Şair itkisi  

 

RUHUN ŞAD OLSUN, FİKRƏT SADIQ!

 

 

Onu mən həmişə türk paşalarına oxşadırdım.

 

Uzun saçları, qalın bığları ilə əsl türk paşasıydı. Yalnız paşa deyil, eyni zamanda türklüyün sevdasında, Türkiyənin həsrətində insan idi. Onunla 2007-ci ildə bir neçə dəqiqəlik görüşə bildik. İnsan həyata həmişə davam edəcək deyə düşünür əlinə düşən fürsəti da dəyərləndirə bilmir. Kaş ki, o zaman daha çox söhbətləşə bilsəydim.

 

Onun vəfat xəbərini aldığımda ilk ağlıma gələn oğlu adaşım Orxan Fikrətoğlu oldu. Atasına o qədər bağlıydı ki... elə duyğulu insan indi edir, hansı acı ilə sarsılırdı görəsən? İlk gün telefon açıb ağrılı səsini eşitmək istəmədim.

 

Anadan ayrılıq ağrısı əsla təsvir edilə bilməz. Amma ata acısı da tam fərqli dünyanın qapısını açar bizə...

 

Bu, təklik dünyasının qapısıdır. Yaşınız neçə olursa olsun, ata ölüncə artıq həyatda yalnız olduğunuzu, arxasız, köməksiz qaldığınızı hiss edər, qorxarsınız. Ona görə türk şairi Cemal Süreyya bir şeirində atasının ölümünü belə izah edirdi:

 

"Sizin heç atanız öldümü?

Mənim bir dəfə öldü, kor oldum.

Yudular aldılar apardılar,

Atamdan ummazdım bunu kor oldum".

 

Yolluq Tigin yüz illər əvvəl atası ( ya əmisi) Bilgə Kağan ölüncə Orhun abidələrinin qərb üzünə bu sətirləri yazıb:

 

“Bilge Kağan uçdu. Yaz olduqda, yuxarıda nağara kimi göy gurlayınca, dağda  maral qışqırıb qaçınca matəmlərə batıram".

 

Aradan düz 1276 il keçib. Bilgə kağanlar, Ötükən ovaları, Göytürklər hamısı geridə qaldılar. Amma ata ağrısı nəsildən-nəslə eyni şəkildə keçib gəldi.

 

Fikrət Sadığın şeirlərini lap çoxdan oxumuşdum. Amma bir neçə kitabını ilk dəfə 2008-ci ildə mənə poçt ilə göndərəndə bütün şeirləri ilə tanış olmuş oldum. 2005-ci ildə nəşr olunmuş kiçik "Ağ-Qara şeirlər" kitabı bir kitabdan daha çox, bir atanın övladına həsr etdiyi ürəyidir desəm daha doğru söyləmiş olardım. Kitab başdan-başa sevgini, həsrəti, yanğını dəryalara dönmüş ata ürəyinin ən incə, ən sıx ən yorğun sirrləri olaraq xırmanlanmışdır. Səhifələri çevirdikcə misralardan sıçrayan atəş qığılcımları, ovuc-ovuc kədər, qucaq-qucaq qəm fışqırırdı. Bəzi səhifələrdə sevgilinin, yəni oğulun, İlkinin çatıq qaşlı, igid simalı şəkilləri vardı. O şəkillərə baxdıqca Fikrət Sadığın kədərini, dərdini daha yaxşı anlayırdım.

 

"Bu dünya nurlu bir güman içində

Bu dünya bir duman içində

Amma, ümidini kəsmə, səbr elə

Buğda dənəsi var saman içində".

 

Oğlunun acı taleyi qarşısında səbr edən atanın kədərdən qəddi əyilirdi:

 

Güclü pəhləvandın, yoxsa

Dəmirçiydin, idi balam!

Məni ikiqat qatdadın

Düz qəddimi əydin, balam!

 

Bir atanın içindəki dərdi, kədəri bu qədər içdən ustalıqla kağıza dizən şair necə şairdir?

Demişdim, bizim atalarımız da analarımız kimi tam fərqli dünyaya, tam fərqli hikmətə sahibdirlər! Məncə, oğlu ölüncə qəddi əyilən ata ancaq ancaq bizim atalarımız ola bilər.

 

"Hərdənbir gecə...

evimizin qabağında

taksi dayananda

Oyanıram əyləcə ..

Əyləcin paslı qıcırtısına

Çırpılan qapı səsinə

Diksinirəm, oğlum!

Az qalır mənimlə bahəm

Ev diksinə!"

 

Ürək döyüntüləri ilə evləri yerlərindən oynadan atalar, üzlərini yırtan, saçlarını yolan analarOnların səsi, qayğısı öyüdləri Dədə Qorqud əmanətidir bizlərə... Onların bizə buraxdıqları əmanətləri qoruduqca özümüzü vətənimizi , namusumuzu da qoruya bilərik ancaq.

 

Dünyaya nurlu gözlərlə baxan, minlərlə illik həyat təcrübəsi fəlsəfəsini gözlərinə, könlünə yamayan insanın səbirə sığınması ancaq ancaq bizim böyüklərimizə məxsus xüsusiyyət ola bilər. Səbri yalnız təsəlli vasitəsi olaraq görməyən, şəfa, ümid qaynağı olaraq da görən millətin fərdləri daha necə düşünə bilər ki?

 

Yenə Fikrət Sadığın "Taleyin acığına" kitabı həyatı başdan-başa, enişi, çıxışıyla, coşqusu, yorgunluğuyla ortaya qoyan əsərdir, deyə bilərəm. Başqalarının gözləriylə insanın öz-özünə baxması yetkinlik işarəsidir.

 

Günümüzdəki eqoizm yalançı qürurun içindən sıyrılıb çıxmanın tək yolu öz ölçülərini, düşüncələrini qəbul etmək, etdirmək deyil, başqalarının ölçülərini, düşüncələrini hesaba qatmaqdan keçər. Hələ Fikrət Sadıq kimi doğruya doğru, yalana yalan deyə bilən, özü doğru, sözü doğru şair haqqındakı düşüncələr daha çox, daha layiqli dəyərə sahib deyilmi?

 

Onsuz da Fikrət Sadığın şeirlərini oxuyan oxucu da eyni qərara gəlməkdən özünü qurtara bilməz. Çünki ancaq qılınc kimi doğru ürəyə sahib olan şair belə şeirlər yaza bilər:

 

"Qələm olsun barmaqlarım

Qələm tutub yalan yazsa

Səni necə doğru yazım

Başdan-başa yalansansa?"

 

Dədə Qorqud ənənəsini yaşadan bir nəfəs həqiqətən başqa necə yol tuta bilər ki?

Doğrunu qarşısında ölçü aləti kimi tutan şairin köklü lətifə şüuru Mirzə Ələkbər Sabir çeşməsindən qidalandığını necə ortaya qoyur!

 

"Dilim dinc durmayıb dünən

Axmağa axmaq demişəm

Sən demə, dövlət sirrini

Aləmə faş eləmişəm".

 

"Taleyin acığına" kitabında mənim üçün nümunə alınacaq yüzlərlə dərs təcrübə var. Amma ən çox təsir buraxan iki mövzudan söz etmədən keçməyəcəm.

 

Biri şairin oğlu Orxanla olan söhbətidir. O söhbətdə müdrik ata qayğısı düşüncə təmizliyi var. Orxan atasından soruşur:

 

"Bu düzgünlükdən nə qazanmısan?"

 

Fikrət Sadığın cavabı:

 

"Bu düzgünlük mənə hər şeydən əvvəl azadlıq vermişdir".

 

Fikrət Sadığın ikinci kədəri də türklük və Türkiyə üzərinədir.

 

Şirvad Şirinoğlu soruşur:

 

"Maraqlıdır, əvvəllər "türk" sözünü söyləməkdən qorxanların indi bir ayaqları həmişə Türkiyədədir. Siz heç Türkiyəyə getdinizmi?"

 

"Çox həssas nöqtəyə toxundunuz".

 

"Həssas yerinə toxunmaq!"

 

Bu həssas nöqtə yalnız Fikrət Sadıqda olsa deyəcəyik ki, bəlkə də onun talesizliyidir, olur belə şeylər! Amma çox təəssüf ki, bu "həssas nöqtə" minlərlə insanda var. Həm Azərbaycanda, həm də Türkiyədə... İstər Azərbaycanda olsun, istər Türkiyədə, bir-birinin dərdini, kədərini çəkən, bir-birini sevən və könüldən "qardaş" deyə qışqıranların həsrəti hələ də davam edir. Təəssüf ki, onlar üçün hələ sərhədlər açılmayıb.

 

Onlar hələ bir-birindən uzaqda, bir-birindən ayrıdırlar. Sovetlər Birliyi çökdü, qadağanlar qalxdı, amma Türkiyədə Azərbaycan, Türküstan deyə-deyə zindanlara düşən insanların çoxu həsrətindən yandıqları o gözəlim ata yurdlarını görmə imkanlarına qovuşa bilmədilər.

 

Yazının əvvəlində yazdığım kimi, o, gözlərimdə türk paşası idi. Amma şair olaraq da gerçək, yarpaqların xəzan olacağı vaxt öləcəyini təxmin edə bilən şair idi:

 

Ümidim yaralı bir quş

Qolum, qanadım qırılmış.

Üşüyürəm, xəzəl olmuş

Yarpağı örtün üstümə.

 

Xəzəl olmuş yarpaqları bir quş kimi yağacaqlar üstünə, Fikrət Sadıq! Sən rahat uyu... Oğlun Orxan könlündəki dağı da gətirib üzərinə örtəcək, narahat olma...

 

Göylər niyə zalım olsun?!

Tale mənə zəmin olsun.

Bir dərə məzarım olsun,

Bir dağı örtün üstümə ...

 

Sənin ruhun şad, Orxanın da başı sağ olsun, Fikrət Sadıq!

 

Orxan ARAS

 

 

 

525-ci qəzet.- 2016.- 19 noyabr.- S.17.