HƏR ŞEYİN ÖZ MAHİYYƏTİ

 

 

 

 

Bu gün - martın 19-da ictimai xadim, şair Hacan Hacısoyun 70 yaşı tamam olur.

 

Bu əlamətdar gün münasibəti ilə yubilyarı təbrik edir, ona cansağlığı, bol-bol yaradıcılıq uğurları arzulayırıq.

 

Hacan Hacısoyun silsilə şeirlərini oxuculara təqdim edirik.

 

 

Həyatda zərif görünmək,

İncə, ipək tül işidi.

Ən ağır yükü saxlamaq,

Ən möhkəm özül işidi.

 

Öyrən, dərk et təbiyyəti,

Hər şeyin öz mahiyyəti.

Sancmaq qanqal xasiyyəti,

Ətir saçmaq gül işidi.

 

Nə lazım özünü öymək,

Boş-boş sinəsinə döymək.

Bar verib başını əymək,

Dən dolu sünbül işidi.

 

Zor vermə özünə nahaq,

Neyləsən də tərpənməz dağ.

Toz olub göyə sovrulmaq,

Odu sönmüş kül işidi.

 

Eşq adlı dərgaha çatmaq,

Qalan hər nə varsa atmaq!

Sevdiyini uca tutmaq,

Sevdalı könül işidi!

 

NECƏDİ

 

(“Özümdən özümə” silsiləsindən)

 

Doğulasan, yaşayasan dünyada,

Qul olasan bir ömürə, necədi?

Tale səni hər gün çəkə sınağa,

Gah ağlada, gah güldürə, necədi?

 

Yurdun-yuvan talan ola, dağıla,

Gözün görə, gəlməyəsən ağıla.

Torpağında qəsbkarlar, yağılar,

Məskən sala, dövran sürə, necədi?

 

Hey yanasan - yadlar dura qəsdinə,

Məhəl qoyan tapılmaya tüstünə.

Düz yolunla gedən zaman üstünə,

Diş qıcayıb, köpək hürə, necədi?

 

Bu ki, vardı dünən başqa biçimdə,

Hansı yolla qalib çıxdı seçimdə?

Ən alçağı bir gecənin içində

Qaldıralar ən hündürə, necədi?

 

Çox danışma, yersiz çıxar gileyin,

Avand üzü, tərs üzü var hər şeyin.

Yüz aqili bir ağılsız kütbeyin,

Qabağında süründürə, necədi?

 

Nə üyüdür bax gör telekanallar,

Bu hay-küydən kim nə qanar, nə anlar?

Gecə-gündüz ekranlardan nadanlar,

Gözlərinə kül üfürə, necədi?

 

Od söndürə bircə kəlmə deməyin,

Hər müşkülə çarə qıla köməyin.

Ancaq layiq görülməyə əməyin,

Bir quruca təşəkkürə, necədi?

 

Unutqanlıq yuva sala canında,

Sadəlövhlük müşaətçin - yanında.

Qan yaddaşın yaddan çıxa qanında,

Bu təfəkkür, bu məfkurə, necədi?

 

Hər yetənə daha demə: - nə qulluq?

Bunun adı - miyanəlik, yoxsulluq!

Bu ağılı, düşüncəni biryolluq,

Apar tulla Dəli Kürə, necədi?..

 

RUH, NƏFS...

 

Sən də aldanmısan, etmisən günah,

Bəs bu aldanışın səbəbi nədir?

Adəmi cənnətdən qovduran tamah,

Ölməyib, hələ də öz işindədir.

Adəm uydu nəfsin istədiyinə,

Onu da aldatdı iblis hiyləsi.

O vaxtdan min illər keçsə də yenə,

Bitmir ruhla nəfsin mücadiləsi.

 

Yaşa,  bu dünyada elə ömür sür,

Qoy ruhun nəfsindən qoruna bilsin.

Nəfsin diridirsə, ruhun ölüdür,

Nəfsini öldür ki, ruhun dirilsin!

 

Kim ki yaranıbdır nəfsinin qulu,

Dünya onun üçün yağlı yeməkdir.

Nəfsi öldürməyin ən yaxşı yolu,

Sağ ikən ölümü görə bilməkdir.

 

Əgər ölüm haqsa... həyata düz bax,

Ruhun təmizlənsin olsun dupduru.

Çox müşkül işləri həll edər ancaq,

“Ölməmişdən əvvəl ölün!” - düsturu!

 

Yazıqdır, var-dövlət üstə çarpışıb,

Hər gün bir-birini yeyib didənlər.

Sonda üryan qalar, həddini aşıb,

Nəfsini özünə Tanrı edənlər.   

 

BU EŞQ

 

Canın, ruhun pıçıltısı,

Talenin səsidi bu eşq.

Təzə açılan qönçənin

Zümrüd jaləsidi bu eşq.

 

Göylərdən gəlir zühuru,           

Baldan şirin, sudan duru.

Günəşin, ulduzun nuru,

Ayın haləsidi bu eşq.

 

İlahi gözlə seçilən,

Tək öz boyuna biçilən,

Buta verilib içilən,

Cam piyaləsidi bu eşq.

 

Yolu yoxuşdu bağının,

Zirvəsi dikdi dağının.

Ən hündür çay yatağının,

Gur şəlaləsidi bu eşq.

 

Gizli əksidi aşkarın,

Təsdiqidi Mütləq Varın.

İlk baharla son baharın,

Şamı, şöləsidi bu eşq.   

 

Sərgərdan gəzmək peşəsi,   

Göz yaşı həzzi, nəşəsi.

Kol dibinin bənövşəsi,

Çölün laləsidi bu eşq.

 

Varlığıdı bir cahanın,

Hikmətidi bircə anın.

İki bədəndə bir canın,

Ahı, naləsidi bu eşq.

 

Dastanıdı bir ozanın,

Bələdçisi - yol azanın.  

Sevgidən yazı yazanın,

Son məqaləsidi bu eşq.

 

YOX

 

Demirəm düşüb ortaya,

Boş yerə meydan sula - yox.

Ya kiməsə yaltaqlanıb,

Təlxəktək quyruq bula - yox.

 

Qəddini düz tutmağı bil,

Baş əymək yaşamaq deyil.

Əyilsən də Haqqa əyil,

Vara, dövlətə, pula - yox.

 

Az üçün hər gün ah edib,

Çoxa artıq tamah edib,

Nəfsi dirildib şah edib,

Dönmə önündə qula - yox.

 

Sözün, mövqen olsun aşkar,

Həqiqəti etmə inkar.

Ya ovçu ol, ya da şikar,

Ovçu yanında tula - yox!

 

ÖZÜMÜZƏ QAYIDAQ

 

Gəl səninlə üzbəsurat,

Oturub bir söhbət edək.

Tarixlərə nəzər salaq,

Bir az dərinlərə gedək.

Xəyalımız qanad açsın,

Yeniseyə, Altayadək,

Bir də baxaq yolumuza,

Əvvələ, ilkə qayıdaq!

 

Türkün elə yaranışdan,

Hər məqamı gərgin olub,

ili, ayı xoş keçib,

Nə də günü bir gün olub.

Gah didilib, gah əzilib,

Gah yurdundan sürgün olub.

Türkü ayağa qaldıran,

Türk oğlu türkə qayıdaq!

 

Haralarda məskunlaşıb,

Pərən düşən el-uluslar?

Hardadırlar Məhsətilər, -

Yurdu varkən o yurdsuzlar?!

Kimə pənah gətiriblər,

Göy oğuzlar - Qaqauzlar?!

Tapınaq soy kökümüzə,

O soya , kökə qayıdaq!

 

Bağdad eli - Durna teli,

Qoç Koroğlunun nərəsi!

Ən müqəddəs ziyarətgah -

Füzulinin məqbərəsi!

İraqda türk mənəm deyən,

Soydaşımın qərib səsi!

Bu səslərin sədasıyla,

Doğma Kərkükə qayıdaq!

 

Bilək kimlər bulandırıb,

Arxımızda suyumuzu.

Kim arxadan zərbə vurub,

Gizli qazıb quyumuzu.

Kimlər əyib vüqarı düz,

Qəddimizi, boyumuzu.

Ayıraq dostu, düşməni,

Özünüdərkə qayıdaq!

 

İndi mənə çox gərəkdir,

Şah vüqarı, əzəməti.

Şah İsmayıl baş qaldırsın,

Öz sözünü desin qəti!

Bütöv olsun, vahid olsun,

Azərbaycan məmləkəti!                                                                                                                                               

Şah əsilli sərkərdəyə,

Ulu müdrikə qayıdaq!

 

ÖZÜMÜZÜ TANIYAQ

 

Məşriqdən məğribə qədər,

Yolların uzanıb gedər...

Hamı sənə heyrət edər,

Yolunu, izini tanı.

Tanı, öz-özünü tanı!

 

Həyat etimaddır - doğrult,

Bulanıq nə varsa durult!

Sənindir bu torpaq, bu yurd,

Dağını, düzünü tanı.

Tanı, öz-özünü tanı!

 

Dədə Qorqud hikmətindən,

Şah Xətai qüdrətindən,

Qələm, qılınc vəhdətindən,                                                                                                                                                                                                                                                                                                    

Yaranan sözünü tanı.

Tanı, öz-özünü tanı!

 

Damarında qeyrətin var,

Tarixin var - ibrətin var!

Sənin ki bir sifətin var,

Bir olan üzünü tanı.              

Tanı, öz-özünü tanı!        

 

Meydan elə qucağını,

Qoru hər künc-bucağını.

Qoyma sönsün ocağını,

Odunu, közünü tanı.

Tanı, öz-özünü tanı!

 

UNUTQANLIQ

 

Əgər həyat ya uduzmaq, ya udmaqsa,                             

Hey uduzar söz götürüb, söz udanlar.

Özgələrin yerişini yamsılayar,

Öz ağlını, öz başını unudanlar.

 

Fərqi yoxdur, harda bitsə alaq olar,

Ona-buna yamaq olar, calaq olar,

Daş yağışı altında daşqalaq olar,

Bostanında yad daşını unudanlar!

 

Addım atar, addımbaşı büdrər, çaşar,

Kölə kimi, əqidəsiz ömür yaşar.

Ağıl uçar, şüur ölər - manqurtlaşar,

Qannan gələn yaddaşını unudanlar!

 

Yaranışdan ürək canda bir dənədir,

Nadan üçün yurd-yuva nə, Vətən nədir?!

Balaların taleyinə biganədir,

Anaların göz yaşını unudanlar!

 

Əsgər oğul, silahına möhkəm sarın,

Qeydinə qal bu ellərin, obaların!

Yurdçu olub yurd qorumaz, babaların,                                        

Ölüm-dirim savaşını unudanlar!

 

ÖMÜR SÜNBÜL ÜSTDƏ DƏNDİ

 

Pusquda duran əfidi,

Pozulan durna səfidi.

Canın-cismin hədəfidi,

Yay ilə oxun arası.

 

Var olan nə varsa haqdı,

Fəqət çox şey baş-ayaqdı.

Yerlə göy qədər uzaqdı,

Ac ilə toxun arası.

 

Tamah güclü, dünya alver,

Əməlinə gəl cavab ver.

Günah, savab görünən yer -

Az ilə çoxun arası.

 

Ömür sünbül üstdə dəndi,

Bəzən qəmli, bəzən şəndi.

Cəmi bir boyluq kəfəndi,

Var ilə yoxun arası.

 

BU DÜNYA

 

Hissə qapılıb demə ki,

Susuz dəhnədi bu dünya.

Yoxsula bomboş, varlıya

Dolu təhnədi bu dünya.

 

Hardadı əvvəli, sonu,

Dərk etmək mümkünmü onu?

Təzə görünsə də donu,

Qartmış köhnədi bu dünya.

 

Nə üzülmür, nə incəlmir,

Çarxı da bir an dincəlmir.

Gələn gedir, gedən gəlmir,

Əcəb səhnədi bu dünya.

 

AĞAC

 

Bu ağacı kim budayıb?

Bir dön bunun halına bax.

Üstündəki dəymişinə,

Altındakı kalına bax!

 

Hər tərəfdən sərt küləklər,

Qasırğalar döyən ağac.         

İçəridən acgöz qurdlar,

Xımır-xımır yeyən ağac.

 

Bütöv ikən, vahid ikən,

Neçə yerə şaxələnib.

Zaman-zaman üzərinə,

Gurşad yağıb, od ələnib!

 

İtirilmiş budağını,

Yarpağını gəzən ağac.

Halal haqqı ola-ola,

Haqsızlığa dözən ağac.

 

Gövdəsində min bir yara,

Damla-damla axır qanı.

Kök atdığı torpaq üstdə,

Neçə yadın yad ünvanı.

 

Ortalıqda təkcə qalan, 

Yalqız, tənha bitən ağac.

Heyif səndən ağac - Vətən,

Yazıq sənə Vətən - ağac!..

 

 

Hacan Hacısoy

525-ci qəzet.- 2016.- 19 mart.- S.23