Novruz bayramı “Molla Nəsrəddin” jurnalının səhifələrində

 

 

Milli bayramımız olan Novruz xalqımızın əsrlər boyu sevə-sevə yaşatdığı ən gözəl bayramlardan biridir.

 

Özündə xalqımız üçün xarakterik olan bir çox adət-ənənələrin daşıyıcısı olan bu milli bayramımız əsrlərin sınağından üzü , alnı açıq çıxıb.

 

Novruz bayramının yaşı o qədər qədimdir ki, hələ də onun yaradılışı və formalaşması haqqında mübahisəli fikirlərlə qarşılaşırıq. Bəzi mənbələrdə bu bayramın dünyanın ilk hökmdarı Kəyumərsin zamanından keçirildiyi söylənilir. Digər mənbələrdə isə əfsanəvi hökmdar Cəmşidin dövründən xalqımızın həyatına daxil olduğu göstərilir:

 

Cəmşidi-cəmin səltənəti oldusa pamal

Səd şükr olub iqbal

Bayram bizə miras yetişdi əgər İran

Oldu dəxi viran. (Cüvəllağı bəy)

 

“Molla Nəsrəddin” jurnalında dərc olunan “Novruz bayramı” şeirində isə bu bayram İmam Əlinin adı ilə bağlanılır:

 

Hərzəvü hədyan deyib gəl beynimi qazma dəxi

Türklərin hali-pərişanın bizə yazma dəxi

Sən nə millətsən onu qan, düz yolu azma dəxi

Şiəsən saxla Əli bayramını pozma dəxi

O nə surətdir çəkibsən başqa bir əfsanə sən

Bilməmişdim əfv elə divanədən divanəsən.

 

Novruz bayramının Zərdüştün zamanında yarandığını iddia edənlər onu atəşpərəstliklə əlaqələndirirlər. Ancaq qeyd etmək lazımdır ki, bu bayramın yaşı xalqımızın yaşı qədər qədim və uludur.

 

Ərəb xilafəti zamanında Novruzu islamçılıqla bağlamağa cəhd edənlər də olmuşdur. Lakin bu qədər möhtəşəm, xoş ovqatlı, yüksək əhval-ruhiyyəli bayramın çoxəsrlik və böyük tarixi keçmişə malik olan bir xalq tərəfindən yaradıldığı heç bir şübhə doğurmur.

 

Novruz bayramı ilə bağlı məlumata dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İskəndərnamə” poemasında da rast gəlirik. Əsərdə göstərilir ki, Bərdə hökmdarı Nüşabə İskəndəri məhz Novruz bayramı günü tonqal başında və süfrəyə düzülmüş çeşid-çeşid nemətlərlə qarşılayır. Lakin zaman keçdikcə milli bayramımıza dini don geyindirməyə çalışmışlar.

 

Keçən əsrin 60-cı illərinə qədər Sovet rejimi Novruz bayramının təntənəli şəkildə qeyd olunmasına müəyyən maneçiliklər törətməyə çalışmışdır. Buna baxmayaraq xalqımız bu bayramı həmişə qəlbində yaşatmışdır.

 

Novruz bayramı həmişə milli mətbuatımızın diqqət mərkəzində olmuşdur. Bu baxımdan “Molla Nəsrəddin” jurnalının təmənnasız xidmətləri danılmazdır:

 

İştə Novruz! Yetişdi fəsli-bahar

Gəldi işrət zamanı, qardaşlar!

Nə gözəl bayram... ah nə xoş fürsət!

Sayılır əhli-zövqə bir nemət!..

Böylə şad gün düşərmi bir də ələ?

Keçirin beş gün ömrü ləzzət ilə. (H.C.)

 

“Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti dövründə hər ilin mart buraxılışlarında Novruz bayramı ilə bağlı yazılara öz səhifələrində geniş yer vermişdir. Jurnalın 1926-cı il mart ayının 11-ci nömrəsində dərc olunan “Bahar fəsli” məqaləsində deyilir: “Bir neçə gündür ki, havalar düzəlib, gün çıxır, otlar göyərməyə başlayır, qərəz, bahar yaxınlaşır. Doğrudan da beş-on gündən sonra martın iyirmi ikisində bahar daxil olur. Bahar daxil olmaqla təbiət dəyişdiyi kimi bir çox işlər də dəyişir.

 

Payız və qışın ağır iş aylarından sonra indi bahar ayları gəlir, bahar və sonra yay ayları isə tənəffüs və dincəlmək aylarıdır. Buna görə asta-asta yaylaqlar açılmağa başlanır. Məzuniyyətlər gəlir. Keçən iş aylarından sonra indi bir çox məsul və qeyri-məsul mütəxəssis işçilər dincəlməyə hazırlanırlar. Bizim bunların heç birində sözümüz yoxdur”- deyən məqalə müəllifi (Əbülhövl) bu cür bahar əhval-ruhiyyəli girişdən sonra əlbəttə ki, jurnalın ənənəsinə sadiq qalaraq mövcud quruluşda cəmiyyətdəki çatışmazlıqlardan, onları narahat edən problemlərdən söhbət açır: “Bahar fəsli gəlməklə artıq kəndlərdən yazmayacaqlar ki, məktəblərin odunu yoxdur, şüşəsi yoxdur, pəncərəsi yoxdur, damı deşikdir, soyuqdan uşaqlar dərsə gəlməyir.

 

Deməli, maarif idarələri gələn payızadək böylə ürəkbulandırıcı xəbərləri eşitməyəcəklər, ürəklərinin içini yeməyəcəklər, malxuliya etməyəcəklər və beləliklə nəfəs almağa, dincəlməyə başlayacaqlar. Gələn payız Allah kərimdir.

 

Yaxud kəndlərdən cavab gəlməyəcək ki, qaranlıqda qalmışıq, soyuqdan titrəyirik. Çünki gündüzlər günün istisi, gecələr də ayın işığı . Burada neftə nə ehtiyac.

 

Yenə burada da bəzi idarələr kəndlərin əlindən dincələcəklər.

 

Bu dincəlmək də məlum işdir ki, gələcək payız üçün onların fəaliyyətini birə on artıracaqdır. Hətta biz də dincələcəyik. Çünki hər nömrədə yazmaq lazım gəlməyəcəkdir ki, kəndlər qaranlıqdadır, məktəblər soyuqdur. Buna görə biz hər halda baharın gəlməyini istəyirik”.

 

Göründüyü kimi, “Molla Nəsrəddin” hətta bayramla bağlı yazılarda da cəmiyyətimizdə hökm sürən neqativ halları - məktəblərimizin acınacaqlı vəziyyətini, insanların sosial problemlərini, elmin, təhsilin lazımi səviyyədə olmamasını əks etdirməklə həm hakim dairələrin, həm də geniş oxucu kütləsinin diqqətini həllini gözləyən bu taleyüklü məsələlərə yönəldirdi. Jurnal satirik bir dillə vəzifəli şəxsləri öz işlərinə məsuliyyətlə, vətəndaşlıq qayğısı ilə yanaşmağa səsləyirdi. Çünki nə qədər ki bu problemlər həllini tapmayıb, onda hansı bayramdan danışmaq olar? Gərəkdir ki, bu bayram insanların həyat və məişətinə, yaşam tərzinə və hər şeydən əvvəl qəlbinə daxil ola bilsin. Bax o zaman xalqımız Novruz bayramının onlara xoşbəxtlik və firavanlıq gətirəcəyini hiss edəcək və bu xoş duyğularla yaşayacaqdır.

 

Jurnalın 21 mart 1925-ci il 12-ci nömrəsində “Varlılar bayramı” başlığı altında yazıda cəmiyyətdə insanlar arasında hökm sürən təbəqələşmə, varlı və yoxsulların Novruz bayramını necə qeyd etmələri məsələləri ön plana çəkilir. Eyni zamanda bu bayramda varlıların külli miqdarda pul xərcləmələri, israfçılıq etmələri, yoxsulların isə maddi sıxıntı keçirərək bayramı keçirə bilməmələri ürək ağrısı ilə nəzərə çatdırılır: “Novruz bayramı çox yaxşı bayramdı, ancaq ikicə eybi olmaya

 

1.Böyük xərci və 2. Nəhayət zəhməti

 

Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək:

 

İki ay bundan qabaq iki put Kürdəmir yağı aldım, iki put da xalis Sibir yağı aldım. On put əla buğda gətirtdim, iki kisə sədri düyüsü gətirtdim, bunun kişmişi, xurması, badamı, albuxarası və Zirə zəfəranı da öz qaydasınca.

 

Bu plov dəstgahı, bir neçə yüz manat bura getdi.

 

Çərşənbə xərci: Püstə, badam, xurma, kağızı badam, səbzə, gərmiyan, əncir, alana, qax, haqverdi əriyi, miyanpər, alma, nar, üzüm, fındıq, şabalıd, lumu, portağal. Bu da belə.

 

Bayram şirnisi: hər qisim noğul, hər qisim qənfet, hər qisim qurabiyyə, paxlava, rahət hülqum, şəkərçörək... və s.

 

Bəs bayram paltarı? Gör bu neçə yüz manat aparacaq?”

 

Əlbəttə, bu qədər bayram xərcləri təbii ki, varlı ailələrə aid bir hesablamadır. Varlıların bir bayram üçün sərf etdikləri bu pulları kasıblar ömrü boyu əldə edə bilməmiş, zəngin bayram süfrəsi açıb, övladlarına əsl bayram əhval-ruhiyyəsini yaşada bilməmişlər. Bu cür xoşbəxtliklərdən məhrum olan kasıb ailələrin acınacaqlı taleyi həmişə “Molla Nəsrəddin”in diqqət mərkəzində olmuşdur:

 

Ey tökən mollaların kaminə şərbət, novruz!

Əğniyalərlə quran məclisi-işrət novruz!

Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra

Çəkir övladını gördükcə xəcalət, novruz?!

 

Məqalədə fikir belə davam etdirilir: “ Qaldı zəhməti: İki aydı yuxudan doymaq yoxdu: gərək sübh tezdən durasan və gedib gətiricilərin qabağını kəsəsən, alasan, hambala verəsən, bir evə qayıdasan, bir bazara gedəsən, genə evə qayıdasan, genə bazara gedəsən.

 

Ev yığışdırmaq, ev tökmək, ev təmizləmək, ev süpürmək, qab-qacaq, qalay, kömür, odun... və s”.

 

Məqalədə bayramla bağlı iki məqam - xərc və zəhmət həyati faktlar əsasında şərh olunmuş və burada həddindən artıq ifrata varma tənqid olunmuşdur.

 

Yazıda əsas diqqət çəkən məqam ata ilə oğul arasındakı dialoqda aşkarlanır. Ata deyir: “Amma dünən bizim balaca oğlan mənə bir qəribə sual verdi:

 

Dedi - Dədə bəs kasıblar bu qədər pulu haradan alır ki, bayram saxlayırlar?

 

Dedim - Kasıbın bu qədər pulu olmaz.

 

Uşaq bir az fikrə getdi və genə soruşdu:

 

- Bəs kasıblar məgər bayram saxlamır?

 

Mən də bir az fikir edib sözün doğrusunu dedim:

 

- Yox bala, kasıb bayram saxlamaz...

 

- Dədə, elədə bu Novruz bayramı varlıların bayramıdı.

 

- Bala, deyəsən, sən deyənə oxşayır.

 

Neçə-neçə belə bayramlar görmüşəm və hər dəfə yüz-yüz manatlar xərcləmişəm və bayram saxlamışam, amma deyəsən, bircə bu mənim yadıma düşməyib ki, mənim kasıb qonşularım yüz-yüz manatları tapa bilməyiblər ki, mənim kimi onlar da bayram saxlasınlar.

 

Mən indiyə kimi elə bilirdim ki, mənim cəmi qonşularım bayram saxlayır. Ancaq dünən bunu bildim.

 

- Dədə, bəs kasıblar necə pulsuz bayram saxlayır?

 

Bircə həqiqət bu imiş: Novruz bayramı ancaq varlıların bayramıdı”.

 

“Molla Nəsrəddin” jurnalının hər ilin mart nömrələrinə nəzər saldıqda həmin problemlərin qaldırıldığını və keçən əsrin əvvəllərində insanların yaşam tərzindəki qeyri-bərabərliyi görürük. Əlbəttə ki, jurnalın əsas məqsədlərindən biri də cəmiyyətdəki sosial ədalətsizliklərin aradan qaldırılması və hər bir vətəndaşın insani hüquqlarının qorunmasıdır. Təəssüf ki, o dövrdə humanist hisslərdən məhrum olan bəzi varlılar kasıblara həqarətlə baxır, onları mənən əzməyə çalışırdılar. Bu baxımdan “Bayramlıq” şeirinə nəzər salmaq yerinə düşərdi:

 

Novruz yetişdi füqəra oldu pərişan

Əfsürdə və nalan

Hər məmləkətin pulları xürrəmi xəndan,

Pulsuzları giryan

Çöllərdə, çəmənlərdə gözəl güllər açıldı

Ətrafa saçıldı

Bir başqa təravətdə olub qönçələr əlvan

Dər tərfi-gülüstan (Cüvəllağı bəy).

 

Öz ənənələrinə sadiq qalan “Molla Nəsrəddin” jurnalı milli ideologiyaya söykənərək böyük mətləbləri bəzən satirik, bəzən də yumoristik dillə, sadə, yığcam, lakonik bir tərzdə oxucuya çatdırırdı. Jurnalın fəaliyyətə başlamasının 23-cü ilində, yəni 22 mart 1928-ci ilin 12-ci nömrəsində üz qabığında verilən bir karikatura məhz bu baxımdan diqqətimizi cəlb etdi. Burada bir əlində şam, o biri əlində səməni tutan nurani bir qoca təsviri verilmişdir. Bu şəxs Novruzun

 

simvoludur. Onunla həmsöhbət olan yaşlı bir insan isə orucluğu təmsil edir. Şəklin altında verilmiş yazı olduqca düşündürücü və ibrətamizdir. Orucluq Novruza deyir: “Bu il mən Qızıl Ordunun 10 illik bayramilə bir yerdə gəldim ki, mənə də bir hörmət eləyələr, lakin heç kəs etina etmədi. İndi sən Qadınlar günü və Paris Kommunası bayramından sonra gəlmişsənsə də, xatircəm ol, heç kəsin nəzərini cəlb edə bilməyəcəksən”.

 

Bu kiçik dialoqda müsəlman aləmində böyük önəm verilən hər iki bayramın - Orucluq və Novruzun Sovet dönəmində sükutla qarşılanması, əhəmiyyət verilməməsi, hətta unutdurulmağa belə cəhd göstərilməsi həm satirik görüntü, həm də eyhamedici ifadələrlə oxuculara çatdırılır. Məlumdur ki, bizə məxsus olmayan Sovet Ordusunun, Paris Kommunasının yaranması gününün keçmiş Sovetlər Birliyinə daxil olan respublikalarda, o cümlədən, Azərbaycanda süni atəşfəşanlıqla təntənəli şəkildə qeyd olunması xalqımızın milli dəyərlərinə vurulan mənəvi zərbədən başqa bir şey deyildi. Hətta ən dəhşətlisi budur ki, vaxtilə 28 May Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması gününü deyil, məhz 28 Aprel Azərbaycanın Qızıl Ordu tərəfindən işğal olunduğu tarixi bizə bayram günü kimi təlqin etmişlər. 70 il gücü, qüdrəti ilə qürur duyduğumuz, xilaskar hesab etdiyimiz “Şanlı Sovet ordusu”nun əsl simasını görə bilmədiyimizdən bu ordunun yaranmasını bayram etmişik. Halbuki güvəndiyimiz ordu əsl iç üzünü 90-cı illərdə Qarabağda, Xocalıda, 20 Yanvarda isə paytaxtımız Bakıda göstərdi. O zaman qəlbimdən bir ah nidası qopdu və öz-özümə söylədim ki, yazıq bizim millətimizin halına! Ona görə ki, özünün faciəsini 70 il ona bayram kimi qeyd etdiriblər. Axı “Molla Nəsrəddin” hələ gör neçə illər bundan öncə öz həmvətənlərini, bütün Şərq aləmini ayıq olmağa, ehtiyatı əldən verməməyə səsləyirdi. Təəssüf ki, artıq bunlar bizim acı və yaşanmış, fəqət geri qaytarılmayacaq tariximizdir.

 

20-ci illərdə xalqları öz müqəddəratını təyin etmək, qoruyub saxlamaq hüququndan məhrum edən totalitar rejim onları mənəvi böhrana sürükləyirdi. Belə bir təlatümlü dövrdə “Molla Nəsrəddin”in öz səhifələrində Novruz bayramı ilə bağlı karikatura və yazılar dərc etməsi xalqımız üçün olduqca zəruri görünən ciddi xəbərdarlıq idi. Zaman göstərdi ki, heç bir xalqın minilliklər boyu yaşatdığı, əsrlərin sınağından qalibiyyətlə çıxan dəyərləri onların həyatından və qəlbindən zor gücü ilə silib atmaq olmaz.

 

Öz haqq səsi ilə milyonlara səslənən “Molla Nəsrəddin” jurnalının mənəvi dəyərlərimizin, milli bayramlarımızın ağır və məşəqqətli yolları dəf edərək bu günümüzə gəlib çatmasında göstərdiyi misilsiz xidmətləri təqdir olunmağa layiqdir. Əsrlər keçdikcə biz aydınlaşan səmada “Molla Nəsrəddin”in cahanşümul əhəmiyyətini daha aydın görürük.

 

Gülbəniz BABAYEVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 5 mart.- S.22.