"Beynəlxalq jurnalistika: təşəkkül
prosesi və demokratik ölkələrin media təcrübəsi"
İNFORMASİYA MƏSAFƏNİ YAXINLAŞDIRIR, DÜNYANI HƏM KİÇİLDİR, HƏM DƏ BƏNZƏRSİZ VƏ RƏNGARƏNG EDİR
Müasir dünya göründüyündən xeyli
kiçikdir.
Amma olduğundan da çox rəngarəng və
bənzərsizdir. Özü də
informasiya əsrində.
İnternet, media, peyk yayım sistemi, başqa texnoloji
yeniliklər dünyanın bütün nöqtələrini əlçatan
edib. Dünyanın ən ucqar nöqtəsində baş
verən hadisə bir an içində bütün bölgələrdə
və qitələrdə yaşayan əhaliyə
çatdırıla bilir. Deyilənlər
yalnız faktlara aid deyil. Bunlar həm də
fikir, düşüncə, yaşam tərzi, maraq və
arzular, estetik zövq, siyasi ideya və çoxsaylı
başqa təfəkkür məhsullarını əhatə
edir. Hazırkı dünyada bir növ
eyniləşmə prosesi baş verir. Universallaşma
günü-gündən sürətlənir, bir çox
ideyalar ümumbəşəri xarakter alır. Bütün bunlar informasiya mübadiləsi əsasında
baş verir.
İlk baxışda belə təsəvvür yarana bilər
ki, dünyada müşahidə olunan informasiya axını
xaos şəklində baş verir, heç bir qayda ilə tənzimlənmir,
hər bir dövlət istədiyi informasiyanı dünya
bazarına atır. Əslində isə vəziyyət xeyli dərəcədə
fərqlidir. Dünyada hökm sürən
çoxşaxəli informasiya axını dünya birliyi tərəfindən
müəyyən edilmiş norma və
prinsiplər əsasında baş verir. Bu
qaydalar ilk növbədə beynəlxalq təşkilatlar tərəfindən
işlənib hazırlanır və üzv ölkələrlə
razılaşdırılır. Beləliklə,
razılaşdırılmış qaydalar həm də
mövcud sənədi imzalamış ölkələrin
dövlət öhdəliyinə çevrilir.
Hazırkı
dövrdə beynəlxalq xarakter daşıyan norma
və prinsiplər daha çox media sahəsində
özünü göstərir. Kütləvi
informasiya vasitələrinin fəaliyyət mexanizminə aid
bir çox dəyərlər, demək olar ki, bütün
dünyada getdikcə eyniləşir. Redaksiyanın
təşkili prinsiplərindən başlayaraq jurnalist materiallarının
yaradıcılıq xüsusiyyətlərinə qədər.
Bunların sırasında ən vacibləri bunlardır:
KİV-in cəmiyyətdə yeri və rolu, KİV vahidlərinin
qeydiyyat tələbləri, medianın funksiyaları, KİV-in iqtisadi
meyarları, söz və mətbuat azadlığının tələbləri,
senzuranın yolverilməzliyi, media vasitəsinin təşkili
prinsipləri, naşirin, redaktorun, jurnalistlərin vəzifələri,
jurnalistin fəaliyyət prinsipləri, etik qaydalara riayət
etməyin vacibliyi, şəxsi həyatın
toxunulmazlığı, redaksiya
materiallarının açıqlanmaması, informasiyanın
toplanma qaydaları, plüralizm, KİV-dövlət münasibətləri,
dövlət informasiyasının şəffaflıq
meyarları, dövlət informasiyasına giriş və bir
çox başqa dəyərlər.
Bu kimi məsələlərin
təhlili BDU Jurnalistika fakültəsinin dosenti Sabir Rza
oğlu Məmmədovun ərsəyə gətirdiyi "Beynəlxalq
jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin
media təcrübəsi" adlı monoqrafiyasının əsas
qayəsini təşkil edir.
Jurnalistika
fakültəsində tədris olunan kurslar sırasında
"Beynəlxalq jurnalistika" ən əhəmiyyətli,
maraqlı və daima müasir olan fənn hesab olunur. Təsadüfi deyildir ki, hələ əvvəlki
dövrlərdən başlayaraq hər bir tələbə-jurnalist
gələcəkdə beynəlxalq jurnalistika sahəsində
çalışmağı arzulayırdı və bunu
özünün başlıca məqsədi hesab edirdi. Amma nəzərə almaq lazımdır ki, "beynəlxalq
jurnalistika" anlayışı əvvəlki dövrlərlə
müqayisədə kifayət qədər dəyişib və
yeni məzmun daşıyır.
Məsələ
burasındadır ki, uzun illər ərzində "beynəlxalq
jurnalistika" anlayışı özündə yalnız
ölkənin xarici siyasəti ilə bağlı mövzulara
müraciət etməyi nəzərdə tuturdu. Yəni beynəlxalq
mövzuları şərh edən, xarici siyasət məsələlərini
açıqlayan, ölkə diplomatlarının və
diplomatik korpusun gedişlərini təbliğ və təqdir
edən, bu sahədə püxtələşən, publisistik
materiallarla sistematik şəkildə çıxış edən
media nümayəndələrinə "beynəlxalq
jurnalist" deyirdilər.
Əslində isə bu anlayışın məzmunu
çox genişdir. Üstəlik o da aydın olur ki, əvvəlki dövrdə
beynəlxalq jurnalistikanın mahiyyəti
düşünülmüş formada təhrif olunurdu. Çünki bu sahə həddən artaq
ideologiyalaşmışdır. "Beynəlxalq
jurnalistika"nın mahiyyətinin elmi cəhətdən
düzgün izah edilməsi, onun tədris proqramının
obyektiv şəkildə işlənib hazırlanması və
bu konsepsiya üzrə mütəxəssislərin yetişdirilməsi məlum
ideologiyaya xidmət edən təhsil sisteminə uyğun gələ
bilməzdi.
Beləliklə, qarşıda duran əsas vəzifələrdən
biri "Beynəlxalq jurnalistika" kursunun və ixtisas sahəsinin
mahiyyətini düzgün, hərtərəfli və
dolğun açmaq, izah etmək və
aydınlaşdırmaqdır. İlk növbədə
vurğulamaq lazımdır ki, beynəlxalq jurnalistikanın bir
sıra əsas
istiqamətləri var. Bunlardan birincisi və ən
böyük əhəmiyyət daşıyanı ondan ibarətdir
ki, bu kurs beynəlxalq təşkilatların
media sahəsindəki fəaliyyətini əhatə edir. Bu mənada tələbələrə hərtərəfli
açıqlamaq lazımdır ki, beynəlxalq təşkilatlar
necə yaranır, hansı məqsədlərə xidmət
edir, necə fəaliyyət göstərir və s.
Beynəlxalq jurnalistika dövlətlərarası
informasiya mübadiləsini və informasiya münasibətlərini
əhatə etməklə dünya siyasətinin bir hissəsi
kimi çıxış edir və dövlətlərarası
ümumdünya və regional təşkilatların KİV-in
inkişafı sahəsində fəaliyyətini əhatə
edir. Hazırda dünyada dörd mindən artıq beynəlxalq
təşkilat var ki, onların 300-dən artığı
dövlətlərarası birliklər şəklində
çıxış edir. Dövlətlərarası
təşkilatlar vasitəsilə söz, mətbuat və fikir
azadlığına dair beynəlxalq hüquq normaları
formalaşdırılır. BMT, Avropa
Şurası, ATƏT və başqa beynəlxalq təşkilatlar
çoxsaylı sənədlər qəbul etmiş,
normativ-hüquqi aktlar müəyyənləşdirmişdir.
Üzv dövlətlər həmin beynəlxalq
hüquq normalarını bu və ya digər dərəcədə
nəzərə alır və onlardan istifadə edirlər.
Dövlətlərarası saziş və
müqavilə statusu daşıyan beynəlxalq sənədlərin
hüquqi prinsipləri, müəyyən etdikləri qaydalar
üzv dövlətlər üçün mütləq xarakter
daşıyır. Media fəaliyyətinin əsaslı
bölməsi kimi beynəlxalq jurnalistika KİV-in beynəlxalq
aspektlərini, dövlətlərarası normativ prinsipləri,
informasiya fəaliyyətinin standartlarını, o cümlədən,
informasiyanın istehsalı, toplanması, mühafizəsi və
müasir kommunikasiya vasitəsi ilə yayımını nəzərdə
tutur.
Beynəlxalq
jurnalistika problemlərini araşdırarkən KİV vasitələrinin
formalaşmaqda olan informasiya cəmiyyətinə
uyğunlaşması və bu proses zamanı baş verən
forma və məzmun dəyişikliklərini xüsusi təhlil
etmək gərəkdir. Müasir dövrdə
multimedia və qlobal informasiya şəbəkələrinin
sintezi nəticəsində "yeni media" (new media) sistemi
formalaşmaqdadır və bu mənada İnternet-
jurnalistikanın beynəlxalq aspektləri hərtərəfli
araşdırılmalıdır.
Müasir dövrdə dünyada yeni geosiyasi şərait
yaranmışdır və inteqrasiya meylləri gündən-günə
daha da güclənir. Artıq heç bir dövlət qonşu
ölkələrdən təcrid olunmuş şəkildə
fəaliyyət göstərmir. Hər bir
ölkə bütün sahələrdə, o cümlədən,
informasiya və özünüifadə azadlığı sahəsində
yaxın və uzaq qonşusundan yararlanmağa
çalışır. Hazırda Azərbaycan
Respublikası da başqa ölkələrin tarixi təcrübəsindən
hərtərəfli istifadə etməyi qarşısına
bir məqsəd kimi qoymuşdur.
Beynəlxalq
jurnalistikanın vacib elmi, nəzəri və praktiki istiqamətlərindən
biri qabaqcıl
və inkişaf etmiş ölkələrin KİV
qanunvericiliyindəki inteqrasiya meyllərinin
araşdırılmasıdır. Xüsusi qeyd etmək
lazımdır ki, başqa sahələrdə olduğu kimi,
informasiya, söz, mətbuat və özünüifadə
azadlığı sahəsində də Avropa ölkələrinin
böyük tarixi təcrübəsi var. Tarix boyu bu ölkələr
bir-birindən çox yararlanmış və inteqrasiya sahəsində
böyük uğurlar qazanmışlar. Aparılan
araşdırmalar göstərmişdir ki, hər bir ölkənin
dövlət-hüquq sistemi və mediaya dair normativ-hüquqi
aktları bir tərəfdən həmin xalqın tarixindən,
sosial-iqtisadi həyatından, mədəniyyətindən,
dövlətçilik təcrübəsindən, ideoloji dəyərlərindən,
özünəməxsusluğundan qaynaqlanmışdırsa,
digər tərəfdən qonşu dövlətlərin təcrübəsindən
götürülmüş və müqayisəli hüquq
vasitəsilə mənimsənilmişdir. Nəticədə
əksər qabaqcıl ölkələrin KİV
qanunvericiliyində çox sayda oxşar, ortaq meyarlar
formalaşmışdır.
Artıq bütün dünyada jurnalist və media fəaliyyətinə
ortaq peşə sahəsi kimi baxılır. Beynəlxalq
jurnalistika dünya publisistikasını təhlil edir, xarici
jurnalistlərin yaradıcılıq laboratoriyasını hərtərəfli
araşdırır, media nümayəndələrinə
müasir peşə sirlərinə yiyələnmək
yollarını açıqlayır, yeni yaradıcılıq
texnologiyasından, onun əlverişli forma və metodlardan
istifadə etmək imkanlarını müəyyən edir.
Onu da qeyd etmək yerinə düşər ki, jurnalistikanın
nəzəriyyəsi və təcrübəsi sahəsində
beynəlxalq aləmdə mövcud olan peşə,
yaradıcılıq meyarları ilə postsovet məkanında
uzun illər ərzində tədris olunmuş media qaydaları
arasında böyük fərqlər mövcuddur. Bunlar ilk növbədə materialların janr xüsusiyyətlərinə,
informasiyaya çatım qaydalarına, jurnalist-məmur
münasibətlərinə və s. aiddir. Peşə fəaliyyətinə dair beynəlxalq təcrübədə
mövcud olan dərin və ətraflı bilgilərin tədqiq
edilməsi məhz beynəlxalq jurnalistikanın üzərinə
düşür.
Qeyd etmək
lazımdır ki, müasir dövr jurnalistikasında praktik
yönümlü bilik və təcrübəyə
böyük önəm verildiyi üçün beynəlxalq
kommunikasiya münasibətlərinin inkişafı, ictimaiyyətlə
əlaqənin təşkili (Pablic Relations) və dövlət
idarəetmə orqanlarının məlumatlandırılması
(Government Relations) problemləri xüsusi əhəmiyyət kəsb
edir. Müasir PR işçisi böyük
erudisiyaya, yüksək biliyə malik, insanlarla ünsiyyət
qurmaq və onlara təsir etmək metodologiyasına sahib olan
peşəkardır. Hazırda ictimaiyyətlə
dövlət orqanları arasındakı münasibətləri
tənzimləyən və siyasi menecment funksiyasını
yerinə yetirən qurum kimi "dövlət orqanları ilə
əlaqə" (Government Relations) qurumları
çıxış edir. GR sahəsində
çalışan şəxs sosial-siyasi proseslərə təsir
etmək bacarığına malik, dövlət idarəetmə
orqanlarında və biznes qurumlarında fəaliyyət
göstərməyə hazır olan mütəxəssisdir.
O, geniş, dərin biliyə və böyük qabiliyyətə
sahib olmalıdır ki, baş verən prosesləri müstəqil
şəkildə təhlil edib, idarəetmə mexanizmlərindən
yararlanaraq hadisələri uyğun məcraya yönəldə
bilsin.
Beynəlxalq jurnalistikanın vacib istiqamətlərindən
biri regional və transmilli informasiya məkanının,
dünya miqyasında fəaliyyət göstərən və
yayımlanan kütləvi informasiya vasitələrinin fəaliyyətinin
təhlilidir.
İnformasiya sahəsinin milli, regional və
transmilli olması əsasən media vasitəsinin xarakteri,
neçə dildə yayımlanması və texniki vasitələrin
yaratdığı imkanlarla müəyyənləşir.
Düzdür, bəzən müəyyən bir
yerli mətbuat orqanında və yaxud teleradio kanalında
yayımlanan sensasiya ilə dolu material milli və regional sərhədləri
aşaraq dünyanın müxtəlif ucqar nöqtələrində
insanların diqqətinə hakim olur. Belə
faktlar əsasən həmin informasiyanın təsirliliyi ilə
bağlıdır. Əksər hallarda isə
hər bir informasiya vasitəsinin öz yayım sahəsi və
əhatə dairəsi mövcuddur. Ölkə
daxilində fəaliyyət göstərən media vasitəsinin
əhatə dairəsi daha çox milli ərazi ilə məhdudlaşır.
Amma elə media vasitələri də var ki,
qarşılarına qoyduqları məqsədlərə
uyğun olaraq onların fəaliyyəti nəinki hər hansı
bir regionu, hətta dünyanın bir çox bölgələrini
əhatə edir. Bunlar transmilli mətbuat
orqanları, dünya informasiya agentlikləri,
"dünya" televiziya və radio kanallarıdır.
Beynəlxalq
jurnalistika müxtəlif ölkələrdə fəaliyyət
göstərən mətbuat orqanlarının, informasiya
agentliklərinin, televiziya və radio kanallarının, media
şirkətlərinin ikitərəfli və çoxtərəfli
əlaqələrini araşdırır, onların
yaratdıqları birliklərin, təşkilatların,
alyansların informasiya siyasətini tədqiq edir, KİV vasitələri
arasında mövcud olan informasiya mübadiləsinin təşkili
prinsiplərini və mahiyyətini hərtərəfli təhlil
edir.
Beynəlxalq jurnalistikanın elmi və tədrisi-nəzəri
istiqamətlərindən biri də media nümayəndələrinin
ümumdünya miqyasında "korporativ"
maraqlarının aydınlaşdırılması, öyrənilməsi
və bunun əsasında peşə həmrəyliyinin
araşdırılması və mənimsənilməsidir. Dünyanın
istənilən yerində jurnalistlərin oxşar problemləri
və qarşıda duran vəzifələri var. Bunların həlli
üçün media nümayəndələri regional və
ümumdünya jurnalist təşkilatlarında birləşirlər.
KİV əməkdaşlarının
hüquqlarının müdafiəsi, onların peşə
bacarıqlarının yüksəldilməsi ilə
yanaşı bu təşkilatların əsas
funksiyalarından biri də media nümayəndələrinin
davranış kodekslərinin hazırlanması və təbliğidir.
Jurnalist həmrəyliyinin vacibliyi, onun təşkili
məsələləri və bu sahədə fəaliyyət
göstərən beynəlxalq təşkilatların fəaliyyətinin
öyrənilməsi beynəlxalq jurnalistikanın əsas vəzifələri
sırasına daxildir.
Göründüyü
kimi, beynəlxalq jurnalistika problemlərinin ən üstün
cəhəti onların müasir səslənməsi və həyatın
tələbləri ilə uzlaşmasındadır. Son illər bir sıra Qərb universitetlərində,
o cümlədən, London Citi Universitetində bu ixtisas üzrə
magistr proqramı formalaşmış və bu sahədə
mütəxəssis hazırlığına başlanmışdır.
Rusiya Federasiyası, Belarus, Qazaxıstan və başqa postsovet
ölkələri universitetlərində, o cümlədən,
Moskva Dövlət Universitetində və Moskva Beynəlxalq
Münasibətlər İnstitutunda isə tədris
proqramlarının mahiyyəti və alimlərin problemlərə
elmi-nəzəri baxışları əvvəlki ənənəvi
düşüncədən uzağa getməmişdir. Belə
ki, Rusiya alimləri öz ölkələrini dünya siyasətində
dominant dövlət hesab edərək beynəlxalq təşkilatların,
o cümlədən, BMT, Avropa Şurası, ATƏT, Avropa
İttifaqı və başqalarının fəaliyyətini
ön plana çəkmir və real, obyektiv qiymətləndirməyə
çalışmırlar. Bu mənada beynəlxalq
jurnalistikanın formalaşması prosesində əhəmiyyətli
yer tutan medianın beynəlxalq hüquqi prinsipləri, dövlətlərarası
təşkilatların KİV-in inkişafı sahəsində
fəaliyyəti onların məqsədyönlü elmi
araşdırma dairəsinə daxil edilməmişdir.
Azərbaycanda beynəlxalq jurnalistika problemlərinin araşdırılması və bu sahə üzrə mütəxəssis hazırlığına müstəqilliyimizin ilk günlərindən, yəni 1991-ci ildən Bakı Dövlət Universitetində başlanmışdır. 1991-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsində şöbə kimi fəaliyyət göstərən beynəlxalq jurnalistika ixtisasının tədris planının və fənn proqramlarının hazırlanması hazırda "Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi" əsərinin müəllifi S.Məmmədli tərəfindən həyata keçirilmiş, qabaqcıl meyarlara əsaslanmış və bütövlükdə demokratik cəmiyyət quruluşuna yönəlmişdir. 1997-ci ildən isə BDU-da beynəlxalq jurnalistika ixtisası üzrə magistr hazırlığına başlanmış və bir müddət sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən beynəlxalq jurnalistikanın ixtisas indeksi təsdiq edilmişdir. Amma təəssüflər olsun ki, indiyədək bütöv bir əsərdə beynəlxalq jurnalistikanın konseptual əsasları elmi cəhətdən təhlil edilməmiş və ictimai, humanitar ixtisaslar sırasında onun yeri yalnız ümumi şəkildə müəyyənləşmişdir.
Qeyd etmək lazımdır ki, Sabir Məmmədlinin monoqrafiyasında qaldırılan mövzuların bir hissəsi onun hazırladığı "Beynəlxalq jurnalistikanın müasir inkişaf problemləri", "Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika", "Beynəlxalq təcrübədə jurnalistin hüquq və vəzifələri" və başqa tədris proqramlarında əks olunub, aprobasiyadan uğurla keçib və hazırda jurnalist kadrları hazırlayan universitetlərin tədris proseslərində istifadə edilir.
Bütün bunlar bir daha onu göstərir ki, S.Məmmədlinin əsəri beynəlxalq jurnalistika sahəsində əhəmiyyətli bir araşdırmadır və media əməkdaşları, jurnalistlər, sosioloqlar və politoloqlar tərəfindən geniş və hərtərəfli şəkildə istifadə edilə bilər.
Nəsir
ƏHMƏDLİ, Filologiya üzrə elmlər doktoru
Pərvanə
İBRAHİMOVA, Siyasi elmlər üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2016.- 17 mart.- S.4.