Abdulla Surun həyat yoluna və irsinə yığcam nəzər

 

 

Tanınmış romantik şair Abdulla Surun poeziyasında "izi var, özü yox" olan "cilveyi-həyat" - ümid, amal obrazı xüsusi maraq doğurur.

 

Şair, insanlara hər hansı çətinlikləri dəf etməyə, maneələri aradan qaldırmağa təpər, gələcəyə, yaşamağa qol-qanad verən ümidi nəzərdə tutaraq, 1909-cu ilin aprelində "Kiyevdə müqim dostlarımdan gəncəli bir təbibə" (Dostunuz A.Sur. Kiyevdə müqim dostlarımdan gəncəli bir təbibə. "Tərəqqi" qəzeti, 8 aprel, 1909, ¹73)  başlıqlı açıq məktubunda "qayeyi-xilqət, qayeyi-amal deyərək dərin-dərin xəyallar edib, parlaq-parlaq ümidlər bəsləyənlər" haqqında yazırdı: "Dad, bu ümidin əlindən! İnsanları nələrə tapındırmadı? Ah, insaniyyət daima fövqündə təsəvvür etdiyi bir qüdrət qarşısında diz çökə, boyun bükə gəlmişdir!..

 

... "İnsan kəndisini aldatamaz" sözü doğru olmasa gərək. Biləks, insan kəndisini aldatmasa, yaşayamaz. Biz yaşayırız".

 

Cümlə kəndimizi aldatıyor, kəndimizi ovalayuruz. Ümidin kəsildigi qitədə etlaf-nəfs etməmək əldən gələməz".

 

Odur ki, A. Sur ümidsizliyə qapılanları, ümidi tapdayanları "dinsiz, imansız" adlandırır, "insaniyyət ümidsiz yaşaya bilməz" qənaətinə gəlirdi.

 

Şair 1911-ci ilin sentyabrında yazdığı "Sərnigün ümidlər" (A.Sur. Sərnigün ümidlər. "Yeni irşad" qəzeti, 10 sentyabr 1911 ¹10.) şeirinə Müəllim Nacidən epiqraf vermişdir... A.Sur ümidə müraciətlə onu belə vəsf edir:

 

"Ümid!.. Ey xəyali həqiqət! Ümid! Ey məmayi-həyat, ey qızıl şərab!.. Ey bəşərin "Büt" və bütxanəsi, "Hörmüz" və Atəşgədəsi! Nə qədər də zəngin, nə qədər də dilnişin, nə qədər də ürkək, nə qədər də dilrübasən! Yüz verməyib qaçanları buraxmayıb, dutarsan! Oynar, oynatırsan... Atar, dutarsan! Oxşayıb tırmalar, qıcıqlarsan! Durğun, yorğun, sönük, çürük həyatları  canlandırıb, qımıldanır, bahar kibi, çiçək kibi, səhər kibi, şəfəq kibi tazə nəzbə bir rəng və roğən bir ruhcan ilə dirildirsən! Güllər kibi gülər, pərilər kibi dilbər edərsən!.. Nizsədar edər, əhya eylərsən! Sən nə qədər mələksən!"

 

Ümid bütün bu zahiri gözəlliyi, cazibədarlığı ilə yanaşı, həm də daxilən zəngin və könüloxşayıcı məziyyətlərə malikdir; pərilər kimidir: "Ümid!.. O bir pəri ki, şirin söylər; sözləri sanki bir al nilufərdir! Açılınca zaman pəjmürdə eylər, o qədər lətif və nazikanədir!.. Əfsus!.. O da könül kibi aşiqinəsərdir!"

 

Bütün bunlarla yanaşı, yeri gələndə "durub, dururkən ölümlərə yıldırımlı qiyamətlər qoparır, təlimlər çıxaran, ahəngi pozub, rahəti pozan" ümidin əlindən, onun insanlara gətirdiyi ruh düşkünlüyündən də şikayətlənir. Çünki yeri gələndə o, əsl təbiətinə - insanlara yaşamaq üçün qol-qanad vermək xüsusiyyətinə sanki "xəyanət" edir:

 

"Ey lətif və zərrin xunxar, ey qonçeye-amal, ey məbudə hicran!.. Dad əlindən, dad əlindən!.. Nə də anlaşılmaz, dolaşıq düyümlü incə bir sirsən! Lütfünlə ülfətə pərəstkaran olan bəxtiyar bədbəxtlərin suçları nə? Zaman-zaman güldürər, ağladarsan! Ümid verib, məyus edərsən! Peydanapeyda iltifatlara, oynaqüryan lütflərə inandırıb başdan çıxaran kəndin ikən inçin, nədən birdən-birə nadəm kibi dilvaranərəq cin-cibin göstərib, darğın-darğın yüz çevirib ərtədar edərsən? Verdigin cəsarəti qırıb, parçalayıb, tərəddüdə, ehtiraza yollar açarsan? Birinə ürək-dirək verib, birinə kömək, dirilik bəxş edərsən?

 

Nə yapmalı?! "Əzəl kitabları" böylə yazmışlar:

 

"Bəla istər bəni hər dəm,

bəlanı istərəm mən həm,

Nigarım bəladır çün,

bəladan çox bəla gördüm!.."

 

A.Sur istəyir ki, insanlar heç vaxt ümidsizləşməsinlər, ümid öz xoş, lətif, xeyirxah üzünü ona tapınanlardan, pənah gətirənlərdən yana çevirməsin. Çünki bu halda həyat gülər, cəmiyyət, insanlar daima inkişaf edər. Ona görə də ümidə məsləhət görür ki: "Ümid, ey baharlardan, səhərlərdən, fəğanlardan, ziyalardan xəlq olunmuş sərab! Ey izi var, özü yox cilveyi-həyat! Şeydalarından qaçma! Məftunlarını üzmə! Gül, güldür! Qıyma, öldürmə! Sənin üçün qol-qanad çalıb, çırpınan açıq qoyunlara gir. Könüllər açsın! Öylə yıldırım tərzi, işıq sürəti ilə, öylə mələklər təcəllasi, pərilər ədası ilə uçub nihan olma, ey yıldızlı cəfa! Ey qığılcım ömürlü ömrün fanarı ya!"

 

Göründüyü kimi, Abdulla Tofiq Sur ümidə bəşər övladının yaşamaq, fəaliyyətə, istiqbala can atmaq enerjisi, dayağı kimi baxır. Eyni zamanda onu (ümidi) işvəkar, nazpəri, adamlardan "qəddaranə tərzdə" üz çevirib, onların qol-qanadlarını qırıb uçurumlara yuvarlanmalarına "bais olan" bir sitəmkara, xunxara (qaniçənə) bənzədir. Arzu edir ki, ümid daima müsbət, işıqlı əməllərlə bəşər övladının dadına çatsın, onun həmdəmi, həmdərdi olsun. O, həyatın ən ağır, üzüntülü anlarında da "dilbəri-həyat" olan cananı - ümid pərisini çağırır.  Ancaq təəssüf  ki, bu ümidlər çox zaman tərsinə çevrilir, baş ayaq, bəxti dönük-sərnigün olur, duman içində itirlər.

 

Abdulla Tofiq Suru insanın olumölüm, həyatla-məmat arasındakı ömür yolunun eniş-yoxuşu, ümid dolu sızıltı və çırpıntıları, sevinclidüşkün, bayğın pillələri düşündürür. O, belə bir fəlsəfi qənaətə gəlir ki, şair həyatı da digər insanların həyatı kimi olumluölümlüdür. Həmin duyğu və düşüncələrin poetik rəsmini "Lövheye-şeir" (A.Sur. Lövheye  şeir. "Yeni irşad" qəz., 9 sentyabr 1911 ¹ 15.) mənsur şeirində belə təsvir etmişdir:

 

"Hüzur-sevdadə əl çatıb, diz çöküb boyun qıraraq, titrək dodaqlar, qırıq suluqlarla (nəğs)  dögük-dögük ərz razaydan bir ehtiras, bir məsət məhəbbət... Çırpınır  bir  yürək... Yaş tökər bir nəzər... Mələk məftun bir yalvarış... Allaha bəndə bir sızlayış... Bunları təqib edər zərəfşan bir fırlayış. Sonra!.. Mədhuş bir sükut... Arxasınca imdada yetər ağuşi-məhşər. Həzin bir məqbər ki, altında inlər ölgün bir xəndə...  Üstündə səzlar daim bir giryə! İştə, bir şair-həyat!.. İştə, lövheye-məmat..." (A.Sur. Lövheye  şeir. "Yeni irşad" qəz., 9 sentyabr 1911 ¹ 15.)

 

Bütün bu qənaətlərin fəlsəfi dərkinə baxmayaraq insan övladı ən bədbin vəziyyətində də nəzərlərini məchul bir ümidə dikir. Xəyalən onunla umu-küsü edir, üsyana qalxır, küskün, incik bir vəziyyət alır.

 

Şairin 1916-cı ilin 31 mayında "Açıq söz" qəzetində dərc edilən son şeirində oxuyuruq ki, ümid çırağının ulduzu, onu həyata bağlayan "Dilbəri-mehriban"ı gözə görünmür. Qulağına ümid pərisinin qanadlarının xışıltısı, xoşnəvaz pıçıltısının ruh oxşayan hənirtisi belə gəlmir. Ümid ondan üz döndərdiyi üçün şair qığılcım ömürlü həyatından gileylənir.

 

Abdulla Surun ümidinam qanadlı ədəbi irsi isə soydaşlarını, dindaşlarını, ümumən bəşər övladını işıqlı əməllərə, aydın səhərə, xoş əməllərə səsləyir.

 

lll

 

Abdulla Tofiq Surun bədii irsinə onun "Bir mollanın həyatı"  adlı hekayəsi də daxildir. Həmin hekayədə qəhrəmanların zahiri portretləri də diqqətə çatdırılır. Hekayə belə başlayır:

 

"Baqqal Məşədi Bağı qısa boylu, yoğun qarınlı, yekə başlı, iri burunlu, qara qabaqlı, qırmızı saqqallı (saqqal), başı qırxıq, müqəddəslik satan bir şəxs idi. Əlli beş yaşlarında olurdu. Üç zövcəsi, iki qızı, bir oğlu var idi. Daha başqa övladı olmuş isə də, durmamışlar".

 

Atadan sonra onun oğlunun - hekayənin baş qəhrəmanının - zahiri görkəmini də təsvir etməyi lazım bilərək, sözünə belə davam edir: "Sağ qalmış oğlu Nağı orta boylu, kəl başlı, cüyür üzlü, qarayağız, nadinc bir cocuq idi. Hənuz on dört sinni var idi. İranlı pəltək Mirzə Kazımın məktəbində farsiyyət oxuyurdu".

 

Bu təsvirlərdən sonra A.Sur hekayənin əsas məzmununa - Baqqal Məşədi Bağının öz oğlunu molla görmək arzusu ilə ona necə qayğı ilə yanaşması, Nağının dərslərə necə həvəslə davam etməsinə, valideynlərini itirdikdən sonra məruz qaldığı maddi sıxıntıların təsvirinə keçir. Bu zaman onun yavaş-yavaş öz qiyafəsini, zahiri görkəmini (saqqalın uzadılması, başın qırxıq olması və s.), hərəkət və ədalarını necə dəyişdirməsini, təhsilini artırıb istədiyi məqama çatmaq üçün hansı nüfuzlu möminlərdən dərs aldığını yerli-yataqlı şəkildə təsvir və təqdim edir. Məlum olur ki, göstərdiyi bütün cəhdlərin boşa çıxdığını görən Mirzə (molla) Nağı ümidsizləşir və bir müddət guşənişinliyə qapılır. Onu Hacı Molla Qədimin məsləhət və tövsiyələri, şirin vədləri yenidən hərəkətə gətirir; Molla Qədim cavan mirzəyə - Molla Nağıya bildirir ki, onun məqsədini bilir. İstədiyi məqama çatmaq üçün əvvəl Məşhəddə, sonra Nəcəfül əşrəfdə - Nəcəf şəhərində təhsil almasını məsləhət bilib, təhsildən qayıdandan sonra yeganə övladı, hazırda yeddi yaşında olan qızını ona ərə verəcəyini bildirir...

 

...Molla Nağı səkkiz illik - iki il Məşhəd, altı illik Nəcəf - məşəqqətli təhsilini yarımçıq qoymalı olur. Bu haqda hekayədə oxuyuruq: "Orada məsmə (özünə ad - A.B.) elədiyi ərəb qızını tərklə böylə tez gəlməsinin səbəbi var idi. Bildiklərindən fəna xəbərli məktublar almışdı.

 

Ondan sonra qürbətdə oturması mümkün deyil idi. Hacı Molla Qədim ölmüş! Adaxlısı Tələt xanım, nişanlısı Mirzə Nağının Nəcəfdə bir ərəb qızı ilə təzvic etdiyini (özünə zövcə, arvad - A.B.) oradan gəlmiş zəvvardan eşitmiş, qısqanmış, hiddətlənmiş. Mirzənin inadına buxara papaqlı, atlas arxalıqlı, qastur çuxalı, diaqonal şalvarlı, cırt-cırt çəkməli, altunsaqqal, gümüş kəmərli (toqqa), bığları burma, üzü qırxıq, başı teli dərzi kargəri, gözəl-göyçək bir oğlana qoşularaq getmiş. Bunu namusdan salmış. Şimdi əri ilə bərabər atası öyündə otururmuş.

 

Mirzənin (Mirzə Nağının - A.B.) böylə yarımçıq gəlməsi iştə bu cəhətdən  naşi imiş!.."

 

Hacı Molla Nağı Nəcəfdən qayıdandan az sonra cəmiyyətdə müctəhid kimi böyük hörmət, nüfuzmövqe qazanır, harada , orada baş olur, elin sevimlisinə çevrilir... Rəqibləri onu öz yollarından vurub çıxarmağa nail ola bilmirlər.

 

Hekayədə "bu tövr iqbalın tam bir sənə sürdüyü" göstərilərək bildirilir ki, nəhayət, rəqiblərinin səyi ilə Şeyxin (Hacı Molla Nağının - A.B.) mahiyyəti ortaya çıxır; məlum olur ki, "mərhum Molla Qədimin damadı dərzi Rzaquluyu (yəni Molla Nağının keçmiş adaxlısının ərini - A.B.) öldürtdürən, onun bacısını qumarbaz Əsgərə qaçırtdıran həmin bu (Molla Nağı - A.B.) olduğu meydana çıxır". Ona görə xalq ona nifrət etməyə, ondan üz döndərməyə başlayır. Ancaq yolundan dönməyən Hacı Molla Nağı gah dövlət adamları ilə əlbir olub cəmiyyətdə hörmət və nüfuz sahibi olan ayrı-ayrı adamlar haqda cürbəcür donoslar yazmaqdan, hətta şeyxülislama rüşvət, hədiyyələr verməkdən usanmır. Nəhayət, ilk gənclikdən arzuladığı, uğrunda dondan-dona girdiyi məqsədinə, ali ruhani rütbəsinə çatır.

 

Beləliklə, "Nəfxat" (üfürülmə, bir dəfə üfürmə - A.B.) hekayəsində bir mollanın çirkinliklər, alçaqlıqlar, fırıldaq və iftiralar dolu həyat yolu təfsilatı ilə sənətkarlıqla təsvir və təqdim edilmişdir. Hekayənin ideyası da müəllifin hadisə və Molla Nağıya münasibət mövqeyindən üzə çıxır.

 

Abdulla Surun ədəbi-bədii irsi bütövlükdə işıqlı ideyaları, istiqbal amalı ilə diqqəti cəlb ediröz dəyərini qoruyub saxlayır. 

 

ABDULLA SURU İSTANBULA KİMLƏR GÖNDƏRMİŞDİLƏR?    

 

Elmi mənbələr, daha dəqiq desək, professor C.Qaımov və ona istinadən biz  Abdulla Tofiq Surun İstanbulda təhsil xərclərini Hacı Məhəmmədhəsən həzrətlərinin öz öhdəsinə götürdüyünü bildirir. Ancaq yeni üzə çıxardığımız material bu xeyirxah işdə başqalarının da iştirakını göstərir. Belə ki, "İrşad" qəzetinin 1 mart 1906-cı il tarixli 57-ci nömrəsində A.Surun "Təşəkkür" başlıqlı məqaləsində bu haqda oxuyuruq:

 

Mühərrir həzrətləri!

 

Mənim bu məktubuma ruznamənizdə yer vermənizi rica edirəm:

 

Gəncənin mötəbər və hörmətli tacirlərindən Hacı Məhəmmədhəsən Rəfiyev Həzrətləri bana ayda on beş manat məişət xərci verərək bəni ikmali-təhsil üçün İstanbula göndəriyor. Yol məsarifim də bu cənabın öhdəsinədir. Bundan başqa ildə yüz manat da andlı dava vəkili Əliəsgər bəy Xasməhəmmədov cənabları vəd etdi. Təhsil müddətində olası məxaricimin kəsrini də cavan tanış və yoldaşlarım üzərlərinə götürürlər.Bunlar bir vəqt məyinəyə qədər olacaq. Rəfiyev həzrətləri ilə Xasməhəmmədov cənablarınınkı isə müddət-təhsilim qədər davam edəcəkdir.

 

İndi bunların cümləsinə qarşı ən səmimülqəlb təşəkkürlər ediyorum... Sağ olsunlar böylə ehsan sahibləri!.. Yaşasın böylə müsəlmanlar.

 

Abdulla Məhəmmədzadə Gəncəli".

 

Beləliklə, kiçik bir məsələni də olsa tamamlayıb dəqiqləşdirən bu "Təşəkkür" məqaləsi A.Surun qədirşünaslığını göstərməklə yanaşı, həm onun İstanbulda təhsilini davam etdirməsində əməyi olan digərlərinin dava vəkili Əliəsgər bəy Xasməhəmmədovun və adları çəkilməyən digər cavanların haqqını özlərinə qaytarmış olur, həm onların bu xeyrxah işdə iştiraklarının konkret miqyasını göstərir, həm də o dövrdə quberniya mərkəzlərindən biri olan Gəncədə sağlam milli mədəni təəssüb hissinə malik işgüzar əməli ictimai mühitin varlığından xəbər verir. Həmin mühitin təmsilçilərinin yekdilliliyi, əlbirliyi, sözübütövlüyü, verdikləri vədin arxasında durmaq dəyanəti Abdulla Tofiq Surun İstanbulda öz təhsilini artırmaq arzusunu reallaşdırmışdır...

 

Alxan BAYRAMOĞLU

filologiya elmləri doktoru, professor

 

 

525-ci qəzet.- 2016.- 9 noyabr.- S.4.