Sağ tərəf - sağ əl
“Əməl
dəftəri sağ əldən verilən kimsələr - nə
xoşbəxtdir sağçılar!”
(“Vaqia”
surəsi, 8-ci ayə)
Bakının
yeli əsdi,
Əsib səbrimi kəsdi.
Sağ
gözüm sənə qurban,
Sol gözüm mənə bəsdi.
(Xalq
bayatısı)
...İşıq
dünyaya sağ tərəfdən düşür.
...Günəş
sağa tərəf istiqamət götürüb hərəkət
edir.
Altaylar inanırmışlar ki, böyük igidləri,
eləcə də xalqın keşiyində duran yenilməz
Maaday Qaranı dağ ruhu yaratmışdır. O, doğularkən ovcunda
daş varmış. Sol əlində qara
daş, sağ əlində boz daş. Nə
üçün daşların rəngi qara və bozmuş?
Türkdilli xalqlarda sol əl- sol tərəf
günbatan, sağ tərəf isə gün
çıxandır. Gün çıxan
(sağ) daha üstün sayılırdı. Günəşlə bağlı olduğu
üçün sağ əldə boz daşın
tutulması da təsadüfdən deyilmiş. Boz (ağ) rəng tanrı Ülgenə məxsus rəngdir.
Allah ilk müqəddəs səma kitabı olan
“Tövrat”ın lövhəciklərini Musaya Tur dağının
sağ tərəfində nazil etmişdi.
Bibliyada və
Quran ayələrində öz əksini lazımınca
tapmış bu əhvalat Sədrəddin Bəlağinin
yazdığı “Quran qissələri” kitabında belə təsvir
olunmuşdur:
“Musa çaşqınlıq içində yol axtararkən
Tur tərəfdə bir od gördü. O, yükü açıb
arvadına dedi “Burada dayan, mən uzaqda od işartısı
görürəm. Gedirəm, ya o oddan bir tikə
gətirəm, ya da onun işığında yolu tapam”.
O
uğurlu gecə çayın sağ sahilindəki müqəddəs
torpaqda bitən ağacın budağından səadət nuru
saçdı, tale Musanı sevinc və təbəssümlə
qarşıladı. Onun qulağına bir səs gəldi: “Ey
Musa, mən yer üzünün Allahıyam”.
Tanrı onu özünə əziz və hörmətli
məxluq seçdi.
Ona
peyğəmbərlik verərək dedi:
- Ey Musa,
sağ əlindəki nədir?
- Əsadır. Mən ona söykənirəm, onunla
qoyunlar üçün ağacların yarpağını
çırpıram. Mənim
üçün başqa xeyri də vardır.
O, elə
zənn etdi ki, sualdakı məqsəd əsanın faydası
və xüsusiyyətini soruşmaqdır. Əslində
isə sual o ağac parçasından möcüzə
törənməsinin başlanmasına işarə idi.
Allah-təala
o əsanın mahiyyətindən sual verdi
ki, Musa onunla aşkar möcüzəni görsün. Bilsin ki, o İlahinin dəlil-sübutlarının əlaməti
və Onun sonsuz qüdrətinin nümunəsidir. Tanrı peyğəmbərliyin əlaməti olaraq
Musanın əlindəki əsaya möcüzə bəxş
etmişdi.
Musaya əmr olundu ki, əsanı yerə atsın. O,əsanı
atan kimi əsa ilan şəklinə düşdü və
qabağında sürünməyə başladı. İlan yavaş-yavaş böyüyüb əjdaha
oldu. Musa onu görüb dəhşətə
gəldi və qaçdı. Birdən səs gəldi:
“Qorxma, peyğəmbərlər mənim qarşımda
qorxmurlar”.
Musanın peyğəmbərliyi həyata keçdi və
ürəyi İlahi səsi ilə sakit oldu, gözləri
Tanrı nuru ilə işıqlandı. Elə bu zaman
Tanrı ona başqa bir möcüzəni aşkar etdi.
İlahidən səs gəldi:
“Ey Musa, əlini
yaxana sal”. Musa əlini yaxasına salan kimi əli işıq
saçdı, ağ bəyaz hala
düşdü və nurunda qaranlıq gecə-gündüz
kimi oldu.
O, gecə
Musaya aşkar olan o iki möcüzə ürəyinin
toxtaxlığı və qüvvətlənməsi
üçün idi. Bir anın içində Musa peyğəmbərə
çevrilərək, “Ağ əl”in (çox güman ki, bu
sağ əl olub) və əsanın sahibi də mənəm,
dedi”.
Bu əhvalatda
diqqəti çəkən əsas məqamlardan biri də
budur ki, burada “çayın sağ sahili” “Sağ əlindəki
nədir?” və əlini (sağ əlini) yaxana sal” ifadələri
işlənmişdir.
Başqa mənbələrdə “Tanrı Musaya Turun
sağından göründü” fikri də yer
almışdır. “Sağ tərəf” “Sağ əl” ifadələri
boş yerə işlədilməyib. Çox güman, bu
onunla əlaqədardır ki, bir çox rəvayətlərdə
deyildiyi kimi, doğrudan da, müqəddəs kitablar
tanrının sağ tərəfindədir...
Əksər məxəzlər Sidrətül- Müntəhanın
(Dünya, həyat Ağacının) “Ucu”nun Xaliqulbəşərin
Ərşi- Əladakı taxtının sağ əlində
yerləşdiyini göstərirlər.
... Həzrəti Əli Məhəmməd peyğəmbərin
sağında dayanırmış.
“Tanrı
aslanı Əli sağında Məhəmmədin...” deyən
Dərviş Yunusun bir arzusu da varmış: “Sağ yanında...
Mövlam, sana olam qonaq”.
Ağsaqqal və ağbirçəklərin
övladlarına verdiyi xeyir-duaları içində “Allah sənə
özünün sağından versin” xeyir-duası daha
düşərli sayılır.
Deyilənə görə, “Eşq vadisi” deyilən yer də
Allahın sağ tərəfindədir. O tərəfdə ki, onun
hesabına adamlar yaxşı bir iş görənə
“Sağ əlin başıma olsun!”- deyirlər.
Cənnət sağ tərəfdə, cəhənnəm
sol tərəfdə yerləşir.
Möminlər
sağ böyrü üstə yatırlar.
İşi
düz gətirən hər məsud insan,
Sağ əli
üstündə qalxdı yuxudan.
(Nizami)
... Adamların bir-biri ilə sağ əli ilə
görüşmələri təsadüfidirmi?!
...
Sağ əlin gicişməsinin,sağ
gözün səyriməsinin xeyriliyə olması ehtimal
olunur.
Sağ
gözün atarsa, sevinəcəksən,
Cəfaya düşərsən sol göz səyrisə.
(Marağalı
Əvhədi)
Belə deyirlər ki, insanın hər çiynində
bir mələk oturur. Sağdakı xeyir işləri,
soldakı bəd işləri qeydə alır.
Sağ əl
sol əldən güclüdür deyirlər. Belə ki, Xaqani
demişkən, hər kim ki:
Sol əlində
toplasa cümlə cahanın varın,
Sağ əlin
bir zərbiylə cümlə sərvət məhv olar.
Əslində “Sağ əl” kəlməsi “Allahın
hökmü”, “Allahın qüdrəti” anlamında başa
düşülməlidir. “Sağ tərəf” Allahın
qüdrət rəmzlərindən biridir. Ona
görə də yaxşı nə varsa “Sağ tərəf”lə,
“Sağ əl”lə mənalandırılmış,
kodlaşdırılmışdır.
Belə də
deyirlər ki, qiyamətdə əməl dəftərin
sağ əldə oldumu sənə zaval olmayacaq! Sənin xeyir işlərlə məşğul
olduğun məlum olacaq.
lll
Keçmişdə sağ əlin, sol əlin
üstünə qoyulması və sağ əldən
öpülməsi beyət sayılırmış.
Mikalencelonun
Vatikanda yer almış “Sikstin kapellası” adlı monumentlal
heykəltəraşlıq əsərində Allahın
sağ əlini Adəmə sarı uzatdığı
görünür.
Məhəmməd
anadan olanda sağ əlinin şahadət barmağı göyə
doğruymuş: “Son peyğəmbər doğdu, ismi Məhəmməd,
şəhadət barmağı göyə doğruydu” (N.F
Qısakürək.)
lll
Peyğəmbərin
süd anası Həlimə xanım bildirirdi: “Məhəmmədə
sağ döşümdən sonra sol döşümü
verdim, amma götürmədi. Sol döş
sahibinin Həlimənin öz oğlu olduğunu Allah-Təala
Məhəmmədə bildirmişdi”.
İbn Əsakir yazır ki, İbrahimin anası
uşağı doğduqdan və nə lazımdırsa etdikdən
sonra onu bələyib mağaradan evinə qayıtdı. Ana hər dəfə gələndə
uşağın sağ əlinin barmağını əmdiyini
görür, ona süd verib yenə evə
qayıdırmış...
lll
“Musa odun
yanına gəlib çatdıqda vadinin sağ tərəfində
olan mübarək yerdəki ağacdan belə bir nida gəldi:
“Ya Musa! Aləmlərin Rəbbi olan Allah mənəm! Mən həqiqətən sənin Rəbbinəm.
Nəleyini çıxart, çünki sən müqəddəs
vadidə-Tuvadasan! Mən səni seçdim, sənə vəhy
olunanı dinlə” (“Taha” surəsi 12-13)
“Musa oraya
çatan kimi mübarək məkandan, vadinin sağ tərəfindən
müqəddəs bir ağacdan səs gəldi: “Aləmlərin
Rəbbi olan Allah mənəm, Mən!”(“Qasas” surəsi
30).
lll
...Adəm Yəmən torpağından
yaradılmışdır.
Övliya
Üveys Qərani, Leyli və Məcnun Yəməndən
olublar. - “Sağ tərəf” anlamına gələn Yəmən
şəhərindən!
Və az qala adam demək istəyir ki, Nizami, Nəsimi,
Füzuli kimi dahi şairlər oturub öz əsərini harda
yazırlarmış?
-Allahın
sağ tərəfində!
lll
“Quran”
sağdan sola oxunur...
Adətən insanların çoxu yazı-pozu vaxtı qələmi
sağ əldə tuturlar.
“Hər şey yatır. Bax, bundan (sağ əlini göstərir)
başqa! O, heç vaxt yatmır. Qələm
tutduğuna görə!” (V.Səmədoğlu)
lll
...Oğuzlar
Məhşərə “Sağış günü”
deyirmişlər.
“Quran” da
“Vaqia” sürəsində insanların Məhşərdə 3
dəstəyə ayrılacağı vurğulanıb:
1.Əməl dəftəri sağ tərəfdən
verilənlər.
2.Əməl dəftəri sol tərəfdən verilənlər.
3.Yaxşılıq etməkdə qabağa düşən
kimsələr.
lll
Kəbədəki Oval şəkilli qara daş
Allahın yerdəki simvodur. Kəbə evinin bir
küncündə divara yerləşdirilmişdir.
Təvaf da həmin daşın qoyulduğu yerin
qabağında Sağdan Sola doğru başlanır.
lll
Aşıq
Ələsgər Məhşər hadisəsini sanki
görürmüş kimi belə təsvir edirdi: “Sol əldə
kağız var, Sağ əldə qələm”.
...İmam Hüseyn şəhid olacağından xəbərdarmış. O, yuxuda peyğəmbər
babasının bir əmrinə imza atmışdı. Əlbəttə
ki, Sağ əliynən!
...Ulularımız
uğura çıxanı uğurlayanda deyərmişlər:
-Yolun
Sağınnan get, sağ tərəfdən sənə xətər
dəyməz.
lll
Peyğəmbər ölüm qabağı buyururdu ki,
xirqəmi Üveys Qəraniyə verərsiniz. Peyğəmbərin vəfatından
bir az sonra Həzrət Əli və Həzrət
Ömər axtarıb Üveys Qəranini tapdılar.
Həzrət
Ömər soruşdu:
- Adın
nədir?
Üveys
Qərani dedi:
- Abdullah!
(yəni Allahın qulu).
Həzrət
Ömər buyurdu:
- Hamımız Allahın qullarıyıq. Əsl
adını soruşuram.
O cavab
verdi ki:- Üveys!
Həzrət
Ömər buyurdu:
- Sağ
əlini göstər.
Üveys əlini göstərdi.
Həzrət
Ömər, peyğəmbərin xəbər verdiyi kimi,
Üveysin əlinin ağappaq olduğunu gördü və
onun əlini öpdü.
lll
“Bəni-İsrail
Misiri tərk edəndə bahar fəslinin əvvəli idi... Musanın yollar barədə hissiyyatı və məlumatı
güclüydü. Odur ki, dərhal karvanı sola - Şama tərəf deyil, dənizə
(sağa!) tərəf apardı. Onun gecə vaxtı yolu səhv
saldığını deyən mühacirə isə belə
cavab verdi: “Mənə əmr olunan yolla
getməliyik”. (Hacı Sabir Həsənli “Peyğəmbərlər
tarixi”)
lll
“Həvarilərin təklifi ilə imanlılar cəmiyyəti
Həvarilərə kömək etmək üçün
yeddi yardımçı seçdi. Yardımçılardan biri Stefan
idi.O, Müqəddəs Ruh, iman və qüdrətlə dolu
bir adam idi.
Ona nifrət
edənlər axır ki, onun Sindiriona (ali məhkəməyə)
verilməsinə nail oldular.
Stefan Müqəddəs Ruhla dolub gözlərini göyə
dikərək, Allahın cəlalını və Allahın
sağında duran İsanı gördü. Və dedi:
- Budur,
göyləri açılmış və İnsan oğlunu
(İsanı) Allahın sağında durmuş görürəm.
Bu sözlərin üstündə onu daşlayıb
öldürdülər”.
(“İncil”
Həvarilərin işləri 6:2-15, 1-60)
lll
“İsanı Allah diriltdi. Biz hamımız bunun
şahidləriyik. O Allahın sağ əli ilə
yüksəldilən Ata tərəfindən vəd edilmiş
Müqəddəs Ruhu aldı və sizin indi
gördüyünüz və eşitdiyiniz kimi və bu Ruhu
üzərimizə tökdü... “(Həvarilərin
işləri. 2:14-47)
“Şimon Peter “Balıq ovuna gedirəm” dedi. Ona “Biz də səninlə gedirik”-dedilər.
Amma o gecə bir şey tutmadılar.
Artıq gün doğarkən İsa sahildə
durmuşdu. Şagirdlər onun İsa olduğunu bilmədilər.
İsa onlara dedi:
-
Övladlarım! Yeməyə bir şeyiniz
varmı?
Ona-Xeyr!”-deyə cavab verdilər.
O da onlara
dedi:
- Toru
qayanın sağ tərəfinə (!) atın!
Eləcə
də atdılar və balıqların çoxluğundan
artıq toru çəkə bilmirdilər” (“Yəhya” 21:2-17)
lll
İsa
peyğəmbər onu mühakimə edən kahinə belə
deyib:- Allahın oğlu İsa Məsih mənəm.
Bundan sonra insan oğlunun Qadirin (Allahın) sağında
oturduğunu və göyün buludları üzərində
gəzdiyini görəcəksiniz” (“Matta”26:58-75)
lll
Hərdən qəribə yuxular görürəm.
Bir dəfə qəribə bir yuxu gördüm.
Yol gedirdim. Qarşıda hündür bir təpəlik
görünürdü.
Fikrində
tutdum ki, o yerə çatanda ordan sola dönüb yoluma davam
edərəm.Elə bu vaxt o təpəliyin üstündə
qeybdən bir dərviş görünüb mənə belə
dedi:
-Bura
çatanda burdan sağa dönərsən, Kəbə
sağ tərəfdədir!
Mən onun dediyi kimi etdim və Kəbəyə getdim. Gördüm
ki, Kəbə evinin içində qara bir kresloda oturmuşam.
(Oturdulmuşam!)
lll
Bir cəllad əlinə keçən adamların
ayağını doğrayır, kəsib-tökürmüş. Bir dərvişin
də sağ əlini kəsir. Buna etiraz edənlərə
dərviş deyir:
-O, cəllad
olsa da düz etdi.
Mən Allahla etdiyim əhdi pozmuşdum. Ona görə
də Allah məni bu cür cəzalandırdı.
Sağ əlin
(eləcə də sağ tərəf) Allah qatındakı
qiymətinə, qüdrətinə, yerinə baxırsınızmı?
Demək, haqqın gözündən (Sağ əlindən!)
düşdüyü üçün dərvişin sağ əli
kəsilmişdi.
lll
Xaqani! O
pirimiz ki, sübhliqa Xızırdır adı,
...Tutar
sağ əldə o, səccadəni müdam.
Demək, Xızır sağ əlində səccadə
tutub insanların, ariflərin, aşiqlərin köməyinə
yetirmiş.
lll
İbrahim peyğəmbər oğlu İsmayılı
Mina dağında qurban kəsməyə aparanda Şeytan
İsmayılın ürəyinə vəsvəsə
salıb yolundan döndərmək istəmişdi. İsmayıl
daşla vurub onun bir gözünü tökmüşdü.
O vaxtdan ona “Kor Şeytan” deyirlər. Çox
güman ki, tökülən sağ gözüymüş.
...Xalq
yazıçısı İsa Muğanna Saf Ağ Elminə
tam yiyələnmiş Odərin-Saf Ağ insanın səmaya
baxanda “Ağ əl” (Sağ əl?!) gördüyündən
danışırdı və yazırdı.
...Həzrət
Əlinin Cəbrayıl sağında, Mikayıl solunda
vuruşarmış.
...Belə
nəql edirlər ki, Məhəmməd peyğəmbər
Meracda olarkən qarşısına plov da qoyublarmış. O,
tək yemək istəməyib, Allahdan ona süfrədə
yoldaşlıq etməyə bir adam istəyib.
Qeybdən bir əl uzanıb, ona yoldaşlıq
edib. Sən demə bu əl, “Mən göyün yolunu
yerinkindən daha yaxşı tanıyıram” deyən Həzrət
Əlininmiş!
Sonradan
Yerdə Peyğəmbər həmin plovdan nişanəni Həzrət
Əlinin sağ əlinin üstə görəndə belə
deyibmiş: - Ya Əli! Əgər son peyğəmbər
olmasaydım, deyərdim ki, peyğəmbər sən ola bilərdin. Mənimlə sənin
arandakı nisbət köynəklə düymə
arasındakı nisbət kimidir...
lll
“Büxtə Nassaranın vəfatından 30 il
keçmiş fars padşahı məşhur Keyxosrov Babil
şəhərinin üzərinə böyük ordu ilə
hücüm etdi. Gəlib şəhəri mühasirəyə
aldı. Babilistan padşahı Bültə
Nassara idi. Babil qalasının
istehkamına ümidvar olub hətta Çindən ehtiyata
düşmədi. Öz həmişəki
eyş və işrətlərini dəxi tərk etməyib
çox vaxt işrət və ziyafət edərdi.
Bir gün böyük ziyafət edib atası Büxtə
Nassaranın Məscidi-Əqsadan qarət etdiyi qızıl və
gümüş dövləti ilə fəxr etdiyi halda qəfildən
Bultə Nassaranın qarşısında bir əl peyda olub
divarda bir neçə kəlmə yazdı və yox oldu. Bultə
Nassara və əyanları bu qəribə haldan əndişəyə
düşüb yazını bilmək üçün Babil
alimlərindən açmasını istədilər.
Lakin heç biri oxuya bilməyib aciz qaldı. O vaxt bəni-İsrail
tayfasından Həzrət Danyal o yazını oxuyub bunun
Babilin iranlılar tərəfindən fəth olunmasına bir
işarət olduğunu xəbər verdi.
Çox çəkmədi ki, Keyxosrov Fərat
çayını başqa bir qola çevirib suyun şəhərə
girdiyi yoldan qoşunu qalaya daxil elədi.
Beləliklə, Babili zəbt və qarət, Gildani
dövlətini məhv etdi. (Axund Əbdussalam
Axundzadə. “Müqəddəs peyğəmbərlər
tarixi”).
lll
Nağıllarımızda da, dastan və rəvayətlərimizdə də azmı rast gəlmişik ki, qeybdən gizli bir əl həmişə Allah tərəfindən öz qulunun, bəndəsinin köməyinə göndərilir. Bəs Yusifi, Abbas Tufarqanlını həmin gizli qüvvə- həmin əl dartıb quyudan çıxartmamışdımı?
...Bir nəfər yuxusunda görür ki,
yanır. Haray
çəkir, dad eyləyir. Heç kimdən bir
imdad hasil olmur. Birdən qeybdən bir əl
uzanır, onun sağ biləyindən yapışır, onu
alovun içindən çıxarır.
Həmin adam yuxudan qalxanda görür ki, doğrudan da bədəni
yanıq yerləriylə doludur. Bircə sağ biləyindəki əl yeri qarsalanmayıb. O əl,
sən demə, Həzrət Əlininmiş.
lll
...Bu yaxınlarda daha bir qəribə yuxu gördüm. Uçurumlu bir yerlə qarşılaşmışdım. Deyirdim ki, görəsən, burdan keçib adlaya biləcəyəmmi? Belə baxanda uçurumun o tayında bir asfalt yol gözümə dəydi. Onu görməyimlə uçurumun o tayına keçməyim də bir oldu.
Yola düzəlmək istəyirdim ki, uçurum tərəfdən Şir başlı bir vəhşi heyvanın mənə tərəf qaçdığını gördüm. Mənə çatmağa az qalmış cildini dəyişib insan oldu və dedi:
- Səni
bir dəqiqə olarmı?
Mən
dedim:
- Əlbəttə,
olar, buyurun!
O mənə
doğru gəldi, yaxınlaşdı. Nə deyəcəyini
gözlədim. Amma bu vaxt qarşımda
üstümə doğru uzanan bir Sağ Əldən başqa
heç nə görmədim.
Mən əyilib
həmin əldən öpdüm...
...”Əssəlam-əleykum
ya Şeyx! - pıçıldadığım
da indiki kimi yadımdadır.
Barat
VÜSAL
525-ci qəzet.- 2016.- 5 noyabr.- S.11-12.