Vətən torpağını canından
üstün tutan igid kəşfiyyatçı
Vətəni qibləgah edən şəhidlər
- X yazı
... Nələr istəmişdik, nələr gətirdi
fələk başımıza. 1985-ci ildən
sonra dağılan ittifaqın üzərində hər millət
öz dövlətini qurmaq üçün mücadiləyə
başladı.
90-cı illərdən etibarən azadlıq
nümayişləri, imperializmin zəncirlərinin
qırılması kimi şüarlardan çıxıb, 15
respublika özünün müstəqil dövlətini
yaratdı. O Müstəqillikdən başlayan yolda, ən
çox şəhid verən ölkələrdən biri Azərbaycan
oldu. 1990-cı ildən etibarən ölkəmizə
diş qıcayan qanlı rus imperializmi, ən şirin tikə
olan Azərbaycandan əl çəkmədi. Gənc
dövlətimiz öz ayağa durmaq əvəzinə, öz
milli ideologiya və strategiyasını hazırlamaq əvəzinə,
özündən qat-qat güclü düşmənlərlə
mücadiləyə, mübarizəyə çevirdi əlində
olan azacıq resurslarını. Düşmən
bizdən güclü idi. Tanrının köməyi ilə , axan qanlarımızı silərək,
yavaş-yavaş dirçəlməyə başladıq.
Milli ideologiya
haqqında danışmağım əbəsdən deyil.
Biz neft kontraktları imzaladıq, biz
özümüzü dünyaya tanıtmağa
başladıq. Hər ölkədən
bir dəb, bir yenilik gətirdik Vətənə. Ancaq əsas
ailə dəyərlərini unutduq. Ailənin
dövlətin dayağı, təməli olduğunu unutduq.
Ailənin təməlində isə islam və
türk qaydalarına görə övladların
sayının çox olmasının nə dərəcədə
mühüm olması haqqında fikirləşmədik.
Dağılan zavodların, fabriklərin, iş yerlərinin
xarabalıqlarında hamı çörək pulu qazanmaq,
yenidən yoxdan var olmaq haqqında düşündü. Qazanc dalınca qaçdıqca, milli dəyərlərimizi
arxa plana atdıq. Həmin milli dəyərlərin
içərisində ailədə övladlarının
sayının azalmasının fərqinə varmadıq.
Elə bildik ki, "Avropa mədəni dəyərlərinə" uyğun ailəni
1-2 uşaqla da ailə etmək olur. 1990-da Bakıya rus
tanklarının yeridildiyi gündə həlak olan şəhidlərimizin
evində 3, 4, 5, 6... uşaq var idi. 1990-dan
bu tərəfə isə... azaldıq... Ailələr1-2
uşaqla kifayətləndi. Heç
dövlətin əlaqədar qurumları da bu böyük fəlakətin
fərqinə varmadılar. Ailə
başçıları işsizlik, pulsuzluq, evsiz-eşiksizlik
kimi problemləri əsas gətirərək, çox
uşağ üçün büdcələrinin yetmədiyini
dedilər. Müstəqil ölkəmizdə
yeni yaranan institutlar, qurumlar, komitələr, nazirliklər də
həyəcan təbili çalmadılar. Bir
deyən olmadı ki, axı 1 uşaq ailədə çox
azdır, 2 uşaqla nəsil artıb-çoxalmır. Bu dünyanın ölümü-itimi, təbii fəlakəti,
müharibəsi, sel-suyu, tufanı var axı... ya zəlzələdən,
ya vəlvələdən, ailələrə fəlakət gəlib,
o təkləri, birləri apara bilər. İndi
neçə-neçə ailə tək, iki, üç olan
övladını itirir. Çox istərdim
ki, dövlətimizin milli ideologiyasına aid sənədlərin
ailə və dövlət adlı bəndlərində ailələrdə
çox uşaq olmasının vacibliyi qeyd edilsin. Bir
çox inkişaf etmiş ölkələrdə, lap elə
yaxın Rusiya, Ukraynada olduğu kimi ailədə çox
uşaqların doğulması, böyüməsi
üçün böyük məbləğdə kompensasiyalar, yardımlar
edilsin. Əgər insanların lap elə kənd yerində
şəraiti, evi, malı-qarası bol olarsa, evin kişisi ailəyə
lazım olan qədər məvacib qazanıb gətirərsə,
şəhərdə yaşayan gənclərə, lap Sovet
dönəmində olduğu kimi sosial evlər verilərsə,
bu evlərdə təbii ki, dövlət proqramına uyğun
olaraq 3, 4, 5 uşaq... bəlkə 10 uşaq da doğular.
Valideynlər və uşaqlar bilərlər ki, dövlət
onların hər qayğısını çəkəcək,
lap elə Sovet vaxtında olduğu kimi, bütün səylər
dövlətin təməli olan ailələrin möhkəmləndirilməsi
və rifahına yönələcək. Sağlam
ailə, sağlam uşaq SAĞLAM DÖVLƏT deməkdir.
"Gecələr" ləqəbli
Toğrul
... Ağsunun Bico kəndində doğulub boya-başa
çatmış Toğrul Fərəczadəgilin evinin
darvazası açıq idi. Qohum-qonşunun dediyinin əksinə
olaraq, qonaq-qaranı, dostlarını sevən Toğrul bu dəfə
qonaqlarını özü yox, darvazasının
üstündəki Azərbaycan bayrağı, toy xəbəri
verən darvazanın üstünə bağlanmış
qırmızı yaylıq, həyətində qurulan yas
çadırındakı şəkli lal-dinməz
qarşılayırdı. Bir qayda olaraq,
qadınlar yığılan evə keçib, qara
örtüklü, qara paltarlı qız-gəlinlə,
ahıl analarla görüşdüm. Arıq,
sısqa bir gəlin oturmuşdu divanda, keçib yanında əyləşdim.
Boynunu qucaqladım, alnından öpdüm.
Şəhid anaları özləri də qəhrəmandırlar.
Onların alnından öpülməlidir.
Təsəlli verməyə yenə söz
tapmadım.
... Gözlərimizin yaşını siləndən
sonra, Toğrulun anası 40 yaşlı Bəhruzə Cəbiyeva
oğlu haqqında danışmağa başladı.
- Onu min bir zəhmətlə
böyütmüşdük. Sevdiyi qız var
idi. Onun gözünə baxa bilmirəm.
Dayağım, gedib-gələn nəfəsim idi Toğrul... Özü hərbçi olmaq istəyirdi. Hərbi
xidmətini 2012-ci ildə başa vurandan sonra, inad etdi ki, hərbidə
qalacaq. Bizim də gücümüz yetmədi.
Üç il yarım idi ki, hərbidə
çalışırdı. Üç
ilyarım idi ki, mənim gecəm-gündüzüm yox idi.
Həm əsgərlikdə, həm də
Silahlı Qüvvələrin tərkibində hərbin sirlərinə
dərindən yiyələnmişdi. Evə
gələndə uğurlarından danışırdı.
Bu il yanvar ayının 20-də idi, deyəsən,
ermənilərin hərbi texnikasını sıradan
çıxarmışdı, pilotsuz uçan təyyarəsini
vurub yerə salmışdılar. O hərbçilərin
içərisində Toğrul da var idi. Ermənilərin
pilotsuz təyyarəsini vurduqlarına görə yanvar
ayında evə göndərilmişdi. Deyirdim ki, ay
oğul, mənə bir az işindən-gücündən
danış. Elə həmin günlərdə dedi ki, ana mən
hərbiyə gedəndə komandirimiz olan general əlini
kürəyimə qoyub məndən soruşdu ki, ailənin
bir oğlusan, Vətənin müharibəsi var qarşıda,
xidmət etməyə qorxmursan? Ana, generala dedim ki: "Bir
oğulun ürəyində Vətən sevgisi olmur?" Cavabım xoşuna gəldi". Oğlum güclü kəşfiyyatçı
olduğundan, ləqəbi "Gecələr" idi. Deyirdi ki, bu yaxınlarda mina təmizləməyə
gedibmiş. O gecəni belə xatırlayırdı:
"Ana getdim ərazidən mina təmizləməyə. Təlim görmüş itim də yanımda idi.
Minaları çıxarıb, 200 metr keçib
səngərin içərisi ilə getdim qabağa. Birdən üstümə kimsə atıldı.
Elə bildim ermənidir. Həmlə
gözlənilmədən olduğundan, fikirləşdim ki,
ermənini duyuq salmışam. Yamanca
qorxdum, can şirin şeymiş. Sonra
baxdım ki, üstümə tullanan itimdir. Erməni olsaydı, ya ona verən Allah, ya mənə
verən Allah, heç bilmirəm, necə qurtaracaqdı.
Həmin gecə, səngərdən sağ
qayıtdığıma görə əhd etdim ki, qurban kəsəcəyəm".
Toğrul o qurbanı kəsib, kəndin
qocalarına, əlsiz-ayaqsızlarına, kimsəsizlərinə
payladı. Əli pul tutandan elə işi
gücü yetim-yesir, kasıb adamları sevindirmək idi.
3 ay əvvəl evə bayraq gətirdi, dedi ki, hərbçinin
evində mütləq Azərbaycan bayrağı
olmalıdır! İşsiz-gücsüz, avara
gəzən, ata-anasını incidən uşaqlara baxanda təəccüblənirdi,
əsəbiləşirdi. Qohumlarımıza
zəng edib deyərmiş ki, ata-anamdan doymuram. Kreditlə maşın götürmüşdü.
2 illik krediti hələ qalır. Maşını da qalıb xidmət etdiyi hərbi
hissənin həyətində. Hərbi
hissə komandiri polkovnik-leytenant Murad Mirzəyev ondan daima
razılıq edirdi. Azərbaycan Silahlı
Qüvvələrinin 95-ci ildönümü münasibəti
ilə medalla təltif olunmuşdu.
Həmişə məclisinə, evinə gələn hərbçi
dostları indi yasına gəlirlər. Onların
hamısından balamı soruşuram. Uşaqlardan
hansısa dedi ki, Talış kəndi uğrunda vuruşmada
polkovnik-leytenant Murad Mirzəyevlə birlikdə
qatılıblar döyüşə. Xeyli irəli
gedib nə qədər erməni məhv ediblər. Silah-sursat götürüblər. Murad Mirzəyev görüb ki, vəziyyət
yaxşı deyil, uşaqlara xətər toxuna bilər. Onlara deyib ki, siz qayıdın geri. Düşmənin 3 qrupundan 2-ni məhv ediblər.
Sonra vəziyyətin gərginləşdiyini
görüb, əsgərlərini xilas etmək
üçün özünü partladıb Murad Mirzəyev.
Oğlum da komandiri kimi igid idi. Oğlum, deyəsən,
Murad Mirzəyevdən sonra həlak olub...
Aprel yaman gəldi. Arzularımızı yarımçıq qoydu,
toylarımız çalınmadı...
Xonçalarımız gəlin qapısına getmədi... Mənim
kimi neçə ananı oğulsuz qoydu aprel... Aprelin
2-dən sonra Toğrulumla danışa bilmədim. Dizimi qoydum torpağa, əllərimi Allaha
açdım, yalvardım, ağladım, dilədim ki, iki
gözümü al, ancaq oğlumu mənə qaytar.
Gözsüz qaytar, ayaqsız, əlsiz qaytar, ömrüm boyu
dilənib onu şikəst saxlaram... İndi mən necə
ovunum... barı oğlumun xidmətlərini
dövlətimiz qiymətləndirə, adına bir
küçə, ya məktəb verə, adını əbədiləşdirə...
Axı onun qanı tökülən yerlərdə qalibiyyət
var...
Bico kəndinin
4-cü şəhidi...
Atası Habil Cəbiyevi danışdıra bilmədim. Əmisi Qabil Cəbiyevin isə deməyə sözü çox idi:
- Qarabağ döyüşləri başlayandan kəndimiz bir şəhid verib, iki nəfər isə itkinimiz var. Onların üçü də qohumumuzdur. Şəhidimiz Mahmud Səfərovun 19 yaşı var idi. İtkin düşən Fərrux Səfərov və Sənan Səfərov da 19 yaşında idilər. O vaxt mənim də 19 yaşım var idi. Onları Ağdərə uğrunda döyüşlərdə itirdik. Nə o şəhidin, nə də itkinlərin ailəsi ilə bir maraqlanan olmayıb. 1992-ci ildən 1996-cı ilə qədər indi ermənilərin işğalda olan bütün kənd və rayonlarımızda gedən qanlı vuruşların iştirakçısı olmuşam. Mənimlə vuruşan uşaqlardan sağ qalanı çox azdır. Necə oldusa, mən ölmədim. O dağları, meşələri Şirvandan yaxşı tanıyıram. Lakin ən ağrılısı odur ki, cəbhədə o qədər zülümlər çəkdim, qan tökdüm, can qoydum, lakin könüllü döyüşçü olduğumu qanuniləşdirə bilmədim. Ona görə də, Toğrulun hərbidə qulluq etməsinə razı deyildim, həm o döyüşləri görən adam kimi, həm də o acı günlərdə çəkdiklərimi qardaşımın balasının görməsini istəmirdim. Aprelin 3-dən sonra Toğruldan xəbər tuta bilmədik. Qardaşımla getdik üzü Tərtərə sarı. Aprelin 8-də Yevlaxda onun hərbidəki dostlarından birini tapdım. O dedi ki, Toğrul şəhid olub. Düz aprelin 8-də eşitdik bu xəbəri. Nə qədər çətin olsa da, qardaşıma dedim... Bircə balasının ölüm xəbərini alan ata necə olar... Çox böyük çətinliklə gəlib çatdıq Ağsuya, kəndimizə... Məlum oldu ki, Toğrul, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Ermənistan-Azərbaycan cəbhə xəttində, döyüş meydanında qalan Toğrul Fərəczadənin nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib. 9 apreldə şəhid və qəhrəman balamızı dəfn etdik...
Başı qara örtüklü, əynində qara paltarlar olan yaşlı qadınların içərisində diqqətimi bir narahat ana çəkdi. Gözlərinin yaşını silib: - Toğrulun nənəsiyəm, - dedi. - Həyətdəki o ağacları Toğrul əkib, becərib. Bağ-bağçanı səliqəli sevərdi. Balamın əsgər dostları gələndə onlara süfrə açardım... Keçən il Biləsuvarda hərbçi dostunun biri şəhid olmuşdu. Toğrul o şəhidin evinə yasa gedəndə, şəhidin anası deyib ki, gəlin sizi balamın əvəzinə yedirim. Şəhidin anası, hər dosta bir qaşıq aş verib, yedirib onları... balasının ətrini almaq istəyib. Bu hadisə Toğruluma çox təsir etmişdi. Onu bizə danışmışdı. Toğrulumu itirəndən sonra, aprelin 11-də bacısı Əfsanənin birinci uşağı dünyaya gəldi. Qaynatası zəng vurub, bizdən xahiş etdi ki, izn verin, Toğrulun adını nəvəmizə verək. İndi Toğrulun adını bacısının oğlu, nəticəm daşıyacaq.
Hər görüşün sonunda bir ayrılıq durur. Toğrul Fərəczadənin anası və qohumları ilə sağollaşıb, həyətə düşdüm, qohumlar məni Toğrulun səliqə-sahmanı ilə düzələn bağçaya apardılar. Ağaclara nə var ki, təbiətin hökmünə tabedirlər.Yeni-yeni yarpaqlamışdılar. Arasında çiçəkləyən meyvə ağacları da var idi. Öz-özümə fikirləşdim ki, görəsən, Toğrulun əkdiyi ağacların, indi onun torpağa qarışmasından, ota, çiçəyə, lap elə ağaca çevriləcəyindən xəbərləri varmı?.. Bir ağsaqqal, nurani kişi yaxınlaşdı. Salamlaşdıq, başsağlığı verdim, tanış oldum - Toğrulun babası idi. Yaşı 75-dən yuxarı olan Fətulla Cəbiyev söz-söhbəti uzaqdan başladı:
- Səkkiz övladım var idi. Bir oğlumu bir neçə il bundan əvvəl itirmişəm. Toğrul əmisinin balalarına çox qayğı göstərirdi. Əmisinin iki uşağının sevinc yeri idi. Bizim kəndimiz Şirvanda kök salmaq istəyən ermənilərə həmişə divan tutub. 1918-ci ildə qohum-əqrabalarımız, babalarımız, Bico kəndinin kişiləri, Şahalı yüzbaşı başda olmaqla, torpağımıza göz dikən erməniləri qırıblar. Ermənilərin şamaxılılara, şirvanlılara etdikləri zülmlərin qanını onlarda qoymayıblar. Toğrulun soyadını atamın adından götürüb Fərəczadə yazdırmışam. Ona görə biz Cəbiyev gedirik, o isə böyük babasının adı ilə... Bu qəm bir bizim qapımızı döyməyib ki... Gör neçə qapını döyür, 25 ildir. Vətən yolunda gedib Toğrul, o bizim Vətənin övladı idi. Prezidentimiz İlham Əliyev də bu müharibənin bitməsi üçün çox çalışır, torpaqlarımızın azad olunması üçün mübarizə aparır. Onun əsgərləri möhkəm dayanmalıdır ki, prezident də onlara güvənsin. Müharibədə itki də olur, qan da olur. Bu neçə gündə darvazamız bağlanmır. Dövlət adamları gəlirlər, gedirlər, şəhidimizi yad edirlər. Elə indi də Müdafiə Nazirliyinin 1 avtobus hərbçisi, qadınlı-kişili, Bakıdan bura başsağlığına gəliblər... Demək şəhidin qiyməti var, əsgərin dəyəri var bu gün... Mən 1992-96-cı illərdə Azərbaycanın müharibə olan torpaqlarını qarış-qarış gəzmişəm. Oğlum Qabil könüllü orduya yazılanda 19 yaşı var idi. Yerini-yurdunu demirdi. Bala şirin olur. Düşdüm yolların ağına... Dərələrdən, düzlərdən keçdim... Soyuqlara, istilərə düşdüm. Oğlumu axtardım, hardan sorağı gəldisə, oraya getdim. Müharibənin hər üzünü gördüm. Laçın-Kəlbəcər dağlarında axtardım Qabili. Bir gün meşədə təsadüfən üz-üzə gəldik. O gürcülərin "Əsgər atası" filmi var e... Bax elə onun kimi... Ata-bala sarıldıq bir-birimizə... iylədim oğlumun saçlarını, ətrini çəkdim sinəmə... sevinirdim ki, balamı sağ-salamat tapmışam... Nəvəmi isə Qabil axtardı... tapmadı... - deyib, gözlərindən tüklü sifətinə sıralanan göz yaşlarını sildi Fətulla kişi.
Bu yazının əvvəlində ailələrdə uşaqların çox olmamasının səbəbləri və bu səbəbləri aradan götürmək üçün Dövlət Proqramının vacibliyindən bəhs edirdim. Söhbətimin kökünü Fətulla kişidən gətirirdim. Fətulla kişinin 8 övladı var idi. Birini itirib, 4 oğlu, 3 qızı var indi. Nəvə-nəticələri də az deyil. O səkkiz övladını Sovet rejimində pis-yaxşı böyütmüşdü. Təhsil alanı, sənətə yiyələni də var. O övladlar indi həm bir-birinə, həm də dövlətə dayaqdırlar. Amma Fətulla kişinin oğlu Habilin 1 oğlu və bir qızı var idi. Oğlu qəhrəmanlıqla həlak oldu. Bircə qızı qaldı Habilin. Burda məşhur rejissor Rza Təhmasibin "Onu bağışlamaq olarmı?" filmindəki ana obrazının monoloqunu xatırlayıram. Ana ətrafında yığılan insanlara baxıb deyir: "Kimdir günahkar?". Və filmin süjetindən məlum olur ki, günahkar MÜHARİBƏdir!
İnanmaq istəyirik ki, dövlətimizin
əlaqədar orqanları ailə, uşaq, iş yeri, mənzil
problemlərinin birdəfəlik həllinə nail olub, ailələrdə
4, 5, 6... hətta 10 uşağın dünyaya gətrilməsi,
ailələrin möhkəmlənməsi üçün təməlli
inkişaf poqramı hazırlayacaqlar. Unutmayaq ki, Dövlət
Ailədən başlayır, ailələrdə doğulan
oğullar böyüyüb əsgər olur, Ali Baş
Komandanın əmrini icra edirlər! Vətəni Vətən
edən şəhidlərimizin məqamı mübarək
olsun! Vətən uğrunda canından keçən və
keçməyə hazır olan əsgərlərimizi isə
Tanrı qorusun!
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 5 may.- S.8.