"Discovery Azerbaijan"ın yeni sayında...

 

 

Bugünlərdə "Discovery Azerbaijan" elmi- kütləvi turizm jurnalının mart sayı işıq üzü görüb.

 

Jurnal təsisçi baş redaktor Cavanşir Feyziyevin sözləri ilə açılır: "Dünya türklərini bir araya gətirib, Turan ellərini birləşdirdik bu sayımızda. Soy-kökümüzə, keçmişimizə sahib çıxmaq üçün, birlik, mübarizlik yenilməzlik tariximizi yaşatmaq üçün...Novruzla yenilənən il kimi, təbiət kimi, niyyətlər kimi biz dərgimizi yenilədik. Bu sayımızdan etibarən Türk dünyasından Sizə xəbərlər gətirəcək, Turan ellərini qarış-qarış gəzərək tariximizin, soy-kökümüzün kəşfinə çıxacağıq".

 

Jurnalın ilk səhifələrində turizmlə bağlı xəbərlər bir-birindən maraqlı məlumatlar yer alıb. "Mart - festivallar ayı" adlı yazıda bu ayda ayrı- ayrı ölkələrdə keçirilən festivallar, bayramlar haqda bilgilər var. "Səyahətin 17 anı" yazıda səyahəti problemsiz başa vurmaq üçün 17 qızıl qayda təklif edilir.

 

"Vətənimin seyrinə" rubrikasında "Saz söz diyarı" - Ağstafanın mədəniyyəti, tarixi bu günü ilə yaxından tanış oluruq. Yazını "Ağstafanı başçısından soruş!" müsahibəsi izləyir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ilə söhbəti Nərmin Nöqtə təqdim edib.

 

"Məclis adamı" rubrikasının qonağı professor Nizami Cəfərovdur. Professorla həmsöhbət olan Rəna Kərimovanın suallarını cavablandıran N. Cəfərov ana yurdu Ağstafa səyahət etdiyi xarici ölkələr haqda söz açıb.

 

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə "Bu kino ki var" rubrikasında Novruz bayramının yer aldığı filmlərimizdən danışıb. Rubrikada "Kinoya gedən turistlər" yazısı da verilib.

 

Jurnalın "Turan" bölümündə Aida Eyvazlının monqol alimi Karjaubay Sartkojaulı  ilə söhbəti təqdim olunub. Müsahibəni izləyən "Yeni gününüz mübarək" məqaləsində A. Eyvazlı  türk xalqlarında Novruz ənənələrindən yazıb. Müəllifin digər həmsöhbəti isə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdıralıdır.

 

"Adama gəzmək qalır" rubrikasında "Eşqin şəhəri"ndən -Konyadan danışılır. "Konyada iki dənizin qovuşması" adlı digər yazıda Mövlana ilə Şəmsdən bəhs edilir.

 

Aida Eyvazlının "Türk dünyasının Astanası", "Mən gəzirəm dünyanı" yazıları da bu saydadır.

 

"Qastroturizm" rubrikasında dünya mətbəxindən nümunələr təqdim edilib.

 

"Arxitek"də Rəşid Babainin bələdçiliyi ilə Abşeronu Atəşgah məbədini yaxından tanımağa imkan var.

 

"Milli sərvət" rubrikasında "Tariximizin hikkəli sikkələri" yazısı yer alıb. Numizmat alim Əli Rəcəbli burada tarixi pullarımız "təngə" "şahi"dən danışır.

 

"Üzdə olanlar" rubrikasında avtomobil dizayneri Samir Sadıxov həmsöhbət seçilib.

 

"Hobbin var?"da atçılıqla bağlı reportaj yer alıb.

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 31 mart.- S.7.