Ömür - yuxu...

 

Gedəm çıxam ruhum qalan

O yurdlara, o yurdlara.

Gör nə vaxtdı bağlanmışam

Umulara, umudlara...

 

Ömür-yuxu, mühit gecə,

Kədərim də döndü heçə.

Qəhərimi verim necə,

O ünvansız buludlara...

 

Çox da öndə yoxuşlar var,

Baş girləyən çox başlar var...

Elə ütük qamışlar var,

Öyüd verir palıdlara...

 

Turan varsa... bir çıxış var,

Bir güc, bir yol, bir baxış var,

Qurddan gələn qurtuluş var,

Yavuqlaşım boz qurdlara.

 

De, yasdımı, düyündümü,

Bu şər yerin, göyündümü?...

Ömrü qatam, mümkündürmü,

Metelərə, Qorqudlara?!

 

Unudularmı...

 

Əllərimi sinəmə toxundurduqca

anamın əllərinin izini

tapmaq istəyirəm bədənimdə.

Bir çırpıntı gəzirəm canımda.

Bu çırpıntılar  

Bugünümdə, dünənimdə...

Bu çırpıntılarla uşaqlığın qapısını

açacağam guya.

Xoşbəxt anlar,

Bu anlarda bütöv bir dünya...

Dayanıb bu qapıdan baxacağam

Uşaqlıq illərimə.

Gərək o illəri bir yaşayam, anam.

Daha heç ...

Bu bədəndə, bu canda

Unudula bilərmi anam?

Ucalıq qazanmısan...

 

Xalq şairi Fikrət Qocanın 80 illiyinə

 

Keçib sənət yolundan

Qar da, yağış da sənin.

Müdrik qocalar olub,

Tutub qolundan sənin.

Yox, bəlkə kimlərdənsə

İncimisən bir zaman.

Yenə bir sevgiylə-

Adınla  bir Qocayla

Yoxuşları qalxmısan.

Belə olub-bu gerçək.

Demək, sözdü - incimək...

Böyüklərə məhəbbət

Ucaldıb səni, bildim.

Özündən keçib, olub

Hər sözün yeni, bildim.

Sənlə gəncləşib şeir,

Gənc olmuşuq bir az da,

Təzələnib bu həyat...

Qələmindən boy alıb

 təzəliklə, heyrətlə

Böyük sadəlik, ustad.

Sadəlikdə gözəllik-

Gördün, yazdın həyatı.

Şeirlərində sevgi,

Yaşamaq, çörək dadı...

Ömrə-günə söykənib

Ucalıq qazanmısan,

Qal belə ucalıqda.

Xocalıq halal payın,

Yaşanar nurlu güntək

Hər günün xocalıqda...

 

İnam olsa...

 

Biri sınıq, biri ağlar,

Könlüm belə, gözüm belə.

Yoxuşları qalxmaq olar,

Olsa inam, dözüm belə.

 

Biganələ atın çapar,

Ayaq altda ümidlər var.

Bir ümidə dayaq olar,

Yerə düşsə sözüm belə.

Gör qalanıb ocaq harda,

Həniri var bucaqlarda.

Birlik quran ocaqlarda,

Yanım, olsun közüm belə...

 

lll

 

Buludlara çilənən

Bir qürub işığıtək,

Sən niyə belə qəmli,

Sən niyə belə kövrək?!

 

Ömrün qürub çağımı,

O, bir zamanmı, dindi...

O buludlar da bizim,

O işıq da bizimdi.

 

O işıqla bəzənmiş

Buludlarda yox ləkə.

Onlar bizlə yol gedir,

Ya biz onlarla bəlkə.

 

...Ən gözəl duyğulardan

göylərə belə pay var.

Ömrüm, sənə boylanıb

Nura düşüb buludlar.

 

İlğımlar çəkilər...

 

A dağlar, bir əsim küləyin gəlsə,

İlğımlar çəkilər gözümdən mənim.

Qanım təmizlənər, sifətim gülər,

Ləkələr silinər üzümdən mənim...

 

Gün gələr, gerçək - öndə bu gedər,

Çirk hopan yerlərə təmiz su gedər,

Xəcalət tərinin qoxusu gedər,

O gün dəsmalımdan, bezimdən mənim.

 

Mən "gözlə" deyirəm, ruhum pərt olur,

Dözümüm hardasa ətalət olur.

Ətalət içində dözüm boğulur,

Davam var, bulaşıq dözümlə mənim...

 

Oxunmur, bağlanıb neçə kitablar,

Haqqı gözdən salıb çirkli hesablar.

Gör, özə-saflığa nələr qatıblar,

Nələri alıblar özümdən mənim.

 

Qoy gecə deməsin xeyrim bu qədər,

İşığın ərliyi, mərdliyi yetər!

Gün düşər, yapalaq kölgəsi gedər,

Çəkilər dağımdan, düzümdən mənim...

 

 

 

Musa ASLANXANLI

525-ci qəzet.- 2016.- 10 mart.- S.7.