Tofiq Hacıyevin yubileyi Türkiyədə qeyd edilib

 

 

Ankarada “Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzində görkəmli alim, akademik Tofiq Hacıyevin anadan olmasının 80-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Türkiyə və Azərbaycanın nüfuzlu ziyalıları, tanınmış elm adamları iştirak etdiyi toplantıda Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş olundu. Daha sonra çıxış edən “Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Calal Gözəl, Gazi Universitetinin professoru Mehman Musaoğlu, Hacettepe Universitetinin professoru Gülay Mirzəoğlu və digər natiqlər akademik Tofiq Hacıyevin zəngin elmipedagoji fəaliyyəti, yüksək insani keyfiyyətləri haqqında danışdılar. Qeyd edildi ki, Tofiq Hacıyev Azərbaycanda dilçilik elmi və Türkologiyanın inkişafında mühüm rol oynayıb. Türkiyənin  nüfuzlu alimləri Şükrü Haluk Akalın, Hamza Zülfüqar və digərləri qeyd etdilər ki, Tofiq Hacıyevin elmi fəaliyyəti bütün Türk dünyasında dilçilik elminin inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Tofiq Hacıyevin elmipedaqoji fəaliyyəti uzun müddət geniş tədqiqatların mövzusu olacaq. Professor Bilgehan Atsız Gökdağ və azərbaycanlı tədqiqatçı Nazim Muradovun birgə hazırladıqları “Türklük elmində bir ömür” adlı kitab bu istiqamətdə ilk addımlardan biridir. Kitabda Türkiyə və Azərbaycanın nüfuzlu ziyalıları, elm adamları, görkəmli filoloqların Tofiq Hacıyevlə bağlı xatirələri və məqalələrinə yer verilib. Alimin oğlu Azər Hacıyev tədbirin təşkili və kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirdi.

 

 

525-ci qəzet.- 2016.- 3 may.- S.7.