı daş dəftərim,

Yol boyunca nəğmə deyir Tərtərim,

Qonağım ol, sənə heyrət göstərim,

Yorğun düşsən, duman dönər balınca,

Daşa dönüm burdan ayrı qalınca.

 

Yaxud:

 

Nəfəsində, ləşək-ləçək gül açar,

İlmələnər, çiçək-çiçək tül açar?

Bülbüllərin cəh-cəhində dil açar,

Qızılgülün yarpağında gələr yaz.

 

Ya da:

 

Kəlbəcər! - Daşımdı, qayamdı mənim,

Kəlbəcər! - Kökümdü, mayamdı mənim,

Kəlbəcər! - Ömrümün dərd yapıncısı,

Kəlbəcər! - Gözümdə ziyamdı mənim.

 

Yusif Hüseyni uzun illərdi tanıyıram, ilk tanışlığımız 80-ci illərin əvvəllərindən Kəlbəcərdən başlayıb. Mən o vaxt Moskvada Ədəbiyyat İnstitutunda təhsil alırdım, yay tətillərində evimizə, Kəlbəcərə gedirdim. O vaxt Yusif Hüseyn məndən böyük qardaşım - adaşı Yusiflə bir idarədə çalışırdılar. Elə bizi qardaşım tanış elədi, dedi ki, yaxşı adamdır, yaxşı şeirlər yazır, şairdir, həm də Bəhmən Vətənoğlunun xalası oğludur. Sonra bu tanışlıq  dostluğa gətirib çıxardı. Sonralar öyrəndim ki, hələ qohumluğumuz da varmış.Yusif  Hüseynlə tez-tez görüşmək bizə nəsib olmasa da, yönüm Azərbaycana düşəndə vaxt tapıb zəng edirəm, görüşürük.

 

"Kəlbəcər ağrılı dünyamdı mənim" kitabını oxuyuram. Kitabda müəllifin müxtəlif qoşmaları, gəraylıları, təcnisləri, müxtəlif illərdə müxtəlif mövzularda yazdığı şeirləri toplanıb. Tanınmış publisist "Qızıl qələm" mükafatı laureatı Vəlyəddin Misiroğlu kitaba "Qürbət yorğanında qızınmayan şair" başlığı altında maraqlı, dolğun önsöz yazıb.

 

Hər kəsə məlumdur ki, içi mən qarışıq Kəlbəcər ədəbi mühitində yer alan şairlərin əksəriyyətinin yaradıcılığı aşıq poeziyasından bəhrələnib. Onun istənilən bir şeirini oxuyanda duyursan ki, şairin poeziyası şifahi söz xəzinəmizdən necə barınıb, yararlanıb. Doğma xalqının həyatından, ruhundan və ənənələrindən bəhrələnən şair, yaxşı ki, sünilikdən qaçır, oxunaqlı, ürəyəyatımlı şeirləriylə  ruhumuzu oxşayır, belə sadə deyim tərzi onun şeirlərinin xalq arasında yayılmasına, sevilməsinə səbəb olur. "Vətəndi, ay oğul, vətəndi-torpaq"şeirində oxuyuruq:

 

Torpaq qorudunsa, papaq sənindi.

Yurdunda od sənin, ocaq sənindi.

Sonucda bir qarış torpaq sənindi,

Yaxşını, yamanı örtəndi torpaq,

Vətəndi, ay oğul, vətəndi torpaq!

 

İnsanın qəlbinin odu, ocağı,

Behiştin ünvanı ordan aşağı.

Cismin son gümanı, dayanacağı,

Şəhid ruhlarına kəfəndi torpaq!

Vətəndi, ay oğul, vətəndi torpaq!

 

Onun qoşma, gəraylı və digər şeirləri hissin, duyğunun, ağlın süzgəcindən süzülüb gəlir. Heca vəznində yazdığı şeirlərində Aşıq Alı, Aşıq Qurban, Aşıq Ələsgər, Dədə Şəmşir ənənələri özünü göstərir. Bu şeirlərdə şairin könlü Dəlidağdan pərvazlanaraq Gəncədən, Şamaxıya, İsmayıllıya, Bakıya  uçur, bütün Azərbaycanı gəzib dolanır, Qarabağ dərdini, Kəlbəcər dərdini, işğal olunmuş torpaqlarımızın nisgilini aləmə yayır. İşğal altında inildəyən dağlarımızın nisgili  Yusifin bütün şeirlərinin baş mövzusudur:

 

Yuva axtarıram - olmayan yerdə,

O dağlar özüymüş ocaq da, pir də.

Qayıda ömrümə, qayıda bir də,

O güllü, çiçəkli yamacın ətri.

 

İtdi arzuların ümid boxçası,

Soldu bu dünyanın bağı, baxçası,

Qayıtmaz anamın taxtı-taxçası,

O qucağın ətri, o sacın ətri.

 

Bütün Kəlbəcər şairlərində olduğu kimi Qarabağın və digər torpaqlarımızın işğalından sonra şairin yaradıcılığında  bir dönüş yarandı, onun yaradıcılığında qəmli notların sayı çoxaldı.

 

Yusifin şeirlərini oxuyanda xəyal əllərimdən tutub məni qarış-qarış Kəlbəcəri, dağlarımızı, yaşıl donlu meşələrimizi, ilməsi maralçiçəyindən olan göz oxşayan, könül açan allı-güllü yaylaqlarımızı gəzdirir.

 

Körpəliyindən anasının şirin-şirin bayatılarıyla, nağıllarıyla böyüyən uşaq dünyanın necə şirin olduğuna, ananın,- dünya gözəl dünyadı deməsinə inanır, qəm-qüssəsini bir anlıq unudub bu gözəl, şirin dünyada  yaşadığına ürəyində şükr etsə də, böyüyəndə, həyatın ağır zərbələriylə üzləşəndə, dünyanın nə qədər amansız, haqsız, ədalətsiz  olduğunu dərk edəndə dünyadan gileylənir:

 

Sevinci zərrə-zərrə, dərdi dağından böyük,

Sinəmdəki yarası yurd ocağından böyük,

Dünyanın nəyi var ki,

dərd otağından böyük,

 

Yox, bu dünya dediyin dünya deyilmiş, ana!

 

Yusif Hüseynin şeirləri  içərisində Kəlbəcərin tanınmış insanlarına, şairlərinə, dostlarına, öz övladlarına, doğmalarına, söz-sənət adamlarına  həsr olunmuş  səmimi ithaflar da az deyil. 

 

"Dünyanın ağzından qan iyi gəlir", "Beşikdən məzara qədərdi dünya", "Ömür ağacı var,dar ağacı var", "Burdan ayrı qalınca", "Kəlbəcər haqqı", "Ağlatdı", "İllərdir gecələr yol gedirəm mən", "Gözlərim yol çəkir vətənə sarı"," Qeyrət qanda ulayar" və başqa şeirlərində  isə ictimai-siyasi və mədəni həyatımızda  baş vermiş hadisələr,  müstəqillik dövrünə xas olan keçid mərhələsinin sosial sıxıntıları, çətinliklər, qaçqınlıq-köçkünlüyün yaratdığı əzablar, Qarabağ işğalından yaranan ruhi sarsıntılar öz əksini tapıb. Belə əsərlərində şair bütöv əqidəsi, yurdsevərliyi, azərbaycançılığı, ocağa, yurda bağlılığı ilə seçilir.

 

Pərvanə şamın başına dolanan kimi Yusif də dərdinin başına dolana-dolana yaşayır. Qarabağ  boyda dərdinə, Şuşa, Kəlbəcər, Laçın nisgilinə poetik abidə yaradır və özünü söz memarı kimi təqdim edə bilir!

"Mənim qala yurdum, qalaçam dağlar" adlı bir şeirində şair dağlar həsrətinə, ayrılığına tab gətirməyin ağırlığını vurğulasa da, ümidini itirmir:

 

Sizsiz dünya mənə haramdır, haram,

Sizsiz qəbirdə də sağalmaz yaram,

Əlacım varmı ki, səcdənə duram,

Daşına, qayana əl açam, dağlar?

 

Yusif Hüseynin yaradıcılığında məhəbbət şeirləri sayca az olsa da məzmun gözəlliyi ilə oxucuları valeh edir:

 

Gəl, yetməz bir kimsəyə harayım,

Xəzri olum, tellərini darayım,

Ay vəfasız, indi kimi arayım,

Kimə açım varaq-varaq dərdimi?

 

Könül həsrət, dərdim pünhan, görən yox,

Sonam tənha, zülf pərişan, hörən yox,

Mən Yusifə səndən xəbər verən yox,

Artırırsan bax bu sayaq dərdimi.

 

Onun təbiət haqqında yazdığı şeirlər də təbiiliyi ilə diqqəti çəkir:

 

Cığıra iz düşüb, ləpir-ləpirdi,

Ləpirlər bulağı arxac eyləyib.

Şaxta suları da "gömgöy kəsibdi",

Şaxta suları da ağac eyləyib.

 

Güzgülər çəkilib ayna sulara,

Sular naxış-naxış naxışlanıbdı.

Şəlalə asılıb hörüklərindən,

Elə yerindəcə donub qalıbdı.

 

Sonda üzümü Yusif Hüseynə tutub deyirəm ki: Sən əsl şairsən, dilimizə, ədəbiyyatımıza layiq insansan. Öz dünyaduyumu olan qələm sahibisən, qardaş! Sənə uğurlar arzulayıram. Özün dediyin kimi, gün o gün olsun ki, tale üzümüzə gülsün, yaxında olan qələbəmizi öz gözlərimizlə görək:

 

...Tale gülsə yaxındadı qələbə,

Ana yurda bir şəhid can borcluyuq.

 

Moskva, 12.02.2016

Nəsib NƏBİOĞLU

525-ci qəzet.- 2016.- 1 mart.- S.8.