Cildlərə sığmayan şair

 

FİKRƏT QOCANIN ONCİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏR"İNİ VƏRƏQLƏYƏRKƏN... OXUYARKƏN...

 

 

 

 

Fikrət Qoca ən çox oxuduğum, ən çox bəyəndiyim, haqqında ən çox yazdığım, ən yaxşı bildiyim, həyatda ən çox müşahidə etmək imkanım olan şairlərdən biridir. Və bütün bu “ən”lər onun son illərdə ardıcıl işıq üzü görən “Seçilmiş əsərlər”ini vərəqləyəndə, səhifə-səhifə oxumağa başlayanda qəribə duyğular oyadır məndə.

 

Başa düşürəm ki, sevdiyimiz şeirlər, yaxud ümumiyyətlə, əsərlər zaman keçdikcə bizim - sadiq oxucuların bioqrafiyasına çevrilir.

 

Elə bu on cildin bir çox səhifələrində o qədər də uzaq olmayan keçmiş misra-misra gözümün önünə gəlir, fərqli fikirlərə, hisslərə yol açır. “Bu şeirdən “Yüz gözəl sevgi şeiri” esselərimdə yazmışam”, “bu poema  haqda tələbələrimə danışmışam”, “bu povesti İlham və Fərizə barədə yazanda oxumuşam”, “bu şeiri smslə göndərmişəm”, “bu mahnını dənizə gedəndə dinləmişəm”, “bu şeiri haqqında çəkilmiş verilişdə oxumuşam”, “bunu yubiley yazısında istifadə eləmişəm”, “bundan sevinmişəm, bundan kövrəlmişəm”...

 

Axı necə olur, necə olur ki, biz dünyaya gəlməzdən neçə on illiklər öncə yazılmış əsərlər bu cür həyatımızın tərkibinə çevrilir, ruhumuza, ürəyimizə, düşüncəmizə daxil olur və daha ordan çıxmır?! Sadəcə söz kimi, ovqat kimi yox, hadisə kimi, bioqrafik məlumat kimi. Bunun yaxşı ya pis, xeyirli ya ziyanlı olmasını demək çətindi. Bəlkə ziyanlı tərəfi odur ki, ədəbiyyat həyatımızın içinə girdikcə o ilahi sehrini itirir, bir az adi, gündəlik işə çevrilir. Amma Fikrət müəllimin on cildliyini oxuduqca düşünürəm, həm çox şey tanışdı, həm də yenidi... Hətta:

 

“Payız gəldi,

Uçdu getdi quşlar” - da...   

 

Rəsul Rza haqlı imiş. İlk şeirləri çap olunan Fikrət Qoca haqda uzaqgörənliklə: “F.Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir... Onun ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu  bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik”, - yazmışdı. Hələ barmaqla sayılacaq qədər şeiri işıq üzü görən gənc şair barədə deyilənləri bu gün on cildliyin müəllifi olan 80 yaşlı Fikrət Qoca haqda da olduğu kimi təkrar edə bilərik. Və heç şübhəsiz ki, illər öncə yazdıqlarının da, lap yaxın vaxtlarda qələmə aldıqlarının da bu gün köhnəlməməsinə səbəb Rəsul Rza söylədiyi “qüvvətli yenilik hissidir”.

 

Fikrət Qoca yeni bir fəlsəfə uydurmaq, yeni bir dünya yaratmaq, yeni bir dil icad etmək, yaxud heç kəsə bəlli olmayan janrda yazmaq iddiasından uzaqdı. Yeni olan onun özünəməxsus tərzi, deyim forması, ifadə vasitəsidir. Dünya qədər qədim mövzuların, həyatın özü kimi köhnə dərdlərin, sevinclərin, ümid və təsəllinin yeni, orijinal şəkildə sözə çevrilməsidi şərt. Hansı vəzndə, hansı formada yazmasından asılı olmayaraq. Əsasən sərbəst vəzndə yazan Fikrət Qocanın şeirlərində nəzərə çarpan əsas cəhətlərdən biri çərçivəsizliyidir. Amma bu çərçivəsizliyin də “çərçivəsində” elə bir  zərgər dəqiqliyi var ki... Forma və məzmun vəhdəti, ritm, temp, ahəng, musiqi, sanki şair bunların hamısını yüz ölçüb, bir biçib:

 

Çıq, çıq, çıq 

Qalxsana,

Baxsana.

Göy açıq,

Yer açıq,

Yol açıq,

Yola çıx

Gül açıb.

 

“Saat danışır” şeirindən gətirdiyim bu misralarda saat əqrəbinin “yerişini” eşidirik, şairin də məqsədi vaxtı saatın “diliylə” danışdırmaqdı və bunun üçün seçdiyi orijinal forma şeirin uğurunun yarısıdı bəlkə də.

 

Amma birdən saat elə gedə-gedə:

 

Səhərəcən üzünə-gözünə yağıram... - deyir. Orijinallıq da elə bundadır, yeni fərqli dildə, şəkildə bu cür dərin mətləbləri ifadə etmək, çatdırmaq. Sözdən tutub “Vals” oynamaq, sözə qoşulub saat kimi “çıqhaçırıq” qaçmaq. Yəqin Fikrət müəllimin sözlərinə saysız-hesabsız musiqilər bəstələyən Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi, Polad Bülbüloğlu, Ruhəngiz Qasımova, Telman Hacıyev kimi bəstəkarları da məhz bu ritm, ahəng, harmoniya cəlb edib. “Seçilmiş əsərlər”inin bir cildi bütövlüklə mahnı mətnləri təşkil edən (bura daxil edilməyənləri də var) şair bu işi kollektiv əməyin məhsulu saysa da, daha yüngül janr hesab etsə də, söz yaradıcılığına deyil, musiqi yaradıcılığına aid eləsə də dəxli yoxdu. Dəqiq sayını bilmədiyi yüzlərlə nəğmə millətin zövqünün formalaşmasına, onlarda gözəl hisslərin aşılanmasına xidmət edib.

 

Minlərlə gənc uzaqda olan sevgilisindən ötrü darıxıb dənizə baxıb, “bu dənizin gözü yaşlı sənsiz” zümzümə edib öz-özünə, küsüşəndə “məndən küsüb, özgələrdən halım soruşanım mənim” dinləyib, qəmlənib, uzun gecələrdə həsrət çəkib “gecə yaman uzundur” deyə gileylənib... Bu siyahını uzatdıqca uzatmaq olar. Bir sözlə bütün bu mahnılar, sözlər milli-mədəni irsimizin ayrılmaz hissəsidir və onlar mənəvi tərbiyəmizdə daha ciddi, daha dərin əsərlərdən az rol oynamayıb.

 

Bu mətnləri bir yerə toplayan, bəzən mahnıları dinləyib söz-söz köçürən, redaktə edən şairin həyat yoldaşı Raya xanımdı. Raya xanımın bu nəcib hərəkəti Fikrət Qocanı o qədər həyəcanlandırıb ki, ona çəkdiyi zəhmətə görə minnətdarlığı növbəti cilddə bildirib. O kiçik təşəkkür mesajını oxuyanda gülümsəyirəm. Axı bu vəfa, etibar, minnətdarlıq hissi yaxşı şeir yazmaq qədər (bəlkə ondan daha artıq) mühümdür. Və görəsən “dahiyəm, hamı mənə borcludu”, “millətə xidmət eləmişəm, durun qulluğumda” düşüncəsiylə yaşayanlar bu insani hissdən məhrum olduqlarının fərqindədirlərmi? İllərdi ki, “Yaşa prezidentim, yaşa” misrasını şairə irad tutanlar bunun sadəcə minnətdarlıq duyğusu, vəfa borcu olduğunu anlamırlar yəni?

 

Çox güman ki, sənətkara bu cür yanaşma  (yəni həqiqi istedadın varsa nankor da, yalançı da, tərbiyəsiz də ola bilərsən, olmalısan da) xeyli dərəcədə Qərbin günahıdı. Qərbdən, Avropadan bu cür insanlıqdan uzaq nələrisə götürmək nəyimizə lazım axı?!

 

Şəxsən məni sevdiyim şairin bu cür nəcib hərəkəti, jesti çox təsirləndirmişdi. Axı zamanında Fikrət Qoca ölümlə üz-üzə duranda, yaşamaq şansı az qala sıfıra enəndə Ulu öndər Heydər Əliyev ona kömək eləmiş, şairin təbirincə desək, ikinci həyat vermişdi. Heydər Əliyev xəstələnəndə şairin əlindən başqa nə gələ bilərdi ki? Sadəcə şeir yazmaq, sözüylə dayaq olmaq, “Yaşa prezidentim, yaşa” deyə dua etmək. Və bunun özü də Fikrət Qoca qələminin, şəxsiyyətinin bütövlüyünü göstərir. Ümumiyyətlə, şair ölkəsində, vətənində baş verən heç bir hadisəyə biganə qala bilmir. Xoş olaylara, əlamətdar hadisələrə, bir sözlə ölkəsinin uğuruna adi bir vətəndaş kimi sevinir, adi olmayan şair kimi sözüylə reaksiya verir. Məsələn, son illərdə Qəbələdə Musiqi Festivalının keçirilməsinə, yaxud Bakıda Birinci Avropa Olimpiadasının baş tutmasına, Azərbaycanın dünyanın diqqət mərkəzində olmasına görə fəxarət hissi keçirərək yazır:

 

İndi Olimp Bakıdır...

Bu gün bizə zillənib

Bu dünyanın baxışı.

Gənclərimiz yağdırır

Qızıl, gümüş yağışı.

 

“Mehriban Əliyevaya açıq məktub” adlı şeirdən gətirdiyim bu parça doğrudan da şairin sevincini, qürurunu ifadə edən məktubdur. Bu cür şeirlərin də şairin yaradıcılığında öz yeri var. Zaman-zaman klassik yazıçılarımız, şairlərimiz də necə deyərlər gündəmə uyğun, günün nəbzini tutan bu tipli əsərlər qələmə alıblar. Bəlkə də belə əsərlər poeziya hadisəsi olmaqdan daha çox tarixi hadisədir, ədəbiyyatın yox, tarixin tərkibidir. Etiraf etməliyəm ki, bu dəfə Fikrət müəllimin yaradıcılığından görünən şair xarakterində məni hər şeydən artıq məhz bu təsirləndirdi. Hədsiz həssaslığı, bu gün, indi baş verənlərə anındaca reaksiyası, hadisəni işıq sürətiylə təkrarsız şeirə çevirməsi. Həm də bunu yaşının heç bir çağında “Cəsarəti təqaüdə göndərmədən” etməsi. Çünki onun istəyi “əhalinin xalq, torpağın vətən olmasıdı”. Ona görə bu xalqın ən balaca uğuruna da, çox böyük dərdinə də, vətənin xoşbəxt və bədbəxt gününə də laqeyd ola bilmir. Axı bir vaxt “Uzaq Şərqin üfüqlərində Cavidi xatırlayıb” “Neyləyim mən, əzizim?” - deyən şair böyük Hüseyn Cavidin nəşinin vətənə gətirilməsinə necə biganə qala bilərdi?!

 

Tale, nə gözəl gündü bu,

sən insafa gəldin,

Qırx ildi gəlirdin, gəl a Cavid,

səfa gəldin.

...Torpaq gözün aydın,

Onu al qoynuna, torpaq!

İtkin düşən oğlun gəlir,

Yoldan gəlir, yorğun gəlir.

Ey ulu torpaq, ana torpaq.

Cavid gəlib aç qoynunu,

Bas bağrına torpaq!

 

Elə bircə “yoldan gəlir, yorğun gəlir” misrası Cavidin taleyinin, “yorğunluğunun” ən sadə, amma həm də ən təsirli ifadəsidir. Rəsul Rzanın üzünə çəkilmiş mələfənin ağ yuxuya bəzədilməsi kimi:

 

Çarpayıda

Rəsul Rzanın

Üzünə çəkilib

Yüz illərin

Ağ yuxusu.

Anar təslim olub

Qısılıb küncə...

Saçlarından, üzündən

Axıb tökülür

Neçə ildi ürəyində

Gəzdirdiyi qorxusu.

 

Böyük bir nəsr, proza hadisəsidi bu şeir. Və bu cür nəsr təfərrüatçılığını, yaxud publisistik təsvirləri “tələb edən” səhnəni belə təsirli şeirə çevirmək Fikrət Qoca qələmindən ötrü sadədir. Ümumiyyətlə, onun müxtəlif janrları poeziyaya, şeirə “təslim etmək” bacarığı xeyli maraqlı, düşündürücü məqamdı:

 

Yayda yaylağa gedərlər,

Səni sürdülər arana.

Yayın cırcırama çağı

Mən də duz basdım yarana.

Xəyalın dağlar qoynunda

Yarpızlı dovğa bulayır,

Dağda sənsiz qalan yurdun

Axşam qurd olub ulayır.

Evi viran qalan bacım,

Gözü-könlü talan bacım...

Ala gözə bulud qonur,

Göz yaşın qəlbinə axır

Sinəni yandırır, yaxır

Yuxarıdan Tanrı baxır

“Yaxan düymələ, düymələ”

 

“Qaçqın gəlinə” adlı şeirdən gətirdiyim parçada informasiya var - Qaçqınların Aran rayonlarımıza köçürülməsi, xarakter var - kədərini gizlədən, göz yaşı səssiz-səssiz qəlbinə axan qadının xarakteri, kino var - viran qalmış obalarda, kimsəsiz qalmış dağlarda tənha qurdun ulaması, folklor var - “yaxan düymələ, düymələ”... Amma daha çox şairin dərdi, ürəyini parçalayan ağrısı var. Bu  şeirin yaranmasına da səbəb həmin ağrıdı. Torpaq itkisindən doğan dərddi, sağalmayan yaradı. Qarabağ dərdi, Xocalı faciəsi, Qanlı yanvar bəlasıdı.

 

Xatirələrindən birində Fikrət Qoca yazır:

 

“1986-cı ildə özüm çox ağır bir cərrahiyyə əməliyyatına məruz qaldım. Ayılanda gördüm səsim heç yoxdu.

 

Verilən narkozun təsiri dörd ilə yaxın məndən tam getməmişdi. Yaddaşım qırılırdı, özümü yuxulu kimi hiss edirdim. Bir müddət şeir yaza bilmədim. Çünki mən şeir yazanda misraları bərkdən oxuyub, dinləyib, rəndələyib, düzəldib yazırdım. İndi isə səsim çıxmırdı. Misraların dadını, tamını hiss eləmirdim. Başımı qatmaq üçün “Taleyin ağır taleyi” adlı romanımı yazdım. Məni o xəstəlikdən və əməliyyatdan sonra ayağa qaldıran xalq hərəkatı oldu. Azadlıq meydanı, insanların birliyi, 1989-cu il ərəfəsində yenidən şeirə qayıtdım. Özü də bu şeirlə:

 

Daş olarmış nadan səsi,

Sındı könlümün şüşəsi.

Qanmaz başlara düşəsi,

Allahın bir daşı yoxdu.

 

“Dərd əlindən çıxdım dağa”

Dərdim var dərd dağlamağa.

Görürəm ey...ağlamağa,

Gözlərimin yaşı yoxdu.

 

Bu günlərdən ötən yazıq,

Yetməyən vay! Yetən yazıq.

Neyləsin bu vətən yazıq,

Başçımızın başı yoxdu”.

 

Ağır əməliyyatdan sonra səsini itirmiş şair millətin həyatında baş verən bu hadisəyə laqeyd ola bilməzdi, susa bilməzdi bu haqda. Necə ki, sonralar da susmadı. 90-cı ildə 20 Yanvar faciəsi olanda da, Xocalı qətliamı törədiləndə də, Qarabağ torpaqları itiriləndə də. Və bu cür, millətin ağır günlərini də şairin şüarsız, pafossuz yazması yüksək peşəkarlığın, əsl sənətin göstəricisidir. Məsələn, Qanlı Yanvar müsibətinə Fikrət Qoca İlham və Fərizənin taleyindən, onların dünyasından baxır və “Bütün yollar ölümdən keçir” adlı povest yazır onlar haqda. Bu məqamda bir haşiyəyə çıxıb vurğulayım ki, ara-sıra nəsr əsərləri də yazan, bəzi mövzuları nəsrlə söyləməyi uyğun bilən Fikrət müəllim şair Fikrət Qocadan “ayrılmır” heç vaxt. Və bu da onun nəsrinin fərqli xüsusiyyətlərindən biridir. Elə haqqında danışdığım “Bütün yollar ölümdən keçir” povestində Fərizənin intiharqabağı düşüncələrini bu cür yazır:

 

“Bu gecə mütləq getməliyik, oğlum, mütləq, sonra gec olar. Nə yaxşı sən varsanmış, oğlum. Yoxsa lap tək qalardım. Sən mənə arxasan, mənə qüvvət verirsən. Sən mənim balaca İlhamımsan, sən mənim nurumsan, sən mənim içimdə yanan işığımsan, oğlum!”

 

Fərizə bətnindəki iki aylıq, hələ heç formalaşmamış, ağzının, burnunun, qulağının yeri bilinməyən körpəsiylə danışır bu yerdə. İlhamı, yarını, sevdiyini itirmiş qadının tənhalığını, dərdini ayrı necə yazmaq olardı ki? Məgər bu kiçik “dialoq” şeir deyilmi? Şeirdi! Dərd şeirə sığmayanda poemalar yazıb Fikrət Qoca.

 

“Seçilmiş əsərləri”nin altıncı cildini bütünlüklə poemaları təşkil edir. Və burada ən müxtəlif mövzuda poemalar arasında “Şəhidlər Xiyabanı” diqqətimi çəkir. Yenə də böyük faciəyə bir nəfərin duyğularından yanaşması, “ucsuz-bucaqsız” xiyabandan bir qəbrin iri plana gətirilməsi... Bütün faciənin Milli qəhrəman Çingiz Mustafayev kamerasıyla göstərilməsi:

 

Körpə bir qız qar üstündə

Donub zərif çiçək kimi,

Çingizin qolları üstə

Ölüm yuxusunda yatır

Balaca bir mələk kimi.

Yerlə göyün arasında

Dəhşət içrə Çingiz çaşıb

Tale kimi, fələk kimi.

 

Yerlə göyün arasında çaşıb qalan təkcə Çingiz deyil, həm də Fikrət Qocadı. Axı millətin başına gətirilmiş o müsibətlərdən necə çaşmayasan, başını necə itirməyəsən?! İlham yalın əliylə, Çingiz kamerası ilə, Fikrət Qoca qələmi ilə çıxış yolu axtarır.  Əslində ən böyük vətəndaşlıq mövqeyi budur. Sənə aid olanı, bacardığını etmək, əlindən gələni əsirgəməmək. Lazım gələndə şeirlə döyüşmək, yara sarımaq, lazım gələndə yanan alovun üstünə su səpmək, yaxud da şeirlə dua etmək, dua pıçıldamaq:

 

İki yerə parçalanıb

Bədəndə ruh, ürəkdə can.

Bir yol Azərbaycan desəm,

Mən yarımcan görünürəm.

Ona görə gərək deyək:

 

Azərbaycan, Azərbaycan!  - deyən şair nə qədər emosional, nə qədər çılğındırsa,

Düşmənə insaf ver, bizə səbr ver

 

Qəddar böyüməsin balalarımız...  - deyəndə o qədər təmkinli, sakitdir. Bunların hamısı Fikrət Qocaya aiddi və bir şairə bütün bu hisslər palitrası hava, su kimi lazımdı, amma daha mühüm olan bunların oxuculara aşılanmasıdır. 

 

On cildliyi birincidən onuncuya, onuncudan birinciyə vərəq-vərəq elədim. Amma demək olar ki, heç bir şeirin altında tarix görmədim. Yəni hətta hansısa konkret tarixlərlə bağlı əsərlərini də Fikrət Qoca bütün zamanlar üçün yazır. Və şeirin mövzusuna gələndə o heç vaxt “Yaş o yaş deyil” demir. Yəni hər yaşda, hər mövzuda şeirlər yazır. Anar Fikrət Qoca haqqında məqaləsində bu məsələni belə şərh edir:

 

“Şair, doğrudan da şairdirsə - onun 16 yaşında yazdığı şeirlə 46, yaxud 66 yaşında yazdığı şeirlər arasında, şübhəsiz, fərq olacaq. Amma bu fərq - əzəmətli, qollu-budaqlı, qocaman bir ağacın yarpaqlarıyla həmin ağacın çox illər, bəlkə çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasında fərq kimidir.

 

Ağac həmin ağacdır - qovaq, çinar, əbrişim ya palıd. Yaşı başqadır, görkəmi başqadır, illərinin sayı fərqlidir. Şair həmin şairdir, poeziyasının alın qırışları çoxalıb, şeirinin başı ağarıb, amma şairin sifəti həmin sifətdir. Əsl şairin üzü olur, bu üz dəyişir, amma başqalaşmır, ya başqalaşır, amma yadlaşmır”.

 

Doğrudan da zaman Fikrət Qoca ilə oxucusu arasındakı doğmalığa, yaxınlığa, məhrəmliyə ziyan edə bilmir, bilməz də. Çünki şairin oxucusuna sevgisi, ona xoş duyğular, fərqli hisslər yaşatmaq arzusu bitib tükənmir:

 

Mənim xoş üzə

ehtiyacım var,

Sənin xoş sözə.

Götür kitabımı,

Oturaq üz-üzə!

 

Son dərəcə təvazökar insan olan Fikrət müəllim şeirinin “xoş söz” olduğunu dəqiq bilir, həm də oxucusunun onunla üz-üzə xoş, mehriban simada oturacağını da təxmin edir. Nə yazdığının, necə yazdığının fərqindədi çünki. Sadəcə bu barədə danışmır, aləmə car çəkmir, bunu bizlərə, oxuculara, tənqidçilərə buraxır. Bu on cildlik ədəbi xəzinəni hərtərəfli açmaq, araşdırmaq isə asan deyil. Bunun üçün bəlkə elə on cild həcmində yazmaq, yazmaq, düşünmək, sonra yenə yazmaq lazımdı. Amma bəlkə də məsələ həcmdə deyil. Çünki o “Dörd addım” kimi uzun fəlsəfi poema ilə də, iki misra ilə də eyni dərəcədə təsirləndirə, düşündürə bilər adamı:

 

Gülün gözəlliyi öz qatilidi,

Bülbülün qəfəsi şirin dilidi.

Yaxud,

İntihar fərarilikdir...

Və ya,

Bəs bu namərdlər hardandı?

 

Bu cür aforizmə çevrilmiş misralarıyla, cavabını tapmaq mümkün olmayan suallarıyla Fikrət Qoca bir neçə on illiklərdir ki, düşündürür oxucusunu. Və “Seçilmiş əsərləri”ni oxuduqca onu da aydın başa düşürdüm ki, onun nə özü, nə də qələmi fasilə vermək fikrindədi. Çünki Fikrət Qoca baxdığı yerdən görünən dünya, onun duyduğu ağrı, yaşadığı sevinc, sevgi, həsrət, ayrılıq, kədər cildlərə sığmır. Qələm də yazmağa imkan verirsə... 

 

... Fikrət müəllimin sevgi lirikasından, şeirlərində qadını ilahiləşdirməsindən, dünya dərdlərini sadələşdirməsindən, əsərləriylə yaşamağa həvəs yaratmasından daha öncəki esselərimdə, məqalələrimdə yazmışam. Və essemin əvvəlində vurğuladığım kimi bütün bu yazılar mənim bioqrafiyamın işıqlı, sevincli səhifələrinə çevrilib. Amma oncildliyi ardıcıl oxuyanda şairin əsərlərinin mövzu genişliyi, dərinliyi, çoxqatlılığı bir daha düşündürür məni. Fikrət Qoca nəğməkardı! Fikrət Qoca sevgi şairidi! Fikrət Qoca vətən şairidi! Filosof şairdi! Dostdu! Kişidi! Ziyalıdı!

 

... Və bütün “çox”ları on cildə sığışdırmaqdan daha böyük möcüzə bir ömrə sığışdırmaqdı!

 

PƏRVİN

525-ci qəzet.- 2016.- 19 mart.- S.10-11