Güney Azərbaycan şeirinin çağdaş mənzərəsi

 

Arazın o tayında - Güney Azərbaycanda yaşayıb-yaradan şairlərin yaradıcılığı həmişə bizim ədəbiyyatşünaslığımızın diqqət mərkəzində olub.

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 40 ilə yaxındır ki, "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsi fəaliyyət göstərir və bu illər ərzində həmin şöbə əməkdaşlarının həm fərdi, həm də kollektiv əməyi neçə-neçə şeir və nəsr toplularının, ayrı-ayrı sənətkarların yaradıcılığı ilə bağlı monoqrafik tədqiqatların nəşri ilə nəticələnib. Xüsusilə, böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın əsərlərinin çapı, yaradıcılığının tədqiqi sahəsində bu şöbənin gördüyü işlər fərəh doğurur. Bu il Ədəbiyyat İnstitutunda Şəhriyarla bağlı iki beynəlxalq elmi konfransın keçirilməsi təqdirəlayiq hadisədir.

 

Şöbənin əməkdaşı, hal-hazırda filologiya elmləri doktoru elmi dərəcəsinin bir addımlığında dayanan Esmira Fuadın son illərdə Güney Azərbaycanı ədəbiyyatı ilə bağlı tədqiqləri və toplu halında nəşr etdirdiyi seçmə nümunələri onu "dili bir, qanı bir qardaşlarımızın" ədəbiyyatının mahir bilicisi kimi tanıdır. Budur: iki monoqrafik tədqiqat- "XX əsr Güney Azərbaycan epik şeiri" və "Güney Azərbaycanda çağdaş ədəbi proses". İki toplu: "Sözdən asılan arzular" (Güney Azərbaycan şairlərinin poemalarından seçmələr-XX əsr) və "Türkün ilk beşiyi-sevgi ocağı" (Urmi şeir antologiyası). Doğrudan da, bir alimin bu fədakarlığı yalnız qibtəyə layiqdir və bu nəşrləri uzun illərin gərgin axtarışlarının bəhrəsi kimi qiymətləndiririk, adlarını çəkdiyimiz bu əsərlər bir ildə-2016-cı ildə işıq üzü görüb.

 

Esmira xanım bizim ədəbiyyatşünaslıqda artıq sayına və həm də sanbalına görə Şəhriyar yaradıcılığının ən mötəbər tədqiqatçısı sayılır - "Şəhriyar poeziyasında xalq həyatı", "Məmmədhüseyn Şəhriyar (həyatı, ədəbi mühiti və yaradıcılığı)", "Söz sərrafı Şəhriyar", "Şəhriyar yaradıcılığının poetik qaynaqları"- bu elmi əsərlər onun Şəhriyar sevgisinin bəhrələridir. Esmira xanımın adını çəkdiyimiz tədqiqat əsərlərində son illərin Güney poeziyası haqqında söz açılsa da, Şəhriyar poeziyasının saçdığı gur işığı görməmək mümkün deyil. Çünki böyük şairin ölümündən neçə illər keçsə də, Şəhriyarın təsiri bitib-tükənmir, sanki hər bir Güney şairi əlinə qələm alıb şeir yazanda Şəhriyarı düşünür. Əlbəttə, o dönəmdə Şəhriyar tək deyildi: "Güney yazarları bu gün sərbəstcə düşünüb hiss etdiklərini yazır, ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Həmid Nitqi yolunu uğurla davam etdirirlər".

 

Esmira Fuad Güney ədəbiyyatı ilə bağlı elə mövzulara müraciət edir ki, o mövzular ona qədər xam şəklindəydi, kimsə bu mövzulara girişməmişdi. "XX əsr Güney Azərbaycan epik şeiri" məhz ədəbiyyatşünaslığımızda yeni bir mövzudur. Elə bu monoqrafiyaya giriş sözü yazan Teymur Əhmədov və Rəhim Əliyev də Esmira xanımın əsərini Cənubi Azərbaycan poeziyasının şah damarı-poema haqqında ilk sistemli araşdırma kimi qiymətləndirirlər.

 

Poema ədəbiyyatımızın ən gərəkli janrlarından biridir və əksər tədqiqatçılar "nəsrdə roman hansı mövqeyə maliksə, poeziyada da poema həmin mövqeyə sahibdir" fikrini irəli sürürlər.. Daha doğrusu, poemanı "poeziyanın romanı" adlandıranlar səhv etməmişlər. Hətta poemanı şeirlə yazılmış povest və hekayə adlandıranlar da olmuşdur. Ancaq təbii ki, poema nəsr əsəri deyil, poeziya janrıdır və özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilir. Bu tərif daha doğrudur ki: "Poemada həm epik təsvir, həm də təsvir olunan hadisələrə şairin lirik münasibəti, müdaxiləsi bir-birinə qaynayıb-qarışdığından belə əsərləri xüsusi bir janr təşkil edən lirik-epik növ adlandırmaq daha doğru olar".

 

Məlumdur ki, Azərbaycan ədəbiyyatında poemanın ilk nümunəsini XII əsrdə yaşamış ustad Xaqani yaratmışdır ("Töhfətül-İraqeyn"-"İki İraqın töhfəsi"). Və bu on əsr ərzində Azərbaycan poeması böyük bir inkişaf yolu keçmişdir. Həm klassik, həm də müasir ədəbiyyatımızda "Xosrov və Şirin", "Yeddi gözəl", "İskəndərnamə" (Nizami), "Leyli və Məcnun" (Füzuli), "Fərhadnamə" (Arif Ərdəbili), "Cami-Cəm" (Əvhədi), "Dəhnamə" (Xətai), "Vərqa və Gülşa" (Məsihi), "Bəxtiyarnamə" (Fədai), "Əlvahi-intibah" (Məhəmməd Hadi), "Azər" (Hüseyn Cavid), "Muğan", "Aygün", "Komsomol" (Səməd Vurğun), "Azadlıq dastanı" (Mikayıl Müşfiq), "Heydərbabaya salam" (Şəhriyar),"Qızıl gül olmayaydı" (Rəsul Rza), "Gülüstan" (Bəxtiyar Vahabzadə), "Nəsimi" (Qabil), "Nəriman" (Nəriman Həsənzadə), "Atamın kitabı" (Məmməd Araz), "Qərbi Berlin" (Cabir Novruz), "İlk simfoniya" (Əli Kərim) və s. poemalar ədəbiyyatımızın qiymətli inciləridir. Bəs Güney ədəbiyyatında vəziyyət necədir? Esmira xanım diqqətimizi XX əsr Güney ədəbiyyatı mənzərəsinə yönəldir, söhbətə Həsən Məcidzadə Savalanın "Apardı sellər Saranı" poemasından başlayır.Bu poema folklor motivləri əsasında qələmə alınsa da,Azərbaycan təbiətinin gözəl mənzərələrini canlandırmaq və xalq mənəviyyatını əks etdirmək baxımından böyük maraq doğurdu. Ümumiyyətlə, Güney ədəbiyyatında folklora müraciət mütəmadi şəkildə davam etmiş, "Heydərbabaya salam" (Şəhriyar), "Sazımın sözü" (Səhənd), "Ərk qalası əfsanəsi" (Biriya), "Şahin və simurq" (Haşım Tərlan) və s. kimi poemalar yaranmışdır.

 

Kitabda ayrıca bir bölmə "Güney Azərbaycan ədəbiyyatında Şəhriyar mərhələsi" adlanır və bu bölmədə ustad Şəhriyarın "Heydərbabaya salam" poeması geniş təhlil olunur. Qeyd edək ki, Esmira xanım bu poemanı təkcə Güney ədəbiyyatı və ümumən vahid Azərbaycan ədəbiyyatı kontekstində deyil, həm də Şərq ədəbiyyatı kontekstində nəzərdən keçirir. Məsələ heç də onda deyil ki, illər boyu öz doğma dilində-türkcədə əsərlər yazmayan və anasının təkidilə Azərbaycan dilində belə şedevr əsərlə o, dilimizin gözəlliklərini, onun əsl poeziya dili olduğunu sübut edib, böyük hünər göstərib, əsas odur ki, bu poemada Azərbaycanın mənəvi varlığı, onun böyük xalq olduğunu poeziya dililə bəyan edib. "Heydərbabaya salam" həm milli bir örnəkdir, həm də ümumşərq hadisəsi. Esmira xanım tədqiqatçı-şair M.Kərimidən olduqca maraqlı bir faktı misal gətirir: "Heydərbaba" Azərbaycan ədəbiyyatında bir dönüş nöqtəsi oldu. Bütün baxışlar Şəhriyara döndü. Hamı Şəhriyara bir cavab olaraq şeirlər yazdılar. Bənzətmələr meydana çıxdı. Böyük şairlərdən tutub, gənc şairlərə qədər, şairlik istedadlarını Heydərbabaya sayaq şeirləri ilə sınadılar. Heydərbaba o qədər adlı-sanlı olmuşdur ki, farslar da Şəhriyarı tanıtdırmaqda, onu Heydərbaba şairi adlandırırdılar. Farslar da belə bir əsər ələ gətirməyi arzuladılar. Çoxlu şeirlər-fars dili və türk dili və türkdilli Heydərbabanı farscaya çevirməyə can atdılar".

 

Doğma Təbriz şivəsində qələmə alınmış bu əsər İran mühitində ictimai-iqtğisadi-siyasi mənzərənin real boyalarının təsviri, Vətən anlayışının yüksək poetik coşqunluqla tərənnümü, mükəmməl vəzn və qafiyə sisteminə malik olması ilə hamını heyran qoydu. Və qeyd edək ki, Qüzey Azərbaycanda da "Heydərbabaya" nəzirələr yazıldı.

 

İslam inqilabından sonrakı dövrdə də Güney Azərbaycanda epik şeir inkişafdan qalmadı, müəllifin doğru qeyd etdiyi kimi, artıq formalaşmış Şəhriyar ədəbi məktəbinin ardıcılları yeni-yeni şeir və poemaları ilə Güneydə söz sənətini inkişaf etdirdilər.Bəxtiyar Muğanoğlu, Abbas Bariz, Mahmud Sadiqpur Şami, Əli Daşqın, Mərziyə Əhmədi, Azəryar Danişvər, Mirzə Hüseyn Kərimi kimi şairlərin poemaları meydana çıxdı.

 

Monoqrafiyada "Vətəndə Vətənsiz" olan demokrat şairlərin yaradıcılığı" adlı kiçik bir bölmə də var və burada Esmira xanım 1946-cı ildə- Sovet Azərbaycanına pənah gətirən və bizim hamımızın yaxşı tanıdığı Balaş Azəroğlunun, Əli Tudənin, Mədinə Gülgünün, Əbülfəz Hüseyninin, Söhrab Tahirin, Hökumə Billurinin, İsmayıl Cəfərpurun poemalarından qısaca söz açır. Əlbəttə, onların hər birinin yaradıcılığında Cənub həsrəti, İranda-Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin təsviri mühüm yer tutur. Lakin məqamıdır deyək ki, onları heç vəchlə "Vətəndə Vətənsiz olan" demokrat şair kimi qələmə vermək, Güney ədəbiyyatı kontekstində təhlil etmək doğru olmazdı. Ona qalsa, gərək illər boyu Cənub həsrəti ilə yanıb-yaxılan Süleyman Rüstəmi də bu sıraya qataq.

 

Esmira Fuadın monoqrafiyasında "Epik şeir ənənə və müasirlik kontekstində", "Güney Azərbaycan epik şeirinin ideya xüsusiyyətləri" və "Çağdaş Güney epik şeirinin poetik sistemi" adlı maraqlı təsir bağışlayan fəsillər də var və o, nəzəri biliyiylə ədəbiyyat tarixçiliyi ənənəsini birləşdirə bilir, bizim görkəmli ədəbiyyatşünasların ənənələrini bacarıqla davam etdirir. Təbii ki, belə bir əsərdə çoxlu poemalar haqqında söz açılır, misallar gətirilir, bəzən birindən az, birindən çox təhlil təqdim edilir, amma burada əsas məqsəd Güney Azərbaycan epik şeirinin geniş mənzərəsini yaratmaqdır. Və o, buna nail olur.

 

Esmira xanım "Güney Azərbaycanda çağdaş ədəbi proses" monoqrafiyasında sanki birinci monoqrafiyasındakı söhbəti davam etdirir, diqqətini 2011-2014-cü illərin ədəbi prosesinə yönəldir. Yeni müəlliflər, onların müxtəlif mövzularda yazdığı əsərlər, bu əsərlərin dil, üslub xüsusiyyətləri, ən əsası isə vətənpərvərlik duyğularının poetik əksi ilə oxucuları tanış edir. Və bizim Güney ədəbiyyatı haqqında təsəvvürlərimiz dolğunlaşır. Xüsusilə, Vətənçilik hissinin təzahürü olan şeirlərlə tanış oluruq. Güneyli S.Muğanlı deyir ki: "Babək ölübdürsə də hələ Təbriz ölməyib. O, gözləriylə döyüşür və bu haqq işi uğrunda mübarizə hələ də bitməyib".

 

Güneydə modernist şeirin də diqqətəlayiq nümunələrinin yaranması təbiidir. Bu xüsusda maraqlı misallar gətirən müəllif, bəzilərinin düşüncəsində "Güney ədəbiyyatı yalnız klassik ədəbiyyatı, qəzəlçiliyi yaşadır və Şəhriyar təsirindən qopa bilmir" yanlış fikrini rədd edir. Esmira xanım Güney ədəbiyyatının istedadlı bir yazarı-Hadi Qaraçaydan bir şeir parçası misal gətirir və onu modern şeir inümunəsi kimi təqdim edir:

 

Mən gözlərimi yumurkən anımsayıram

Bütün boyaları anımsayıram.

Buludların köynəyində yeli,

Qışın arxasında Günəşi,

Gerçəklikləri anımsayıram.

Mən gözlərimi yumurkən,

Bütün gerçəkliklərin girişimində

Başqalıqlar duyuram.

Doğalında beləymiş, yalnız diliylə

Dəniz dalğalarıyla, ağac yarpaqlarıyla danışır.

Mən dilimi ağzımın boşluğuna sərmişəm, dincəlsin.

Yalan bazarına qız buraxmıram...

bu an qum dilində barmaqlarımla danışıram

Bax, ovcumdan süzülən qumda sənin adın var.

Məlum olur ki, burada Vətəndən danışılırmış.

 

Esmira Fuadın "Sözdən asılan arzular" adı ilə nəşr etdirdiyi təxminən 50 səhifəlik Güney Azərbaycan şairlərinin poemalarından seçmələr almanaxı adını çəkdiyimiz və haqqında söz açdığımız birinci monoqrafiyanın bədii hissəsidir. Bu almanaxda 2 güneyli şairin poemalarından nümunələr təqdim edilir. Təbii ki, bu əsərlər haqqında təfərrüatı ilə söz açmaq, o poemaların hər birini lap qısaca da olsa təhlil etmək uzun bir vaxt aparardı. Bu almanaxda Hüseyn Düzgünün "Səməd Behrəngi", Heydər Abbas Barışmazın "Çağırılmamış qonaqlar", Mircəlil Hüseyninin "Qanlı günəş", Haşım Tərlanın "21 Azər və Pişəvəri", Məhəmməd Tağı Zehtabinin "Bəxti yatmış" poemaları öz ictimai siqlətinə, İranda və Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin əks olunması baxımından maraq doğurur. Lakin bir əsər də var ki, ondan qısaca da olsa söz açmamaq mümkün deyil. Bu, Əli Daşqının "Əsir torpaq" (Qarabağ poeması) əsəridir ki, müəllif bu poemada Qarabağ müharibəsi zamanı işğal altında qalan rayonlarımızdan söhbət açır. Şair Qarabağ həsrətini mahiranə boyalarla təqdim edir. Və bu yerdə gözəl tədqiqatçı Esmira Fuadı alqışlayırıq ki, Güney Azərbaycan poeziyasını həm elmi-publisistik şəkildə bizə tanıdır, həm də konkret olaraq güneyli şairlərimizin əsərləri ilə tanışlıq yaradır. Bu yolda, gələcək işlərində ona uğurlar arzulayaq!

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

 

525-ci qəzet.- 2016.- 15 noyabr.- S.7.