Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada

 

 

(Əvvəli ötən sayımızda)

 

Qafqazın yaxın gələcəyinin burada yaşayan xalqlar arasındakı münasibətlərin hansı istiqamətdə inkişafından asılı olacağını düşünən ədiblərimiz öz əsərləri ilə hər şeydən öncə dostluğa, dinc birgəyaşayışa, ümumi problemləri ələ-ələ verib bir yerdə həll etməyə səsləyirdilər.

 

Sülhün, dinc birgəyaşayışın  həyati vacibliyi Ü.Hacıbəylinin "Biz hamımız qafqazlı balalarıyıq" adlı məqaləsində daha geniş anlamda mənalandırılaraq bütün Qafqaz xalqlarının istiqlaliyyətə çağırış qayəsinə tabe etdirilirdi: "Daha bəsdir, ağlımızı başımıza cəm edək... Hamımız Qafqaz balalarıyıq, zərurət və ehtiyacımız birdir. İstiqbalımızın rifah və səadətini təmin edəcək qüvvə hamımızın himmət və qeyrətinə bağlıdır. Yalqız əldən səs çıxmaz... Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək!". Müəllif buradakı "hamımızın düşməni", "hamımızı təhdid edən təhlükə" ifadələri ilə məhz çarizmi, onun "parçala, hökm sür!" mürtəce siyasətini nəzərdə tutur, fitnə-fəsada uymuşları nifaq və ədavətdən uzaq durmağa, məktəb, mədrəsə, qəzet yaratmağa, araqızışdıran məqalələr yazanları öz səhvlərini başa düşüb nəticə çıxarmağa çağırır, Qafqaz balalarına keçənə güzəşt etməyi, gələcəyin dərdinə qalmağı tövsiyə edirdi. Ədibin publisist əsərlərinin ideya-məzmunundan açıqca görünür ki, "başı üzərinə böyük bir hərc-mərclik zülməti" çökmüş Qafqazda öz doğma vətəninin, millətinin taleyindən nigaranlıq və narahatlığının səbəbi daha böyük və daha köklüdür. "Dövlət Dumasının açılmağı" adlı məqaləsində yazdığı kimi, "xalqlar həbsxanası" adlanan Çar Rusiyasında əslində hamıya bir gözlə baxılmır, milli ayrı-seçkilik siyasəti yeridilir: "...Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi. Birinə çoxlu ixtiyar verirdilər, o birini o ixtiyardan mərhum qoyurdular... Bu xüsusda hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı hamıdan yaman idi...".

 

N.Nərimanov 1906-cı ildə "Həyat" qəzetində yazırdı: "Yüz illərlə can çəkişdirib, axırda yenə də ixtiyarsız qul olmaqdansa, məhv və nabud olmaq, can verib getmək, lakin hürriyyət və bərabərlik yolu kimi şanlı müqəddəs bir yolda ölmək, şəhid olmaq, əlbəttə, daha məsləhətdir!... Yoxsa bu yaşayış yaşayış deyildir!". Ö.F.Nemanzadə zülm və istibdada dözməməyə, ayılıb haqq və ədalət uğrunda vuruşmağa səsləyirdi: "Bəsdir bu qədər səbir! Bəsdir çəkdiyimiz bu qədər həqarət! Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək: Cənablar! Biz öz dilimizlə oxuyub, dilimizi, milliyyətimizi bilmək istəyirik. İstəyirik ki, bir para milli işlərimizi özümüz idarə edib, bizim adətimizdən bixəbər olan cahil və zalım qulluqçular başımıza bəla olmasınlar". Y.V.Çəmənzəminlinin 1918-1920-ci illər erməni-müsəlman qırğınları zamanı yazdığı "Kiyevdən məktub", "İki aləm", "Zəruri məsələlər", "Azərbaycan muxtariyyəti" və s. kimi publisist məqalələrdə milli tale, vətənin gələcəyi, "köhnəni yıxmaq və təzə bina üçün zəmin hazırlamaq" problemləri əks olunurdu. O, vətəni üzərində qara tufanların əsdiyini aydınca dərk edir, həm qərəzli qüvvələrə, həm də öz millətinə xəbərdaredici bir tərzdə yazırdı: "Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli idarəsi ola bilər. Milli idarə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər. Deməli, əvvəlinci məsələ milli ölkədir. Torpağımıza söykənsək (yəni qoruya bilsək - E.M), heç bir düşmən bizə xətər yetirə bilməz". O, bu vacib işin çətinliyini də göstərir, milli səfərbərlik ruhu aşılamağa çalışırdı: "Bizim Azərbaycan min il bundan əvvəl də mövcud idi. Onda həm ölkəmiz var idi, həm də xalqımız. Lakin hakimiyyət bizim əlimizdə deyildi. Gəldi-gedər bir xan və ya bəy faydamızı gözləyə bilmirdi. Rusların hakimiyyəti bizi dəxi də pis hallara gətirdi; ixtiyarımızı əlinə alıb, bizi həm torpağımızdan, həm də millətimizdən məhrum qılmaq istədi. Vətənimizi rus köçəriləri ilə doldurdu". Ədib 1918-ci ildə "Azərbaycan" qəzetində dərc etdirdiyi "Xarici siyasətimiz" adlı məqaləsində erməni məsələsinin yenə meydana çıxdığı bir vaxtda "köhnə ədavətin unudulmasını", arada davamlı bir sülh olmasını arzulayır, eyni zamanda erməni ədalarının bu sülhü pozmasından, "ermənilərin etnoqraf cığırlarından çıxmasından" ciddi narahatlığını bildirərək uzaqgörənliklə yazırdı: "Böyük Ermənistan xəritəsini gördüm, üç dəniz arasında təşəkkül edəcək imiş: Ağ, Qara və Xəzər dənizləri arasında. Xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdi. Əgər bu xəritə erməni milli amilinin şəkli isə, onda erməni məsələsi yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır". Daha sonra "...iki millət arasında sıx bir rabitə var. Dostluq ilə yaşamaq üçün böyük bir zəmin mövcuddur. Lakin siyasətin əyri yol getməsi iki millətin dostluğunu və asayişini pozur. Erməni rəhbərləri bizə əl uzatmalıdırlar, kin-küdurəti buraxıb, doğru yola gəlməlidirlər" - deyə ilk olaraq özü ermənilərə əl uzadırdı.

 

Parçalanmış və parçalanmasına hələ də cəhdlər edilən vətənin dərdi, taleyi C.Məmmədquluzadə publisistikasının başlıca mövzu-problemi idi. O, "Necə qan ağlamasın daş bu gün..." adlı felyetonunda Azərbaycandakı mövcud vəziyyəti Kərbəla müsibəti ilə əlaqələndirməklə bir növ həyəcan təbili çalır, xalqın diqqətini tale əhəmiyyətli problemlərin həllinə yönəltməyə çalışırdı. 1917-ci ildə "Molla Nəsrəddin" jurnalının 24-cü sayında dərc etdirdiyi "Azərbaycan" məqaləsində ədib öz-özü ilə qurduğu bu dialoq vasitəsi ilə əslində millətini öz tarixi məmləkətinin, dilinin, mədəniyyətinin faciəvi taleyinə görə hesabata, cavabdehliyə səsləyir, mübarizəyə çağırırdı: "...Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz?! Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!". Göründüyü kimi, vətəndaş yanğısı ilə qələmə alınmış bu felyeton vətən, dil, millət taleyi uğrunda mübarizəyə səfərbəretmə gücü, xüsusiyyəti ilə böyük əhəmiyyət daşıyır.

 

Habelə, Ə.M.Topçubaşov Ə.Ağaoğlu, C.Hacıbəyli, N.Nərimanov, E.Sultanov, S.Eynullayev, N.Minasazov və başqa bu kimi istedadlı publisistlər milli zəmində baş verən qırğınlarla əlaqədar Qafqazın bir çox qəzet və jurnallarında məqalələr dərc etdirmişlər. Onlar milli dözümlüyün tərəfdarı kimi Qafqaz ocağında dinc birgəyaşayışa çağırır, millətçiliyi mühakimə edir, erməni-daşnak təhdidlərinə qarşı ittifaqa çağırırdılar.

 

1918-1920-ci illərdə ermənilərin Azərbaycanda törətdiyi faciələri öz yaradıcılığında başlıca mövzuya çevirənlərdən biri də Mirzə Bala Məmmədzadə idi. O, yaranmış ictimai-siyasi vəziyyətdə daha böyük faciələrin qaçılmaz olduğunu dərk edir, vətənin bütövlüyü, müstəqilliyi uğrunda mübarizəyə çağıran məqalələr yazır, vətən yolunda can verməyin, milli muxtariyyəti yolunda varından keçməyin bir milləti yaşatmaq istəyi, əzmi olduğunu vurğulayırdı. Publisistin 1919-cu ildə "Bəsirət" qəzetində dərc etdirdiyi "Ermənilər və biz", "Qansız mümkün deyilmi", "Yeni Ermənistan və Azərbaycan", "Üç təhlükə" adlı məqalələrində erməni-daşnak qüvvələrinin məkrli siyasəti bütün ciddiliyi ilə açılıb ifşa edilirdi. Yaxud hələ sovetlər dövrünün ilk illərində N.Nərimanov ürək ağrısı ilə qələmə alıb Stalinə göndərdiyi "Ucqarlarda inqilabımızın tarixinə dair" məruzəsində Mərkəzin Azərbaycanı simasızlaşdırmaq siyasətindən hiddətlə bəhs edirdi: "...Mərkəz... ucqar respublikaların daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu "beynəlmiləlçiləri" irəli çəkir, müdafiə edir". O, "bu beynəlmiləlçilər" dedikdə Mərkəzdən xüsusi mandatla göndərilən "ixtiyar sahiblərini" - milli dövlət quruculuğuna kobudluqla müdaxilə edən, Azərbaycanda açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridən, Azərbaycan xalqının milli hisslərini belə təhqir etməkdən çəkinməyən mikoyanları, mirzoyanları, kirovları, serebrovskiləri... nəzərdə tutur və onların apardığı iyrənc siyasətə son qoyulmasını tələb edirdi. N.Nərimanov açıq-aşkar yazırdı: "...Burada məlum plan üzrə fəaliyyət göstərilir..."; "Bu kampaniyanın fəaliyyəti Azərbaycanın simasızlaşdırılmasına yönəlmişdir... Kommunizm bayrağı altında daşnaklar öz işlərini görür..."; "Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılır".

 

N.Nərimanov Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi məsələsinə də kəskin surətdə münasibətini bildirir, bu barədə V.İ.Leninə məktubunda daha qətiyyətlə yazırdı: "Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir... ...Çoxmillətli  əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz... Mən qəti surətdə bildirirəm: Əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq..."

 

Təhlil nəticəsində belə bir qənaətə gələ bilərik ki, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq cəhdləri barədə yazılmış məqalələr janr, forma, üslub cəhətdən müxtəlif və rəngarəng olsalar da, ideya-məzmun xüsusiyyətlərinə görə yaxın və oxşardırlar. Belə ki, törədilən qırğınlar birmənalı olaraq Çar Rusiyası müstəmləkəçilik siyasətinin və bədnam "erməni məsələsi"nin tərkib hissəsi kimi qiymətləndirilib şərh edilmişdir. Publisistika siyasi kələklərin Azərbaycan multikultural mühitinə heç bir aidiyyəti olmadığını və millətlərarası münasibətlərdəki mövcud tarazlığı poza bilmədiyini göstərmişdir. Heç bir insaniyyətə zidd fikirlərə yol verilmədən milli-ayrı seçkiliyə qarşı ikrah hissi yaradılmış, zülm və istibdaddan, milli qırğınlardan nicat yolu mütləqiyyətin devrilməsində görülmüş, azadlıq uğrunda mübarizənin formalaşmasına mane olan hallar, millər tənqid atəşinə tutulmuş, xüsusən də xalqımızın başını qatan erməni-daşnaklarının təxribatçı əməlləri ifşa edilmişdir. Nəhayət, publisistikanın belə bir dəyişməz, qərarlı səciyyəsinin formalaşmasında Azərbaycan xalqının tolerant həyat tərzi əsaslı dərəcədə rol oynamışdır.

 

Elçin MEHRƏLİYEV

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2016.- 16 mart.- S.4.