Üzeyir bəy Hacıbəyli dünyasının sehrində

 

YAXUD ÖMRÜ XƏZİNƏLƏRDƏ KEÇƏN ADAMIN HEYRANLIĞI

 

 

"Xalq qəzeti"nin 18 sentyabr tarixli sayında Milli Musiqi Günü ilə bağlı görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun "Dahi bəstəkar Üzeyir bəy Hacıbəylini hər zaman böyük ehtiram və rəğbətlə xatırlayıram" adlı məqaləsi verilmişdi.

 

Məqalə ilə birlikdə verilən şəkildən belə məlum olurdu ki, gənc skripkaçı Tofiq Bakıxanov Üzeyir bəyin önündə dahi bəstəkarın əsərini ifa edir. Hamı tərəfindən maraqla qarşılanan həmin rəsm əsərinin kim tərəfindən çəkildiyi isə qeyd edilməmişdi.

 

Ertəsi günü redaksiyamıza zəng edən Tofiq Bakıxanov məni Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi "VIII Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı" çərçivəsində (On gün davam edən festival 24 tədbirdən ibarət idi) Milli Kitabxanada təşkil olunmuş sərgiyə dəvət etdi. Məmnuniyyətlə getdim. Sən demə, həmin sərgidə əsərini qəzetdə verib, özünü təqdim etmədiyimiz müəllifin - ölkənin ən tanınmış kitab rəssamlarından olan Hüseyn Hacıyevin onlarca əsəri nümayiş etdirilirmiş. Hüseyn müəllim Üzeyir bəy dünyası üçün nələr etməyibmiş, İlahi!

 

"Sərgiyə baxıb mat qaldım" - desəm, qətiyyən ifrata varmaram. Üstəlik, Üzeyir bəyin ev muzeyində keçirilən bütün mədəni-kütləvi tədbirlərdə bəstəkarın əsərlərinə çəkilmiş illüstrasiya və portretlər silsiləsi həmin muzeyin daimi ekspozisiyasını təşkil edir. Tamaşaçı bu rəssamın "Bəstəkarın portreti", "Sənsiz", "Musiqi qanadlarında", "Məşədi İbadın toyu" və digər əsərlərindən həqiqətən gözünü çəkə bilmir. Həmin əsərlərə qiymət verərkən üç istiqaməti xüsusilə qeyd etməliyik. Birinci, orada Abşeron rəngkarlıq məktəbinin daha bir istedadlı nümayəndəsinin yaşadığı hisslərlə, özünəməxsus dünyası ilə tanış oluruq. İkinci, azərbaycanlı rəssamın rənglərlə musiqi ifa etdiyinin şahidinə çevrilirik və bu barədə aşağıda söhbət açacağıq. Üçüncü, rəssamın ürəyində Üzeyir bəy Hacıbəyli dühasına olan sevginin, məhəbbətin, ehtiramın ölçüyəgəlməz miqyası gözümüz önündə canlanır. Hüseyn Hacıyev sözün həqiqi mənasında ürəyindəki Üzeyir bəy sevgisini ustalıqla maddiləşdirməyi, kağıza, kətana çevirməyi bacarır.

 

Tofiq Bakıxanov danışdı ki, Hüseyn Hacıyevi Üzeyir Hacıbəyli mövzusunda bu qədər əsər yaratmağa görkəmli fırça ustamız, SSRİ Xalq rəssamı, milli mədəniyyətimizin bütün tarixi mərhələlərinə dərindən bələd olan Mikayıl Abdullayev ruhlandırıb:

 

- Dahi bəstəkarın 100 illiyində onun əsərlərini çapa hazırlayan "İşıq" nəşriyyatı bu kitabların bədii tərtibatını Mikayıl Abdullayevə sifariş verir. Üstəlik də, həmin iş tezliklə başa çatdırılmalı idi. Həmin günlər Mikayıl Abdullayev başqa bir dövlət sifarişini yerinə yetirirmiş. Ona görə də nəşriyyatın bu sifarişini öhdəsinə götürə bilmir. Ancaq Mikayıl Abdullayevin ürəyində Üzeyir bəy dünyasına olan sevgi nəşriyatın köməyinə çatır: "O işi rəssam Hüseyn Hacıyev həm yüksək səviyyədə, həm də tezliklə görə bilər"- deyə tərtibçiləri doğru istiqamətə yönəldir. Beləliklə, nəşriyyat dahi bəstəkarın kitablarının bədii tərtibatını Hüseyn Hacıyevə etibar edir və nəticədən hamı razı qalır. Onu da əlavə edək ki, Mikayıl Abdullayev Hüseyn Hacıyevi hələ Bakı metropoliteninin "Nizami" stansiyasının bədii tərtibatının verildiyi günlərdən tanıyırdı. O zaman hələ tələbə olan Hüseyn böyük rəssama kömək etmiş və öz məsuliyyəti, sənətə olan marağı ilə onun hədsiz rəğbətini qazanmışdı. Rəssamın özünün dediyinə görə tərtibat verdiyi 200-dən çox kitab arasında onu ən çox sevdirən və sevindirən "Qurani-Kərim"in 1984-cü ildə Azərbaycan dilində çıxan nəşrində ( Oqtay Sadıqzadə ilə birlikdə) və Üzeyir bəyin 100 illiyi münasibətilə gördüyü işlərdir.

 

Mərhum bəstəkarımız , Respublikanın Xalq artisti Nəriman Məmmədov deyirdi ki, Üzeyir bəy Hacıbəyli dühasından daha çox bəhrələnən biz - bəstəkarlar olsaq da, onun irsinin qorunmasında və təbliğində rəssam Hüseyn Hacıyev bizdən qat-qat artıq iş görüb.

 

Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Telman Hacıyev isə bu məzmunlu söhbətimizdə dedi ki, Hüseyn Hacıyevin yaradıcılığını təkcə Üzeyir bəyin əsərləri ilə bağlamaq, yekunlaşdırmaq qətiyyən mümkün deyil. Çünki o, Üzeyir bəyin əsərlərindən başqa SSRİ Xalq artisti Bülbülün tərtib etdiyi "Azərbaycan xalq mahnıları" toplusuna, Qara Qarayevin "Don Kixot" əsərindəki 8 qravürə, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin klavirinə, Lütviyar İmanov haqqında alboma, Elza İbrahimovanın "Mahnılar" toplusuna, Asəf Zeynallının və Sərdar Fərəcovun musiqi əsərlərinə və bir çox başqa kitablara yüksək səviyyəli bədii tərtibat vermişdir. Üstəlik, bu rəssam Dövlət Filarmoniyasının və Opera və Balet Teatrının emblem, möhür və ştampının eskizlərini vermişdir. Eləcə də, Hüseynin tərtibat verdiyi başqa bir çap məhsulu - Şah İsmayıl Xətainin "Musiqi və şeir məclisi"adlı miniatur kitabı beş il ölkəmizin Fransadakı səfirliyində nümayiş etdirilmişdir.

 

AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahimqızının Hüseyn Hacıyev barədə fikirləri də maraqlı məqamlardan xəbər verirdi: - Rəssamlığın bir çox sahələri var ki, orada müəllif kifayət qədər müstəqil olur. Tutaq ki, bir rəssam təbiəti, dağı, dərəni çəkəndə və ya konkret bir insanın portretini yaradanda sırf öz istəyini əsas götürür. Hüseyn Hacıyevin seçdiyi yol isə isə müstəqillikdən çox uzaq, deməli, həm də olduqca məsuliyyətli bir yoldur. Məsələn, Üzeyir bəy Hacıbəylinin hansısa əsərinə tərtibat verərkən, rəssam mütləq bəstəkarın həmin əsərinin ideyasını, hadisələrin cərəyan etdiyi dövrü, Azərbaycan insanının həm bəstəkara, həm də həmin əsərə münasibətini nəzərə almalı və eyni zamanda öz fərdi yaradıcılığını da nümayiş etdirməlidir. Eləcə də, " Qurani-Kərim" kimi milyonlarla insanın diqqət mərkəzində olan kitaba bədii tərtibat vermək və hamının müsbət rəyini eşitmək... çox çətin vəzifədir. Allaha şükür ki, Hüseyn müəllim bu işlərin öhdəsindən bacarıqla gəlib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, görkəmli qarmon ifaçısı Zakir Mirzəyev Hüseyn Hacıyevin 1980-ci ildə Moskvada elan edilmiş "Olimpiada -80" Beynəlxalq Plakat Müsabiqəsindəki "təsadüfi" iştirakından və müsabiqənin qalibi olmasından danışdı: - Nə üçün təsadüfi deyirəm indi izah edim. Hüseyn həmin müsabiqədə iştirak etmək üçün əvvəlcə Bakı mərhələsindən keçməli idi. Bakı mərhələsinə "Olimpiya çağrışı" ( rus, ingilis və ərəb dillərində) adlı plakatını təqdim edən Hüseyn Hacıyev münsiflərdən belə bir cavab alır: "Sənin plakatında kilsə zənginin şəkli var. Ateist ölkədə kilsə zənginin şəklini təbliğ etmək olmaz". Hüseyn də "tutar qatıq..." deyə həmin işi poçtla Moskvaya göndərir. Bir neçə müddətdən sonra Moskvadan məhz poçtla Hüseynə məlumat gəlir ki, siz SSRİ miqyasında müsabiqənin qalibi olmusunuz, gəlin mükafatınızı götürün". Ona görə deyirəm ki, Hüseyn Moskva müsabiqəsində təsadüfən iştirak edib.

 

Rəssamın özü ilə söhbətimizdə isə məlum oldu ki, öz əsərləri ilə böyük bir auditoriyanı heyran edən sənətkarın özü də heyrandır. Amma nəyə? Özü belə izah etdi: - Məni həmişə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyi və Üzeyir bəy Hacıbəyli yaradıcılığının möhtəşəmliyi heyran edib. Üzeyir bəy mövzusu üzərində işləyərkən isə, üçüncü dəfə heyran oldum. Bu heyranlığım isə bəstəkarın 100 illiyini təşkil edən komissiyanın üzvü, yazıçı Anarın həmin yubileyə nə qədər önəm verdiyini görəndə yaranmışdı. Anarın ürəyində olan Üzeyir zirvəsinin ucalığını görəndən sonra məndə yaranan heyranlıq daha qeyri-adi dərəcədə idi.

 

Sonda, rəssamın özü barədə: 1947-ci ilin fevralında Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. İnstitutun sonuncu kursundan etibarən beş il 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində, oranı da başa vurandan sonra isə beş il Konservatoriyanın bəstəkarlıq fakultəsində oxuyub. Məhz ona görə də ölkənin "Musiqiçi rəssamlar" toplusuna düşüb. 1984-cü ildən Rəssamlar İttifaqının üzvüdür.

 

Diqqət edin. Onun bəxtinə beş il rəngkarlq, 15 il musiqi təhsili almaq , Mikayıl Abdullayev kimi rəng dahisinin yanında - üstəlik, Nizami mövzusunda işləmək, Üzeyir bəy Hacıbəyli dünyasının ənginliklərinə baş vurmaq, "Qurani -Kərim" başda olmaqla 200-dən çox kitaba tərtibat vermək kimi həyat səhifələri düşüb. Yəni ömrünün həmin günlərinin hamısı bəşər övladının yaratdığı mənəvi sərvətlər xəzinəsində keçib. Ancaq onunla söhbətimizdə başqa bir xəzinənin adını daha önə çəkdi. Ona elə gəlir ki, bu yetmiş ildə "baş vurduğu" ən böyük xəzinə elə indi çalışdığı Milli Kitabxanadır: "Kitabxanaya heç bir iş görmədən - bəlkə də, iş görmədiyimiz bir gün olmur - gəlib getdiyim günlər də sanki məni zənginləşdirir, sənət və sənətkarlar barədə biliyimi artırır, məlumatlarımı zənginləşdirir".

 

İttifaq MİRZƏBƏYLİ

 

 

525-ci qəzet.- 2016.- 1 noyabr.- S.6.