Təyyarəçi

 

(hekayə)

 

 

 

Dəfn mərasimi gözlənildiyindən uzun çəkdi. Ətrafda sakitlik olduğundan mollanın gur səsi qəbiristanlığa yayılırdı.

 

Rəhmətə gedən Rza yaxın qohumum idi. O, neçə illər əvvəl həyat yoldaşını iki uşağını burada qoyub pul qazanmaq üçün Rusiyaya getmişdi. Əvvəllər zəng vurur, gəlib-gedəndən ailəsinə azdan-çoxdan pul göndərirdi. Sonra zənglərinin arası kəsildi, pul da göndərmədi. Gah dedilər xəstədir, gah dedilər rus qızı ilə evlənib. Xülasə, onun haqqında qohumlar arasında bəzi söz-söhbətlər dolaşdı. Əsl həqiqət isə deyilənlərin içində əriyib itdi. Bir müddət sonra hamı Rzanı yaddan çıxardı. Daha kimsə onun adını dilinə gətirib barəsində bir söz danışmadı. Hərənin başı öz iş-gücünə qarışdı.

 

Üç gün əvvəl Rzanın rəhmətə getdiyi barədə xəbər yayıldı. Onun ölümü haqqında müxtəlif sözlər danışırdılar. Kimi deyirdi, öz əcəli ilə ölüb, kimi deyirdi onu ermənilər güllələyib, bəziləri də danışırdılar ki, Rzanı skinhedlər qətlə yetirib. Onun təyyarə qəzasında həlak olduğunu söyləyənlər də var idi. Bir sözlə, qohumumuzun ölümü haqqında müxtəlif şayiələr dolaşırdı. Həqiqəti isə bilən yox idi. Nə deyib, nə danışmalarından asılı olmayaraq, ya zəlzələdən, ya da vəlvələdən axır ki, Rza bu dünyadan köçünü çəkib getmişdi. İndi göz yaşları içində onu dəfn edirdik. Rusiyanın bu başından vurub, o başından çıxan Rzanın ömür kitabı bağlanırdı. Bu gün onun son səhifəsi yazılırdı.

 

Molla "Yasin"i oxuyub qurtaran kimi böyük qardaşı Zəkinin işarəsi ilə meyiti qəbrə qoyub üstünə səliqə ilə daş döşədilər. Sonra dəfndə iştirak edənlər növbə ilə bel götürüb qəbrə torpaq atdılar. Məzarın üstündə kiçik təpəcik yarandı. Təpəciyin ortasından nazik şırım açıb su tökdülər. Tökülən su bir anda quru torpağa hopdu. Sonra təpəciyin hər iki tərəfinə qərənfillər düzüldü. Hamı Allahdan ona rəhmət dilədi. Molla "Fatihə" verəndən sonra dəfndə iştirak edənlər asta-asta bir-birlərinin ardınca yüksəklikdən aşağı düşdülər. Rzanın qardaşlarının göz yaşları qurumaq bilmirdi. Ağlamaqdan onların səsləri də kallaşmışdı.

 

Hüznlü baxışlarla başdaşından boylanan şəkillərə baxa-baxa çıxışa tərəf gedirdim. Məzarlardan birinin yanında ayaq saxlamalı oldum. Başdaşından boylanan şəkil mənə tanış gəldi. Diqqətlə baxanda bu qəbirdə dəfn olunanı tanıdım. Vaqif dayı idi. Tanıyan kimi də kədər məni bürüdü, ürəyimdən qara qanlar axdı. O cür gözəl bir insanın ölümünə inanmaq istəmədim. Bir anlıq özlərimə qaranlıq çökdü. Özümhiss etmədən yanaqlarım islandı. Olumölüm tarixlərinə baxdım. Vaqif dayı iki il əvvəl rəhmətə getmişdi. Yazıq kişi göz açdığı işıqlı dünyada, bu gözəl həyatda cəmi altmış iki il ömür sürmüşdü. Başdaşından boylanan şəkli onun özü qədər mənə doğma idi. Çünki onu mən çəkmişdim. Özüxoş, bəxtəvər günlərin birində.

 

Vaqif dayının başdaşındakı şəklinə baxdıqca onunla bağlı çözələnən xatirələr əlimdən tutub məni bir anlıq ötən çağlara, onlu günlərə apardı. Xəyalən otuz-qırx il geri qayıtdım. Vaqif dayı ilə təsadüfən tanış olmuşduq. O avtomobilçi idi. Böyük bir müəssisəyə rəhbərlik edirdi. İlk baxışdan bacarıqlı və işgüzar adam təsiri bağışlayırdı. Əlinin altında xeyli marşrut avtobusları var idi. O bu avtobuslarla şəhərin sərnişindaşıma işlərini təşkil edirdi. Gülümsər insan olan Vaqif dayı yeri düşdükcə həm də başqalarına dəyərli məsləhətlər verib düzgün yol göstərərdi. Ağzını açan kimi hiss olunurdu ki, mütaliəli adamdır, dünya işlərindən başı yaxşı çıxır. Avtomobilçi olmasının "tarixi" ilə maraqlananda gözləmədiyim cavabı aldım. Vaqif dayı dedi ki, həmişə təyyarəçi olmaq arzusu ilə yaşayıb. Amma qismətinə avtomobilçi olmaq düşüb. İstəyinə çatmadığından yana-yana danışırdı. Təyyarəçi olmadığına çox heyfslənirdi. Onun masasının üstündə kiçik bir təyyarə suvenirivar idi. Vaqif dayı arzusuna çatmasa da "təyyarə"dən uzaq düşməmişdi. İnsan belədir, arzusuna çatmayanda əlindən yalnız təəssüflənmək və bir də nədənsə təskinlik tapmağa çalışır.  

 

- Kəndimizin üstündən uçan təyyarələrə baxdıqca bu peşəyə həvəsim artırdı, - deyə Vaqif dayı sözə başladı. - Yerlə qaça-qaça özümü həmin təyyarələri idarə edən kimi təsəvvür edirdim. Sanki qanad taxıb uçurdum. Başqa insanlar kimi yaşaya bilmirdim. İçimdə qeyri-adi hisslər dolaşırdı. O hisslər məni ağuşuna alıb göylərə qaldırırdı. Yer kürəsinə sığmırdım, elə bil dünya mənə darlıq edirdi. Göylə əlləşirdim, səmaya qalxmaq, buludların üstündə uçmaq istəyirdim. Fikrim-zikrim təyyarəçilik peşəsinin yanında qalmışdı. Kitab-dəftər əlimdən düşmürdü,  hey oxuyub hazırlaşırdım. Təəssüf ki, mənimki alınmadı. Atam da bu işə razı idi. Qohum da olsa deyirəm ki, Allah mərdimazara lənət eləsin...

 

Bu vaxt təyyarə səsi eşitdik. Vaqif dayı sözünü yarıda kəsib ayağa qalxdı. Çölə birlikdə çıxdıq. O gözlərini qıyıb lap hündürdən uçan təyyarənin arxasınca həsədlə boylandı. Hiss etdim ki, Vaqif dayı təyyarəyə içindən qovrula-qovrula baxır. Yəqin ki, indi özünü təyyarəçi kimi hiss edirdi. Fikri, düşüncələri göylərdə dolaşırdı. Uşaq kimi sevindiyindən üzü gülürdü . Bu vəziyyətdə görəndə ona yazığım gəldi. Təyyarə gözdən itənə qədər arxasınca boylanıb otağa qayıtdıq. Bir neçə dəqiqənin içində onun ovqatı  korlanmışdı. Danışıb söhbətini davam etdirməyə həvəsi də yox idi. Mənsə Vaqif dayının hansı səbəbdən təyyarəçi ola bilmədiyini öyrənmək istəyirdim. Vaqif dayının bayaqkı gülümsər çöhrəsi yaz buludu kimi dolmuşdu. Sanki gözlərinə qəm dumanı çökmüşdü. Aradan illər keçsə də təyyarəçi ola bilməməsinin ağrı-acısı hələ də onun ürəyini sıxırdı. Hər dəfə səmada süzən təyyarələri görəndə dərdi təzələnirdi. Tərs kimi təyyarələr də onun yerinin üstündən tez-tez uçurdu. Belə olanda köhnə yarası açılıb onu göyüm-göyüm göynəyirdi. O çağlardan illər ötüb keçsə də, Vaqif dayı uşaqlıq, gənclik arzusunu ürəyində dəfn edə bilməmişdi. Olmuşlarla barışmaq istəmirdi.

 

Həvəssiz olsa da, ondanüçün təyyarəçi ola bilmədiyini soruşdum. Vaqif dayı stolunun üstündəki suveniri əlinə götürüb dedi:

 

- Bir dəfə böyük əmim bizə gəlmişdi. Atam mənim təyyarəçi olmaq istədiyimi ona da məsləhət elədi. O... Eh, nə isə... Qoy söhbət burada qalsın, ardını sonra danışaram. Keçmişdə olanları yadına saldıqca ovqatım təlx olur. Özümü pis hiss edirəm. Heç xəyalən də olsa o günlərə qayıtmaq istəmirəm...

 

Vaqif dayıya heç nə demədim. Dağ boyda kişiyə nə deyəcəkdim ki? Çay içə-içə bir az ordan-burdan söhbət edib dərdləşdik.

 

Sonralar onunla görüşlərimiz çox oldu. Di gəl ki, Vaqif dayı arzusuna çata bilmədiyinin səbəbini söyləmədi. Sonra görüşlərimizin arası seyrəldi. İş-güc başımı qatdığından vaxt tapıb Vaqif dayıya baş çəkə bilmədim. Budur, indi hüzünlü bir gündə onunla burada - qəbiristanlıqda "görüşdük". Həm yaxın qohumun ölümü, həm onun rəhmətə getməsi məni yaman kədərləndirdi. O vaxtlar Vaqif dayıya söz vermişdim ki, onun haqqında "Təyyarəçi olmaq istəyən avtomobilçi" adlı oçerk yazacam. O başına gələnlərdən danışıb "sirrini" açmadığından mən də verdiyim sözə əməl edə bilmədim. Oçerk yazmağa əlimdə tutarlı faktlar olmadı...

 

Aradan yel qanadlı illər ötüb keçmişdi. İndi Vaqif dayı mənə başdaşındakı şəkildən baxırdı. Bir anlıq şəkli çəkdiyim günlər yadıma düşdü. Onun həzin, ürəyəyatımlı səsi qulağımda əks-səda verdi. Onda Vaqif  dayının ovqatı yaxşı idi. Elə ona görə də şəklini çəkməyə etiraz eləmədi. Aparıb verəndə bu şəkildən xoşu gəlmişdi. O gözəl günlərdə bu şəkli çəkəndə heç ağlıma da gəlməzdi ki, onuvaxtsa başdaşında görəcəm. Ağla gəlməyənlər artıq baş vermişdi...

 

Yenə onun məzarına tərəf boylanıram. Mənalı baxışlarını üzümə zilləyən Vaqif dayı əbədi yuxuya gedib. Şəkil o qədər canlı idi ki, deyirdin bəs elə indicə dil açıb danışacaq. Vaqif dayının qarşısındakı təyyarə suveniri də açıq-aydın görsənirdi.

 

Ötüb keçənləri yaddaşımda canlandırıb vərəqlədikdən sonra mollanı çağırıb xahiş etdim ki, Vaqif dayının ruhuna dua oxusun. O da asta addımlarla gəlib qəbrin aşağı tərəfində dayandı. Əllərini göyə qaldırıb gur səsi ilə oxumağa başladı. Molla müqəddəs kəlamları oxuyub qurtarandan sonra birlikdə salavat zikr etdik. Əyilib Vaqif dayının qəbrinin üstünə gül qoyanda gördüm ki, sinə daşına təyyarə şəkli həkk olunub. Bir anlıq süst qaldım. Bu yəqin ki, Vaqif dayının öz vəsiyyəti olmuşdu. İndi məzarının yanından keçənlər elə zənn edirdilər ki, yəqin burada uyuyan insan sağlığında təyyarəçi olub.

 

Deməli, təyyarəçi olmaq arzusu ömrünün son gününə, son anına qədər Vaqif dayının ürəyini tərk etməyib. Həmişə bu istəklə nəfəs alıb, bu istəyə nəfəs verib. Yəqin məzardaşına təyyarə şəklinin həkk olunması da onun son istəyi olub.

 

Vaqif dayının məzarını ziyarət edəndən sonra ağır addımlarla qəbiristanlıqdan çıxdıq. Bu vaxt qulağıma təyyarə səsi gəldi. Başımı qaldırıb buludsuz səmanın ənginliklərində quş kimi süzən təyyarəyə baxdım. Gözdən itənə qədər onun arxasınca boylandım. Yəqin indi Vaqif dayının ruhu təyyarələrin yanında dolaşırdı...

 

 

Vahid MƏHƏRRƏMOV

525-ci qəzet.- 2016.- 3 may.- S.8