Fərhad XəlilovunTbilisidə fərdi sərgisi açılıb

 

 

 

Tiflisdə Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin, Azərbaycan Milli İncəsənət MuzeyiGürcüstan Milli Muzeyinin dəstəyi ilə Dimitri Şevardnadze adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının sədri, görkəmli rəssam  Fərhad Xəlilovun rəsm əsərlərinin sərgisinin açılışı olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərginin açılışı zamanı Gürcüstan Milli İncəsənət Muzeyinin direktoru David Lordkipanidze Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Əliyevin  Fərhad Xəlilova Gürcüstanda sərgisinin açılması münasibəti ilə ünvanlandığı təbrik məktubunu oxuyub.

 

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Rusiya Müasir İncəsənət Qalereyasının direktoru Leonid Bajanov, general Kamil Məmmədov,  Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani çıxış edərək rəssam F. Xəlilovun Tiflisdə sərgilənən müasir incəsənət əsərlərinin böyük əhəmiyyət kəsb etdiyini, bu əsərlərin Azərbaycan-Gürcüstan münasibətlərində yeni səhifə açdığını, həmçinin gürcü və azərbaycanlıların həmişə bir yerdə olduğunu, belə əsərlərin ölkələrin birliyinə xidmət etdiyini bildiriblər. Tədbirdə çıxışçılar həmçinin F. Xəlilovun rəsm əsərlərinin  zamanın çağırışlarına cavab verdiyi bildirilib.

 

Sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərgiyə gələnlərin hər birinə təşəkkürünü bildirib: "Mən çox şadam ki, bu gün Tiflisdəyəm. Nəhayət, bu şəhərdə də mənim sərgim təşkil olunub. Bu mənim üçün şərəfdir. Mən sərgini təşkil edənlərə və açılışda iştirak edənlərə təşəkkürümü bildirirəm."

 

Sonra sərgidə nümayiş olunan 40-dək rəsm əsərlərinə baxış keçirilib.  Tədbirdə Gürcüstanın görkəmli incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri, beynəlxalq təşkilatlar, gürcü rəssamları, Gürcüstan parlamentinin deputatları, QHT rəhbərləri, jurnalistlər və Tiflis sakinləri iştirak ediblər.

 

Qeyd edək ki, Fərhad Xəlilovun London, Berlin, Moskva, Bakı, Paris, həmçinin 40 ölkənin sərgi salonlarında müxtəlif janrlarda əsərləri sərgilənib.  Sərgi martın 22-dək davam edəcək.

 

525-ci qəzet.- 2016.- 3 mart.- S.7.