60 baharın mənalı anları

 

 

Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır.

 

Yəqin elə buna görədir ki, xeyirxah alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç hamıya nəsib olmur. Müasirimiz - uzun illər dövlət orqanlarında ləyaqətlə xidmət edərək ömrünün 60-cı baharını cəmiyyət, ailə qarşısında alnıaçıq qarşılayan Nizami Fərəcov isə bu xoşbəxtliyə qovuşanlardan biridir.

...Uzun illər Ağsu rayonunda aqrar sahədə rəhbər vəzifələrdə çalışmış, rayonda hörmət-izzət sahibi olan Əskər Fərəcovun ailəsində 1956-cı ildə bir oğlan uşağı dünyaya göz açdı. Böyük külfət sahibi olan Əskər kişi bu övladının adını bütün  dövrlərin mütəfəkkir şairi sayılan Nizami Gəncəviyə olan sonsuz sevgisinin şərəfinə Nizami qoydu. Əskər kişinin evində elmə, təhsilə olan ciddi münasibət hələ kiçik yaşlarından balaca Nizamiyə sirayət etdi. Nizami orta məktəbi bitirdikdən sonra, atası kimi taleyini kənd təsərrüfatına, aqrar sahəyə bağlayaraq Gəncə şəhərindəki Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. 1978-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək mühəndis-mexanik ixtisasına yiyələndi.

Nizami Fərəcov əmək fəaliyyətinə Abşeron rayon Kənd Təsərrüfatı İdarəsinin mühəndis-müfəttişi kimi başladı. Nizami Fərəcov 1981-ci ildə irəli çəkilərək Azərbaycan SSR Meyvə-Tərəfəz Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatının mexanikləşdirilməsi elektrikləşdirilməsi idarəsində, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsində, "Elektromexanikləşdirmə" Trestində, Bakı Quraşdırma, İşəsalma, Sazlama Müəssisəsində, "ASM-2000" Analitik-Sosioloji  Mərkəzində  rəhbər vəzifələrdə çalışdı. Nizami Fərəcovun üç elmi ixtirasına Rusiya paytaxtı Moskvada müəlliflik şəhadətnaməsi verildi.

Nizami Fərəcov gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işində daim fəallıq göstərib. Elə ömür-gün yoldaşı, 38 ildir birgə həyat sevincini paylaşdığı Sevinc xanımın atası - 416-cı Taqanroq  diviziyasında batareya komandiri kimi Böyük Vətən müharibəsində ad-san qazanmış, Mozdok, Kostroma şəhərləri uğrunda gedən döyüşlərdə rəşadət göstərmiş, Melitopolun, Nikolayevin, Odessanın, nəhayət Berlinin alman faşistlərindən azad edilməsində ön sırada olmuş, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında  qəhrəmanlıqlar nümayiş etdirmiş, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin mənalı ömür yolunun təbliğ olunmasında,  onun adının əbədiləşdirilməsində təqdirəlayiq işlər görmüş bu gün görməkdədir.

Nümunəvi ailə başçısı olan Nizami Fərəcovun həyat yoldaşı Sevinc xanım 40 ilə yaxındır Rabitə Nazirliyi sistemində təcrübəli mütəxəssis kimi çalışır. Oğlanları tanınmış teleaparıcı-jurnalist, Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi Ayaz Nizami oğlu və Heydər Əliyev adına Sarayın mətbuat katibi Anar Fərəczadə talelərini jurnalistikaya bağlayıblar. Evin sonbeşiyi Azər isə Serbiyada maliyyə mütəxəssisi kimi əmək fəaliyyətinə cəlb olunub. Nizami müəllim babalıq sevincini də yaşayır. Onun Nizami, Fərid və Aqşin adlı 3 nəvəsi var .

2004-cü ildən yanğından mühafizə qurumlarında çalışan Nizami Fərəcov nəcib və xeyirxah əmək fəaliyyəti ilə insanlara, cəmiyyətə bu gün də xidmət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı vəzifəsində çalışan Nizami Fərəcov fərdi söhbətləri,  kütləvi informasiya vasitələrində çıxışları, xüsusi ədəbiyyat və reklam məhsullarından istifadə etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması yolları haqqında məqsədyönlü biliklər verməklə gündəlik həyatımız üçün çox dəyərli və vacib olan bir işlə məşğul olur. O, hazırda da yorulmadan, tükənməz həyat şövqü ilə, böyük həvəslə sənayedə, kənd təsərrüfatında, təhsil və səhiyyə müəssisələrində, mülkiyyət formasından asılı olmayaraq  digər təşkilatlarda, evlərdə yanğına qarşı təbliğat işi apararaq maddi sərvətlərin, insan həyatının yanğın kimi fövqəladə haldan qorunması, həmçinin iqtisadiyyatımızın normal və fasiləsiz fəaliyyətinin təmin olunması üçün  təqdirəlayiq təbliğat işləri aparır.

 

Hikmət Xudiyev

Əməkdar jurnalist

525-ci qəzet.- 2016.- 13 may.- S.4