“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Azərbaycan Məclisi-Məbusanında “İttihad” firqəsinin bəyannaməsi

 

Azərbaycanın müxtəlif guşələrindən təşrif gətirmiş olan cəmaət nümayəndələrini təbrik etməklə bərabər “İttihad” firqəsi hakimiyyəti-milliyyə ideyasının (yəni millətin öz-özünə hakim olmaq üsulinin) qismən isə də vücudpəzir olduğundan dolayı bəyani-məmnuniyyət edər, zira zənciri-əsarət altında yaşayan müsəlman millətinin hüququnun müdafiəsi üçün ixtiyar etdigi mübarizədə firqə daima bu məqsədi təqib etmişdi. Vəlov ki şəraiti-siyasiyyeyi-hazirədən nəşət edən müşkülat qarşısında şu parlamanın surəti-təşkili firqə idealını tamamilə təcəssüm edəmməz. Məəmafiə üzərində Azərbaycan bayrağı təməvvüc edən və əsas etibarilə hər bir müsəlman üçün müqəddəs ədd edilməsi lazım gələn bu müəssisədə bizlər firqə və sinif mənfəətinin müdafiəsi üçün degil, milləti təmsil etmək üçün toplanmışız. Onun üçün də ən qərib bir zamanda burada demokratik üsul ilə intixab edilmiş əsl Məclisi-Müəssisan üzvlərinin ərzi-vücud etmələrini mətalib və məqasidimizin müqəddiməsi kibi tələqqi edəriz. Bu arzumuz vücud bulmadıqca və Azərbaycan millətinin təkmil hüquqi kəndinə təslim edilmədikcə bu ideyanın vücudpəzir olması yolunda möhtərəm Rusiya demokratiyasının əlilə qazanılmış və bizə ehsan edilmiş qənimətləri və vətən düşmənlərilə etdikləri müharibədə müsəlmanların özlərinin tökdükləri qanlar müqabilində əldə etmiş olduqları həqqi firqə bütün qüvvətilə müdafiə və mühafizə edəcəgini bəyan ediyor. O həqq isə Azərbaycanın istiqlalıdır. Yəni başımızın üstündə təməvvüc edən günagün rəngli mili sancağımızdır. İştə bunları firqə təhti-təsərrüfündə olan bütün vəsait və qüvvətilə hər dürlü təərrüzdən məsun tutmağa əzm etdigini ələnən iqrar ediyor.

 

Firqənin zənnincə Azərbaycan millətinin bu həqqinə demokrat ünvanı və qəlbini daşıyan heç bir fərd etiraz edəmməz. Məgər ki, batində onun ruhi səltənəti-mütləqiyyə (velikoderjaviya) mərəzilə məlul olmasın və bir milləti digər millətin təhəkkümü altında yaşatmaq meyli-mənhusinə qapılmış olmasın. Bu yollu ictihadında firqə demokratının yalnız rəğbəti degil, hətta ciddi müavinətinə ümid ediyor. Fəqət ümum demokratiya degil, yalnız bunların o qisminə etimad ediyor, hankı ki, millətlərin kəndi-kəndilərinə hakim olmaları xüsusda namuskaranə və səmimanə hərəkət ediyor və müsəlman əksəriyyətinin həqqini inkar və ləğv edərək, onun səadət və istiqlalını öz qövmünün ən cüzi bir mənfəətinə qurban etmək amalını bəsləmiyor. Ayaqlar altında əzilən millətlərin xilası naminə vaqe olmuş olan, milyonlarla qurbanlara, milyardlarla paralara mal olan və hürr Amerikanın böyük övladı Vilsonun 14 maddəsini meydani-tədavülə çıxaran bu cahan müharibəsi nəticəsində ümum mədəni millətlərə nəsib olan həqlərdən müsəlman millətini məhrum qılmaq niyyətini bəsləməyin sadiq və həqiqi demokratları firqə özünün ən yaxın və mötəbər dost və arkadaşı tanımaq istiyor və bunlarla əl-ələ verib müttəfiqən çalışmağı da hər kəsə tərcih ediyor. Fəqət əsəfa Azərbaycan istiqlalının zikrinin belə bəzi adamları örgətdiği kibi müsəlmanlara qarşı bəzi mühafildə də hissi-xüsumət oyandırdığı dəxi anlaşılıyor.

 

Bu isə firqə təəccübünü mucib olacaq bir əmrdir.

 

Rusiya inqilabı-kəbirini mütəaqib tarix nəzər tədqiqdən keçirilər isə hər kəscə Azərbaycanın elani-istiqlal etmək keyfiyyəti layiqincə təqdir edilə bilir. Rusiyada vaqe olan anarşi mərkəzi hökumətin büsbütün aradan qaldırılması, Rusiya ilə əlaqə və amədşəddin bilmərrə kəsilməsi, hərcü-mərcin Qafqasiyaya sirayət edib burada daha müdhiş bir tufan və fırtına peyda etməsi müsəlman aləmini əzim fəlakətlərə düçar etdigi hər kəscə məlum və inkar edilməz bir həqiqətdir. O halda tədarüksüz və aciz olan müsəlman millətini bilkülliyyə məhv etməgə əzm etmiş olan düşmənlərin qarşısında bizim yeganə çarəmiz elani-istiqlal etmək ilələbəd mədyun olacağımız həmcinslərimiz və sevgili qardaşlarımızın müavinətinə müraciətlə təhlükədə olan müqəddəratımızı öz əlimizə almaq və istiqbalımızın təmininə müstəqilən çalışmaq ola bilərdi.

 

Elani-istiqlal ilə də millətimiz iktifa edəmməz idi. Çünki vətənimizin ən mühüm qismləri düşmən əlində idi. Vətəni istirdad üçün yenidən qurbanlar vermək və övlad qanını tökmək lazım gəlir idi. Bu halların cümləsini nəzəri-etibara alan insaf əhli Azərbaycan istiqlalının elanının bizim üçün zəruri bir əmr olması keyfiyyətini bilatərəddüd qəbul etmək məcburiyyətində qalır və bu xüsusda bizə qarşı ibrazi-xüsumət edən taqımın qətiyyən ədalət və məntiqlə münasibəti olmadığına hökm edər. Qomşumuzda bizim kibi daha müstəqil dövlətlər vücudə gəlmişlər və onların da əsbabi hüdusi yuxarıda zikr etdigimiz maddələrdir. Gürcüstan, Ermənistan və Şimali Qafqasiya cümhuriyyətləri bizim fikrimizi müəyyid və müsəddiqdir. Bu dövlətlər də öz varlıqlarını isbat etməkdə dəvam ediyorlar və qan bahasilə qazandıqları istiqlal və təyini-müqəddərat həqlərini əldən verməyəcəklərini elan ediyorlar. Kəndi müqəddəratını təyin etmiş olan qomşularımız gürcü, erməni və Şimali Qafqasiya millətlərinin bu yolda əfkar və amalının tamamilə bizimkinə müşabih olduğuna inandığı üçün firqəmiz bunları Azərbaycanın xeyirxahı və müqəddəs vətənlərimizin hürriyyətinin müdafiəsi naminə ixtiyar etdigimiz mübarizədə zəhir və yoldaş ədd edib bunlarla sıxı münasibət və rabitə əqdini iltizam ediyor. Əlan müdafiə etdigimiz mühəssənati bizə bəxş etmiş olan Rusiyanın müəzzəm demokratisinə firqəmiz daha çox inanıyor və biliyor ki, Rusiyanın həqiqi demokratları müsəlman millətini özlərinə kiçik və mədyun qardaş nəzərində görüb və onun həqqinə heç bir vəqt təcavüz etmək istəməzlər. Şu beş sənəlik cəsim mübarizəyi zəlil millətlərin xilası naminə vaqe olmuş müharibə adlandıran imperializmin ən qəvi istinadgahı olub, cəbr, zülm və əsarətin mənbəi və məbdai olan Pruski millitarizminin rişələrini qıran etilaf dövlətlərinə firqə hakəza inanıyor və öylə bir qənaət hasil etmişdir ki, imdilik ümum millətlərin müqəddəratının hakimi olan hürriyyət beşigi ədd edilən ingilis, Firəngistan və Amerika məmləkətində pərvəriş bulmuş olan millətlər mədəni, hürr və parlaq həyatə doğru hərəkət etdigimiz bir yolda bizə sədlər qurmazlar. Sülh konfransına kibi əmin və asayiş içərisində yaşamağımıza və əqd ediləcək sülh konfransında hüququmuzu müdafiə üçün iştirak etməgimizə mane olmazlar. Digər məsələlərə keçərkən firqəmiz əvvəlcə Azərbaycandakı milliyyətlər münasibatından bəhs etməgi lazım biliyor. Bu məsələnin böyük bir əhəmiyyəti vardır. Milliyyət münasibatı, daha doğrusu müsadimatı bizim başımıza çox qailələr gətirmişdir və imdi də bir çox müşkülat çıxarıyor. Firqənin qərarı qonşular ilə möhkəm bir sülh istehsalına çalışmaq və bu yolda heç bir fədakarlıqdan çəkinməyib öylə bir şərait yapratmaqdır ki, istibdad və şovinizm xadimlərinin təhrik və təşviqi ilə mükərrərən vücudə gələn və hər iki tərəfi də biməna və mühüm xəsarətə uğradan bu hadisələrin artıq meydan almasına imkan qalmasın. Firqə bu ictihadında yenə namuskar və həqiqi demokratların müavinətinə göz tikmişdir. Çünki səmimi ixvanın tərəfdarı yalnız bunlar ola biləcəginə firqənin qənaəti vardır.

 

Zəhmətkeşlər məsələsi firqə üçün dəxi mühüm bir maddə təşkil edir. Bu xüsusda firqə tamamilə menşeviklərin proqrammasını qəbul etmişdir. Və geniş bir dairədə fəhlələrin səadətini təmin etməgə səy edəcəkdir. Yalnız iş və sənaye aləmində anarşi və keyfə-mayəşayə meydan verməmək üçün sərmayə ilə zəhmət miyanında vaqe olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir.

 

Xüsusi əmval və əmlak firqənin nəzərində hər dürlü təərrüzdən məsundur. Topraq məsələsində ümum rəncbərlərin hər bir çalışqan fərdinə müsavi miqdarda və dərəcəyi-kifayədə xəzineyi-miri hesabına məccanən ərazi verilməsini firqə tələb ediyor. Maliyə işində firqə gəlirlərdən doğru bir vergi alınmasının və birici lazım olan şeylərdən kosvennı naloq adlanan xərc alınmasının tərəfdarıdır. Qəhətlik, qıtlıq və bahalığın önünü almaq üçün firqə ticarətin bilkülliyə sərbəst olmasını, yolların bilatəxir təmirini tələb edir. Ərzaq məsələsinin qorxunc bir halda olduğu üçün bu babda ciddi tədabirin dərhal ittixaz edilməsi və möhtəkirlər həqqində şiddətli qanunlar və cəzaların icra edilməsi tələb ediliyor. Məmləkət sarı mərəzlərə tutuşmuş olduğundan sahibsiz cəmaətin səlaməti üçün meydanda heç bir təşəbbüsün görülmədigi müşahidə edildigindən firqə bu xüsusda səhiyyə müəssisələrin ciddi surətdə ibrazi-fəaliyyət etməsini qəti surətdə tələb edir.

 

Maarif həqqində firqə ümumi, məcburi, rüşdi və ibtidai məktəblərdə məccani tədrisin və məktəblərin cümləsinin milli olmasının tərəfdarıdır.

 

Bələdiyyə idarələri və zemstvo təşkilatı demokratik üsulinə tabe olmalıdır.

 

Dövlət təşkilatına gəlincə firqə cümhuriyyət tərəfdarı və bir müəssisəyi-təşriyyə və buna qarşı məsul qüvveyi-icraiyyə olmasını tələb edir. Hökumət mümkün olduqca ucuz və sadə olub kanselari üsuli xəfif və məhdud olmalıdır. İntixab-ümumi doğru, gizli və müsavi və hər bir təşkilatda cari olmalıdır.

 

Ümum əhali qanuna qarşı müsavidir. Milliyyət və sinif fərqi yoxdur.

 

Əqəliyyəti təşkil edən qövmlərin həqqinə təcavüz edilməmək üçün hər dürlü intixabda qövmlərin miqdarı nəzərə alınıb hər birinin miqdarına nisbətən yer veriləcəkdir.

 

Erməni və müsəlman arasında indiyə kimi davam edən xüsumətin səbəbləri əşxas dəstələrə, bu iki milləti bunca xəsarət, tələfat və qailələrə düçar edən amillərə izhari-nifrət edir. Bu babda mükəmməl surətdə təftiş və istintaq qurulmasını, məsum müsəlmanlar və ermənilərin başına bu rəzalətləri gətirən canilərin şiddətli surətdə cəzalanmalarını, zərərdidələrə geniş dairədə yardım olunmasını və dağılmış şəhərlər və köylərin təcdid və təmirini tələb etməklə bərabər, firqə gözəl Qafqasiyanın övladına böylə vəhşilik və qaniçicilik xasiyyətini əbədiyyən tərk etməgi təklif edir və insan şəklində olan vücudların cümləsini qardaş və insan tələqqi etməgə dəvət eylər. İnşaallah ki, mədəniyyət və hürriyyətin qabili-inkar olmayan nişanəsi olan şu mübarək müəssisə və məclis bu yolda kəfil və zamin olub bizim sevgili vətənimiz və millətimizi hidayət və səlamətə doğru sövq etməgə istedad və iqtidara malik olduğunu sürətlə ibraz edər.

 

Hökumətimizin hərəkat və fəaliyyətinin şayani-tənqid bir çox nöqtələrinin mövcud olduğunu imdilik ixtar etməklə iktifa edərək bu babda münasib bir zəman iradi-kəlam edəcəgini firqə vəd edib bəyannaməsinə keçiyor.

 

“Azərbaycan”, 13 dekabr 1918, ¹64 

 

Vücudpəzir - var olan, mövcud olana

Təməvvüc - dalğalanma

Məqasid - məqsədlər

Ərzi-vücud - vüsət alması bildirməsi

Çunaqun - cürbəcür, növbənöv

Təsərrüf - yiyələnmə

Məsun - toxunulmaz

Məlul - şikəst

Mənhüsə - uğursuz

İsfar - göstərmə, aşkar etmə

Əsəfa - təəssüf olsun

Mütəaqib - arxasınca, izi ilə

İlələbad - sona qədər, axıracan

İktifa - kifayətlənmə

İstirdad - geri alma

Müəyyəd - sağlam, köməyə ehtiyacı olan

Müşabih - bənzər, oxşar

Zəhir - köməkçi, arxa

Mədyun - minnətdar, borclu

Cəsim - iri, yekə

Məbda - mənşə

Qailə - söyləyən, deyən

Mükərrər - dəfələrlə, təkrarən

İxvan - qardaşlar

Əmval - mallar

Kəfil - zamin, məsul olan

 

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 12 mart.- S.21