Zərrələrin yallısı - "İşığa gedən yol"

 

 

"Dilinin altında saxlanan insan,

Dilinin üstündə özün özünsən".

 

X.A.ÖZTÜRK

 

Artıq geniş ictimaiyyətə məlum olduğu kimi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın "İşığa gedən yol" tarixi-sənədli romanı işıq üzü görüb.

 

Sona Vəliyevanın yaradıcılığına çox yaxından bələd olduğum üçün onun bu kitabını da əldə etməkdə maraqlı idim. Zira müəllifin uzun illərdən bəri bu roman üzərində çalışdığını özündən eşitmişdim.

 

Kitabı müəllifdən hədiyyə qəbul edən gün ilk otuz səhifəsini birnəfəsə oxudum. Lakin mütaliə adətimə uyğun olaraq gündəlik oxumaq normam bitdiyindən kitabı vərəqləməyə başladım və nəzərlərim 348-ci səhifədə rast gəldiyim Məhəmməd Ağa (Şahtaxtınski) adının üstündə dayanaraq sətirləri qovmağa başladım. Bu barədə az sonra davam edəcəyəm.

 

...Əvvəlcə bunu qeyd etməliyəm ki, əslində oxucuya roman kimi təqdim olunan bu əsər özündə bir sıra mühüm xüsusiyyətləri cəmləşdirən Azərbaycan tarixinin aydınlaşma dövrünə aid salnamədir. Burada XIX əsrin sonlarından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi və mədəni proseslər, ötən əsrdə ölkəmizin ümumi həyatına dair mühüm məqamlar, nəsillərin yadigarı olan adət və ənənələrimiz və sair məhz tarixi faktlar əsasında böyük ədəbi ustalıqla təsvir olunur. Ailə başçılarının, o cümlədən, evdəki qız-gəlinin, ev xanımlarının nümunəvi davranışı, ata-oğul münasibəti, baba və nənənin tükənməz nəvə sevgisi, ailədəki bütün qarşılıqlı xoş münasibətlər tendensiyasında bir-birindən maraqlı məqamları oxucu ilə səmimi ünsiyyətə girir. Ədəb-ərkan, səxavət, ədalət, Vətən sevgisi, milli şüurun inkişafı məsələlərində istifadə olunmuş çoxsaylı ifadələr, el məsəlləri əsərin milli koloritini anbaan artırır.

 

"İşığa gedən yol" salnaməsi azərbaycançılıq məfkurəsinin çiçəklərindən çəkilən bal şirinliyində bir yaradıcılıq nümunəsidir. Burda hər şey vətən, torpaq, millət, bəşəri hisslər, dünyəvi dəyərləri, inkişaf və tərəqqi anlamını təmin edən elm çalarlarında inkişaf edir. Əsərin süjet xəttində insan zəkasının inkişafına aid bir-birindən həssas və vacib şərtlər öz əksini tapır ki, bu da davamlı olaraq yüksələn xətlə irəliyə doğru hərəkətdədir. Kiçik Həsəni Zərdabi zirvəsinə aparan yolun çiləsi kitabın giriş səhifəsində o qədər böyük məharətlə qələmə alınmışdır ki, əsərin əsas qəhrəmanının zəka nuru oxucu könlündə Günəşə çevrilir. Əsəri oxumağa davam etdikcə insanda belə bir qənaət əxz olunur ki, insan kainatın bir parçası deyil, insan özlüyündə bir kainatdır. Odur ki, zəka və düşüncəsi bioloji varlığından daha sürətlə gəlişən Həsənin ağzından çıxan heç bir hikmətli söz və ifadə oxucuda təəccüb yaratmır. Çünki doğru söz, elə doğrunun özüdür. Və yaxud, həqiqət güclüdür, amma onu ortaya qoymağın yolu düz olmalıdır.

 

Sona xanım Vəliyevanın "İşığa gedən yol" tarixi-sənədli romanının ən mühüm səciyyəvi cəhətlərindən biri də Həsən bəy Zərdabinin Azərbaycan Milli Mətbuatının banisi statusundan daha yüksək zirvələrdə olan tarixi şəxsiyyət simasında verə bilməsidir. Müəllif böyük istedadla Həsən bəy Zərdabini sadəcə Azərbaycan Milli Mətbuatının banisi obrazından çıxararaq onun əlçatmaz zirvədə olması barədə oxucuda tam şəkildə aydın təsəvvür yarada bilmişdir. Romanda cərəyan edən bütün proseslərdə müəllif öz qəhrəmanını kiçik yaşlarından əzizləyə-əzizləyə hamının ehtiram etdiyi Həsən bəy Zərdabi zirvəsinə qədər addım-addım yüksəldir. Bu yüksəlişdə təsadüf yoxdur. Müəllif yeniyetmə Həsəni çirkabdan, pis olan hər bir şeydən məharətlə qoruyaraq onun əsl kişilik xüsusiyyətlərini, mərdliyini, qayğıkeşliyini və cəsarətini bir-birinə bağlı şəkildə tərənnüm edir. Müəllif böyük ədəbi ustalıqla Həsən bəyin milli xüsusiyyətlərini tərənnüm etməklə gənc nəsil qarşısında çox səmimi bir şəkildə ana öyüdü verir. Tələbə Həsənin düşüncəsində formalaşdırılaraq oxucuya təlqin edilənlər tərbiyəvi əhəmiyyət daşıyır və olduqca nəsihətvericidir.

 

Əsəri oxuyarkən istər-istəməz böyük Mirzə Cəlilin "Anamın kitabı"ndakı məşhur obrazları göz önünə gətirməli olursan. Mirzə Cəlilin məktəbinin davamçısı Sona Vəliyeva ustad yazıçının böyük arzusunu həyata keçirərək "Anamın kitabı"ndakı milli obrazın əsl təsvirini yarada bilmişdir. Rəhim bəyin, rus dilini bilən, bu dildə elm alan ailə üzvləri milli hisslərini, milli düşüncəni qorumaqla nümunəvi obrazlar silsiləsi kimi tərbiyəvi xarakter daşıyır və onların hər biri ailə idarə etmə mədəniyyətinin inkişafı baxımından səciyyəvidir. Sona Vəliyeva öz ustadından tamamilə başqa bir metodla elmli bir ailənin, ocağın sağlam düşüncəsini oxucuya çatdırır. Rəhim bəy şəcərəsi elm və təhsil sevgisi ilə yaşayır. Bu evdə sabaha olan bütün ümid və inam məhz elm və təhsil üzərində köklənib. Yaxşı deyiblər "Su axıb çuxuru tapar". Evin qarabağlı gəlini də öz elmi ilə əsərdəki aydınlaşma prosesinə doğru açılan milli cığırdakı şəffaflığı qoruyur. Təsadüfi deyildir ki, Rəhim bəy gəlini Mənzər xanımın elmli olmasından qürur duyur, öyünür.

 

Romanda xüsusilə diqqəti çəkən məsələlərdən biri də azərbaycanlı ailələrdə doğma insanların itkisinin yaratdığı sarsıdıcı mühitin təsviridir. Kiçik Həsənin ata, Mənzər xanımın ər itkisinə münasibətləri o qədər həssaslıqla verilmişdir ki, bu bölümləri oxuyarkən duyğulanmamaq mümkün olmur. Amma müəllif, oxucuya kədəri qarşılamağı yaşatdığı kimi "həyat davam edir!" anlayışını da aşılamağı bacarır. Bu mənada kədər və nisgil ardından mübarizlik hissi üzücü məqamları sürətlə arxada qoyur.

 

Ziyalılar və böyüklər adından səsləndirilən nəsihətlər, tərbiyəvi söhbətlər bir qayğıkeş ana arzuları kimi oxucunun xoş ovqatını durmadan artırır.

 

Müəllif XIX əsr Azərbaycan aydınlarının qədim Naxçıvanın Şahtaxtı kəndində Şahtaxtınskilər sülaləsinin ata ocağına toplamaqla tarixi prosesləri əks etdirən parlaq bir lövhə yaradır. Şahtaxtı kəndindəki isti yay günlərinə özünəməxsus sərinlik gətirən Şəril  düzünün mehi ilə Muğan düzünün isti yeli eyni koloritli sevgidə əzizlənir. Məhz buna görə də, salnaməçinin iki qeyri-oxşar iqlimə olan məhəbbət vəhdəti Azərbaycanın hər bir daşına, kəsəyinə, çınqılına olan tükənməz eşqin təzahürü kimi ortaya çıxmışdır. Kitabın əvvəlində isə müəllif Təbriz, Şamaxı və Qarabağ sənətkarlarının Muğan torpağında bir araya gətirmişdi. Bu iki bölgədəki məlum görüşdürmələr Azərbaycanın bütövlüyünü xarakterizə edən ülvi bir istəyin göstəriciləridir.

 

İnsan varlığında od, torpaq, hava və su ünsürlərinin rolu fəlsəfəsini əsas tutan müəllif öz qəhrəmanlarının Azərbaycan adlı yurdun hər qarışında dolandırmaqla və yaxud Azərbaycana aid varlıqları onun ətrafına gətirərək düşüncə xəlbirindən ələməklə azərbaycançılıq məfkurəsinin mahiyyətini öz arzu və istəkləri ilə yeni bir formada oxucuya təqdim edir. Burada milli məfkurənin əsaslarını Azərbaycana olan ülvi məhəbbət təşkil edir. Böyük filosof-şair Məmməd Arazın təbiri ilə desək: "Vətən mənə oğul desə, nə dərdim!.."

 

Məlum olduğu kimi dünya ədəbiyyatında, çox məşhur olan əsərlərdə yuxu görmələri və qarabasmalar, onların yozumları barədə maraqlı, oxucu üçün düşündürücü olan təsvirlər vermişlər. Yuxu görmələri və qarabasmaların insan taleyi üçün, baş verəcək hadisələr barədə əvvəlcədən xəbər verən anlayış kimi insan düşüncəsində öz əksini tapmışdır. Böyük filosof-yazıçı İsa Hüseynovun, təbrizli mütəfəkkir Şeyx Ensarinin, eləcə də dünyanın bir çox məşhur ədiblərinin ölməz əsərləri yuxugörmələr və qarabasmalar barədə insanı, oxucu qəlbini öz təsirinə salan məqamlarla zəngindir. Azərbaycan yazıçı və şairləri də zaman-zaman öz yaradıcılıqlarında bu taktikadan istifadə etmişlər. "İşığa gedən yol" əsərində isə yuxugörmə anlayışına tamamilə yeni bir baxışdan yanaşılır. Əvvəla bu əsərdə Rəhim bəy yuxusunu müqəddəs torpaqda görür. Təbii ki, Məkkə ziyarətində görülən yuxu müqəddəs anlam daşımalıdır. Yazıçı bütün bu məqamları böyük məharətlə inkişaf etdirir. Armud ağacı, onun qızıl və gümüşdən olan meyvələri, şəffaf yarpaqlar, yerə səpilmiş meyvələrin nur çiləməsi kimi məsələlər kitabın adı və məzmunu arasında qırılmaz körpü yaradır. Ümumiyyətlə, yazıçının yuxu təsvirləri romandakı proseslər arasında yumşaq bir əlaqə yaradaraq hadisələrin inkişafını sürətləndirməklə bərabər oxucuda qəhrəmanının gələcək nailiyyətlərini görmək ümidi yaradır. Gimnazist Həsənin yuxusunu onun babasının müqəddəs torpaqdakı yuxusunun davamı kimi də dəyərləndirə bilərik. Onun Moskvadakı yuxusu isə zamanında eşitdiyi ibrətamiz nəsihətlərin düşüncəsinə əbədi yol açmasının təsviridir. Yuxunun insan ovqatına təsirinə fəlsəfi yanaşmaya dünya şöhrətli yazıçı Dostoyevskinin əsərlərində də rast gəlirik. Dostoyevskinin "İnsancıqlar" əsərində Makar Devuşkinin gördüyü yuxu bədii ideyanın açılışına əsrarəngiz gözəllik gətirir və əsəri daha oxunaqlı edir. Sona xanımın "İşığa gedən yol" əsərində yuxunun Rəhim bəydə yaratdığı əhval-ruhiyyədə oxşar cəhətlər görə bilirik. Rəhim bəyin yuxusunu Məkkədə görməsi fikri və ideyanı fərqli çatdırılmağın ruhsal təsirə malik bədii metodudur.Yuxunun qəlbində yaratdığı misilsiz inamı yazıçı böyük bədii ustalıqla müqəddəsləşdirməyi bacarmışdır. Analoji müqayisəni Puşkinin məşhur "Yüzbaşının qızı" əsəri ilə də apara bilərik. Qeyd etməliyəm ki, Sona xanım Azərbaycan, türk, ərəb, tatar və fars dillərində nəşr olunan şeirlərində də yuxu mövzusuna poetik ustalıqla müraciət etmişdir.

 

Sona Vəliyeva Ulu Dədə Qorqudun "...Torpağın yiyəsi olmaq üçün iki şərt var: Bir odur ki, bu torpağı gərək əkib becərəsən, o birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin əkib becərməyə dəyməz" nəsihətini özünün pak arzuları, dəyişməz prinsipləri ilə böyük ustalıqla davam etdirərək yazır: "Torpaq mülkdür. Ata-babadan bir-birimizə miras qoyduğumuz mülk! Amma var-dövlət o deyil, Əsl var-dövlət atanın övlada verdiyi təhsil, tərbiyədir..." Bəli, torpağın qorunması bir tərəfdən qeyrətə bağlıdırsa, digər tərəfdən savada və ağıla söykənir. Bunların isə əsası ailədən başlayır.

 

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, yazıçı roman boyu böyük ustalıqla Azərbaycan tarixi, mədəniyyəti, xalq yaradıcılığının inciləri, milli yaradıcılıq xüsusiyyətləri, zəngin mətbəx rəngarəngliyi barədə mühüm məqamları əlaqəli şəkildə, məhz yerində oxucuya çatdıra bilir. Rusiyalı məmurların Azərbaycan mətbəxinə heyranlığı, Şamaxının qədim və yaxın tarixi, Ərdəbil xalçalarındakı şifrəli yazılarına dair məlumatlar bütün bunlara əyani misaldır. Bu məhz onun göstəricisidir ki, müəllif el adətlərinə, mənəvi dəyərlərə, mətbəx mədəniyyətinə dair dərin bilgiyə sahibdir. O həm də təkcə öz millətinin dəyərlərini yox, başqa xalqların da külturunu həm bilir, həm də ehtiramla yanaşır. Həsənin Moskvadakı xəstəlik səhnəsinin qurulmasında şahidi oluruq ki, yazıçı böyük sevgi ilə Qafqaz və Slavyan xalqlarının yemək nümunələrini bir süfrəyə gətirərək əslində əsaslı bir şəkildə millətlərin mətbəx mədəniyyətləri arasında qədim qohumluq əlaqələrini gündəmə gətirir. Müəllif Qafqazda sülhün və xalqlar arasında dostluğun əhəmiyyətinə böyük önəm verərək ciddi çağırışlar edir. O, azərbaycanlı olmağından qürur duyduğunu nə qədər ustalıqla nümayiş etdirə bilirsə, qafqazlı olmasından da iftixar keçirdiyini də bir o qədər məharətlə çatdıra bilir. Tarixi şəxsiyyətlərin dili ilə gimnazist və tələbə Həsən haqqında deyilən dəyərli fikirlərlə müəllif öz yenilməz qəhrəmanını bir qafqazlı azərbaycanlı kimi əzizləyir, onu bir ata, doğma qardaş məhəbbəti ilə səmimiyyətlə uca tutur. Unudulmamalıdır ki, hesaba çəkilmədən, hesaba çəkmək qələbənin yarısıdır.

 

Tarixi proseslər, yer və insan adları, görkəmli şəxslər, onların ailə üzvləri və həyat tərzləri, daşıdıqları vəzifələr müəllif tərəfindən bir tarixçi dəqiqliyi ilə qələmə alınmışdır. Nikolay Nikolayeviç (Fərəc bəy Ağayev), Sergey Mixayloviç Solovyov, Vilhelm de Rubrik, Sultan Mahmud Qazan xan, Heydərqulu xan Kəngərli, Məmmədəli bəy Vəliyev, Vissarion Qriqoryeviç Belinski, I Nikolay (Palkin), Nikolay Mixayloviç Karamzin və digər tarixi şəxsiyyətlər barədə romanda verilən məlumatlar Sona xanımın bədii yaradıcılığına xüsusi bir dəyər verir və bütün bu məlumatlar etibarlı mənbə statusunu qorumaqla tədqiqatçılar üçün yardımçı xarakter daşıyır. Kitabda adları çəkilən tarixi şəxsiyyətlər, onların xarakterləri, prinsipləri, həyat tərzləri və sair barədə yazılanlar müəllifin böyük zəhmətlə əldə etdiyi tarixi araşdırmalarının və axtarışlarının real nəticəsidir. Sona xanım bu şəxsiyyətlərin hər birinə, o cümlədən, hiss və duyğularına təcrübəli psixoloq həssaslığıyla yanaşmağı bacarmışdır. Romandakı ibrətamiz ifadələrdən birinə müraciət edək:"Bu dünyada insan əsəbləri üçün şübhələr qədər zərərli heç nə yoxdur".

 

Müəllif böyük məharətlə "falaqqaya", "hövlnak", "məcməyi", "covkan-kəbir", "muska", "rüsxət", "urvat", "qanovuz", "müsamirə", "sivri əlifba", "xardal", "umac", "yovşan" kimi dilimizdə köhnəlmiş, "arxaik" və yaxud çox gec-gec rast gəlinən sözlərdən istifadə etməklə əsərin tarixiliyinə böyük önəm qazandırır. "Elm" və "təhsil"  müəllifin ən çox istifadə etdiyi sözlər sırasında öz liderliklərini qoruyurlar. Müəllif çağırış edir ki, hansı xalqa məxsus olmasından asılı olmayaraq milli-mənəvi dəyərlər, əlalxüsus elmlə təhsillə dair ənənələr, elmə bağlılıq hamı üçün eyni dərəcədə əhəmiyyətli, bütün bəşəriyyətə faydalıdır.

 

Həsən bəy Zərdabi Azərbaycan aydınlaşmasında heç vaxt külə dönməyən ocaqdır. Onun yaratdığı irs əbədiyyətə doğru şölə saçır, nur çiləyir, yol göstərir. Müəllif də məhz bu həqiqətlər əsasında romana ad seçmişdir "İşığa gedən yol". Bu yol üzərində zərrələr yallı tutmuşdur. Müəllif olduqca incə üsulla ustad qəzetçinin cənazəsin sönməyən nur təsvirində verir. Azərbaycanın ən görkəmli simalarının şəxsiyyəti məhz bu nurun şöləsində daha da parlaqlaşır.

 

Və nəhayət, kitabın üz qabığının məzmunu və poliqrafiya keyfiyyəti onun adı ilə tam şəkildə mütənasibdir. Bundan başqa, düşünürəm ki, nəşrin məhz "Zərdabi LTD" MMC tərəfindən çap edilməsi də özündə dərin mənəvi məna əks etdirir. O cümlədən, kitabda müəllifin avtobioqrafiyasının yer almaması Sona xanımın Həsən bəy Zərdabi başda olmaqla Azərbaycan ziyalısı qarşısındakı son dərəcə səmimiyyəti sayğı duruşu, təvazökarlığıdır. Təvazökarlığın müqəddəs məqam olduğunu anlamaq və həyat fəlsəfəsinə çevirmək hər zaman insana başucalığı gətirir! Təvazökarlıq sözə, ədəbiyyata, milli mənə xidmət eləyən insanların könül ibadətidir. Başınız həmişə zirvələrdə olsun!

 

Heç şübhəsiz ki, Sona Vəliyevanın "İşığa gedən yol" romanı son iki əsrdə Azərbaycan ədəbiyyatında ərsəyə gələn ən qiymətli əsərlərdən biri kimi tarixə vəsiqə qazanacaqdır. Müəllifi böyük səmimiyyətlə təbrik edir, məqsədyönlü fəaliyyətində daha böyük uğurlar arzulayıram.

 

İstanbul, 16 oktyabr 2016

Sabir ŞAHTAXTI

siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist

 

 

 

525-ci qəzet.- 2016.- 22 noyabr.- S.7.