İmperiyalar və onların süquta sürüklənməsi

 

 

 

Proloq

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

1812-ci ildə Napoleon Rusiyaya müdaxilə etməyi qərara aldı, bu, onun süqutunun başlanğıcı idi. Lakin Rusiyanın Kontinental sistemdəki defekti onu başqa bir seçim qarşısında qoymadı.

 

Napoleon belə böyük ölkəyə müdaxilənin riskindən agah olsa da, 1812-ci ilin iyununda onun Böyük Ordusu 600 min nəfərdən ibarət olmaqla, Rusiyaya daxil oldu. Napoleon ümid edirdi ki, qələbə rus ordusu ilə tezliklə görüşməkdən və onu məğlub etməkdən asılı olacaqdır. Lakin Rusiya qüvvələri ona döyüş verməkdən imtina edir və yüz millərlə geri çəkiləndə öz kəndlərini yandırır, Napoleon ordusunu qidadan və atlarına yem tapmaqdan məhrum edirdi. İsti və xəstəlik də ordudan öz rüsumunu alırdı. Rusiya ərazisinin geniş məkanı qoşunları elə bil ki, səhraya aparıb çıxarırdı. Ruslar, nəhayət, vuruşmaq üçün Borodinoda dayandılar. Napoleon həlledici olmayan və baha başa gələn qələbə qazandı. 45 min rus döyüşçüsü öldürülmüşdü, fransızların itkisi 30 min nəfər idi, lakin onlar yaxında heç yerdə yerləşmək imkanı tapa bilmirdilər. Böyük Ordunun qalan qoşunları Moskvaya gəldi, səhərisi onlar şəhəri odda gördülər. Qida və sursat olmadığından Napoleon Moskvanı oktyabrın sonuna yaxın tərk etdi və dəhşətli qış şəraitində Rusiyadan “Böyük geri çəkilmə” etdi. Yalnız 40 min əsgər 1813-cü ilin yanvarında Polşaya qayıtdı. Bu hərbi bədbəxtlik sonra bütün Avropanı azadlıq müharibəsinə apardı, onun kulminasiyası 1814-cü ilin aprelində Napoleonun məğlubiyyəti oldu.

 

Fransızların məğlub edilmiş imperatoruna icazə verildi ki, Elba adasında hökmdar rolunu oynasın, bu Toskananın sahilində idi. XVIII Luinin şəklində Burbon monarxiyası Fransada bərpa edildi. Lakin yeni kral kiçik dəstəyə malik idi və Napoleon gəmilərlə Elbadan geri, Fransaya qayıtdı. Əsgərlər onu əsir etmək istəyəndə, o, şinelini açıb, onlara müraciət etdi: “Beşinci alayın əsgərləri, mən sizin İmperatoram... Əgər sizin aranızda öz imperatorunu öldürəcək adam varsa, mən buradayam!” Heç kəs atəş açmadı. Əsgərlər “Vive l`Empereur! Vive l`Empereur!” deyə qışqıraraq, onun tərəfinə keçdilər və Napoleon 20 mart 1865-ci ildə zəfərlə Parisə daxil oldu.

 

Dövlətlər onu məğlub etsələr də, şikayətlənirdilər ki, bir daha “Dünyanın düşməni və sakitliyini pozan” adlandırdıqları adamla vuruşmalı olacaqlar. İlk növbədə düşmənlərinə zərbə vurmağı qərara alan Napoleon yenə də yeni bir ordu yaratdı və yaxındakı Belçikada dayanmış müttəfiq qüvvələrinə hücum etmək üçün hərəkət etdi. İyunun 18-də Vaterlooda Napoleon hersoq Vellinqtonun komandanlığı altında birləşmiş Britaniya və Prussiya ordusu ilə qabaqlaşdı və qanlı məğlubiyyətdən əzab çəkməli oldu. Bu vaxt qalib müttəfiqlər onu Müqəddəs Yelena adasına sürgün etdilər. Napoleonun xatirəsi yalnız Fransanın siyasi həyatında nümayiş olunmaqda davam etdi.

 

13.İkinci Fransa imperiyası

 

III Napoleonun hökuməti (1852-1870-ci illər) Bonapart düşüncəsində aydın şəkildəki avtoritar idi. O, Fransanın yalnız 15 il ərzində Konsulluğun və İmperiyanın ləyaqətli inzibati, hərbi, ədalət, dini və maliyyə təşkilatına malik olduğunu qeyd edirdi və həmin dövrün institutlarına (Napoleon dövrünə) qayıtmağı vacib sayırdı. O, xarici siyasətdə az şeyə nail olmuşdu. Xüsusən onun Meksikadakı imperialist macərası uğursuzluqla yekunlaşdı. Meksika bazarında fransız mallarının ağalıq etməsini axtarmaqda olan imperator III Napoleon 1861-ci ildə fransız qoşunlarını Meksikaya göndərdi ki, orada öz mənafelərini himayə etsin. Ölkədə qayda bərpa edildikdə, Britaniya və İspaniya orduları oradan geri çəkilmişdi. Fransız qüvvələri isə qalırdı və 1864-cü ildə III Napoleon ershersoq Maksimilian Avstriyalını Meksikada yeni imperator səviyyəsinə yüksəltdi. Fransız qüvvələri vətəndə lazım olanda, Maksimilian ordusuz imperatora çevrildi. O 1867-ci ilin mayında liberal Meksika qüvvələrinə təslim oldu və iyunda edam edildi. Onun edam edilməsi Fransa imperatorunun nüfuzuna ciddi bir zərbə idi.

 

III Napoleonun Krım müharibəsində (1854-1856-cı illər) iştirak etməsi yeni mükafat gətirən bir iş idi. Napoleon imperiyasının varisi olan III Napoleonun motivasiyası ondan ibarət idi ki, Fransanı 1814-1815-ci illər sülh müqavilələrinin məhdudiyyətlərindən azad etsin və onu Avropanın baş arbitri etsin. Osmanlı imperiyasının tənəzzülündə də o, öz məqsədlərinə doğru addımlar atmaq imkanını görürdü.

 

Krım müharibəsi həm də Şərq sualına cavab vermək üçün digər cəhd idi: görəsən kim Osmanlı imperiyasının parçalanmasından başlıca faydanı götürəcəkdir? XVII əsrdə Osmanlı imperiyası cənubi-şərqi Avropaya nəzarət edirdi, lakin 1699-cu ildə Macarıstanı, Transivaniyanı, Xorvatiya və Sloveniyanı itirdi, onların hesabına Avstriya imperiyası genişləndi. Rusiya imperiyası öz şərqində 1783-cü ildə Krımı və 1812-ci ildə Bessarabiyanı tutmaqla, həmçinin Osmanlı imperiyasının ərazisini qəsb etmişdi. XIX əsrin başlanğıcında Osmanlı imperiyası öz tənəzzülünün yeni dövrünə qədəm qoydu. 1830-cu ildə Yunanıstanda millətçilərin qiyamı ölkənin müstəqilliyi ilə nəticələndi. 1827-ci ildə Serbiya muxtariyyətə iddia etdi və 1830-cu ildə Osmanlı imperiyası bunu tanıdı. Ruslar 1829-cu ildə Moldaviyanın Dunay əyalətlərində və Valaxiyada protektorat əldə etdi.

 

Avropanın cənubi-şərqi ərazilərində Osmanlının səlahiyyəti yoxa çıxdı. Avropa hökumətləri imperiyanın öz imtiyazlarından açıq imtina etməsinə fəal maraq göstərirdilər. Onlar təkcə Rusiyanın Türkiyə barədəki ambisiyalarından qorxmurdular, həm də bu zonada öz mənafelərinə malik idilər. Avstriya Balkanlarda daha çox torpaq qoparmaq istəyirdi, bu arzu isə Rusiya ilə labüd münaqişə ehtimalı demək idi. Fransa ilə Britaniya kommersiya imkanlarına görə və həm də Aralıq dənizinin şərqində hərbi-dəniz bazası yaratmaq marağında idi.

 

Krım müharibəsi Rusiya ilə Osmanlı imperiyası arasında 1853-cü ildə başlandı, bu vaxt Rusiya Palestinada xristian kilsələrini himayə etmək hüququ tələb etmişdi, bu imtiyazlar isə artıq fransızlar üçün genişlənmişdi. Osmanlılar imtina etdikdə, ruslar Moldaviyanı və Valaxiyanı işğal etdilər. Danışıqlar uğursuz olduqda, Osmanlı imperiyası Rusiyaya 1853-cü ilin oktyabrında müharibə elan etdi. Sonrakı ilin mart ayında Böyük Britaniya və Fransa Rusiyaya müharibə elan etdilər. Niyə Britaniya və Fransa bu addımı atdı? Britaniyalılar qorxurdular ki, təcavüzkar Rusiya Osmanlı ərazisini tutmaqla və ya Dardanelə olan çoxdankı istəyinə görə Osmanlı hökumətinin nəzərə çarpan zəifliyindən fayda götürməyə cəhd edəcəkdir. Beləliklə, bu hərəkət Rusiyanı Britaniya hərbi-dəniz qüvvələrini Aralıq dənizinin şərqindəki nəzarətinə meydan oxumağa qadir edəcəkdir və onu Şərqi Avropanın ən güclü dövlətinə çevirəcəkdir. III Napoleon hiss etdi ki, ruslar Fransanı təhqir etmişlər, əvvəlcə Vyana Konqresində və bu vaxt isə Osmanlı imperiyasında yaşayan xristianları himayə etmək sahəsində onları əvəz etmək təkliflərinə görə. Fransızlar həm də Osmanlı imperiyasının süqutundan və orada Rusiyanın təsirinin böyüməsindən qorxurdular. Rusiya isə Avstriyanın dəstəyinə ümid edirdi, çünki 1849-cu ildə rus qoşunları Avstriya hökumətini xilas etmişdilər. Ondan bir neçə il keçmişdi, bu vaxt isə Avstriya baş naziri qısaca şərh vermişdi: “Biz dünyanı öz nankorluğumuzla təəccübləndirəcəyik” və beləliklə Avstriya neytral qaldı. Rusiya təkbaşına vuruşmalı oldu.

 

Britaniya və Fransa Qara dənizdəki Krım yarımadasına hücum etməyi qərara aldılar. Balaklava döyüşündə Britaniya Yüngül briqadasının (süvarilərinin) özünü intihar qaydasındakı hücumu sonralar daha çox xatırlanırdı. Uzunmüddətli mühasirədən sonra Sevastopoldakı rus istehkamları 1855-ci ildə təslim oldu. Bu, çar I Nikolayın ölümündən 6 ay sonra baş verdi. Onun varisi II Aleksandr tezliklə sülh xahiş etdi. 1956-cı ilin martında bağlanan Paris müqaviləsinə görə, Rusiya Bessarabiyanı geri qaytarmağa və Qara dənizin neytrallığını qəbul etməyə məcbur edildi. Üstəlik, Moldaviya knyazlığı və Valaxiya beş dövlətin himayəsi altına qoyuldu.

 

Krım müharibəsi hər iki tərəfə baha başa gəldi. 250 mindən çox əsgər müharibədə həlak oldu, ölümün 60 faizi xəstəliklərdən, xüsusən xoleradan baş vermişdi. Bu itkilər daha çox olardı, əgər Florens Naytingelin (1820-1910-cu illər) cəhdləri olmasaydı. Onun təkidi ilə sanitar şəraitlərinin ciddiləşməsi çox sayda həyatı xilas etdi və orta sinfin öyrədilmiş qadınlarının şəfqət bacısı professiyasına yüksəlməsinə kömək etdi.

 

Krım müharibəsi Avropa dövlətlərinin uzun müddət mövcud olmuş əlaqələrini pozdu və Avropadakı razılığı məhv etdi. XIX əsrin birinci yarısında status-kvonu dəstəkləyən iki əsas dövlət - Avstriya və Rusiya, müharibədə Avstriya Rusiyanı dəstəkləmək istəmədiyinə görə, artıq düşmənlərə çevrilmişdilər. Məğlub olan, alçaldılan, təhkimçi ordusu ilə açıqca zəifləyən Rusiya sonrakı iki onillik ərzində öz daxili işlərini qaydaya salmaq üçün Avropa məsələlərindən kənara çəkildi.

 

Böyük Britaniya müharibədəki rolunda ümidi boşa çıxdığından, Kontinental işlərdən özünü geri çəkdi. Həmçinin Avstriya öz neytrallığına görə haqq ödəməli olduğundan, bu vaxt artıq böyük dövlətlər arasında dostsuz qalmışdı. Avstriyanın beynəlxalq vəziyyəti dəyişkən idi. Yeni beynəlxalq situasiya İtaliya və Almaniyanın birləşməsini mümkün etdi. Prussiyanın yol göstərməsi ilə Almaniyanın birləşməsinin təşəbbüskarı və icraçısı Bismark olmaqla, O, bu işdə böyük uğur qazandı. Bismark kamil siyasətçi və opportunist idi. o, həm də siyasi oyunçu deyildi, mülayim idi və yalnız bütün digər diplomatik alternativlər işə yaramadıqda və həm də bütün hərbi və diplomatik faydaların öz tərəfində olduğuna əmin olduqda müharibəni başlayırdı. Bismark çox vaxt tam realist kimi qələmə verilirdi, Realpolitikin XIX əsrdəki ən görkəmli icraçısı idi. Kim ona müxalif olsaydı, həmin adamdan zəhləsi gedirdi. O, bir səhər öz arvadına demişdi: “Mən bütöv gecəni yatmıram. Mən bütün mənalarda bütöv gecəyə nifrət etmişəm”. O, böyük məsələləri “dəmir və qanla” həll etməyə üstünlük verirdi.

 

1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsində Bismarkın məqsədi həyata keçdi. 1866-cı ildən Prussiya Şimali Almaniyada ağalıq edirdi və Avstriya, Almaniya işlərində hansısa bir əhəmiyyətli rol oynamaqdan təcrid edilmişdi. Bismark belə bir fikrə gəldi ki, Fransa heç vaxt fransızların təhlükəsizliyinə potensial qonşu olan güclü alman dövlətinin mövcudluğu ilə razılaşmayacaqdır. III Napoleona isə öz daxili problemlərini həll etmək üçün diplomatik zəfər lazım idi. Fransızlar Almaniyada hadisələrin dönüşündən heç də xoşhal deyildi və prussiyalıları alçaltmaq üçün imkanlar axtarırdı.

 

Uğurlu inqilabdan sonra kraliça II İzabella devrildikdə, İspaniya taxt-tacı prins Leopold Hohentsollernə təklif edildi, o, Prussiya kral sülaləsinə uzaq qohum idi. Bismark, təkcə Fransa bunu rədd etdiyinə görə bu imkana sevindi. Əgər Leopold İspaniya taxtına yerləşdirilsəydi, Fransa faktiki olaraq Hohentsollern sülaləsi ilə əhatə olunacaqdı. Fransızların imtina etməsi Prussiya kralı I Vilhelmin öz qohumunu namizədlikdən geri çəkilməyə məcbur etməsinə səbəb oldu. Bismark kralın hərəkətindən məyus oldu, yalnız ona görə ki, məhz fransızlar öz istəklərinə nail olmuşdu. Diplomatik qələbələri ilə kifayətlənməyərək, onlar I Vilhelmə təsir göstərdilər ki, o, Fransadan rəsmi üzr istəsin və vəd etsin ki, bir daha heç vaxt Leopolda namizəd olmağa icazə verməyəcəkdir. Kral Bismarkı fransızların tələbi ilə tanış etmişdi, kansler öz növbəsində fransızları daha artıq təhqir etmək üçün teleqramı qəzetlərdə çap etdirdi. O, yaxşı bilirdi ki, Fransa rəhbərliyi hirslənəcək və müharibə elan edəcəkdir. Fransa Bismarkın gözlədiyi kimi də reaksiya verdi və Prussiyaya 15 iyul 1870-ci ildə müharibə elan etdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 14 may.- S.20