Süleyman Rüstəm Yazıçılar Birliyində anıldı

 

Martın 11-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairin fəaliyyət yolundan danışıb: “Xalq şairi Süleyman Rüstəm hələ Yazıçılar Birliyi yaranmamışdan öncə “Qızıl qələmlər” cəmiyyətinə rəhbərlik edib, sonradan isə Yazıçılar Birliyinin rəyasət heyətinin üzvü seçilib. O, ömrünün son günlərinə kimi Yazıçılar Birliyinə gəlib, vaxtını, zamanını burada keçirib... Şairin “Cənub şeirləri”, poemaları, qəzəlləri yaddaqalandır və onun yaradıcılığı ədəbiyyatımızda, poeziyamızda xüsusi rol oynayıb”.

 

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca da S.Rüstəm barədə fikirlərini bölüşüb: “Yazıçılar Birliyi Süleyman Rüstəm üçün onun öz evi kimiydi. İşləyib-işləməməsindən asılı olmayaraq, vaxtının çox hissəsini burada keçirirdi. Onun şəxsiyyəti də poeziyası qədər dəyərli idi”.

 

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında deyib: “Bizim 70-cilər nəsli əslində çox xoşbəxt nəsildir. Həm Sovet ədəbiyyatını görmüşük, həm də sonrakı dövrün ədəbiyyatını. Sovet ədəbiyyatında Süleyman Rüstəmin də daxil olduğu böyük ədəbi nəsil yetişmişdi. Süleyman Rüstəm şeirimizdə inqilab edən şairlərimizdən idi. Təsadüfü deyil ki, Səməd Vurğun onu “Azərbaycan şeirinin pioneri” adlandırmışdı. Nədənsə “sovet” deyəndə hər şeyə dodaq büzmək kimi bir “ənənə” yaranıb. Ancaq Sovet ədəbiyyatı dövründə yazılmış şeirlər içərisində milli ideologiyanı əks etdirən kifayət qədər nümunə var. Həmin ədəbiyyat olmasa, indiki Azərbaycan milli düşüncəsi də ola bilməzdi. Bu mənada, Süleyman Rüstəm də XX əsr Azərbaycan ədəbiyyatında böyük rol oynayıb”.

 

Digər çıxışçılar da S.Rüstəm haqqında düşüncələrini paylaşıb, xatirələrini dilə gətiriblər.

 

Şairin oğlu Azad Rüstəmzadə çıxış edərək, tədbirin təşkilinə, atasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və mərasimə qatılanlara minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 12 mart.- S.13