Məhkəmə-hüquq islahatları öz bəhrəsini verir

 

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

 

 

Bir əsrə yaxın yaşı olan Azərbaycan ədliyyəsi bu gün özünün ən şərəfli inkişaf dövrünü yaşayır.

 

İstər yarandığı vaxt inqilabi illərdə, istərsə də sovetlər dönəminin durğunluq şəraitində milli ədliyyəmiz rolu və funksiyaları dəyişməklə siyasi eksperimentlərə məruz qalmış, çətin və keşməkeşli bir yol keçərək, nəhayət ötən əsrin 90-cı illərində müstəqilliyimizin bərpası ilə dövlət strukturunda və cəmiyyətdə öz layiqli yerini tutmuşdur. Təbiidir ki, bu proses müasir milli Azərbaycan dövlətçiliyinin banisi və memarı Ulu öndər Heydər Əliyevin mükəmməl idarəçilik konsepsiyası və xidmətləri sayəsində reallaşmışdır. Əvvəlki dövrdə uzun illər formal qurum olaraq qalmış Azərbaycan ədliyyəsi məhz Ümummilli liderimizin iradəsi ilə demokratik dövlətə xas olan yüksək status əldə etmiş, ona geniş səlahiyyətlər verilmiş, nüfuzu böyük ölçüdə artaraq, mühüm dövlət orqanına çevrilmişdir.

 

Yeri gəlmişkən, hər il fərəhlə qeyd etdiyimiz ədliyyə işçilərinin peşə bayramı da Ulu öndərin xeyir-duası ilə təqvimin və həyatımızın yaddaqalan səhifəsinə çevrilmişdir.

 

2000-ci illərin əvvəlindən, xüsusilə cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra Azərbaycan ədliyyəsinin və məhkəmə sisteminin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

 

Ulu öndərin başladığı mütərəqqi islahatları inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin genişləndirilməsi və müasirləşdirilməsinə xidmət edən tarixi əhəmiyyətli fərmanlar, sərəncamlar imzalamışdır. Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" nazirliyin fəaliyyətinin daha da yaxşılaşdırılmasına, onun səmərəliliyinin yüksəldilməsinə əlverişli imkan yaratmışdır. 

 

Dövlət başçısının 17 avqust 2006-cı il tarixdə imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmanla aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiyasını və səlahiyyətlərini dəqiq müəyyən etmiş, onun cəmiyyətdə rolunu və əhəmiyyətini daha da artırmış, nazirliyin üzərinə yeni məsul vəzifələr qoyulmuş, yeni struktur qurumlar yaradılmışdır.

 

Ədliyyə sistemi ilə yanaşı, insan hüquq və azadlıqlarının təmini baxımından ötən müddətdə məhkəmə sistemində yeni dövrün tələblərinə cavab verən islahatların aparılması da Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Ölkə rəhbəri bölgələrin inkişafı tədbirlərinin davamı kimi 19 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı fərman imzalamışdır. Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsi ilə şərtlənən bu fərman dövlət başçısının məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. Ötən müddət ərzində "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlara 100-dən çox mütərəqqi əlavə və dəyişikliklər edilmiş, yeni dövrün reallıqları ilə şərtlənən bir sıra qanunvericilik aktları qəbul olunmuşdur.

 

2005-ci ilin fevral ayında yeni qanunvericiliyə uyğun olaraq demokratik əsaslarla formalaşdırılmış Məhkəmə-Hüquq Şurası ədliyyə naziri, birinci dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun rəhbərliyi ilə ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycanda məhkəmə-hüquq islahatlarının yeni mərhələsində görülən işlərin təşəbbüsçüsü və təşkilatçısı kimi mühüm və səmərəli fəaliyyətə başladı.

 

Ötən dövr ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər istər əhəmiyyətinə, istərsə də miqyasına görə seçilməklə, islahatlar prosesində yeniliklərlə zəngin bütöv bir mərhələ təşkil edir. Şuranın yeni tərkibdə fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılaraq, fəaliyyətin təkmilləşdirlməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

 

Bu tədbirlər sırasında ədalət mühakiməsinin çatımlılığı üzrə göstəriciləri nəzərə alaraq son illər ərzində ölkə ərazisində geniş regional məhkəmə şəbəkəsinin, o cümlədən, vahid apelyasiya məhkəməsini əvəz edən regional apelyasiya məhkəmələrinin, həmçinin ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin yaradılması yalnız bir məqsədə - regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə isə, Prezident İlham Əliyevin fərmanlarına əsasən 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

 

Məhkəmələrə inamın artırılması və onların real müstəqilliyi baxımından kimlərin hakim seçilməsi, bu prosedurun obyektivliyi və şəffaflığı müstəsna əhəmiyyət kəsb edir. Bu məsələyə xüsusi diqqət yetirilərək, Azərbaycanda Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hakimlərin maksimum şəffaf seçim qaydası işlənib hazırlanmışdır. Seçimin aparılması məqsədilə ayrıca müstəqil orqan -  əksər üzvləri hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bu seçim proseduru sayəsində ölkəmizdə yeni nəsil hakimlər yetişmişdir və hazırda onlar bütün hakim korpusunun 60 faizdən çoxunu təşkil edir. Avropa Şurası və Avropa İttifaqı bu sahədə Azərbaycanın təcrübəsini öyrənərək, onu yaxşı praktikaların maraqlı modeli kimi qiymətləndirmişdir. Bu seçim proseduru Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən üzv dövlətlər üçün müsbət nümunə kimi tövsiyə olunmuşdur.

 

İslahatların tərəqqisini görən nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə qurumları Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki tədbirlərə dəstək vermək üçün təşəbbüs göstərirlər. Məlum olduğu kimi, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb. Artıq 11 məhkəmə üçün konseptual baxımdan yeni bina və komplekslər tikilərək istifadəyə verilmiş, 10 məhkəmə üçün isə yeni bu kimi binalar inşa olunmaqdadır. Bütün binalar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur.

 

Ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq islahatları çərçivəsində son vaxtlarda reallaşan ən mühüm yenilik Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli  sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasına başlanılmasıdır. Bu ən mütərəqqi sistemin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndəriləcək, ifadələr elektron daşıyıcılara qeyd olunacaqdır. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir.

 

Bundan başqa, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən biri olacaqdır. Bu sistem məhkəmə proseslərinin elektron qaydada qeydə alınmasına və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud sonradan izlənilməsinə imkan verəcəkdir.

 

Əslində, Azərbaycanda məhkəmələrin həm daxilən - mahiyyətcə, yəni ədalət mühakiməsinin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından, həm də zahirən - yeni, ən müasir təcizatlı binalarla təmin olunması ilə bağlı əlavə xeyli faktlar gətirmək, konkret misallar çəkmək olar. Amma zənnimcə, görülən işlərə xarici mütəxəssislərin, nüfuzlu beynəlxalq ekspertlərin gözü ilə baxmaq daha maraqlı olardı. Əyani olsun deyə mətbuatdan izlədiyim və iştirakçısı olduğum bəzi tədbirlərdə səslənmiş bir neçə fikri qeyd etmək istərdim.

 

Təxminən iki il əvvəl Quba Rayon Məhkəməsinin ən müasir tələblərə cavab verən yeni binasının açılış mərasimində iştirak edən Dünya Bankının ölkə üzrə meneceri xanım L.Leşçenko çıxışında qeyd etmişdi ki, təmsil etdiyi Bankın ekspertlərinin rəyinə görə, Azərbaycanda inşa olunan məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir. O, həmçinin, Azərbaycanın bu sahədə nailiyyətlərinin geniş təbliğ olunmasının əhəmiyyətini vurğulamışdı.

 

Bu ilin mart ayının əvvəllərində Bakıda Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"ndə təşkil olunmuş seminarda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri son dövrdə tikilib istifadəyə verilmiş Yasamal və Oğuz rayon məhkəmələrində, Şəki Məhkəmə Kompleksində yaradılmış şəraitdən, ən müasir İKT-dən istifadə və digər yenilklərdən heyranlıqla danışaraq, belə məhkəmə binalarının Avropanın heç bir ölkəsində olmadığını bildirmişlər.

 

Yenə bu ilin martında həmin layihə çərçivəsində Fransanın Strasburq şəhərində təşkil olunmuş praktiki seminarda CEPEJ prezidenti cənab Georq Stava çıxışında bildirdi ki, o, bir neçə dəfə Yasamal Rayon Məhkəməsində olub. Orada şahidlər üçün, xüsusilə uşaqlar üçün yaradılmış şərait Avropa ölkələrinə bir nümunədir. Avropada belə gözləmə otaqları yoxdur.

 

Həmin tədbirdə məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı söhbət mübadiləsi zamanı Avropa Şurasının Layihə əlaqələndiriciləri Leonid Antohi belə bir fikir söylədi: "Elə düşünmək lazım deyil ki, Azərbaycan islahatların aparılması sahəsində Avropa ölkələrinə çatmağa çalışır. Əksinə, bir sıra göstəricilər üzrə Azərbaycan çoxlarından irəlidədir".

 

Yeri gəlmişkən, bu yaxınlarda Yasamal Rayon Məhkəməsinin hakimi  Ramin Qurbanovun Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti seçilməyi də təsadüfü deyil. Bu faktın özü, eləcə də yuxarıda qeyd olunanlar sübut edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün sahələrdə əldə etdiyi nailiyyətlər, o cümlədən, hüquq islahatlarının uğurla aparılması nəticəsində Avropada, dünyada demokratik dəyərlərə sadiq bir dövlət kimi tanınır, beynəlxalq hüquq əməkdaşlığı sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur.

 

Şübhə yoxdur ki, Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı insan hüquqlarının etibarlı təminatına xidmət edən ədliyyə və  məhkəmə sisteminin inkişafı üzrə aparılan mütərəqqi islahatlar bundan sonra da öz bəhrəsini verəcək və gənc müstəqil dövlətimizin nüfuzunu daha da artıracaqdır.

 

Fürsətdən istifadə edərək, bu əziz bayram münasibətilə bütün ədliyyə işçilərini məhkəməmizin kollektivi adından təbrik edərək, şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayıram.

 

Xəqani TAĞIYEV

Salyan Rayon Məhkəməsinin sədri

 

 

525-ci qəzet.- 2016.- 22 noyabr.- S.4