Özbəkistanda azərbaycanlı rəssamın xatirəsi əbədiləşdirilib

 

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu ölkədə tanınmış azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, mərhum Yusif Hüseynovun 70 illiyi münasibətilə rəssamın yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub.

 

Mərasimdə səfirliyimizin, Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, diasporumuzun fəalları, rəssamın sənət dostları, ailə üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.

 

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Yusif Hüseynovun yaradıcılığı haqqında danışıb, onun Vətəninə bağlı insan olduğunu, Xocalı hadisələrindən təsirlənərək “Analıq” adlı rəsm əsəri yaratdığını, bu hadisələrin dəhşətlərini öz əsərində əks etdirdiyini söyləyib.

 

S.Abbasov Yusif Hüseynovun yaradıcılığının iki xalq arasında dostluq əlaqələrinin inkişafına xidmət etdiyini və rəssamın əsərlərinin daim aktual olduğunu qeyd edib. Bildirilib ki, tanınmış rəssamın xatirə lövhəsi Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb və onun müəllifi Özbəkistanın tanınmış heykəltəraşı, professor Marina Borodinovadır.

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, dosent Gülbahar Aşurova, sənətşünas Elmira Əhmədova, Özbəkistandakı Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov rəssamın yaratdığı çoxsaylı əsərlərin bu gün də Özbəkistanda sevildiyini və yüksək qiymətləndirildiyini qeyd ediblər. Onlar bu torpaqda yaşayan azərbaycanlıların Özbəkistanın

 

mədəniyyətinə, incəsənətinə böyük töhfələr verdiklərini bildirib, Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndiriblər.

 

Yusif Hüseynovun oğlu, rəssam Zaur Mansurov ailəsi adından çıxış edərək atasının xatirəsinin əbədiləşdirilməsi, onun yaşadığı binaya xatirə lövhəsinin vurulmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Yusif Hüseynovun həm də teatrkino sahəsindəki fəaliyyəti haqqında söhbət açıb, bu cür layihələrin həyata keçirilməsinin gələcək nəsillər üçün də faydalı olacağını vurğulayıb.

525-ci qəzet.- 2016.- 5 mart.- S.12.