Qobustan

 

Mən qədim şəhərin vətəndaşıyam

Dəniz dalğaları hopub canıma,

Uzun tarixlərin yol yoldaşıyam,

Ulu babaların qan yaddaşıyam.

 

Əski tonqalların külü qaraldıb,

Tufanlar qarsıdıb cadar üzümü,

Gözümün kökünü həsrət saraldıb,

Torpaqdan almışam səbri, dözümü.

 

Zeytun ağacları baş əyir mənə,

Sinəmdə çəkilən qayıqlar qalın,

Yanımda pöhrələr, otlar boy atır,

Dənizin həniri səhər oyadır,

Gecələr yatanda laylamı çalır.

 

Dağlara üz qoyur ox atan çapar,

Olsa da enişli-yoxuşlu yollar,

Ovçu şikarını haqlayar, tapar,

Yolunu kəssə əngəlli kollar,

Keçmişdən sorağı bugünə çatar...

 

Atam

 

Romantik xislətli peşəkar idi,

Elektrik işindən xəbərdar idi,

Dənizçi olmağın hələ demirəm,

Qızıl mədənində əməkdar idi.

 

Qarmon çalmağı da başqa şakəri,

Yanıqlı-yanıqlı hərdən çalardı.

Dilə gətirərdi pünhan kədəri,

Atlar da belə məyus qalardı.

 

Kövrəldə bilərdi çaldığı qarmon

Örüşdə otlayan bədöy atları,

Açardı vurduğu odlu "samoqon"

Qəlbini göynədən gizli qatları.

 

Bilməzdim, indinin özünə qədər,

Nədəndi atamı incidən kədər,

Hansı peşmançılıq üzürdü onu,

Həsrətlə çaldığı köhnə qarmonu?...

 

Çərpələng

 

Qollarımı gen açaraq

Mavi səmada süzürəm,

Mavi ənginliyi qucaraq,

Sanki dəryada üzürəm.

Dərə-təpə fövqündəyəm,

Aşağıda qalıb aləm,

İntəhasız fəzalarda

Göz dikirəm kainata,

Qaranlığı uda-uda

Günəş yanır uzaqlarda,

Sapı uzada-uzada,

Möhlət verir mənə fələk,

Gücüm varsa, həvəs varsa,

Uçum gərək, uçum gərək,

Üfüqləri keçim gərək,

Bu dünyanı qucum gərək!

 

Döşünə döyənlərin marşı

 

"Rusiyadan dəm vururlar ozanlar,

Kilsə, məzhəb, yoxsullardı halallar..

Dindar olub boynundan xaç asanlar,

"Zəbbeyk"  deyir xırda-xuruş naqqalar,

Dildən zirək yeyir, içir, piylənir,

"Vətən, vətən" deyə-deyə hərlənir,

Beləsindən qurtulmağa yox tədbir,

Zikr eləyən elə qarnına təpir.

Fəhləyə dost, kəndliyə qardaş deyir,

Canından çox füqəranı istəyir..

Lənətləyir "qırmızı" günahları,

Qırmızıdan betərdi iştahları...

Beləsindən bircə soruşan gərək:

"Dəzgah, kotan nəmənədir, de, görək?

Çənə döyməkdə sən zirəkdən zirək,

Umacağın, təmənnan -  yağlı çörək!

Haqqını da "yaşıl" pulla qoyursan,

"Millət" deyə millətini soyursan,

Qazancını alverçitək sayırsan,

Boğazını daim yırtan şüxəndan!

 

Vətən

 

Kəndim nəhəng yer üzünə

Qərib-qərib qısılmışdır.

Torpaq y olun tərəfinə

Nazik cığır cızılmışdır.

 

Şaxtadan donuxan sərçəcik

Civil-civil civildəyir.

Arxası yox, istisi yox,

Soyuqdan qurtulmaq istəyir.

 

Ətraf qardı başdan-başa,

Tünük qarı basa-basa

Yollanıram evə sarı,

Qalayıram samavarı.

 

Tənbəkidən "eşmə" büküb,

Ciyərdolusu çəkirəm

Cah-cəlalı artıq görüb,

Bostanımda zoğ əkirəm.

 

Bir qurtum çay, bir tütün

Bəs eləyər mənim üçün,

Budur mənim yuvam-yurdum,

Çay içirəm qurtum-qurtum.

 

Vyaçeslav Ar-Serqi

(Udmurtiya)

 

525-ci qəzet.- 2016.- 1 noyabr.- S.7.