"Qardələn"in təqdimatı keçirilib

 

 

Bakıdakı "Kitabevim.az" mağazasında gənc yazar Nargisin "Qardələn" kitabının təqdimetmə mərasimi olub.

Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüb.

O bildirib ki, Nargis yaradıcılığına nəsrlə başlayıb və ilk kitabı olan "İçimdəki Merilin" 2015-ci ildə nəşr edilib.

"Qardələn" isə gənc yazarın ikinci kitabıdır və roman-gündəlikdir. Leykoz xəstələrinin həyat uğrunda mübarizəsini əks etdirən kitab gerçək həyat hekayəsinin təsiri ilə qələmə alınıb. Burada gənc yazarın şahid olduğu və illərlə müşahidə etdiyi hadisələr öz bədii əksini tapıb. Birinci kitabdan fərqli üslubda yazılan "Qardələn" maraqlı yazı tərzi və müəllif üslubu ilə diqqəti çəkir.

"Oxuduqca siz də inanacaqsınız ki, bu kitab bir çox insana ümid ola bilər. Həyatın qədrini bildikdə isə həyat daha da gözəl olur. Bu səbəbdən əlimizdəkilərə şükür edib, bizə verilən həyatı düzgün dəyərləndirməliyik.

Leykoz xəstələrinin mübarizəsi həyatda qarşımıza çıxan əngəllərin ən ciddilərindən biridir. Buna öz gözlərimlə şahid oldum. Amma onlar buna baxmayaraq həyatın ətəyindən bərk-bərk tutub mübarizə aparırlar" - kitabın sonunda verilən bu qısa hissədən də aydın olduğu kimi, bir çox sosial mesajları özündə əks etdirən "Qardələn" kitabı cəmiyyətimizin ciddi problemlərindən biri sayılan  leykoz xəstəliyinə tutulanlara dəstək məqsədi ilə qələmə alınıb.

 

525-ci qəzet.- 2016.- 11 may.- S.7.