Ağdamda nəyim qaldı?  

 

 

 

O vaxtlar qadınların özünü yandırması Ağdamda epidemiya halı almışdı.

 

Özünü bu işgəncəli yolla qətlə yetirmək adamlara, topluma, lap elə taleyin özünə üsyan, ağlasığmaz etiraz aksiyası idi. Bircə  dəfə görmüşdüm belə dəhşətli intiharı kənddə, məhləmiz Boccalıda.

 

Fəridə adlı o qadının da nəsə bir sevgi məsələsi vardı. Özü də şəhərdəndi, müvəqqəti Novruzluda, bizim Boccalıya yaxın çaxır zavodunun həyətində yaşayırdı qardaşı ilə. Qardaşı da həmin zavodun şəhərdən gəlmə direktoru idi. Eşitdiyimə görə, bu gözəl qadın ya ərdə olmuşdu, ya da... Nəsə, azad xasiyyətli birisi idi. Bizə bir az qohumluğu çatan, yaşı otuzu haqlasa da evlənməmiş dəli-dolu Səmədlə möhkəm sevişirdi. Bu eşq macərasından bütün kənd xəbərdardı. Zavod direktorunun şəhərli bacısı ilə istədiyi yerdə gəzib-dolanan Səmədə kənd cavanlarının çoxu həsədlə baxır, paxıllığını çəkirdilər.

 

Səməd Fəridə ilə bir-iki il gəzib dolanmış, yaxşı “məktəb” keçmişdi. Valideynlərinin təhriki ilə, nəhayət, evlənməyə məcbur olanda, kəndin hörmətli bir ailəsinin başıaşağı, tərbiyəli və çox gənc qızını seçmişdi. Xəyanətə dözməyən Fəridə özünü yandırmışdı.

 

Mən evimizin artırmasından zil qaranlıq gecədə qışqıra-qışqıra canlı məşəl kimi qaçan əcaib alov qadını öz gözümlə görmüşdüm. Bu mənzərəni unutmaq çətindi, amma o zaman mən çox kiçik olduğumdan yadımdan çıxarmışdım. Çox sonralar bir özbək filmində özünü yandıran qadınla bağlı oxşar epizodu görəndə guya unutduğum mənzərə bütün parlaqlığı və məşumluğu ilə xatirimdə yenidən canlanmışdı. Rejissor elə bil mənim gördüyüm o real səhnəni çəkmişdi. Filmdə də özünü yandıran qadın məşəl kimi qaranlıqda qaçırdı, özü də qışqıra-qışqıra.

 

Almaz da bir yerdə dayana bilmirdi, qaçırdı, amma səsini çıxarmırdı, əvəzində həyətdəki bütün arvadlar qışqırışırdı. Adamlar yanan qızı necə xilas etməyi bilmirdi. Kişilər çaşıb qalmışdı, heç kəs həyatını təhlükəyə atmaq istəmirdi. Alov isə sürətlə Almazı bürüyürdü. Bu dar macalda Cəfər Cabbarlının təzəcə oxuduğum “Od gəlini” pyesi yadıma düşdü.

 

Roberti birdən gördüm. Elə bil  yerdən çıxdı. Oğlanın sifəti tanınmaz şəklə düşmüşdü. O, pencəyini necə çıxartdı, alova bürünmüş qızı pencək qarışıq necə qucaqladı... Qəribə idi, elə bil Robert barmağını basıb yanan şamın fitilini söndürdü. O, hələ də səsini çıxarmayan qızı qucağından buraxmadan qışqırır, bağırır, gah ermənicə, gah da azərbaycanca məhlənin bütün sakinlərini əcaib söyüşlərlə söyürdü. Dəyirman həyəti susmuşdu. Nənəmin də öskürəyi kəsmişdi. Heç kəs tüstüləyən bu iki gəncə yaxın durmağa cəsarət eləmirdi.

 

lll

 

Almaz ölmədi, çox tez sağaldı, hətta bədəninin açıq yerlərində belə yanıq yerləri görünmədi. Hamı bunu möcüzə bildi, o cür alovun içindən salamat çıxmaq ağıla sığmırdı. Ən möcüzəli hadisə isə sonra baş verdi. Bir ay, bəlkə iki ay evdən çıxmayan, heç kəslə kəlmə kəsməyən, hətta hamama belə getməyən Almaz günlərin adi bir günündə qoşulub qaçdı bakılı bir oğlana, bəlkə də oğlan bakılı deyildi, amma Bakıda yaşadığı şübhəsizdi. Robertə gələndə isə... Robert Almazın dərdindən içkiyə, sonralar isə nəşəyə qurşandı. Onsuz da çəkəndi, nakam məhəbbətdən sonra isə oldu əsl nəşəxor.

 

Səhərlər ta bir kasa qaymaqla kifayətlənməyən və gün-gündən şişən Knarik hamının acığına Roberti tez-tələsik evləndirdi, özgəsini deyil, doğmaca bacısı qızını evinə gəlin gətirdi.

 

Bir neçə ildən sonra Almaz iki xırda uşaqla Ağdama, doğma Dəyirman həyətinə qonaq gəldi. Onda Robertin də artıq iki balaca qızı vardı. Elə bil bu həyətdə yaşanmış dramatik məhəbbətin iştirakçısı bu iki adam deyildi. Əgər Robertin baxışlarında əvvəlki məhəbbətin işartıları özünü zəif də olsa büruzə verirdisə, Almazın daş kimi donmuş sifətində bunu görən olmadı. Elə bil qız o kibritlə özünü yox, nakam məhəbbətini yandırmış, alovun gücü ilə o sevgini ürəyindən cin çıxardan kimi çıxarıb atmışdı.

 

Sonralar eşitdim ki, Robert səksəninci illərin əvvəllərində arvadını və iki qızını götürüb birdəfəlik köçüb gedib Krasnodara.

 

Papamın axırıncı arvadı

 

Elə ki Nənəmin qırxı çıxdı, Papam evlənmək fikrinə düşdü. Əslində, bu qəribə deyil, gözlənilən bir şeydi. Artıq üç ildi Şəfiqə yoxdu, bütün əlaqələr bitmiş, ayda-ildə bir dəfə gələn acı, tənəli-tikanlı məktubların arası kəsilmişdi. Mən bilən, rəsmi boşanma da olmuşdu. Papam Şəfiqənin bir də Ağdama gəlməyəcəyini dəqiqləşdirəndən sonra kəbini məhkəməsiz-zadsız ləğv elətdirə bilmişdi. Evlənməyə əsas maneələrdən biri Nənəmdi, o da artıq haqq dünyasına qovuşmuşdu. Mən də on birinci sinifdəydim, beş-altı aydan sonra birdəfəlik Bakıya gedəcəkdim. Deməli, kişi tək qalacaqdı. Yaşı da hələ altmışa çatmamışdı. Papamı Qacarı oynamağa təhrik edən raykom katibi demiş, “samıy raz!”

 

Papamın evlənmək istədiyini eşidən Surayya başladı yengəliyə. Bazarda onun dükan qonşusu olan nənəmnehrə bir arvadı nişan verdi, hətta arvadın ağzını da aramışdı. Surayya öz namizədini mənə də göstərib demişdi ki, yaxşı pul qazanan gəlindi, heç kimi də yoxdu. Mən gəlin sözünə gülmüşdüm.

 

- Buna bax a!

 

Mən bir az da bərk güldüm.

 

- Ara, nə gülürsən?

 

-Az, sən yüz kiloluq gamışa gəlin deyirsən?

 

- Ara, Knarikdən yekədi?

 

- Knarikin bura nə dəxli var? Biz Knariki alırıq?

 

- Axçi, buna bax da!

 

- O Papama yaraşan arvad döyül. Özü də qapqara!

 

- Vay astuvas!

 

- Mənim qara arvaddan xoşum gəlmir!

 

- Ara, ti priçom? Arvadı sana alırıq?

 

- Mən bilirəm, Papam onu bəyənməz!

 

- Vaaa... Niyə bəyənmir? Noolub ona? Gül kimi...

 

Mən onun sözünü kəsirəm:

 

- Az, bir o arvada bax, bir Papama də! Gör heç yaraşır kişiyə? Sən ondan yüz dəfə qəşəngsən.

 

Sözüm Surayyanın xoşuna gəlir. O ləzzətlə qəhqəhə çəkir.

 

-A yeddi manat yarım! Gəl bu qəşəng arvadnan bir tas oyna.

 

-Pulu qoy ortaya! Cığallıq da eləmə!

 

- Ara, mən eliyirəm cığallığı?

 

- Yox, nənəm eləyir!

 

- Vay astuvas!

 

lll  

 

Bir müddət də keçir. Hiss eləyirəm ki, Papam darıxır, tıncıxır. Yaş da o yaş deyildi ki, ora-bura əl atsın. Yaxşı ki Surayya da arvad tapmaq fikrindən əl çəkməmişdi. Tez-tez Papamla pıça-pıç eləyirdi.

 

Nəhayət, Papam dilə gəldi:

 

- Nə deyirsən, Alik, bəlkə mən bir dəfə də evlənim?

 

Mən kişinin məsləhət havasında verdiyi suala bir az istehza ilə cavab verdim:

 

- Bir dəfə də olar, iki dəfə də!

 

- Sarımısan məni?

 

- Ciddi sözümdü.

 

- Ə, bunun bu yekəxana danışığı öldürəjək dayna məni!

 

- Yekəxana niyə?

 

- Yaxşı bir musurmanca de görüm, evlənim ya elə subay qalım bu damın altında yalquzaq kimi tək-tənha?

 

İstədim deyəm, niyə tək-tənha? Sənin həyətin o tayında kirədə yaşayan doğma oğlun, gəlinin, iki nəvən, üçüncü də yol üstə! Bir baba kimi yığ onları yanına, amma onu yaxşı tanıdığımdan demədim. O, heç nəvələrinin ona baba deməsini qəbul eləmirdi; baba sözündən qorxurdu. Ümumiyyətlə, cavanlığı coşqun keçən adam qoca sözündən dəhşət qorxur.

 

- Arvad var?

 

- A məni qınıyan!

 

- Nədi, evlənmək üçün arvad lazım döyül?

 

- Ə, sən məni... Arvadı Surayya tapıb!

 

- Armyankadı?

 

- Yox bir,  nasranıdı! - Siqaret yandırır. - Nə bilim, Surayyanın keşmiş ərinin qardaşı qızıdı. Bir dəfə ərdə olub, deyir, hərəsi sıpa boyda iki oğlu da var. Əri oğraş ayrı arvada uyub, bu da tüpürüb hər şeyə, quruca canını götürüb çıxıb evdən.

 

- Bəs dediyin o sıpa boyda oğlanlar hardadı?

 

- Deyir, qaynənəsinə tafşırıf. Hamısı bir evdə yaşıyırmış. İndi iki ildi burda anasının yanındadı. Bir taytax duzsuz anası var, türkəçaraynan başını dolandırır. Özü də Mələk məllimənin baxçasında tərbiyəçidi. - Burda Papam teatral bir qəhqəhə çəkir. - Tərbiyəçi ey! Artis Mamedin arvadı tərbiyəçi! Özü də uşax baxçasında! - Ciddiləşir. - Sən öl, Əli, bax, saa sən öl deyirəm, Surayyıya da demişəm, Əli o tərbiyəçini bəyənməsə, lap su sonası  ola, almaram.

 

- Sən özün görmüsən onu?

 

- Cavannıxda görmüşəm, yumru bir qızdı, hələ ərə də getməmişdi onda.

 

- Qəşəngdi?

 

- Qəşəng deyəndə ki... Pis dəyildi, yanaqlarında bir az sızanaqları vardı onda. Mənnən bir on yaş cavan olmalıdı.

 

- Gedib baxaram də!

 

- Bax, bu oldu kişi söhbəti.

 

lll

 

Günlərin bir günü Surayya ilə bir yerdə getdim gəlini görməyə. Pis deyildi, dərhal xoşuma gəldi. Kifayət qədər yaraşıqlı, dilli-dilavər, şəhərli görkəmi olan qırx-qırx beş yaşında qadındı. Söhbətdən belə başa düşdüm ki, Papama ərə getməkdə heç bir tərəddüdü yoxdu. Odur ki, mənim xoşuma gəlməyə çalışırdı. Mən artıq içimdə bu izdivaca “hə” demişdim. Surayya isə narahatdı.

 

- Hə, nətəərdi, maddax, xoşuna gəldi?

 

Mən cavab verməyib çox mənalı təbəssümlə gülümsədim və getmək üçün qalxanda əda ilə qadına “Yəqin bir də görüşərik” dedim.

 

Mənim elçiliyimdən bir həftə sonra Zümrüd, yəni Papamın təzə arvadı, bəzi xırda-para avadanlığı ilə köçüb gəldi bizə və səhərisi gündən evin bütün təsərrüfat işlərini aldı əlinə. Mən birdən-birə tam sərbəstləşdim, özümü lazımsız hiss elədim. Dərs, məktəb və mütaliədən başqa işim yoxdu. Zümrüd məni heç bir işə buyurmur, qayğıma qalır, hörmətlə dolanırdı. O özü ilə evimizə firavanlıq, bərəkət gətirmişdi. Yeməklərimiz dada-duza gəlmişdi. Papam da xeyli dəyişmiş, rahatlanmışdı. Ev-eşiyə diqqəti artmışdı. Bir insan kimi də Zümrüd pis qadın deyildi, amma bunun mənim üçün elə bir əhəmiyyəti yoxdu. Mənim yönüm Bakıya idi.

 

O gün!

 

Günlər gah ləng, gah da becid keçir və ötən hər gün məni neçə illər həsrətində olduğum  günə  yaxınlaşdırır.

 

Nəhayət, gəlib yetişir o gün!

 

Ömrümün ən uzun, ən çətin on ilini yaşadığım Dəyirman həyətindən Papamın köhnə kostyumundan tikilmiş pencək-şalvarda, Papamın ayağını sıxdığı üçün geyinə bilmədiyi uzunburun qəhvəyi çəkməsində, Papamın əynimə uyğunlaşdırılmış nimdaş plaşında Ağdam - Bakı qatarına minirəm. Dizlərimin üstündə yenə də Papamın çoxdan istifadə eləmədiyi ağzı-burnu əyilmiş köhnə hamam çamadanı, cibimdə iyirmi səkkiz manat pul boş kupedə tək-tənha oturmuşam. Məni nə ötürən var, nə qarşılayan olacaq. İçimdə sevincdən çox nigaranlıq, narahatlıq və naməlumluq qorxusu var.

 

Qatar irəli-geri dartınır, çalxalanır, dərindən nəfəs alıb tərpənir. Sürət artdıqca məni sıxan nigaran hisslər azalır, üstümə çökmüş ağırlıq tədricən çəkisini itirir. İndi çox aydın bilirəm, hətta hiss edirəm, bu qatar məni  xəyalımda yaşatdığım böyük şəhərə, taleyimin şəhərinə - Bakıya aparır...

 

İyun-iyul, 2015-ci il.

 

Əli Əmirli

525-ci qəzet.- 2016.- 12 mart.- S.23