Səmərqənd kitabxanalarına Azərbaycan haqqında nəşrlər verilib

 

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan kitabxanalarına Azərbaycan, onun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, dövlətçiliyi, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnallar, bukletlər hədiyyə edilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, kitab kolleksiyası Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kitabxanalarına təhvil verilib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlumatına əsasən, nəşrlər son illər Azərbaycanda çap edilən və ölkəmiz haqqında müfəssəl məlumat verən mənbələri, habelə Heydər Əliyev Fondu tərəfindən nəşr edilən unikal kitabları özündə əks etdirir.

 

Sözügedən kitab kolleksiyaları “Azərbaycanı tanıyaq” adlı layihə çərçivəsində əvəzsiz olaraq Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə olunub.

 

Hədiyyə olunmuş kitablar arasında “В.Андриянов, Г.Мираламов. Гейдар Алиев: жизнь замечательных людей”, “Ильхам Алиев: жизнь замечательных людей”, “Ильхам Алиев: я верю в мой Азербайджан”, “İlham Əliyev və mədəniyyət”, “Azerbaijan:100 Questions Ansvered”, “Т.Чаладзе. Карабахский геноцид”, “War against Azerbaijan”, “R.Mehdiyev. “Gorus 2010””, “Азиз Алекперли. Памятники Западного Азербайджана”, “Г.Мархулия. “Кровавый след “Дашнакцутюна””, “Многострадальная Армения: мифы и реальность”, “Карабахский Геноцид: обреченный Ходжалы”, “От агрессии к агрессии”, “Тайны Истории фальсификации”, “Budag Budagov. Turkic Toponyms of Eurasia”, “Kitabi-Dədə-Qorqud Ensiklopediyası”, “İrəvan xalçaları”, “Azərbaycan xalçaları”, habelə Nizami Gəncəvi, Hüseyn Cavid, İlyas Əfəndiyev və s. Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərləri yer aıb.

 

Qeyd edək ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Səmərqənd Dövlət Universiteti arasında universitetdə “Azərbaycan Mərkəzi”nin yaradılmasına dair razılıq əldə edilib.

 

Mərkəzdə yaradılacaq kitabxanaya da ölkəmiz haqqında zəngin kitab kolleksiyasının hədiyyə edilməsi nəzərdə tutulub. Sözügedən kolleksiyaya əlavə olaraq Səmərqənd Dövlət Universitetindəki “Azərbaycan Mərkəzi”nə Azərbaycanın bədii filmləri, sənədli filmləri, milli suvenirlər, geyimlər, xalçalar, ən qədim dövrlərdən müasir dövrədək Azərbaycanın yerləşdiyi regionun və ölkəmizin xəritələri hədiyyə olunacaq.

 

525-ci qəzet.- 2016.- 31 mart.- S.7.