Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları

 

 

Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar bu yaşamaq haqqını heç kim onların əlindən ala bilməz.

 

Azərbaycanda qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub şəxsiyyətlər az deyil. Belə şəxsiyyətlərdən olan İsmayıl xan Adil xan Ziyadxanov qardaşları Demokratik Cümhuriyyət zamanında tanınmış dövlət hökumət xadimlərindən olublar.

 

Tarix elmləri namizədi, BDU-nun dosenti Boran Əziz ilə bu mövzuda ətraflı söhbətləşdik. Alimin sözlərinə görə , İsmayıl xan Adil xan Ziyadxanov qardaşları məşhur Qacarlar sülaləsinin Ziyadoğlular qolunun siyasi mühitdə görünən sonuncu nümayəndələridir. Ziyadxanovlar Vətənə sədaqətlə xidmət göstərən ailələrdən olub.

 

B.Əziz qeyd edir ki, bu sülalə təkcə Gəncəbasar bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb.

 

(Əvvəli ötən sayımızda)

 

İsmayıl xan Rusiyanın Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətindən bəhs edərkən bildirirdi: "Uzun illər ərzində Azərbaycan türklərinin ali müsəlman təbəqəsinin nəinki siyasi hətta mülkiyyət hüququnu da tanımırdılar". İsmayıl xan Dumadakı çıxışlarında bildirirdi ki, "Bizi müsəlman türk olduğumuza görə bir çox ali məktəblərə qəbul etmirlər. Ali məktəbləri bitirəndə isə hökumət idarələrində yüksək vəzifə tutmağımıza qətiyyən icazə vermirlər. Çar hökumət orqanları bizi bisavad, geridə qalmış adlandırır. Halbuki çar senzurası dövründə biz ən yaxşı halda cəmi bir qəzet buraxa bilirdiksə, bu gün (1906-cı ili nəzərdə tutur) bizim 30-dan artıq qəzet jurnallarımız çap olunur... Çar hakimiyyət orqanları o qədər böyük səlahiyyətləri olmayan şəhər bələdiyyələrinə seçkilərdə ayrı-seçkilik yaradır. Müsəlmanlara ikinci növ adamlar kimi baxırdılar".

 

O dövrdə Çarın verdiyi fərmana görə müsəlmanlar şəhər bələdiyyələrinin ən yaxşı halda yarısını təşkil edə bilərdi. Rus hökumətinin verdiyi qanuna görə 499 xristianın səsi 2900 müsəlmanın səsinə bərabər idi. İsmayıl xan bunu da çox kəskin tənqid edib.

 

Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. Onun Rusiya Dövlət Dumasının tribunasından erməni müsəlman qırğını barədə söylədiyi fikirlər öz aktuallığını bu gün qoruyub saxlayır: "Çar hakimiyyət orqanları azərbaycanlı ermənilərin öz azadlığı, haqq hüriyyətləri uğrunda mübarizəyə qalxdığını görərək onları bu fikirdən yayındırmaq üçün iki xalqın arasında qarşıdurma yaratmışdır. Rusiya imperiyası iki xalqı bir-birini ölüb-öldürməyə sövq etmişdir ki, burada da daha çox əziyyət çəkən məhz müsəlmanlar olmuşdur". Ona görə ki, çar hakimiyyət orqanları erməniləri bu ərazilərdə özlərinin əsas dayaqlarından biri sayırdı. İsmayıl xan çar hökumətindən belə bir qırğının dərhal dayandırılmasını günahkarların cəzalandırılmasını tələb edirdi.

 

Çar hakimiyyət orqanlarının Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətindən biri köçürmə siyasətidir.Çar buraya təkcə erməniləri rusları köçürməklə kifayətlənməmişdir. Yerli azərbaycanlıları xüsusilə ali müsəlman təbəqəsini buradan baş götürüb getməyə məcbur edirdi. İsmayıl xan Ziyadxanov dumadakı çıxışlarında köçürmə siyasətini kəskin şəkildə pisləyirdi: "Azərbaycan kəndliləri onsuzda az torpaqlılıqdan əziyyət çəkirdi. İrandan Türkiyədən qeyri azərbaycanlıları bura köçürməklə sosial vəziyyət bir az da ağırlaşdırılıb. Bu, dolayısı ilə azərbaycanlıların ruslaşdırılması xristianlaşdırılmasına xidmət edir".

 

İsmayıl xan ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində deyib: "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın alovlardan xoşlananlar başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".

 

İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş Dumaya seçilmək hüququndan məhrum edilmişdi.

 

Erməni-müsəlman qırğınının qarşısının alınması məqsədilə 1906-cı ilin fevralında Tiflisdə barışıq qurultayı çağırılmışdı. Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov qardaşları ilə yanaşı Ziyadxanov qardaşları da bu barışıq qurultayında iştirak edirdilər. Orada müsəlmanların əsas tələblərini dilə gətirən onların mövqeyini əks etdirən əsas sənədin hazırlanmasında hər iki qardaşın böyük rolu olmuşdu.

 

Məhz bundan sonra Ziyadxanov qardaşları Gəncədə "Müdafiə" adlı təşkilat yaratmışdılar. Bu təşkilat gizli olaraq fəaliyyət göstərirdi. Onlar çağırış adlı bir vərəqə buraxmışdılar. Bu vərəqədə təşkilatın əsas məqsəd və məramı qeyd olunmuşdu. Çağırışın aşağısında möhür var idi. Möhürdə tərəzi, kitab, saman topası və bir-birini kəsən iki qılınc təsvir edilmişdi. Bu isə əslində təşkilatın qarşısına qoyduğu vəzifələri əks etdirirdi.Yəni burda ədalət uğrunda mübarizə, əkinçinin mənafeyinin qorunması habelə tamahkarlığının və amansızlığının həddi olmayan məmurlara qarşı mübarizə aparılması, hətta lazım gələrsə, onların cəzalandırılması eyni zamanda müsəlman əhalisinin azadlığına qəsd edənlərin cəzalandırılmasına nail olunması başlıca məqsədlərindən biri idi. "Müdafiə" təşkilatı müsəlmanlar arasında maarif mədəniyyət işlərinə qayğı göstərirdi. O dövrdə müsəlmanların əksəriyyəti savadsızlığı ucbatından öz hüququnu düzgün başa düşə bilmirdilər. Təşkilat çar məmurlarının da bu insanları incitməsinə qarşı mübarizə aparırdı, onlara hüquqi yardım göstərirdi. O dövrdə buraxılan çağırışda deyilirdi ki,"Partiya cəmiyyətin sağlam düşüncəli və alicənab hissəsini ədalət və azadlıq uğrunda apardığı çətin mübarizəyə köməyə çağırır. Müdafiə sülh yolu ilə işləsə də hüququ, ədaləti və vicdanı tapdalayanları amansızcasına cəzalandıracaqdır. Xalqın fəlakətlərində dərin günahı olanlar amansız qisasdan qaça bilməyəcəklər" .

 

1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.

 

1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanlının rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.

 

B.Əziz qeyd edir ki, 1918-ci ilin 18-22 martında Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılığı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malakan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malakanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda Sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı. Halbuki, İsmayıl xan özgə millətlərə nifrət hissi olmayan, bütün insanlara kömək etmək düşüncəsilə yaşayan bir adam idi".

 

Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-inqilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə-yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.

 

İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra xarici işlər nazirinin 1-ci müavini təyin edilib.

 

İstiqlal bəyannaməsindəki qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal əlaqələrin yaranmasını tələb edirdi.

 

Yusif Vəzir Çəmənzəminli "Xarici siyasətimiz" əsərində yazır: "Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları sinəsini sipər edərək durdularduracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hasilə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsabizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar".

 

(Ardı var)

 

Ramil HİKMƏT

 

525-ci qəzet.- 2016.- 17 noyabr.- S.6.