Rəssamlıq sənətimizin Fərhadı

 

XALQ RƏSSAMI FƏRHAD XƏLİLOVUN 70 İLLİYİNƏ

 

 

Azərbaycan rəssamlıq sənəti özünəməxsus inkişaf yolu keçib. XX əsrin əvvəllərində Azərbaycan rəssamları dünyada baş verən mütərəqqi cəhətlərdən yaradıcı şəkildə bəhrələnməklə ölkəmizin rəssamlıq sənətini inkişaf etdirməyə çalışırdılar.

 

Bu rəssamlardan biri hələ sovetlər dönəmində  özünün orijinal yaradıcılıq üslubu ilə fərqlənən müasir sənət metodlarından bəhrələnməklə cəlbedici sənət nümunələri yaradan Xalq rəssamı Fərhad Xəlilovdur.

 

Fərhad Qurban oğlu Xəlilov 1946-cı ildə, tanınmış dövlət xadimi Qurban Xəlilovun ailəsində dünyaya göz açıb. O, lap kiçik yaşlarından rəsm çəkməyə, rəssamlıq sənətinə maraq göstərib. Bu faktı F.Xəlilovun atası öz xatirələrində belə qeyd edib: "Hələ xeyli gənc yaşlarında Fərhadın rəngli karandaşlarla çəkdiyi təbiət mənzərələri insanın gözünü oxşar, gözəlliyi ilə hamını valeh edərdi". F.Xəlilov ilk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1961-1966), sonra Moskva Bədii Ali Sənaye Məktəbində (1966-1968), daha sonra isə Mokva Poliqrafiya İnstitutunda (1969-1975) alıb. 1967-ci ildən yerli beynəlxalq əhəmiyyətli sərgilərin fəal iştirakçısıdır. 1969-cu ildə SSRİ Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri doğma vətəni ilə yanaşı müxtəlif ölkələrin muzey, qalereya şəxsi kolleksiyalarında saxlanılır. İndiyədək rəssam bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Ölkəmizlə yanaşı (Bakı 1980, 2006), Rusiya (Moskva 1973, 1976, 1985, 2001, 2008, 2012, 2016), Fransa (Paris 2000), Almaniya (Berlin 2004), İngiltərə (London 2011), Gürcüstan Tbilisi 2016) s. ölkələrdə əsərlərindən ibarət fərdi yaradıcılıq sərgiləri uğurla təşkil olunub. F.Xəlilov həmçinin, ictimai fəaliyyətlə məşğul olur. O, 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqı kimi nüfuzlu yaradıcılıq təşkilatının sədridir.

 

F.Xəlilovun uğurlu yaradıcılıq ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2002-ci ildə Xalq rəssamı fəxri adına, 2006-cı ildə 60 illik yubileyi münasibəti ilə "Şöhrət" ordeninə,  bu il isə ölkə başçısının müvafiq sərəncamı ilə 70 illik yubileyi ilə əlaqədar "Şərəf" ordeninə layiq görülüb. Rəssam eyni zamanda 2000-ci ildə Fransanın "Şevalye" ordeni ilə mükafatlandırılıb, Rusiya Bədii  Akademiyasının akademiki (2008) seçilib,  Rusiya Rəssamlıq Akademiyasının gümüş (1987) qızıl (2012) medalları ilə təltif olunub. Həmçinin F.Xəlilova bu il Roma Rəssamlıq Akademiyasının fəxri professoru adı verilib.

 

Adətən, rəssamın yaradıcılıq aləminə nəzər yetirdikdə, onun hansı janrda hansı üslubda işləmiş olduğunu müəyyən etməyə çalışırsan. Amma yaradıcılığına bələd olduğumuz F.Xəlilovun yaradıcılığında bu istiqamətin müəyyən edilməsi bir qədər çətindir. Bunu rəssamın yaradıcılığa sənətə olan fərdi münasibəti kimi dəyərləndirmək doğru olardı. Rəssama görə janrın ya üslubun seçilməsi o qədər önəmli deyil. Əsas olan odur ki, sən yaratmış olduğun əsərinlə demək istədiyini tamaşaçıya hiss etdirə, çatdıra biləsən.

 

F.Xəlilov indiyədək rəngkarlıq qrafika sahələrində bir çox yaddaqalan əsərlər yaradıb. Rəssamın yaradıcılığını şərti olaraq iki dövrə bölmək olar: yaradıcılığının ilk vaxtlarından müstəqillik illərinə qədər olan dövr müstəqillik illərindən sonrakı dövr. F.Xəlilovun yaradıcılığında mənzərə janrında yaradılmış əsərlər üstünlük təşkil edir. Təbii ki, bu da rəssamın daha çox ilahinin qüdrəti ilə yaradılmış təbiət gözəlliklərindən, təbiətin füsunkar guşələrindən ilhamlanaraq diqqəti cəlb edən əsərlər yaratmasına səbəb olur. Rəssam təbiəti, xüsusən Abşeronu əsərlərində təsvir etməkdən yorulmur. O, artıq bir çox sənətşünaslar tərəfindən qəbul edilən "Abşeron rəssamlıq məktəbi"nin tanınmış nümayəndələrindən biridir.

 

F.Xəlilov Abşeronu, Abşerona məxsus tipik memarlıq nümunələrini, qədim yaşayış tikililərini hamamları, dolanbac yolları, tükənməz ilham mənbəyi olan Xəzər dənizini, onun qızılı qumlu sahillərini ecazkar dəniz ləpələrini ilin müxtəlif vaxtlarında günün müxtəlif saatlarında təsvir etməkdən  böyük zövq alır. F.Xəlilov yaradıcılığının birinci mərhələsində daha çox təbiətə bağlanmış, ona yer ayırmış, sirlərlə dolu mistik təbiət dəyişikliklərini, təbiətdə mövcud olan incə nüansları incə rəssam qəlbi ilə xüsusi həssaslıqla müşahidə edərək, özünün diqqəti cəlb edən lirik-emosional ekspressiv duyğulu bədii tablolarında ustalıqla əks etdirmişdir. Yuxarıda sadaladıqlarımıza eyni zamanda rəssamın yaradıcılığının birinci dövrünə aid olan əsərlərinə misal olaraq "Buzovnada" (1964), "Görədildə" (1966), "Görədil" (1967), "Mərdəkanda yağış" (1967), "Yağışdan sonra" (1967), "Buzovnada küçə" (1968), "Dənizə yol" (1969), "Buzovnada qayalıqlar" (1971), "Çiçəklənən nar ağacı" (1973), "Buzovna" (1973), "Buzovnada payız" (1973), "Avqust" (1973), "Buzovnada yay" (1975), "Buzovna. İsti küçə" (1975), "Çiçəklənən badam ağacı" (1976), "Buzovnada bahar" (1976), "Sahildə küləkli axşam" (1976), "Yağışlı gün" (1976), "Payız günü"(1979), "Zirədə gecə"(1982), "Sahildə qar"(1982), "Qala kəndində" (1984), "Maştağada axşam" (1985), "Çiçəklənən heyva ağacı" (1989) başqa əsərlərini qeyd etmək olar.

 

"Yağışdan sonra" adlı əsərində əsərin adından da duyulduğu kimi rəssam Abşeronda, daha dəqiq ifadə etmiş olsaq, Mərdəkan bağlarında yağışdan sonrakı mənzərəni kətana "köçürüb". Tabloda tamaşaçı sanki, yağışın islatdığı ağacların otların ətrafa yayılmış xoş təravətini hiss edir. Rəssam kolorit həlli yaxılarının ustalığı ilə seyrçidə qeyd olunan təəssüratı yarada bilib.

 

F.Xəlilov əsərlərində insan təsvirlərinə çox az-az rast gəlirik. Rəssamın təbiəti təsvir etdiyi tablolarında isə, demək olar ki, insanlara yer ayrılmayıb. Bəlkə rəssam ilahinin lütfü ilə yaradılmış, ən sirli mətləbləri özündə gizlədən, hələ bəşər övladının dağıdıcı müdaxiləsinə düçar olmamış, özünün heyrət doğuracaq paklığı heyranedici füsunkarlığı ilə insanı valeh edən sonsuz ideal məkan anlayışını maddi materiya səviyyəsində qavranılmasını qəbul edilməsini istəmir.

 

Rəssamın yaradıcılığında kontrastlıq addımbaşı seyrçini müşaiyət edir. Onun yaradıcılıq nümunələrinə nəzər yetirmiş olsaq, bəzən ekpressiv, bəzən isə axıcı yazı manerasına, gah real, gah da idealizə edilmiş təbiət təsvirlərinə, bəzən xoş təsir bağışlayan, bəzən isə həzin romantik hisslər oyadan süjetlərə tez-tez rast gələ bilərik. Bu bir daha F.Xəlilovun əsl yaradıcı insan, olduqca həssas qəlbə malik və kövrək duyğulu rəssam olduğunu sübut edir.

 

Qeyd etdiyimiz kimi rəssam daha çox insanı düşündürən, onu mənəvi saflığa, kamilliyə səsləyən və onda təbiətə, insana və gözəlliyə qarşı sevgi oyadan fəlsəfi baxışları ayrı-ayrı kompozisiyalar şəklində kətan üzərində, əlvan rəng çalarları və özünün fərdi yaradıcılıq üslubu ilə əks etdirir. F.Xəlilovun musiqiyə xüsusi sevgisinin olması, rəssamın yaradıcılığına təsirsiz ötüşməyib. Onun yaradıcılığında və müəllifi olduğu sənət nümunələrində poetiklik, lirizm, melodiklik xüsusiyyətləri özünü qabarıq surətdə biruzə verir.

 

Yaradıcı insanlar təbiət hadisələrinin fəlsəfi mahiyyətini bəlkə də daha çox dərk etməyə çalışırlar. Əslində geniş anlamda götürdükdə ən böyük incəsənət tablosu ilahinin yaratmış olduğu təbiətdir. Hansı ki, bütün yaradıcı şəxslərin sevə-sevə və tükənməz ilhamla tərənnüm etdikləri və əks etdirdikləri obyekt. Bu mənada F.Xəlilovun bir çox əsərlərinin adını çəkmək olar. Rəssam ilin fəsillərinə (yaz, yay, payız, qış) həsr etmiş olduğu çoxsaylı əsərlərində bir növ o özünün fəlsəfi baxışlarını, insani duyğu və düşüncələrini rənglərin dili ilə ifadə etməyə çalışıb.

 

F.Xəlilovun yaradıcılığının ikinci dövrünü əhatə edən əsərlərə tamaşa etmiş olsaq, yenə də zamanın, məkanın, mövzunun eyni olduğunu hiss edə bilərik. Lakin burada artıq rəssamın sadalananlara münasibətinin tamam fərqli olduğunu, obyektə başqa aspektdən yanaşdığını və tam fərqli bir ovqat yarada biləcək tablolar yaratdığının fərqinə vardığını müşahidə edə bilərik. İnsan vaxt ötdükcə həyatda təkrarlanan eyni hadisəni və faktı ikinci dəfə tam fərqli biçimdə qəbul etdiyini, yanaşdığını və qavradığını bəlkə o qədər də dərindən hiss etmir. Bu artıq onun idrakı, dünyagörüşüintellektual səviyyəsinin insanın özündən asılı olmayan səbəblərdən gəlişməsindən doğan əlamətlərlə bağlıdır. Hardasa bu amilin inkişafını sürətləndirən mühit faktını vurğulamaq doğru olar. Bu baxımdan F.Xəlilovun yaradıcılığının bu cür dinamik inkişaf xətti ilə müşahidə olunmasının əsas səbəbini onun daim gərgin yaradıcılıq müşahidələrində və ardıcıl yaradıcılıq axtarışlarında olması ilə izah edə bilərik.

 

F.Xəlilovun yaradıcılıq istedadı və zaman-zaman aparmış olduğu sənət axtarışları nəticəsində rəssam püxtələşib, özünün sənət dünyasını yaradarkən bütün bədii təsvir və ifadə vasitələrindən məharətlə faydalanıb.

 

F.Xəlilovun yaradıcılığının ikinci dövrünə aid əsərlərinə "Nardaranda qış" (1991), "Nardaranda bahar" (1992), "Görədildə dəniz" (1993), "Yolda" (1993), "Dənizdə işıq" (1993), "Yolda görüş" (1997), "Bahar" (1997), "Sahədə" (1998), "Paris motivi" (2000), "Musiqi pillələrdə" (2001), "Yay" (2001), "Dağlarda yağış" (2003), "Sahildə axşam" (2003), "Görüş" (2004), "Maştağada bahar" (1989-2001), "Sahildə yay" (1989-2001), "Sahildə ev" (1989-2002), "Qış günü" (1983-2003) əsərlərini və "Görüş" (1983-2003), "Torpağın naxışları", "Gözlənilməz baxış" (1977-2006), "Dərketmə" seriyalarına daxil olan və müxtəlif vaxtlarda yaradılmış çoxsaylı maraqlı və diqqəti cəlb edən əsərləri daxil etmək olar.

 

F.Xəlilovun yaradıcılığının ikinci dönəmində yaradılmış əsərlər daha çox fəlsəfi mahiyyəti və özünün məna-məzmun dolğunluğu ilə diqqəti çəkir. Rəssamın əsərlərinin kolorit həlli xüsusi ilə qeyd edilməlidir. O, daha çox isti rənglərə üstünlük verir. Onun palitrasında rənglərin bolluğu, rəng yaxılarının ekspressivliyi, əlvan yaxı manerası və işıq-kölgə həllinin mükəmməlliyi tam aydınlığı ilə nəzərə çarpır. Qeyd etmək lazımdır ki, rəssam əksər hallarda rəng amilini və kompozisiyanın ümumi kolorit həllini əsərin ifadəsinin əsas özəyi kimi qəbul edir. Bu baxımdan rəssamın əsərlərində kolorit həllinin kamilliyi nəzər-diqqəti cəlb edən mühüm cəhətlərdəndir.

 

F.Xəlilovun çoxşaxəli və uğurlu yaradıcılıq fəaliyyətinə nəzər yetirdikdən sonra demək olar ki, rəssam özünün davamlı yaradıcılıq fəaliyyəti ilə öz yaradıcılıq dəsti-xəttini təsdiq edən və heç bir rəssama bənzəməyən, düşündürən və bədii estetik zövq mənbəyi hesab olunan çoxsaylı əsərlər qalereyası yaradıb. Bu il F.Xəlilovun 70 illik yubileyidir. Bu münasibətlə Fərhad müəllimi yubileyi münasibəti ilə bütün rəssamlar, sənətşünaslar və sənətsevərlər adından təbrik edir, ona can sağlığı, bədii yaradıcılıq və ictimai fəaliyyətində uğurlar diləyirik.fikrimi rəssamın öz sözləri ilə bitirirəm: "Bütün Qarabağı ayaqyalın gəzmişəm. Yenə gəzəcəyik. Bu gün mənim əsərlərimə baxsanız görərsiniz ki, Azərbaycan, Qarabağ, Bakı, Abşeron hamısı bir-birinə qarışıb. Amma Abşeron fərqlidir. Onun gözəlliyini hər adam görə bilmir. Sadəlik və gizli gözəllik. Bax, budur mənim sevdiyim cəhətlər".

 

Əsəd QULİYEV

sənətşünas, AMEA-nın dissertantı

525-ci qəzet.- 2016.- 3 noyabr.- S.6.