"Qarlı aşırım" ədəbi hadisə kimi

 

VƏ YAXUD ESTETİK DÜŞÜNCƏNİN DİNAMİKLİYİ, TƏNQİDİ DÜŞÜNCƏNİN STATİKLİYİ

 

 

Fərman Kərimzdənin "Qarlı aşırım" romanının keçən əsrin 70-ci illər nəsrində ədəbi hadisə kimi meydana çıxması tənqid və ədəbiyyatşünaslıqda heç bir mübahisə doğurmur.

 

Tarixə müəllif baxışının orijinallığı roman haqqındakı ciddi tənqid və ədəbiyyatşünaslıq yazılarında xüsusi qeyd olunur.

 

Roman haqqında İ.Şıxlı, A.Əfəndiyev, Y.Qarayev, A.Hüseynov, Y.Axundlu, X.Əlimirzəyev, N.Cəfərov, N.Cabbarov və başqaları mülahizələr söyləmiş, əsəri ideya-estetik cəhətdən dəyərləndirməyə çalışmışlar. Y.Qarayev "Qarlı aşırım"ı "tarixi mövzunun yeni imkanlarını üzə çıxaran" əsər kimi dəyərləndirmişdir. Prof. N.Cəfərov F.Kərimzadənin yaradıcılıq yoluna qısa ekskursunda bu əsəri nəzərdə tutaraq yazırdı: "F.Kərimzadəyə qədər Azərbaycan kəndində "sosializm quruculuğu"nun -  "kolxoz oyunu"nun ədəbi tarixi özünü bu miqyasda, bu keyfiyyətdə heç zaman göstərməmişdi. Və hələ neçə illər də göstərməyəcəkdi".

 

Tənqidçi-ədəbiyyatşünas X.Əlimirzəyevin də roman haqqında aşağıdakı mülahizəsi maraq doğurur: "Qarlı aşırım" romanında, hər şeydən əvvəl, tarixi hadisələrə, ictimai gerçəkliyə ayıq, obyektiv münasibət, müasirlik duyğusu hiss olunur. Həmin məqalədə "Qarlı aşırım"ı irs-varislik əlaqəsi kontekstində dəyərləndirməsi, başqa sözlə, müəllifin ənənədən gələn stereotiplərə müqavimət göstərməsini və mövzuya tam yeni bir həll verməsini önə çəkən mülahizəsi də tənqidçinin ədəbi prosesin irəliyə doğru hərəkətinə həssas yanaşmasından xəbər verir.

 

Ümumən əsərə münasibətdə tənqid və ədəbiyyatşünaslığın mövqeyində təqdir tendensiyası əsas idi və sosrealizmin stereotiplərini büsbütün qıran bir əsərə yanaşmada bu kifayət qədər müsbət bir hal idi.

 

"Qarlı aşırım" yaxın tarixi keçmişin hadisələrini təhlil predmetinə çevirmişdi  

 

hadisələrin təsvirində müəllif tarixin "şifahi ənənə"dəki obrazını əsas götürmüşdü. Başqa sözlə, müəllif 20-30-cu illərdə böyüyüb-başa çatdığı el-obada Sovet hökumətinin  Azərbaycana gəlişi, bu gəlişdən keçən on il müddətində baş verən hadisələr, elliklə kollektivləşmə hərəkatı haqqında öyrənib - bildiklərini, araşdırıb - dəqiqləşdirdiklərini yazıçı təfəkküründən keçirərək bədii əsərin əsas materialına çevirmişdi.

 

Tənqidçi A.Hüseynov yazırdı: "Yazıçılarımız obrazları əsasən və ya ancaq sosial-sinfi tipiklik baxımından canlandırmaq kimi vaxtı ilə ədəbiyyatımızdqa güclü olan meyldən uzaqlaşırlar, indi daha tez-tez  sosial-sinfi səciyyəvilik milli səciyyəviliklə qovuşur. Millilik, milli boyalar surətin sinfi mahiyyətini, onun sosial istiqamətdə ümumiləşən təbiətini müəyyən konkret mühitdə təsvir etmək üçün yalnız çalarlar, ancaq naxışlar rolunu oynamır.

 

Milli əlamətlər, milli mənəvi-psixoloji xüsusiyyətlər surətlərin xarakterini, onların mühakimə və davranış tərzini müəyyənləşdirən şərtlərə çevrilir, başqa sözlə desək, təkcə sinfi mündəricənin milli formada, konkret məkanda təzahür tərzinin spesifikliyi kimi yox, eyni zamanda, şəxsiyyətin daxili mündəricəsi kimi meydana çıxır". Bu ümumiləşdirmələr 60-70-ci illərdə meydana çıxan tarixi nəsr nümunələri - "Dəli Kür", "Qarlı aşırım", "Geriyə baxma, qoca" romanları üzərində 80-ci illər tənqidində aparılan dəqiq müşahidələrdən doğurdu.

 

A.Hüseynovun qənaətləri nəsrin irəliyə doğru hərəkətini, onun keyfiyyətcə yeni mərhələyə keçməsini, bu mərhələnin əlamətdar estetik özünəməxsusluqda, milli kaloritin daxili məzmununda meydana çıxmasını işarələyirdi. Lakin ədəbi prosesdə sinfi məzmunun və xarakterin öz yerini milli məzmuna və xarakterə verməsi bu tip əsərlərin yazıldığı onilliklərdə - 60-70-ci illərdə tənqiddə birmənalı qarşılanmır, tarixi mövzunun yeni tipli bədii həllinə sinfi-sosioloji kontekstdə elmi şərh vermək ənənəsi davam edirdi. "Qarlı aşırım"ın meydana çıxdığı illərdə tənqidi düşüncə estetik düşüncədən geri qalır, mövzunun işlənməsində milli psixologiyanın önə çəkilməsinin tarixin həqiqətlərinin daha dərindən və obyektiv açılmasına xidmət etməsini dəyərləndirə, başqa sözlə, dərk edə bilmirdi. Çünki ədəbi-tənqid məsələlərə ideoloji müstəvidə elmi həll vermək düşüncəsindən tamamilə xilas ola bilmirdi. Əlbəttə,

 

ədəbi tənqid tarixi mövzunun işlənməsindəki "milliləşmə"ni görürdü. 

 

İstər "Dəli Kür"də, istərsə də, "Qarlı aşırım", və yaxud "Geriyə baxma, qoca"da get-gedə güclənməkdə olan milli kaloritə, qəhrəmanın xarakterində əhəmiyyətli dərəcədə yer tutan milliliyə diqqət yetirir, bu cəhəti qeydə alırdı. Lakin tənqid qəhrəmanın millilik keyfiyyətlərini onun sinfi təbiətinin xarakterinə görə dəyərləndirirdi. Başqa sözlə, tənqid milliliyi "sinfi mündəricənin milli formada, konkret məkanda təzahür tərzinin spesifikliyi" kimi (A.Hüseynov) izah edirdi. Estetik düşüncədə tarixi keçmişin (eyni zamanda yaxın tarixi keçmişin) milli məzmunda dərki və əksini tənqidi düşüncə sinfi məzmunun bədii ifadəsi kimi dərk və izah edirdi.

 

Bədii təsvirdə qəhrəmanın milli təbiəti onun sinfi təbiətini tam şəkildə üstələdiyi, qəhrəmanın xarakteri tarixi varlıqdan gələn keyfiyyətlərlə müəyyənləşdiyi və onun hərəkətini tənzimlədiyi halda, ədəbi tənqid qəhrəmanın sinfi səciyyəsini qabardır, hətta onun milli tarixi varlıqdan gələn xüsusiyyətlərinə də sinfi məzmun verməyə çalışırdı. A.Hüseynovun mülahizələrindən çıxış etsək və bu mülahizələri bir qədər də inkişaf etdirsək, deyə bilərik ki, əgər Sovet dövrü nəsrinin ilk mərhələlərində millilik "yalnız çalarlar, ancaq naxışlar rolunu" oynayırdısa və yeni keyfiyyət mərhələsinin nəsri milliliyi öz daxili məzmununda dərk və ifadəyə can atırdısa, ədəbi tənqid bu inkişafdan geri qalır, onun hətta "təpədən dırnağa qədər milli insanları" (İ.Şıxlı) bədii təhlil müstəvisinə gətirən "təkrar olunmaz dərəcədə milli kaloritə malik" olan İ.Şıxlı "Qarlı aşırım romanına verdiyi təhlillərdə millilik "çalar" və "naxış" səviyyəsində dəyərləndirilirdi. Tənqid "Qarlı aşırım" romanında "tarixi hadisələrə, ictimai gerçəkliyə, ayıq, obyektiv münasibət"i duyur, bu cəhəti əsərin müasirliyini şərtləndirən əsas cəhət kimi qiymətləndirir, lakin bu "ayıq münasibət"in məzmununu yarımçıq və birtərəfli izah edir, bu yarımçıqlıq və birtərəflilik də son nəticədə əsərin həqiqi mahiyyətini, başqa sözlə, novatorluğunu üzə çıxara bilmirdi.

 

Bunun əsas səbəbi o idi ki, tənqid milliliyi əsərin bütöv məzmununda yox, ayrı-ayrı obrazların xarakterində axtarırdı. Digər bir səbəb isə o idi ki, tənqid romanın konfliktini üst qatdan qavrayır, bu konflikti yeniliklə köhnəliyin mübarizəsi, inqilabi qüvvələrlə əks-inqilabi qüvvələrin qarşıdurması kimi başa düşür, süjetin hərəkət trayektoriyasını kollektivləşmə uğrunda əks qütblərin mübarizəsinin cızdığını düşünürdü. Bədii konfliktin səciyyəsinin ənənəviliyə düçar edilməsi nəticə etibarı ilə romanı kollektivləşmə uğrunda mübarizədən bəhs edən ənənəvi romanlar cərgəsinə salırdı. Prof. X.Əlimirzəyev yazırdı: "Romanın süjeti gərgin dramatik hadisələr əsasında qurulmuşdur. Oxucu xəyalən yaxın keçmişə, iyirminci-otuzuncu illərin siyasi mühitinə, mübarizələrlə dolu günlərə qayıdır, özünü yeni həyatın, yeni cəmiyyətin qurucuları, əli silahlı müdafiəçiləri arasında görür, onlarla birlikdə qarlı aşırımlardan keçir, sinfi düşmənlərlə, yeni ictimai quruluşa qarşı üsyan qaldırmış qolçomaqlarla üz-üzə gəlir, müxtəlif xarakterli, müxtəlif taleli insanlarla tanış olur". Tənqidçi A.Əfəndiyevin romana yanaşmalarında məsələlərə ideoloji-sinfi baxış daha çox önə keçir, əsərin bütün məzmunu, bədii konflikti və xarakterləri inqilabi hadisələrə müsbət və mənfi münasibətin dərəcəsi ilə ölçülür.

 

İnqilaba münasibət tendensiyası ilə o, Kərbəlayı İsmayılı əsərin mənfi, Abbasqulu bəyi isə müsbət qəhrəmanı kimi səciyyələndirir.

 

A.Əfəndiyevin təfsirində "Qarlı aşırım"da özünü göstərən millilik sinfi səciyyəyə müncər edilir. 

 

O, romanda Kərbəlayı İsmayılın "şəxsi ləyaqətini qorumağa çalışan, ağsaqqallıq keyfiyyətlərinə malik olan, məğrur, bütöv şəxsiyyət" olduğunu etiraf edir.

 

Bununla belə, milli varlığın tarixi xarakterindən gələn kişilik və mərdlik sifətlərini Kərbəlayının xarakteri üçün "sönük və cılız" hesab edən tənqidçi eyni keyfiyyəti Abbasqulu bəyin simasının "parlaq ifadəsi" hesab edir.

 

Milliliyə sinfi məzmun verilməsi "Qarlı aşırım"ın təhlillərində digər ciddi yanlışlıqlara və yarımçıqlığa da yol açmışdır. Bu cəhət ən çox Qəmlo obrazına verilən təhlillərdə özünü göstərir. Tənqidçi A.Əfəndiyev "Qəmlo obrazında psixoloji, bədii natamamlıq görür" və hesab edir ki, bir surət olaraq "Qəmlo bir sirr olaraq qalır". Bu obrazın estetik funksiyası prof. X.Əlimirzəyev üçün də anlaşılmaz qalır. Həmin anlaşılmazlıq tənqidçini belə bir qənaətə gətirir ki, "onun (Qəmlonun - T.S.) yeni quruluşa, inqilabçılara, adi zəhmətkeşlərə qarşı sonsuz qəzəbinin, düşmənçilik hissinin səbəbləri yaxşı açılmamışdır, bədii, məntiqi cəhətdən tam və hərtərəfli əsaslandırılmamışdır".

 

Tənqid üçün Qəmlonun başadüşülməzliyi, "sirr olaraq qalması"nın kökündə nə dayanır? Tənqidə görə,

 

Qəmlonun qatı mənfi estetik funksiyada təqdimi məntiqsizdir.

 

Çünki o, sinfi mənsubiyyətinə görə aşağı təbəqədəndir və o inqilab tərəfdarlarının yanında olmalı, əks-inqilaba qarşı vuruşmalı idi. Yenə də tənqidin məntiqinə görə, əgər Kərbəlayı İsmayıla arxa duracaq, qan tökməyə həris, cəllad xarakterli bir əlaltı lazim idisə, onda F.Kərimzadə bu adamı yuxarı təbəqəyə mənsub biri kimi təsvir etməli idi. Məhz bu zaman sinfi mənsubiyyətcə əzilənlərdən olan, yeni hakimiyyətin gəlişindən heç bir şey itirməyən Qəmlo obrazı haqqında tənqidin hətta əsəblərinin gərilməsinə səbəb olan çoxsaylı suallar meydana çıxmazdı: "Onu hansı mühit yetişdirmişdir? Hansı mənfur əqidə Qəmlonu vəhşi canavara çevirmişdir?" və s. və i. Aşağı təbəqəyə mənsub Qəmlonun yuxarı təbəqəyə mənsub Kərbəlayı İsmayılın yanında olması tənqid üçün qəbuledilməz və anlaşılmaz (əsl həqiqətdə isə qəlibəsığmaz) olduğu halda və bu cəhət əsərin bədii məntiqinin bütövlüyünə xələl gətirən keyfiyyət hesab edildiyi halda, varlı təbəqəyə mənsub Abbasqulu bəyin aşağı təbəqənin yanında olmasında heç bir məntiqsizlik axtarılmır. Halbuki, F.Kərimzadə Qəmlonu hansı məntiqlə Kərbəlayının yanında təsvir edirsə, həmin məntiqlə də Abbasqulu bəyi İmanın yanında təsvir edir. 

 

Bəs bu məntiq hansıdır? 

 

F.Kərimzadə milli xarakterin daxili məzmunundan, daha çox isə, insanın mürəkkəb təbiətindən çıxış edir, onu daxili mürəkkəbliyində, dünyagörüşünün müxtəlifliyində verir. Burada sinfi mənsubiyyət həlledici rol oynamır. Yazıçıya görə, obrazın düşüncə və əməlləri milli psixologiyadan və insani təbiətinin xarakterindən güc alır. Tənqidi düşüncənin estetik düşüncə ilə daha çox uyğunlaşmağa başladığı, ideoloji-sosioloji inersiyadan büsbütün qopmağa cəhd etdiyi 80-ci illərdə belə özünə yer alan aşağıdakı tezislər ("Milli psixologiyada da sinfi cəhət müəyyənedicidir"; "Milli xarakter sinfi şüurla şərtlənir"; "İstismarçılar öz sinfi təbiətlərinə görə milli xarakterin əsl xəlqi, mütərəqqi mündəricəsindən nəinki uzaqdırlar, həm də bununla ziddiyyət təşkil edirlər" - A.Hüseynov. "Qarlı aşırım" müəllifi üçün qəbuledilməz olur. "Qarlı aşırım"da mövzuya verilən estetik həll sinfiliyin tələblərinə yox, milli varlığın yazılmamış qanunlarına tabe tutulmuşdur. 80-ci illərdə əsərlərə verilən elmi təfsirlərdə, ədəbi-tənqidi təhlillərdə sinfiliklə milliliyin nisbəti əsasən dəyişir. Bədii mətnə ideoloji cəhətdən daha azad baxış daha obyektiv qənaətlərin  irəli sürülməsinə səbəb olur. İdeologiyanın tələblərindən irəli gələn nəzəri tezislər praktik təcrübədə özünü doğrultmadıqda, tənqid bədii mətn həqiqətlərində gizlənən estetikliyi şərh etməyə üstünlük verir. A.Hüseynovun və Y.Qarayevin 80-ci illərin siyasi-mənəvi iqlimi şəraitində "Qarlı aşırım"ın ideya mündəricəsi ilə bağlı irəli sürdüyü mülahizələr demokratikliyi və bədii mətnin həqiqətlərinə yaxınlığı ilə fərqlənir.

 

Müşahidə edirik ki, 70-ci illər tənqidi Kərbəlayı obrazını Qəmlo obrazı ilə eyni müstəvidə təhlil etməyə üstünlük verir.

 

Lakin 80-ci illər tənqidi məsələni birmənalı sinfi müstəvidə dəyərləndirməkdən çəkinir. 70-ci illərin tənqidində millilik obraza vurulan "naxış" statusunda çıxış edirdisə, 80-ci illərdə tənqid obrazı milli xarakterində bütöv görür, lakin sinfiliyi ona calaq etmək məcburiyyətində qalır.

 

80-ci illər tənqidinin diqqətəlayiq cəhətlərindən biri budur ki, o, Kərbəlayını xarakter baxımından Qəmlo ilə yox, Abbasqulu bəylə eyni müstəvidə təhlilə cəlb edir. Bu isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, 

 

indi tənqid "Qarlı aşırım"da ayrı-ayrı obrazların sinfi təbiətini milliliklə işıqlandırmağa can atmır, 

 

əksinə, romanda "milli psixologiyanın ümumiləşdirici keyfiyyətləri"nin estetik təzahürünü müşahidə edir. Tənqidin müşahidə etdiyi bu cəhət onunla əlamətdardır ki, romanın dramatizmini şərtləndirən bədii konfliktin kökünü açan səbəbləri tarixi həqiqətə uyğun şəkildə görməyə bizə imkan verir. A.Hüseynov yazır: "...Kərbəlayı İsmayılda da, Abbasqulu bəydə də biz təmkinlilik, öz ləyaqətini gözləmək xüsusiyyətlərini müşahidə edirik. Bunlar elə təsvir olunmuşdur ki, milli psixologiyanın ümumiləşdirici keyfiyyətləri kimi nəzərə çarpır. Hər iki surətdə namus, qeyrət hissi güclüdür". Maraqlıdır ki, tənqid Abbasqulu bəyi və Kərbəlayı İsmayılı "milli psixologiyanın ümumiləşdirici keyfiyyətlərinin" daşıyıcısı kimi ümumiləşdirəndə, Kərbəlayı İsmayılla Qəmlonun xarakter baxımından tamam fərqləndiyini, birincisini millətin əsas keyfiyyətlərini özündə simvollaşdıran obraz, ikincisini isə adi insani keyfiyyətlərdən məhrum obraz kimi xarakterizə etməyi də unutmur. Məhz bu zaman obrazların təbiətinə analitik nüfuzda sinfilik tamamilə arxa plana, millilik isə önə keçir. 80-ci illər tənqidi milliliyi romanın bütövlükdə ideya məzmununda, xarakterlərin inkişaf dinamikasında, süjetin hərəkətində, xarakterlərin tale yolunun müəyyənləşməsində çıxış nöqtəsi kimi alır, elmi dəyərləndirmədə onu aparıcı meyara çevirir. "Qarlı aşırım" romanına yanaşmada bu mülahizələr zamanına görə tənqidin çox dəqiq, sərrast müşahidələridir. Tənqidin bu yöndəki mülahizələrində o həqiqətlər səslənib ki, o həqiqətlərə işarə edilib ki, o zamanda tənqidçi sözünün gücü son həddə bunu deməyə çatardı. Y.Qarayev "Qarlı aşırım"da cərəyan edən hadisələrə

 

"Ümumbəşəri əxlaq-mənəviyyat probleminin bədii əksi" 

 

kimi yanaşır və hesab edir ki, roman "İnsan və onun ləyaqəti barədə ibrətli hekayədir". Romanın bu tipli yozumunda əks qütblərdə dayanan bütün obrazların daxili aləmini elmi analizdən keçirmək, hətta "mənfi" qəhrəmanlara da "onların hərəkətlərini şərtləndirən daxili impulslar" çərçivəsində mənəvi bəraət qazandırmaq imkanı var. Lakin tənqidi düşüncənin romana yanaşmasında ən böyük bəraət inqilaba qazandırıldığı üçün, inqilab düşmənlərinə qazandırılan bəraətlər həqiqi təsdiqini tapa bilmir. Tarixi hadisələrin təsvirinin təfsirində inqilaba "məhəkdaşı rolu" (A.Əfəndiyev) verildiyi üçün romanın yazılmasına səbəb olan ictimai ideal, yazılışında əks olunan müəllif mövqeyi obyektiv şəkildə işıqlandırılmır, milli varlığın inqilaba əsl münasibətindən, inqilab və xalq qarşıdurmasından söhbət açılmır. Axı 20-ci illərdə Azərbaycan xalqı üzərinə dağ seli kimi gələn bolşevizmə, bir qədər sonra ortaya atılan "kolxoz oyunu"na (N.Cəfərov) heç də qucaq açmamışdı.

 

Sovet hökuməti və milli varlıq qarşıdurmasında çox qanlar tökülmüşdü. 

 

Romanda, bu tökülən qanların səbəbi heç də Kərbəlayı İsmayılın qaldırdığı qiyamda axtarılmır. İnqilab-Kərbəlayı İsmayıl qarşıdurmasında inqilaba "haqq işi uğrunda mübarizə" statusu verilmir. Kərbəlayı İsmayılı qiyama aparan yollar heç də tənqidin izah etdiyi kimi, mal-dövlət hərisliyindən, yaxud onun mülkədar-istismarçı təbiətindən irəli gəlmir. Fikrimizcə, roman tamam başqa bir əhvali-ruhiyyə ilə yazılıb, əsər üzərində işləyərkən yazıçı tamam başqa bir ahəngə köklənib. Olsun ki, romanı yazarkən Kərbəlayının qan düşməni Usuboğlunun qapısına gedərkən geydiyi kəfəni, ilk öncə, F.Kərimzadə özü geyinib. Çünki bu romanın daxili qatlarında müəllifini dar ağacına apara biləcək çox mətləblər əks olunub.

 

Təyyar SALAMOĞLU

525-ci qəzet.- 2016.- 3 mart.- S.6