“Başında qardan papaq...”

 

MƏRHUM ŞAİR FİKRƏT SADIQ ÖMRÜNÜN BƏZİ MƏQAMLARI XATİRƏ İŞIĞINDA

 

 

 

On-on iki il əvvəlin söhbətidir, işıqçılar haqqında kitabımı çapa hazırlayırdım.

 

Kitabda uzun illər energetika sahəsində sahədə çalışan mütəxəssislərlə yanaşı, həyatının müəyyən illəri bu sahə ilə bağlı olan məşhurlar haqqında da yazmaq istəyirdim. Fikirləşdim ki, beş il montyor işləmiş Fikrət Sadıqdan  müsahibə almaq da maraqlı olar. O vaxt Fikrət müəllimlə tanışlığım yox idi. Buna baxmayaraq, Yazıçılar Birliyinə gedib Fikrət müəllimi tapdım, ondan  müsahibə almaq fikrimi söylədim, lakin şair qəti şəkildə etiraz etdi: “Mən müsahibə verməyi xoşlamıram, get kitablarımda, qəzet-jurnallardan dərc olunan şeirlərim var, götür, qədər yazırsansa yaz”.

 

- Ay Fikrət müəllim, onlar öz yerində, amma mən sizin montyorluq peşəniz haqqında yazmaq istəyirəm. Bəlkə bir 15-20 dəqiqə vaxt ayırasız, diktofon da üstümdədir, bir balaca söhbət edək...

 

- Yox, mən müsahibə vermirəm...

 

Heç cür şairi yola gətirə bilmədim. Ona görə bir müddət sonra  dost-tanışlardan xahiş elədim ki, müsahibə vermək üçün Fikrət müəllimi razı salsınlar. Qələm dostum Mübariz Məsimoğlu, mərhum şairimiz Tofiq Abdin mənim xahişimlə Fikrət müəllimi  yola gətirməyə çalışdılarsa da, cəhdləri səmərə vermədi.

 

Bir dəfə yenə Fikrət müəllimin otağında olanda Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid içəri daxil oldu. Fikrət müəllimiyola gətirməyiondan da xahiş etmişdim. O da xeyli zəhmət çəkdi, hətta mənim haqqımda bir-iki kəlmə  xoş söz söylədi:

 

- Fikrət müəllim, Süleyman siz gördüyünüz jurnalistlərdən deyil, özünüz görəcəksiz. Narahat olmayın,  siz müsahibə verin, qoy  yazıb gətirsin, özünüz oxuyun, nəyi məsləhət bilməsəz, düzəldərsiz...

 

- Gələn həftə əlaqə saxlasın, baxarıq...

 

Həftələr bir-birinə calanır, lakin onu heç cür razı sala bilmirdim. Bir dəfə növbəti dəfə Fikrət Sadıqla bu mövzuda danışanda onunla bir otaqda əyləşən Xalq şairi Qabil söhbətə qarışası oldu. Qabil müəllimin müdaxiləsi çox ərkyana ötkəm oldu. O, üzünü şair dostuna  tutub:

 

-A kişi, çətin şey var burda? Bu cavan oğlanı hər həftə niyə get-gələ salırsan? Müsahibədi , verirsən ver, vermirsənsə niyə bu həftədən o həftəyə, o həftədən bu biri həftəyə uzadırsan?

 

- Yaxşı, yaxşı, gələn dördüncü gün gələrsən, söhbət edərik. İndi bir az xəstə kimiyəm...

 

Qabil müəllim bu dəfə üzünü mənə tutub dedi:

 

- Diktofonun üstündədi?

 

- Üstümdədi, Qabil müəllim!- dedim.

 

Yenə üzünü şair dostuna tutub bayaqkı ərkyanalıqla dedi:

 

-Vəssalam! Fikrət, xəstə-zad deyilsən. Otur, müsahibəni ver, qurtarsın getsin. Hər həftə boş yerə niyə aparıb- gətizdirirsən bu oğlanı?

 

O, bu sözləri deyib bizə sərbəstlik vermək üçün şair dostu Abbas Abdulla ilə bayıra çıxdı. Fikrət müəllimin müsahibə verməkdən başqa yolu qalmadı...

 

Fikrət müəllimdən aldığım müsahibəni onun özünə oxutdurandan sonra kitabımda dərc etdim. O vaxtdan şairlə xoş münasibətimiz, dostluğumuz yarandı...

 

Yadımdadır ki, bir səhər Fikrət müəllimi əlində açar otağının qapısını açmağa çalışan gördüm lakin qapı açılmırdı. Yaxınlaşıb hal-əhval tutdum:

 

- Necəsiz, Fikrət müəllim, səhhətiniz necədir?

 

- Çox sağ ol, oğlum, yaxşıyam!

 

- Fikrət müəllim, açarı verin, kömək edim.

 

- Yox, oğlum, narahat olma, özüm açaram, qapını  aça bilməsəm, ondasəhhətsözündəki “h” hərfinin biri düşər...

 

Bir dəfə dənizlə əlaqədar bir söhbət elədi. Danışırdı ki, oğlum Orxan məni dəniz kənarındakı bağ evinə apardı. Axşam şam edəndən sonra hamı yuxarı mərtəbədəki evə qalxdı, mənə isə yatmaq üçün birinci mərtəbədə yer açdılar. Səhərə qədər  dənizin uğultusundan, küləyin, dalğaların səsindən gözümü yummamışam.  Dəniz elə uğuldayırdı, elə bilirdim su gəlib həyətə, qapı-bacaya, çarpayının altına dolur. Səhəri dirigözlü açdım. Tezdən Orxan aşağı düşüb soruşdu:

 

- Necə yatdın, ata?

 

Fikrət müəllim deyir:

 

- Səhərə qədər bir çimir yuxu da almamışam. Siz yatmışdız, xəbəriniz yox idi, dənizin suyu gəlib dolmuşdu qapı-bacaya. Mən burda qala bilmərəm, oğul...

 

- Ay ata, danışırsan, səni gətirmişəm ki, heç olmasa beş-on gün burda dincələsən, dənizin səsinə qulaq asasan.

 

-Yox, oğul, xahiş edirəm məni elə indi şəhərə qaytar, - deyə təkid edir.

 

Elə həmin gün Orxan onu şəhərdəki mənzilə qaytarmalı olur...

 

...80 yaşı tamam olanda zəng vurub hal-əhval tutdum:

 

-Necəsiz, Fikrət müəllim? - deyə soruşdum.

 

Yenə özünəməxsus yumorundan qalmadı:

 

-Necə olacağam? Üç yerdənskvoznyakvurur...

 

Skvoznyakdeyəndə şair “80” rəqəminin yazılışındakı dairələri nəzərdə tuturdu. 85 yaşı tamam olanda yenə zəng elədim:

 

-Fikrət müəllim, indiskvoznyak”lardan biri azalıb, yaxşı olarsız...

 

- Çox sağ ol, oğlum, babatam.

 

İndi düşünürəm ki, şairin 86 yaşında dünyadan getməsinə bəlkə elə yenə üçskvoznyaksəbəb olub...

 

O, əzəmətli boy-buxunu, bəmbəyaz saç-saqqalı ilə nağıl qəhrəmanlarını xatırladırdı. Fikrət müəllim elə bil nağılların içindən çıxıb gəlmişdi. Əmək fəaliyyətinə işıqçı kimi başlamışdı. Düz beş il evlərə, mənzillərə işıq çəkəndən ürəklərə, könüllərə söz işığı çəkirdi. Oxuyanlar bu işığından istisindən qızınıblar, eşidənlər məmnun olublar.

 

Həyat onu çox sınaqlara çəkmişdi. Yetimçiliyin, atasızlığın, kasıblığın hər üzünü görmüşdü. Məktəbli vaxtı dizə qədər çıxan qar yolları-izləri bağlayanda ataları dərsdən çıxan uşaqları qucağına alıb aparanda o, qarlı yolların ortasında onun-bunun üzünə baxa-baxa qalıb. Neçə məktəb dəyişməli olub, “xalq düşməninin oğluolduğuna görə hətta onu məktəbdən xaric ediblər. Bakı Dövlət Universitetində oxuyarkən yenə həmin təhlükə ilə üzləşib, lakin heç bir maneəyə baxmayaraq o, özünü sübut edib. Poeziyada isə Fikrət Sadıq yazdığı kitablar,  bənzərsiz üslubu unudulmaz, az qala zərb-məsələ çevrilən misraları ilə həmişə yaşayacaqdır.

 

Kimi onu Dədə Qorquda, kimi Balzaka, kimiMopassana bənzədirdi. Amma mənə elə gəlirdi ki, Fikrət Sadıq daha çox Şaxta babaya bənzəyir -”saç-saqqalı qardan , başında qardan papaqolan Şaxta babaya.Elə ömrünün sonunda da “qarlı dağlar aşaraqözünün əbədiyyət dünyasına üz tutdu...

 

Süleyman QARADAĞLI

 

 

 

525-ci qəzet.- 2016.- 19 noyabr.- S.17.