Unudulmazlıq imtiyazı

 

 

Faşizm üzərində Qələbə günü kimi qeyd olunan 9 May artıq arxada qalsa da, qarşıdan 22 iyun, yəni Hitler Almaniyasının Sovet İttifaqına hücumunun, Böyük Vətən Müharibəsinin başlanmasının 75 illiyi gəlir.

 

1941-1945-ci illər müharibəsində SSRİ-nin tərkibində Azərbaycanın yüzminlərlə övladı vuruşub, canlarından keçib, sağlamlıqlarını itiriblər.

 

Həmin qeyrətli soydaşlarımızdan biri - Böyük Vətən Müharibəsinin fədakar iştirakçısı, düz 20 il bundan qabaq haqqında  kitab yazdığım, Ağdamın bəy kişilərindən olan Surxay Qurbanovu bir daha oxucuların yadına salmaq istədim.

 

Və burasını da qeyd edim ki, o vaxt mən həmin kitab üzərində işlərkən Surxay müəllimi yaxından tanıyanlarla da görüşmüş, yeri gəldikcə onların xatirələrinə də üz tutmuşdum. Hələ ötən əsrin 80-ci illərindən etibarən yaxından tanıdığım, o vaxtlar "Azərbaycan gəncləri", sonralar isə "Mədəniyyət" qəzetində çalışan, özümə və yazılarıma hörmətlə, diqqətlə yanaşan unudulmaz şairimiz Şahmar Əkbərzadə də o kitab üçün geniş bir xatirə yazmışdı. Bugünlərdə Surxay müəllimi yeni bir yazı ilə anmaq istərkən mərhum Ş.Əkbərzadənin əlyazmasını bir daha oxudum. Fikirləşdim ki, gözəl şairimizin, ömrü qısa dostumuzun 75 illiyi ərəfəsində, Surxay müəllim haqqında məhz onun yazdıqlarını oxuculara çatdırmaqla hər ikisinin xatirəsinə ehtiram göstərmiş olaram. Ruhları şad olsun!

 

 

...Dünyaya sevgimin haradan başlandığını fikirləşəndə gözlərim qarşısında dağlar canlanır və o dağlarla yanaşı məğrur insanlar dayanır. Adları ürəyimin başında həkk olunanların arasında bir şəxsiyyət də var: Ağdamın yaraşığı, müəllimlər müəllimi Surxay Qurbanov.

 

Hər onu ananda haçansa yazdığım misralar yadıma düşür:

 

Könlümdə bir dəli həsrət kişnədi,

Onsuz gözlərimdə dünya heç nədi.

 

Ömrümün acılı-şirinli günlərini vərəqlədikcə doğrudan-doğruya görürəm ki, Surxay müəllimsiz bu dünya gözlərimdə yarımçıq olardı. O, mənim dünyamı tamamlayan ayrıca bir dünya idi-mənalı, özü bütöv, sözü bütöv, üz-gözündən nur yağan dünya!

 

Dağına, daşına, ağacına, bulağına heyran olduğumuz yer üzünü müdrik, pak insanlardan aldığımız dərslərə görə sevməmişikmi? Heyranı olduğumuz adamlar sevdirib mənə yer üzünü. Nizami havayı yerə insana "Yer üzünün əşrəfi" deməyib. Mənim üçün yer üzünün əşrəfiydi Surxay müəllim.

 

"Yer üzünün əşrəfi" ilə tanışlığımızın qəribə tarixçəsi var. Ağdama yenicə təyinat almışdım. Çəmənli kəndində müəllim işləyirdim. Maarif işçiləri evində müharibə aparan Vyetnama kömək etmək, könüllü qan vermək məsələsi müzakirə olunurdu. Söz aldım. Təşəbbüsə dəstək verəcəyimizi açıqladım. Amma səhiyyə nazirinin, birinci katibin "gününü göy əskiyə bükdüm": "Burdan Vyetnama, yalan olmasın, 12 min kilometrdir. Oranın halına yanırıq. Çox yaxşı! Bəs Ağdamın 12 kilometrliyində yerləşən Çəmənli kəndinə niyə əl tutmuruq?! O boyda kənddə adicə tibb məntəqəsi açmaq heç kimi maraqlandırmır. Bəs Çəmənliyə kim qan verəcək? Adamlar yiyəsizlikdən ölüb itir. Budumu bizim insanlığımız? Öz qədrini bilməyənin qədrini kənardakılar bilə bilməz. Vyetnama qan verənlərə xəstəxana açmaq Moskvalıq deyil, birinci növbədə Bakının və Ağdamın borcudur..."

 

Mənim səsimə vur-tut bircə kişi yerdən səs verdi. Nazir də, katib də alındılar. Söz verdilər ki, bu işə təcili əncam çəkəcəklər.

 

İclas dağılanda yerdən dillənən ağsaqqal mənə yaxınlaşdı. Bu Surxay müəllim idi. Çəmənlinin təəssübünü çəkən, mənim harayıma hay verən, o birilər kimi susmayan, ağır oturub batman gələn Surxay Qurbanov özünə xas zəhmi-zabitə ilə sözümə söykək verdi: "Müəllim doğru deyir, özümüzə umac ovandan sonra özgələrə əriştə kəssək, yaxşı olar".

 

Sonralar ünsiyyətimiz möhkəmləndi. Sən demə, harayıma hay verən kişi anamın aman-zaman qardaşı, atam əvəzi istəkli dayım və müəllimim qulam Ağayevin qardaşlığı imiş. Bizi lap yaxından dayım tanışdırdı. O gündən Surxay müəllimə təkə-təklikdə "dayı" deməyə başladım. Özüm müəllim olsam da, o vaxtdan bu müdrik insanı doğma müəllimim hesab edirdim. O, sadəlikdən, ağır oturub batman gəlməkdən, mehribanlıqdan, istəkdən, dostluqdan, məğrurluqdan dərs verməyi bacarırdı... Özü də necə? Dərs alan onun dilindən heç vaxt mehribanlıq, dostluq, məğrurluq kəlmələrini eşitməzdi. O, mehribanlığın, məğrurluğun canlı heykəli idi...

 

Surxay müəllimi görənlər istər-istəməz özünü yığışdırardı. Görüb götürmək istəyənlərə hərəkəti, oturuşu-duruşu, səliqə-səhmanı ilə dərs verərdi.

 

Onun kişiliyi, mərdliyi, uzaqgörənliyi haqqında dayımdan çox eşitmişəm və özüm də bir çox hadisələrin şahidi olmuşam.

 

Surxay dayı 30-cu illərdə Ağdam Pedaqoji Texnikumunda oxuyanda tale onu Kəlbəcərin Qaraxancallı obasından olan İsmayıl Hacıyevlə üzləşdirmişdi. Elə birinci kursdaca dost olub qardaşlaşmışdılar.

 

İsmayıl da bir İsmayıl idi ha! (Şair Bəhmən Vətənoğlu bir şeirində onu "əhli-hallar əhli-halı İsmayıl" adlandırıb).

 

Qəbri nurla dolsun. Gerçəkdən də əhli-hallar əhli-halı idi. Onu da Surxay müəllimin, dayımın üzünə yaxşı tanıyırdım. (Bunu deməsəm dilim yanar. Ağdam da, Kəlbəcər də Surxay Qurbanov və İsmayıl Hacıyev kimi kişilərin yoxluğu ucbatından düşmənə tapdaq oldu).

 

İsmayıl Hacıyev Surxay müəllimin həyatda yeganə dostu idi ki, ömür-gün yoldaşı Səidə xanımla bacı-qardaş kimi görüşərdilər. Bu məhrəmliyin kökü uzaqlara gedib çıxırdı. İsmayıl Hacıyev Surxay müəllimi toyunda sağdış olmuşdu. Qədimlərdə sağdış qan qardaşlığına bərabər tutalardı. Bu el qanununa ölənəcən sadiq qaldı ikisi də. Hər ikisi dost yolunda canından, qanından keçməyə hazır kişi idi.

 

İsmayıl Hacıyev üç dəfə güllələnmə maddəsi ilə həbsxanada yatmışdı. Müharibədə Sovet hökumətinin əleyhinə işləmişdi. Berlində Məhəmməd Əmin Rəsulzadənin tapşırığını, Müsavat partiyasının iradəsini oğul kimi həyata keçirmişdi. Bundan duyuq düşən Sovet orqanları ondan heç nə qopara bilməmişdilər. Onu işgəncələrə düçar eləmişdilər. Şirürəkli İsmayıl sitəmlərə dözmüşdü. Müharibə vaxtı Kəlbəcərə onun qara xəbəri də gəlib çatmışdı. Əllinci illərin əvvəlində Vətənə dönən İsmayıl Hacıyevin gəlişinə çoxları inanmamışdı. Onun öldü xəbəri istəklilərini, o cümlədən, Surxay müəllimi yamanca sarsıtmışdı. Həyat yoldaşı Səidə xanımla bu bəd xəbəri ağır keçirmişdilər, ona gizlincə "Yasin" də oxutmuşdular.

 

İsmayıl Hacıyev Vətənə dönəndə Surxay müəllim prokurorluq orqanlarında çalışırdı. Gəncə Vilayət prokurorluğunda yüksək vəzifə daşıyırdı. Əsirlik işgəncələrindən yaxa qurtarıb qayıdanda dostlar Gəncədə tapışmışdılar. İsmayılı təzədən tapmağın nə olduğunu "o dünyadan" qardaşı qayıdıb gələn bilər. Bircə onu deyə bilərəm ki, bir əhvalatdan rəhmətlik İsmayıl kişi heç öləndə də xəbər tutmadı. Bu, sirr kimi qaldı. Tez-tez görüşən, dərdləşən qardaşların ürək dostları olması xəbəri yuxarı orqanlara da gedib çatır. Günlərin bir günü Surxay müəllimi DTK-ya çağırırlar.

 

- Sən nə haqla Sovet hökumətinin qatı düşməni ilə ünsiyyətdə olursan? Ya o, ya da vəzifən! İkisindən biri...

 

Surxay Qurbanov heç kimə heç nə demədən ərizə verib dinməz-söyləməz Gəncə vilayət prokurorluğundan - yüksək vəzifəsindən əl çəkdi. Ağdama qayıtdı. Yenə də öz peşəsinə, müəllimliyə başladı. Bunu dostu İsmayıldan gizli saxladı.

 

Surxay Qurbanov belə kişi idi! Ərizə yazanda ürəyində "Yüz belə vəzifə İsmayılın bir tükünə qurban" demişdi.

 

Mən dayımı, Surxay Qurbanovu, İsmayıl Hacıyevi xeyir-şərdə bir yerdə görmüşdüm. Bir-biri ilə nəfəs alırdılar. İsmayıl kişi hərdən kürlük eləyərdi. Tez-tez Ağdama gələr, onları öz yanına aparmağa can atardı. Özü Mingəçevirdə yaşayırdı. İmkanlı adam idi. Şirürəkli İsmayıl səliqə-səhmanlı, dərs buraxmayan müəllim dostlarını - Surxay Qurbanovu və dayımı (hər ikisi Ağdamda orta məktəb direktoru idi) Mingəçevirə dəvət edər, onların qulluğunda durmaqdan həzz alırdı. Surxay müəllimlə diz-dizə oturmaqdan ləzzət duyurdu. O, dostlarına ürəyinin yağını yedirtməyə hazır idi...

 

...Surxay müəllim də öz növbəsində dostu İsmayılı Ağdama çəkməyə, burada binə qurmağa tələsdirərdi. Axır ki, İsmayıl kişi təslim olub Ağdamda kök salmağa razılıq vermişdi. Bircə onu bilirəm ki, İsmayıl Hacıyevin həsrətini incələmək üçün Surxay Qurbanov olmaq lazımdır. Qəribədir, onlar göz-gözə baxanda da bir-birinin həsrətini çəkərdilər. Belə dünya idi mənim dünyam-Surxay müəllim və onun dostları.

 

Heç yadımdan çıxmaz. Surxay müəllim "Bakı" mehmanxanasının geniş salonunda oğlu Şamilə toy eləyirdi. Elə bil qəribsəyirdi. Qardaşlarının, istəkli dostlarının "kürlüyünü" eləyirdi. Onlar toyda yox idilər. Səbəb tam üzürlü idi. Masabəyinə nə demişdisə, Qurbanovların adından danışmaq mənə həvalə olundu.

 

Tutulduğumu hiss eləyəndə, mənə ürək-dirək verdi:

 

- Dur ayağa bacıoğlu, dayılarını əvəz elə. Elə hesab elə ki, heç mən də toyda yoxam. Sən Şamilin balaca əmisisən. Qalx ayağa! Ağsaqqal səni seçirəm. O vaxt mənim 28-29 yaşım olardı. "Azərbaycan gəncləri" qəzetinin əməkdaşı idim. "Ağsaqqal" seçilməyimin nə demək olduğunu məndən başqa kimsə anlaya bilməzdi. O zaman Sədi Şirazinin "Qardaş qanımdandır, o da dost ola" misrasını bütün əzəmətilə dərk elədim. Mən bütün duyğularımı Surxay Qurbanov dostluğunun əlçatmazlığı üzərində köklədim. Gerçəkdən də onun munisliyi əlçatmaz idi. Ünyetməz idi onun uca sədaqəti. Onun müdrik, ağıllı məsləhəti ilə sənətkar dostumun da dərd burulğanından çıxdığına da canlı şahidəm.

 

Xalq şairi Hüseyn Arifin başına gələn müsibətə - zaman-zaman oğlu Arifin ölümünə bütün Azərbaycanın yandığı vaxtlar idi. Şair dərddən havalanmışdı. Ariflə münasibətimizi, bir-birimizə istəyimizi bilən Hüseyn müəllim redaksiyaya zəng vurur, tez-tez görüşürdük. Belə qərara gəldim ki, şair dostumu Qarabağa aparıb bir az ovundurum. Təklifim canına yatdı. Ağdama getdik. Qulam dayım Hüseyn Arifi ürəyimcə qarşıladı. Mahrızlıda gecələdik. Səhər məktəblilər onu gül-çiçəklə, bülbül kimi cəh-cəh vura-vura, şairin öz şeirləri ilə qarşıladılar. Eyni dəm-dəstgah Ağdamda Surxay müəllimin direktor olduğu 3 nömrəli orta məktəbdə də təkrar olundu.

 

...Hüseyn Arif süfrə arxasında kövrələndə Surxay müəllim əlüstü şairi ələ aldı:

 

- Hüseyn müəllim, sizə bir həqiqəti deməsəm, Allaha ağır gedər. Bütün Azərbaycan Sizi sevir, illah da gənclərimiz. Onlar Sizin duyğularınızla nəfəs alır. Şeirləriniz könüllərdən-könüllərə elçi gedir. Bəs belə olan yerdə, görün, Azərbaycanda Sizin nə qədər oğullarınız var. Siz təkcə Arifin yox, həm də onların atasısınız. Siz özünüzü qorumalı, onlara da ata olduğunuzu unutmamalısınız. Arif qismət payı idi. İndi o biri Ariflərinizə arxalanın. Bu Arifin ruhuna da xoş gedər. Görün bir qız oğlunuz Arifin xatirəsinə nə yazıb:

 

"Təbii sularla yumaram səni,

Suyun gözlərimin qarasındadır".

 

Bunu yazan da elə Arifin qız qardaşıdır. Gör Azərbaycanda nə qədər istəkli övladların var! Onların da atasısan sən!

 

Hüseyn müəllim yerindən dik qalxdı. Surxay müəllimə sarıldı: "Əlvida, Arif balam, səni məzarda da yatmağa qoymurdum. Ta, bir də səni incitməyəcəyəm. Bu gündən sənin yaşıdlarına ata olmalıyam. Bunu mənə xalqım anlatdı"-dedi.

 

Surxay müəllim şairi ovundurmağı ilə elə bil dünyanı təzədən mənə bağışladı. Mən yox, həm də şairə.

 

Hüseyn Arif qəmdən ayazıdı. Ata dərdi, sənətkar sitəmi, el atası olmaq məsuliyyəti parlaqlandı şair gözündə. Surxay müəllim belə müəllim idi.

 

Mən onun barəsində düşünəndə istəkli dostum, qardaşım ağdamlı Zeynal Məmmədovun bir kəlamını da xatırlamaya bilmirəm: "Hər qoltuğunda jurnal gəzdirənə müəllim deməzlər. Onlar olsa-olsa pedaqoqdurlar. Bax, müəllim Surxay Qurbanovdur. Dərdə bax, ona da müəllim deyirlər, filankəsə də..."

 

Yazıya nöqtə qoyar-qoymaz başda Surxay müəllim olmaqla yuxarıda adlarını çəkdiyim dünyasını dəyişmiş istəkli adamlar sıralandı gözlərimin qarşısında. Nə yaxşı ki, tale məni xalqımın belə oğullarına ürcah eləyib. Dünyanın dadını-duzunu, ləyaqətini, şərafətini onların hesabına tanımaq qismətimə düşüb. Yoxsa Yer üzü mənim üçün heç nə olardı. İndi onlar cismən yoxdurlar. Lakin qəlbən mənimlədirlər. Surxay Qurbanovun işıqlı çöhrəsi dərya kamalı qarşısında həmişə baş əyir, onun ruhunu fatihələrlə anmağa özümə borc bilirəm. Heyf Surxay müəllimdən! Onun vaxtsız ölümü (guya vaxtlı ölüm var?) ilə barışa bilmirəm. Niyə yaxşıları tez aparır əcəl? Ölüm də, dərd-qəm də yaxşıları sevir.

 

"Düzlər düzdə qalar" sözə bax, sözə,

Bu söz babalardan mirasdır bizə.

Meşədə əyrilər girsə də gözə,

Ağacın düzünü ölüm gözləyir.

 

Niyə asi düşürəm, məgər Nizami, Şamil, Niyazi, Habil, Namiq elə Surxay müəllimin pöhrələnmiş yadigarları deyilmi?!

 

Şahmar ƏKBƏRZADƏ

525-ci qəzet.- 2016.- 19 may.- S.8.