Adım, təxəllüsüm  

 

 

 

Payızda - yağmurlu, çiskinli gündə

Doğuldum. Adımı Oqtay qoydular.

Səsimi eşidib fərəh duydular,

Atamın murazı güldü üzündə.

 

Adımı pay verdi valideynlər...

Yüz dəftər-kitaba yazıldı adım.

Gördüm xeyirxahlar, qəlbə dəyənlər,

Bəzən tərsinə yozuldu adım.

 

Düz seçə bilməkçün şeir kürsümü -

Oxuyub öyrəndim neçə ustadı;

"Rza" götürmüşəm təxəllüsümü,

Rza - razı demək, babamın adı.

 

Ömrümün əksidir o sökülən dan,

Günəş gülşənimə baxır yaxından.

Ötən yüzillikdə yaranmağımdan,

Ərzə göz açdığım ildən razıyam.

 

Zirvə qarındakı ağlıq - taleyim,

Toylarda səslənən sağlıq - diləyim.

Gərək yaz gülütək saflıq ələyim.

Xoş söz bağışlayan dildən razıyam.

 

Bülbül təranəli, çiçəklər rəng-rəng,

Durna qaqqıltısı göyümə gərək.

Qürbətin mərməri nəyimə gərək?

Güyüm düzəltdiyim gildən razıyam.

 

vaxt yad havalar qopsa neyimdən ,

Üstümə daş-kəsək yağdırın, dostlar!

vaxt razı qalsam şairliyimdən,

Məni təxəllüssüz çağırın, dostlar!

 

 

Oqtay RZA

Əməkdar müəllim

 

525-ci qəzet.- 2016.- 2 noyabr.- S.4.