Ağdamda nəyim qaldı?  

 

 

 

Arvad şəhərə köçüb gəlməyini nə özünə bağışlaya bilirdi, nə Papama. Bəlkə də demişəm, amma təkrarın ziyanı yoxdu, arvad “erməni-gürcü” deyəndə erməni öz yerində, gürcü sözü Faynşteynlərə aid idi, cuud əvəzinə gürcü deyirdi.

 

Beləliklə, bütün həyət bildi ki, məsələ xeyli ciddidir: Almazla Robert arasında sevgi yaşanır, hələ bu azmış, sevgililəri gecənin bir aləmində, bütün məhlənin yatdığı vaxt həyətin hansı küncündə isə öpüşən görmüşdülər. Görən də kim olsa yaxşıydı? Əlbəttə, Qəzənfər! Arvadı “qaçandan” sonra uzun gecələrini haralardasa qısaldan bu subay kişi evə qayıdanda Robertlə Almazı həyətin qaranlıq bir yerində qucaqlaşıb öpüşən görmüşdü. Səhərisi Dəyirman həyəti Qəzənfərin informasiyasından dik dayanmışdı.

 

Əvvəl-əvvəl həyət bu macəra haqqında pıçıldaşırdısa, bu öpüşmə məsələsi hadisələrin gedişini qızışdırıb konflikti dərinləşdirdi. Hadisələr sürətlə kuliminasiyaya yaxınlaşdı. Gizli danışılanlar aşkarda səsləndi. Bu məhlədə heç vaxt elə bir aktuallıq kəsb etməyən milli məsələ gündəmə gəldi. Azərbaycanlılar Almazı qınayır, ermənilər Roberti. Bir Knarik məsələyə dözümlü yanaşır, indiki dillə desək yüksək tolerantlıq nümayiş etdirir:

 

- Qələt eliyir onu deyən! Noolsun erməni dəyil, zato yaxşı qızdı. - Bu yerdə səsindən alır və ermənicə davam eləyir. - Bir az ailəsi tayımız dəyil, amma neynim, uşağım istiyir.

 

O vaxtlar Knarik hələ Baqratı süpürgə ilə döyüb, yekə dalını ona göstərib ədəbsiz təklifdə bulunmamışdı. Aralarında diplomatik münasibət kəsilməmişdi, hərdən Arusyakla dərdləşirdi erməni dilində. Beynəlmiləl məhəbbət məsələsi ümumi müzakirəyə çıxanda Arusyak Knarikə məsləhət görür ki, Roberti çəkindirsin bu yoldan, onlar evlənsələr də, axırı yoxdu. Heç vaxt erməni ilə türk xoşbaxt ola bilməz. Knarik cavabında deyib ki, axçi, cəhənnəmə, istəməzlər, boşanarlar. Robert qız deyil ki! Qoy qızın dədəsi Səfər fikir eləsin. Onda Arusyak kəskin bir arqument qoymuşdu ortaya: bəs uşaqları olsa, onda necə? Damarında türk qanı axan nəvəni sən necə doğman biləcəksən? Knarik duruxub: axçi, bu heç mənim ağlıma gəlməyib. Arusyak isə sakitləşmir, bıçağını dərinə işlədir:

 

- Bu zarafat-zarafat oyunu deyil, axçi, ciddi məsələdi. Türk bizim qan düşmənimizdi.

 

Knarik bu sözün qabağında deməyə söz tapmayıb, bəlkə də ağlından keçirib ki, bu türk necə qan düşmənidir ki, Arsen davada olanda Yunus onu heç nədən korluq çəkməyə qoymadı. Balalarını da öz balaları kimi saxladı, yoxsa acından ölərdilər. Arsen qayıdıb gələndə də kişi balası kimi dedi ki, ə, Arsen, arvadını da, oğlanlarını da sağ-salamat qaytarıram özünə. Bəlkə də Knarik heç belə düşünməyib, amma Arusyakın dediyini də qəbul eləyə bilməyib və əlacsızlıqdan sağ əlini iri döşlərinin ayrıcına qoyub Mariya Maqdalina kimi üzünü göyə tutub:

 

- Vay astuvas!

 

Bu söhbətlərin tərcüməsini mənə nərd oynayanda Surayya danışırdı. Papama da çatdırmışdı. Papam hirslənmişdi:

 

- O Baqrat yaxşı kişidi, arvadı poxunyəəndi! Daşnakdı kopaqqızı, gözlərinnən kin, xəbislik yağır. Barı bir arvad ola adamı yandırmaz, g...ü iki yüz qramdı.

 

Burda Surayya Papamın sözlərinə ciyərdən gələn bir qəhqəhə çəkir. Qıraqdan söhbətə qulaq verən və heç vaxt Arusyakı sevməyən Knarik də Surayyanın qəhqəhəsinə qoşulur. Papam ilhama gəlib davam eləyir:

 

- Sən öl, Baqrat kişi adamdı ki, o arvada yaxın dura bilir. Yüz il arvadsız qalam ha, ona gözümün üjüynən də baxmaram. Az, Surayya, sən bilmirsən ey, adam kişilikdən düşər ey! - Arvadlar partlamaq dərəcəsinə gəlirlər. - Nəyə gülürsünüz, az, bəlkə yalan deyirəm? Bu sifətdə arvad olar? - Üzünü uğunub getmiş Knarikə tutur. - Bəlkə düz demirəm, Knarik? O arvaddı? Arvad olar sənin kimi! Yanına bir şapalax çəkif gedəsən bazara, qayıdıf görəssən ki, hələ titriyir quyrux kimi. - Arvadlar deyəsən artıq tumanlarını islatmışdılar. Papam isə sakitləşmir. - Elə Surayyanın özü də pis dəyil, istifadə müddəti hələ bitmiyif.

 

- Axçi, ta mən öldüm! - Surayya gülüşün arasından çırt-pırta oxşayan qəribə səslər çıxardır harasındansa.

 

- Allah güldürsün səni, Mamed! - Knarik nə təhər qızışırsa, çoxdan evdə geydiyi rəngi solmuş nazik krepdişin donunun ətəyi ilə özünü yelləyir, sonra elə həmin ətəyini xeyli yuxarı çəkib tərləmiş buxağını, yaşarmış gözlərini silir. Ağlığından göyə çalan dizləri də çöldə qalır. Papam yumru-yoğun dizləri görüb yeni qüvvə ilə cuşə gəlir:

 

- Bə mən kopolu bəyaxdan nə deyirəm?!

 

Qəzənfərlə söhbətdə isə, Papam məsələyə daha ciddi, milli təəssüb hissi ilə yanaşır:

 

- O Səfər də oğrac adamdı, qınına çəkilib tısıb, guya bu qız onunku dəyil. Denən niyə çəkmirsən ipini? Qızdı dayna, indi onun pis vaxtıdı, sineyvaz yemişi kimi yetişən vaxtıdı, bircə pıçax üjünə bənddi ki, paralansın ortasınnan. Düz demirəm, Qəzənfər?

 

- Bə nədi, Mamed dayı?!

 

- İndi o qızın heylə yaşıdı, bir az da qızıxıfdı, qanmır neynədiyini, bəs denən sən atası dəyilsən bu bihəyanın? Nədi, bəlkə erməniyə yeznə demək istiyirsən, beynamıs kopolu? Gədə də bir gədə ola! Avara, nəşəxor, qumarbaz!

 

 Qəzənfər kişilənir:

 

 -Sən öl, Mamed dayı, heylə bir şey ola ha, mən Səfər-zad tanıyan dəyiləm, o qızı da, o erməni dığasını da inək balasın tafdıyan kimi tafdıyajam, bax, bu həyətin ortasında.

 

Papamın üzündən istehzalı bir təbəssüm keçir:

 

- Səndəki qeyrətə bələdəm, Qəzənfər, amma nahaqdan qan tökmə, gül kimi balan var.

 

Qəzənfər istehzanı hiss eləyəcək naziklikdə deyildi. Odur ki, şöşələnməkdə davam edir:

 

- Mamed dayı, sən bizim ağsaqqalımızsan, amma bu işdə, mən ölüm, sən qıraxda dur, qarışma!

 

Bu xamır çox su aparacaqdı, əgər Almaz özü məsələyə nöqtə qoymasaydı.

 

lll

 

Bir gün yenə qonşuların həyətin ortasında oturub qeybətləşdiyi vaxt söhbət gəlib çıxdı hələ də aktuallığını saxlamış Almaz və Robert məhəbbətinin üstünə. Tədricən söhbət müzakirəyə, müzakirə mübahisəyə, mübahisə davaya çevrildi. Ağız deyəni qulaq eşitmirdi. Söhbət elə qızışmışdı ki, Almazın və ya Robertin danışılanları eşidə biləcəkləri də heç kəsin vecinə deyildi. Yaxşı ki, Robert evdə yoxdu, bulvarda idi, yoxsa möhkəm dava salardı. Hətta öpüşmə məsələsini həyətə Qəzənfərin yaydığını biləndə bıçaqla ona hücum eləmiş, yumşaq yerini bir balaca cızmışdı. Onda qan görən Qəzənfər bərk qorxmuş, xalası Fatmanın həyətinə soxulub qapını daldan bağlamışdı. Arvadların qara-qışqırıqlarının müşayiəti ilə kişilər cumub Roberti tərkisilah etmişdilər. Onda Robert yerdə çox çapalamış, torpağı kürəyi ilə çox eşmiş, nəhayət, gücsüzlüyünü hiss eləyib hönkür-hönkür ağlamışdı.

 

 Həmin hadisə, Qəzənfərin bıçaqdan qorxub bir “erməni dığasının” qabağından qaçması, hələ azmış kimi qaçıb “Fatmanın g...nə girməsi” (ifadə Papama məxsusdu) bir müddət Robert-Almaz məsələsinin özünü belə kölgədə qoymuşdu.

 

Papam bütün bu məsələni bir ağsaqqal müdrikliyi ilə yekunlaşdırmışdı:

 

- Ə, Qəzənfərin yekə-yekə qırıldatmağına baxmıyın ey, dızqağın biridi!

 

Bu yekunla da Qəzənfər avtoritetinin bir hissəsini bıçağın cırdığı şivyot şalvarı ilə bir yerdə itirmişdi, özü də həmişəlik. Elə Papamla söhbətdə Qəzənfər cavanları “tafdıyajam” deyəndə kişinin istehza ilə qımışıb “Səndəki qeyrətə bələdəm” deməsinin səbəbi də buydu.

 

Qayıdaq açıq müzakirəyə. Artıq ağız deyəni qulaq eşitmir. Elə bu yerdə Nənəm dörd oktavalıq öskürəyini “si” pərdəsində bitirib sinəsini boşaldır və açıq-saçıq bir sual qoyur ortaya:

 

- Az, ay beyınsaflar, bir maa da deyin görüm kim kimi öpüf dayna?

 

Çox gərgin bir məqamda verilən bu sual dramatik məclisə bir komediya havası gətirir. Surayya ciyərdən gələn bir qəhqəhə ilə gülür, qalan arvadlar da ona qoşulur.

 

 - Nədaaz, nəyə gülürsünüz, g...ü açılan var burda?

 

Arvadlar daha bərkdən qaqqıldaşır. Onda həmişə Nənəmə istehza ilə yanaşıb onu ciddiyə almayan Gülöyşə arvad az qala qışqıra-qışqıra deyir:

 

- Ay arvad, sən fil qulağında yatmısan?

 

- Harda, harda?

 

- Az, sən hələ bilmirsən ki, Səfərin qızı Knarikin oğluynan gejə hamı yatandan soora həyətdə öpüşürmüş.

 

Nənəm sağ əlini dizinə çırpır:

 

- Buy, əvin yıxılsın, fələk! Az, erməniynən öpüşürmüş?

 

 Arusyak qarışır söhbətə:

 

- Nə olub, az, erməniyə, Zıynat xala?

 

- Az, ta bunnan artıx noolajax?

 

 Gülöyşə Robertdən bıçaq əhvalatına görə yanıqlı olduğundan fürsəti əldən vermir:

 

- Balam, öpüşənnər qalıf qıraxda, pıçaxlanan mənim oğlumdu.

 

-Elə onu de! - Bu, Nənəşin replikasıdı.

 

 -Onda dedim, indi də deyirəm, qurban olsun Knarikə! Yoxsa Qəzənfərin öz canıyçün basdırardım qoduxluğa o qudurğan gədəni!

 

- Çox sağ ol, Gülöyşə xala! Yanında üzüqarayam! Allax balalarını saxlasın, ağbirçəyimizsən. - Təbii ki, bunu Knarik deyir.

 

Nənəm gəlmək istəyən öskürəyini çətinliklə boğmağa nail olur:

 

- Az, bəs qızın dədəsi, o beqeyrət nə deyir buna?

 

Papam Nənəmə təpinir:

 

- Az, sən kiri, təzdən qan salma! Yeri get evə, sənin burda tayın-tuşun yoxdu.

 

- Nədəə, dustağam mən? Yoxsa dilim yoxdu danışmağa?

 

-Niyə yoxdu, var, özü də şah ərşinidi, amma ta xalxın kişisinə beqeyrət nədi deyirsən bu qədər adamın içində?

 

Nənəm az qala qışqırır:

 

- Ə, bəs erməniynən öpüşən qızın dədəsi beqeyrət dəyil nədi?

 

Hardansa, kulisdən Səfərin artıq davakarlığına yaxşı bələd olduğumuz həyasız və söyüşcül, elə ona görə də hamının, elə Papamın da çəkindiyi arvadı Şeydanın hirsdən-hikkədən uzaq rahat, arın-arxayın səsi gəlir:

 

- Səfərə beqeyrət deyənin dədəsinin goruna s...m!

 

Həyətə qəfil sükut çökür və handan-hana Papamın nitqi özünə qayıdır:

 

- Aldınmı, az, payını?

 

Nənəm deyəsən birdən ayıldı. Söyüş ona gec çatmışdı.

 

-Kimdi az, s...mağa yer axtaran o qancıx? Çıxsın qabağıma cabaf versin görüm qızı gejələr həyət-bajada erməni dığasıynan öpüşən kişi beqeyrət dəyil bə nədi? Hələ demirəm ki...

 

 Nənəm doğrudan da demədi, daha doğrusu, deyə bilmədi, amma qorxudan yox, Nənəm hələm-hələm qorxan arvad deyildi, öskürək bağladı arvadın gül ağzını. Həm də qəfildən elə bir hadisə baş verdi ki, çox sonralar da , Dəyirman həyəti onu həyəcansız danışa bilmirdi.

 

Bəli, Nənəm elə təzəcə öskürəyə başlayıb, Əlibaba Məmmədov demiş, “mi” pərdəsinə çatmışdı ki, bir az əvvəl Şeydanın səsi gələn tərəfdən qəfil qara-qışqırıq qopdu; qabaqda paltarı su içində ayağıyalın Almaz, dalınca bir az əvvəl səsi, indi özü çıxan əyriayaq raxit Şeyda, onun dalınca dördüncü sinfə qədər bir yerdə oxuduğum yoğun bədənli, qısa ayaqlı Gülər, onların da dalınca bir sürü müxtəlif yaşda, ölçüdə uşaq nəsə deyə-deyə, qışqıra-qışqıra həyətin ortasına yüyürdü. Yürüş iştirakçıları, deyəsən, Almazı saxlamaq, əlindən nəyisə almaq istəyirdilər, amma ona çata bilmirdilər.

 

Mən Almazın əlində kibrit qutusunu birdən gördüm. Qız qaça-qaça kibriti yandırmağa çalışırdı. Deyəsən tək mən deyildim kibriti görən. Arvadların qışqırığı ilə  Almazın oda bələnməsi bir oldu. İndi bildim ki, onun üstü-başı sudan yox, nöyütdən islanıbmış.

 

Əli Əmirli

525-ci qəzet.- 2016.- 5 mart.- S.23.