"Tilsim": dünənlə bu gün arasında qalan təhtəlşüur

 

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarın "Vahimə" hekayəsi 2005-ci ildə öz ekran həllini ssenarist və quruluşçu rejissor Kamran Qasımovun quruluşunda tapıb.

 

Filmin hekayənin əsasında çəkildiyini nəzərə alaraq onun təhlilinə başlamazdan əvvəl hekayənin özü ilə tanış olmaq qərarına gəldim.

 

Psixolojik dram janrında çəkilən filmin ilk səhnəsində Pakizənin (Fərqanə Quliyeva) Oruca (Muxtar İbadov) teleqram kağızını uzadaraq Rusiyada təhsil alan oğlu Aydına pulu bu həftə yollamalı olduqlarını söyləməsi, teleqramın axşam Oruc işdən yorğun gəldiyinə görə məhz indi göstərməsi və "yorğunluğun keçdi?" deyə sual verməsi onun qayğıkeş evdar xanımı olduğunu göstərir. Televizorda hekayədən fərqli olaraq "Qarabağ savaşından" deyil, 2003-cü ildə ABŞ-ın terrorizmə qarşı mübarizə apararaq İraqa daxil olmasından xəbərlər verməsi hadisələrin zaman dəyişkənliyini göstərir. Əgər hekayədə hadisələr 1992-1993-cü illərdə gedirdisə, filmdə 2003-cü ildən sonrakı dövrdə baş verdiyi aydın olur. Bu baxımdan film hekayəni üstələyə bilməsə də onunla bərabər səviyyədə qalır ki, tamaşaçının bundan "heç ruhu belə incimir". Orucun "başım pasientlərə qarışmışdı" söyləməsi onun həkim olması barədə təssürat yaradır. Söhbət zamanı Pakizənin Oruca "şənbə günü sənə bağa nə bişirim?" sualının verməsi filmin ideyasını bəlli edir.

 

Orucun evdən çıxaraq maşınına əyləşib yola düşməsindən sonra yolun təsvir olunması, ardından şəhər görüntülərinin verilməsi çaşqınlıq yaratmır, təbii görünür.

 

Doktor Quluzadə ilə xəstəxananın dəhlizində rastlaşan Orucun onunla dialoqu darıxdırıcı təsir bağışlayır. Onlar arasındakı "səmimi dialoq", sözlər arasındakı fasilə, olması gərəkəndən çoxdur. Həmin dialoq özündə informasiya yükü daşısa da, sanki, söhbət edən orta yaşlı insanlar deyil, "Ahıl yaşlı insanlar"dır. Dialoq zamanı psixolojik problemi olan bir xəstənin Orucun yanına göndərilməsinin söylənməsi və ekrana "Psixiatriyanın şöbə müdiri Oruc Zeynalov Tibb elmləri doktoru" yazısının gəlməsi onun özünü təsdiqləmiş psixiatr olduğunu göstərir.

 

Öz kabinetində Qarabağ problemini "iyirmicə saata" həll edəcəyini söyləyən xəstəyə səbrlə qulaq asan Orucun peşəkarlığına şübhə qalmır. Onun arxasında divarda görülən kalendarda "2004-cü il" yazılması isə zaman dəyişkənliyini bir daha təsdiqləyir. Birinci xəstəni yola saldıqdan sonra cırtdan boylu baxıcının (Natiq Fərzəliyev) qəbula gəlib, Oruca "Şənbə günü gəlmişdim, dedilər yoxsuz" sözündən sonra "Mən baxıcıyam" söyləməsi ziddiyyət təşkil edir. Əgər o həqiqətən baxıcı olsaydı, o zaman şənbə günü qəbula gəlməyin mənasız olduğunu bilməli idi.

 

Baxıcının Orucun bağı haqqında söylədikləri, bu zaman musiqinin müşaiyət etməsi gərginliyi artırmaqla yanaşı özündə mistik janrın elementlərini əks etdirir. Orucun telefonla Ofeliyanın (Lalə Mustafayeva) xəstəlik kağızlarını gətirməsini söyləməsindən sonra qızın əlində sənədlərlə kabinetə daxil olub, kağızları işvə-nazla Oruca uzatması onlar arasında kolleqalıqdan kənar əlaqələrin də olduğunu göstərir. Onların bağda görüşərək birlikdə şam etməsi isə bu əlaqəni təsdiqləmiş olur.

 

Orucun gözəl işi, xaricdə təhsil alan oğlu, dilsiz-ağızsız qayğıkeş həyat yoldaşının olması, məşuqəsi ilə keçirdiyi şənbələr, dostlarıyla görüşdüyü qonaqlıqlar və s. onun sakit həyat tərzindən xəbər verir.

 

Doktor Quluzadənin söylədiyi xəstəni qəbul etdikdən sonra Orucun yanına Gələn Baləminin (Rəzzaq Məmmədov) ondan öz bağını tələb etməsi, onlar arasında gedən bu dialoq:

 

" - O bağ mənim atamın olub. 

 

- Xeyr, bir erməni həkimin.

 

-Ermənidən qabaq mənim atamın olub, ondan da qabaq babamın"

 

- özündə dərin mənanı əks etdirir. Bu dialoqla müəlliflər Xalqımızın yaralı yerinə - Qarabağ probleminə toxunurlar. Başqa sözlə desək, sözü gedən Orucun Bağı əslində simvolik olaraq "Qarabağ"dır. Bu fikri film boyu psixi problemi olan xəstələrin dillərindən söylənən "Qarabağ problemini 20-cə saata həll edərəm", "Bu millətin heç nəyi qalmayıb", eləcə də Orucun öz dilindən "son vaxtlar, gələn xəstələrin hamısı "müharibə edək" kimi fikirlər söyləyirlər" dedikləri təsdiqləmiş olur. Görünür, filmin eləcə də hekayənin əsas ideyası bütün fikirləri Qarabağ probleminə yönəltməkdir.

 

Lakin bir məqam var ki, tamaşaçıya qaranlıq qalır. Bildiyimiz kimi hadisələr hekayədə olduğundan fərqli olaraq 10-12 il sonra - 2004-cü ildə cərəyan edir. Baləmi də Oruc ilə görüşür və ondan vaxtı ilə atasının, atasından öncə babasının olan və sonralar erməni həkiminin yaşadığı, ən sonunda Qarabağ savaşından sonra Bağlar İdarəsi tərəfindən Oruca verilən bağı geri tələb edir. Orucun Baləmiyə "Bu qədər vaxtı hardaydın bəs?" sualına cavabı biz növbəti səhnələrdə Ofeliyanın dilindən Baləminin 4 il öncə həbs olunaraq 5 il iş alması, yalnız indi amnistiyaya düşməsini öyrənirik. Ofeliyanın bu cavabı, zənnimcə, Orucun sualının cavabını tam əhatələmir. Deyək ki, Baləmi 2000-ci ildə həbs olunub, bəs ondan öncələrdə niyə Orucdan və ya Bağlar İdarəsindən bağı tələb etməyib? Axı o vaxt artıq erməni həkimi çoxdan ölkədən çıxmışdı.

 

Baləminin bağdakı evin ikinci mərtəbəsinin əvvəllər olmadığını qeyd edərək Orucun ikinci mərtəbəyə çəkdiyi xərcini ödəməyə hazır olduğunu söyləməsi onun halal adam olduğunu göstərir. Baləminin Oruca iki oğlu: birinin adı Hüseynağa, digərinin Həsənağa olduğunu qeyd edərək "O bağı mən almasamda, onlar mütləq alacaq" deməsi Ədalətə Ümidi simvolizə edir. Başqa sözlə desək, simvolik olaraq "Qarabağı biz də ala bilməsək, gələcək nəsillər mütləq alacaq!".  Baləmi ilə görüşdən sonra qarışıq yuxular görən Orucun eyvanda siqaret çəkərək öz daxilində bu problemləri götür-qoy etməyə başlaması həmişə özünü sığortalamağı bacaran birinin özü bunu boynuna almasa da, sakit həyatının sona çatacağından vahiməyə düşməsindən xəbər verir. Eyvanda siqaret çəkən zaman Pakizənin gələrək Orucu əlinin işarəsi ilə narazı baxışlarla evə salması, Orucun da dərhal evə keçməsi səhnəsi Pakizənin xarakterində ziddiyyət yaradır. Bu səhnə dilsiz-ağızsız qadın olan Pakizənin əslində heç də belə biri olmadığını göstərir.

 

Orucun öz kabinetində Ofeliyaya şənbə günü görüşə bilməyəcəklərini söyləyən zaman filmin müəllifi olan Kamran Qasımovun təsadüfi şəxs kimi otağa daxil olması psixolojik dram, mistika və horror janrında filmlər ustadı olan Alfred Hiçkoku xatırladır. Bildiyimiz kimi, Alfred Hiçkok demək olar ki, bütün filmlərinin ilk səhnəsində epizodik rollarda iştirak etmişdir. Bu baxımdan filmin müəllifində Alfred Hiçkokun təsiri özünü göstərir. Fərq ondadır ki, A. Hiçkok filmlərinin əvvəlində,  K. Qasımov isə filmlərinin ortalarında epizodlarda iştirak edir.

 

İki həftədir bağa dəyməyən Orucun daxilində yaranan konflikt, ehtiyatı əldən vermək qorxusu Baləminin onun evinə zəng vurub əgər fikrini dəyişərsə deyə telefon nömrəsini verməsindən sonra daha da güclənir. Mehdinin ailə problemlərini həll edən Orucun ona maşında ikən bağın işıq və qazının kəsildiyini söyləyərək bağda görüşməyi təxirə salmasından sonra Mehdinin bağın həyətindəki yüksək cərəyanlı xətt barədə Orucu xəbərdar etməsi filmin qəhrəmanının aqibətini öncədən proqnozlaşdırmağa imkan verməklə yanaşı, həmin yüksək cərəyanlı xətlərin ekrana gəlməsi audiovizuallığı artırır.

 

Filmin əvvəllərində Mehdinin Orucun yanına gələrkən kabinetini nə vaxt dəyişəcəyini sualına onun "15-20 günə" deməsindən iki həftədən çox vaxt keçməsinə rəğmən hələ də köhnə kabinetində qalır. Ofeliyanın şənbə günü görüşmək barədə verdiyi suala bəhanə gətirən zaman Orucun cibindən Baləminin telefon nömrəsini yazdığı kağızı çıxartması və kağızı masanın üstünə tullaması onun əhvali-ruhiyyəsindən xəbər verir.

 

Baləminin infarktdan keçindiyini öyrənən Orucun özü etiraf etməsə də sevincək halda bağa getməsi öncəki sakit həyatına qayıdacağına dair inam yaradır. Bağdakı evi gəzişərkən yataq otağına çatanda qapının cəftəsinin özü-özünə burulması, otağa daxil olduqda isə Albinosun yataqda uzandığını görməsi, Albinosun özünün Hüseynağa olduğunu söyləməsi, daha sonra Orucla Albinos arasındakı mübahisənin əlbəyaxa davaya çevrilərək Orucun Hüseynağanı öldürməsi və gərgin musiqinin müşaiyət etməsi gərginliyi artırmaqla vəziyyəti mürəkkəbləşdirir. Qətli törətdikdən sonra Orucun beldəki qanı silməsi çaşqınlıq doğurur ki, bu baxımdan film hekayəni üstələyə bilmir. Məlum mənbəyə əsasən Oruc beldəki qanı deyil, belin dəstəsindəki öz barmaq izlərini silməli idi. Lakin barmaq izləri qalır. Bunun ardınca cinayət yerindən qaçarkən ayağı burxulan Orucun maşınla  bağ evindən xeyli uzaqlaşdıqdan sonra əşyayi-dəlil qoyduğu üçün geri qayıtması və onları yox etməyə çalışması mənasız görünür.

 

Orucun özünə  alibi qazanmaq üçün əvvəlcə xəstəxanaya daha sonra aptekə getməsi, ən sonunda evinə qayıtması və Pakizəyə işlərinin olduğunu söyləməsi səhnəsi filmin hekayəni üstələyə bilmədiyi səhnələrdəndir.

 

Orucun hamamda əl-üzünü yuyarkən fikrə getməsi və bu zaman gərgin musiqi ilə bərabər polis sirenalarının eşidilməsi onun psixolojik durumunun ağırlaşdığından xəbər verir. Qonaq otağına keçdikdən sonra Pakizənin Oruca Baləmi adında birinin zəng vurmasını söyləməsi öncəki təlaşın daha da artmasına səbəb olur. Divanda yuxulayan Orucun qapının zənginə ayılaraq onu açması və qapının zəngini çalan şəxsin Baləmi olması gözlənilməzlik effektini əks etdirir.

 

Baləmi ilə söhbətdən sonra hər şeyin qismən normaya düşməsinə rəğmən baş vermiş cinayətdən hələ də xəbər çıxmamasından, polislərin gəlib ondan Hüseynağayla bağlı sorğu-sualın aparmamasından narahat olan Orucun Məşhədə ziyarətə gedib-gəlmək haqqında maraqlanmaq bəhanəsi ilə Baləmiyə zəng vurması onun baş verənlərlə bağlı şübhələrindən xəbər verir. Telefonla danışarkən Orucun Baləmidən uşaqları barədə sual verməsi zamanı Hüseynağanın  görüntüsünün ekrana gəlməsi audiovizuallığı artırmaqla yanaşı zəngin əsas məqsədi aydınlaşır. Söhbət zamanı Hüseynağanın sağ olduğundan əlavə onun Rusiyaya alverə getdiyini öyrənən Orucun psixi durumunun daha da ağırlaşması və daxili konfliktin artmasına səbəb olur. İşdən evə tez gələn Orucun hamamda aynanın qarşısında öz içində Hüseynağa barədə müzakirə apardıqdan sonra bağa getməyi qərara alması filmin sonunu yaxınlaşdırır.

 

Məlum hadisədən sonra ilk dəfə bağa gələn Orucun yenidən oxşar hadisəylə üzləşməsi: qapı cəftəsinin burulması, özünü Hüseynağa olduğunu söyləyən Albinosun yataq otağında uzanması, yenidən beli yerdən qaldıraraq Orucun üstünə hücum etməsi, gərgin musiqinin müşaiyəti ilə Orucun özünü müdafiə edərək onu öldürməsi və ən əsası hər iki hadisədə davanın ağ-qara fonda verilməsi  - bütün bu baş verənlərin əslində Orucun zehnində olduğu aydınlaşır. Havanın yağmurlu və küləkli olmasının, bununla yanaşı yüksək cərəyanlı xətlərin həyətə aşmasının ekrana gəlməsi - bütün bunlar vizuallığı artırsalar da, prinsipcə gecikir. Və bu gecikmə təsirliliyi azaldır. Zənnimcə havanın yağmurlu və küləkli olmasını Oruc maşınla bağa gələrkən yolda və davam olaraq həyətin qapısından içəri daxil olarkən verilsəydi daha təsirli ola bilərdi.

 

Evdən çarəsiz halda çıxan Orucun pilləkana yaxınlaşaraq psixi vəziyyətinin korlandığını qəbul etməməsi, buna səbəb kimi Baxıcının ona dediyi sözləri xatırlaması, yaş torpağa ayaq basaraq yüksək cərəyana məruz qalaraq ölümündən sonra onun özündən başqa bütün personajların Qaranlıq Bağda toplanması müəllif filmlərinə xas sonluqdur. Bununla da müəllif yas mərasimini özünəməxsus şəkildə təqdim edib.

 

Sahib KƏRİMOV

525-ci qəzet.- 2016.- 1 mart.- S.7