Əmrahsız qalan dağlar

 

 

 

Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Əmrah dilxor oldu. Lakin əsəbiləşdiyini büruzə vermədi. Əksinə, Balaca bəyə təsəlli verdi:

 

- Balaca, olacağa çarə yoxdur, - dedi. - İş adam başına gələr. Silahları əlindən alıblar, canın sağ olsun. Hünərli adamsan ki, qaçaq-quldurun əlindən sağ-salamat qurtarmısan. Səni öldürə də bilərdilər.

 

Balaca bəy utana-utana başını qaldırıb qırıq-qırıq kəlmələrlə dil tökməyə başladı:

 

- Nəyə deyirsən and içim, silahları əlimdən alandan sonra fikirləşdim ki, bu rüsvayçılığın qarşısında Əmrahla necə üz-üzə gəlim?! Ona nə cavab verim?! Necə cavab verim?! Tapşırdığın işi yarıda bilmədiyim üçün özüm-özümü cəzalandırmaq istədim. Bu cür üzü qara qayıtmaqdansa ölüm yaxşıdır. Özüm öz başıma bir tapança çaxmaq fikrinə düşdüm. Ömrümün axırına qədər belə bir töhmət yükünü gəzdirməkdənsə ölüm ondan fərzdir. Sonra düşündüm ki, yoox, özümü öldürsəm,  orda-burda danışarlar ki, görəsən Balaca bəyin nə suçlu işi varmış ki, özünə qəsd eləyib. Düşmənlərim toy-bayram eləyər. Bəzi istəməyənim dalda-bucaqda lovğalanar ki, Balaca bəyi mən öldürüb, ondan qisas almışam.

 

Əmrah yüzbaşı hövsələdən çıxdı. Və o, özünü saxlaya bilmədi, zəhmli gözlərini qıyıb Balaca bəyə istehzalı nəzər saldı və:

 

- Bir yaxşı-yaxşı fikirləş, - dedi, - gör qaçaq-quldur səni tərksilah eləyib tüfəngləri əlindən alanda başına nə qoymuşdun?!

 

Balaca bəy Əmrah yüzbaşının nə demək istədiyini anlamadı. Sükuta dalıb başını aşağı dikdi.

 

Əmrah yüzbaşı kinayə ilə:

 

- Yəqin nəyə görə isə onda başına bağladığın ləçək olub. Əgər yolkəsənlər səni başı papaqlı görsəydi, cürət eləyib Balaca bəyə asanlıqla səmt düşə bilməzdilər. Düzdür, uzaq yol gəldiyin üçün bayaq xətrinə dəyib kefinə soğan doğramaq istəmədim, ancaq indi açıq danışmalıyam. Görünür, burada hələlik mənə məlum olmayan müəmmalı bir fırıldaq var. Eybi yoxdur. İndi başımızın üzərində erməni adlı qara bulud dolaşır. Onun fəsad verməməsi üçün əlimizdən gələni etməliyik. Sonra səni qarət eləyənləri arayıb-axtarıb, bir əncam çəkərəm. Onu da bil ki, cidanı çuvalda gizlətmək olmaz. Tezi-geci, bu kələyin üstü açılmalıdır.

 

Balaca bəy başa düşdü ki, Əmrah yüzbaşı eyhamla ona nə demək istəyir. Və nə bəhanə gətirmək istəyirdisə, Əmrah Balaca bəyi eşitmirmiş kimi üzünü əks tərəfə tutub ondan aralandı. Və istəmədi ki, Balaca bəylə söhbəti uzadıb məsələni dərinləşdirsin. Balaca bəy isə etdiyi əməlləri gözünün önünə gətirib, hesabı içəri verdi və don vurubmuş kimi yerində quruyub qalmışdı...

 

lll

 

Daşnaklar Azərbaycan kəndlərinə hücuma keçməmişdən əvvəl planlar cızır, özlərinə münasib olan mövqe müəyyənləşdirir, vəziyyəti öyrənməkdən ötrü yaşayış yerlərinə əl altdan kəşfiyyatçılar göndərirdilər. Öyrənmək istəyirdilər ki, qarşı tərəfin neçə silahlı dəstəsi və hansı döyüş sursatı var. Xüsusilə Əmrah yüzbaşının iqamətgahı harda yerləşir. Və hansı istiqamətdən hücuma keçsinlər ki, Laçının Zabuxlu dərəsində olduğu kimi, ordunu güdaza verib rüsvay olmasınlar.

 

lll

 

Ermənistanın Xınzirək kəndindən olan Armenakın bağı Əliquluuşağı yaxınlığındakı təpələrin arasında yerləşir, dəqiq desək, Əliquluuşağılı Fərhadın meyvə bağları ilə çəpər-çəpərədir. Yay-qış Armenakın günü bağda keçirdi. Bağın ortasında, qənşər bir yerdə qardan, yağışdan, günəşdən qorunmaq, həm də mer-meyvəyə göz qoymaq üçün özünə yöndəmsiz bir koma düzəltmişdi. Armenak nalbəndliyi də bacarırdı. Hərdən kəndbəkənd düşüb, camaatın atını, qatırını, öküzünü nallayıb qəpik-quruş qazanırdı. Ancaq son vaxtlar iki qonşu xalqın arasında soyuqluq yarandığından müsəlman kəndlərinə üzükmürdü. Daha doğrusu, ehtiyat edirdi. Armenak ürək qızdırdığı adamların yanında aranı qızışdıran erməni daşnaklarını söyüb qarğıyırdı. Deyirdi başımızda duran başıbatmış başçılarımız başa düşmür ki, müsəlmanların süfrəsinin tör-töküntüsü olmasa, çətin dolanarıq. Armenak bu barədə hey gileylənir, Andranikin, Dronun, Nijdehin yeddi arxa dönənini söyüb lənətləyirdi. Üzdə isə daşnaklara məddahlıq eləyirdi.

 

Armenakın ikisinə gedib-qayıtmış və otuza yaxın yaşı olan yeganə qızı Nadejdanın bağ-bağatda gəzməkdən, quşların səsini, qayalardan süzülən suların şırıltısını dinləməkdən xoşu gəlirdi. Ona görə də vaxtının çoxunu atasının yanında keçirirdi. Nadejdanın atasının yan-yörəsində hərlənməsinin əsas səbəblərindən biri də o idi ki, bağ qonşusu, Fərhadın oğlu Salmandan ötəri sinov gedirdi. Hündür boyu, enli kürəyi, gur saçları olan Salman Nadejdanı sanki sehrləmişdi. Nadejda Salmanı görəndə özündən asılı olmayaraq, bu qədd-qamətli oğlandan gözünü çəkmirdi. Və hərdən kədərli ah çəkirdi. Qəlbindən keçirdi ki, kaş belə bir ərim olaydı. Onda özümü dünyanın ən yarımış qadını hesab edərdim. Nə fayda ki, onların arasında xeyli yaş fərqi vardı. Yoxsa Armenakın razılığı olmasa belə, Salmanı tovlayıb, ona ərə gedərdi.

 

Nadejda ikisinə gedib-çıxdığını və Salmandan bir neçə yaş böyük olduğunu ona bildirmirdi. Guya ki, onun dərdindən ölən cavan oğlanların əlindən kənddə qalmır, vaxtının çoxunu atasının yanında keçirirdi. Nadejda arada eyham vururdu ki, onun qəlbinə yatan yeganə oğlan Salmandır. Armenakın başı arx çəkməyə, meyvə yığmağa, bağ-bostan suvarmağa qarışanda, Salmana göz-qaş eləyib ağacların sıx olduğu xəlvət bir yerə çəkilirdilər... Armenak cavan qızının Salmanla eyş-işrətdə olduğunu hiss etsə də, özünü bilməməzliyə vururdu. Və əksinə, şərait yaradırdı ki, Nadejda Salmanı tovlayıb, qəlbini ələ alsın.

 

Armenak qızının saçını sığalladıqca onun qəlbini yumşaldıb kənardan eşitməsinlər deyə, xısın-xısın qulağına nə isə deyirdi. Salman onların yaxınlığında olanda Armenakın dediyi bu sözləri   eşidirdi:

 

- Əmrah yüzbaşı... Silah... Döyüşçülərin sayı...

 

 Armenak danışdıqca Nadejdanın dolu sifəti avazıyır, etiraz mənasında çiyinlərini oynadır, başını bulayırdı. Nadejdanın ədasından hiss edilirdi ki, atası nə deyirsə, qızı yaxasını geri çəkib, onunla razılaşmır. Nadejda birdən səsini qaldırıb yalvarıcı tərzdə:

 

- Ata, açığını deyim ki, Salmandan xoşum gəlir. Ona ərə getmək  istəyirəm. Bu barədə onunla açıq söhbətimiz də olub. Sənin dediklərini etsəm, Salmançikin gözündən düşərəm. O, mənim üzümə baxmaz. Məni bu dor-dolaşıq, əlləm-qəlləm işlərə qatma.

 

Armenak qızının qolundan yapışıb komasına tərəf apardı. Və Nadejdanı başa saldı ki, əvvəla azərbaycanlı bizdən çətin ki, qız alsın. İkincisi də, atası Fərhad razı olmaz ki, oğlu ikisinə gedib-çıxmış dul erməni qızı ilə evlənsin. Doğrusunu bilmək istəyirsənsə, Fərhadla bağ qonşusu kimi elə-belə üzdə dostluq eləyirəm. Yadında qalsın ki, daşnakların imkanı olsa, bu türklərin kökünü kəsərlər. Axı biz xaçpərəstik, kilsəyə gedirik, erməniyik. İndi başa düşdün?! Ona görə də ağlını başına yığ. Mən atan nə desəm, ona əməl eləyərsən. Yoxsa Dronun, Nijdehin, Andranikin adamları külümüzü göyə sovurar.  Hələ cavansan. Anan sağ olsaydı, sənə hər şeyi başa salardı. Onda bilərdin ki, türklər necə əclaf millətdir. Və indi mənə qarşı inadkarlıq etməzdin. Nadejda başını yuxarı qaldırmadan könülsüz-könülsüz:

 

- Nə deyirəm, ata. İndi  başa düşdüm. Sən deyən olsun.

 

Onlar ata-bala razılığa gəldilər. Armenakın kefi duruldu. O, qızının alnından öpüb:

 

- İndi gedə bilərsən, - dedi. - Yəqin Salman səni gözləyir.

 

Armenakın özünə qalsa, belə bir yol tutmazdı. Lakin Andranikin adamları onu tovlayıb, əqidəsindən döndərib inandırmışdı ki, müsəlmanlara qarşı həmişə amansız olmaq lazımdır. Onda türklərin qətlə yetirdiyi ata-babalarımızın ruhu da bizdən razı qalar. O dünyada rahat yatarlar.

 

 Bu cür söz-söhbətdən sonra Nadejda ilə Salman arasında məhəbbət telləri getdikcə bir-bir qırılırdı. Bunun səbəbi Salmana müəmmalı görünsə də, özünü o yerə qoymurdu. Nadejda bir dəfə söhbət əsnasında zarafatyana belə bir söz işlətdi:

 

- Türklər qəddardır, etibarsızdır. Ermənilərdən də xoşları gəlmir. - Nadejda bunu deyərək şaqqanaq çəkib güldü. - Səni sınamaq üçün bu sözləri dedim, Salmançik. Türklər də, ermənilər də hamısı bir-birinə qaynayıb-qovuşublar. Mən bu iki qonşu millətin arasında kin-küdurət görmürəm. Atam Armenakla Fərhad gör neçə illərdir bağ qonşusudur. Ərklə bir-birinin bağına keçir, mer-meyvə yığırlar. Bizim bağın yolağası həmişə Fərhad kirvənin üzünə açıqdır.

 

Nadejda birdən sözünü dəyişib özünü əzdirə-əzdirə Salmandan soruşdu:

 

- Sizin kənddə Əmrah yüzbaşı adla deyilir. Özü də çox rəzil adamdır. Ermənilərdən zəhləsi gedir. Bu doğrudur?!

 

Salman Nadejdanın başını sinəsinə sıxıb:

 

- Birdən-birə Əmrah yüzbaşı hardan yadına düşdü? -deyə Nadejdanın qıvrım saçlarını sığalladı. - Əmrah yüzbaşı qoçaq, nüfuzlu, nahaqdan heç kəsə dəyib-dolaşmayan igid insandır.

 

- Düz demirsən. O, cəllad adam olmasaydı, Aynaqlı dərəsində beş ermənini güllələməzdi.-Nadejda Salmanla razılaşmadı.

 

Salman:

 

- Bunu hardan eşitmisən? - soruşdu.

 

Nadejda:

 

- Atamdan eşitmişəm,-dedi.-O, bu əhvalatın canlı şahididir. Atam deyir ki, Əmrah yüzbaşının qırdığı erməniləri gözümlə görmüşəm.

 

- Bəs sizin atanız Armenak belə bir hadisənin səbəbini deməyib?! - Salman soruşdu.

 

Nadejda başını bulayaraq:

 

- Yox, səbəbi ilə maraqlanmamışam, maraqlanmaq da istəmirəm.

 

Salman bir qədər əsəbiləşərək:

 

- Sən nahaq yerə daşnakların uydurmasına inanırsan. Ona görə   görmədiyin iftiralara inanma, - dedi. - Əsl həqiqəti bilmək istəyirsənsə, o məsələ belə olub: kəndimizin iki naxırçısı örüşdə mal otardığı yerdə Muğancıq erməniləri qəflətən onları araya alıb, heç bir günahı olmayan malotaranların ikisinin də başını kəsib qəddarcasına öldürüblər. Meyitlərini də tanınmaz vəziyyətə salıblar. Naxırçıların iki tifilinin başını vəhşicəsinə kəsib, gözlərini çıxardıb, sifətlərini eybəcər  hala salıblar. Əmrah Aynaqlı dərəsinin səmasında çoxlu qarğa-quzğunu görəndə, elə başa düşüb ki, mal-heyvana canavar təpib. Əmrah atını düz həmin yerə sürüb. Görəndə ki, Aynaqlı dərəsində quzğunlar naxırçıların meyitlərini didir, dəhşətə gəlir. Atını dördnala çapıb, Muğancıq kəndinə çatar-çatmaz həmin beş nəfər ermənini yaxalayıb və onların hamısını qırıb.

 

Salman ciddi görkəm aldı:

 

- Bəs atan Muğancıq ermənilərinin vəhşiliyini niyə sənə danışmayıb? Yaxşı-yaxşı fikirləş, burda əsl təqsirkar kimdir?!

 

Nadejda cavab verməyə söz tapmadı. Və dediyinə də peşman olub başını aşağı dikdi.

 

Nadejda xeyli sükuta daldıqdan sonra birdən başını qaldırıb xoş təbəssümlə:

 

- Salmançik, səndən bir şey də soruşum,-deyib yarımqol köynək geymiş müsahibini özünə tərəf çəkdi,- Əmrah yüzbaşının neçə silahlı dəstəsi var?

 

- Əmrah yüzbaşının silahlı dəstələri var. Ancaq sayını dəqiq bilmirəm. Desəm, yalançı olaram. - Salman cavab verdi.

 

- Əmrah yüzbaşının tüfəngdən başqa uzaqvuran topları da varmı? - Nadejda dərin maraqla soruşdu.

 

(Ardı var)

 

Əli İLDIRIMOĞLU

 

 

525-ci qəzet.- 2016.- 19 noyabr.- S.20.