Qələm
And olsun Qələmə!
Dedi
Allah!
Yazdıq,
yazdıq,
Lakin yüksələ bilmədik
O ucalığa!
Hər şey qaldı Sabaha.
Kölgəyə döndük,
Kölgələrdə gəzdik.
Axırda
yorulduq, bezdik.
İndisə gəlin biz
And içək Allaha;
"Sözdən uca
Heç
nəyə
Baş endirməyəcəyik
daha!"
Dedilər,
Dedik.
Vaxtdır,
Çəkilək səhnədən
Gedək!
Ruh
İndi
Ruhsuz bədənsən.
Yenə
də
Məni cəzb edirsən.
Söylə nədən?
Yanımda yoxsan axı?
Girmək
İstəyirəm içəri.
Bağlıdır qapı.
İçində bədənin.
Bəs hardadır
ruhun?
Üşüdür canımı
Sopsoyuq yoxluğun.
Yol üstəyəm
Yol üstəyəm,
Tutma məni
söhbətə.
Yaxşı bilirsən
Günün batar vaxtı -
Qürub
çağı
Düşmür mənə.
Özüylə qəm gətirir,
Kədər gətirir.
Bəd xəbər
gətirir.
...Yol üstəyəm
Arxadan çağırma.
Su at dalımca,
Çalış ağlama...
Bu gecə
Bu gecə
səbirsiz,
Hüzün lü, kimsəsiz,
Qılıqsız, hənirsiz.
Bu gecə
Dəniz qoxulu.
Elə bil
Barmaqlarımın ucu
Suya toxunur.
Bu gecə
Ulduzlar kimsəsiz,
Ay da kimsəsiz.
Hər şey tənha,
Hər şey sənsiz.
Kimsəsiz duyğular
Uçdu
divarlar,
Aşdı, dağıldı,
Döyüləsi,
Açılası,
Bağlanası qapılar.
İtirdi
rəngini
Buludlar,
Ağaclar.
Uçdu
quşlar
Qaranlığı yara-yara,
Söylə səslənə-səslənə
Getdilər hara?
Duyğularım,
Qırıq-qırıq
Pərən-pərən,
Nəyə qısıldılar,
Sığındılar görən?
Sənsizlik
Sənsiz
Keçən günlərin
İşığı az,
Dərdi çox.
Bu dərddən, bu kədərdən
Hisslərim oyuq-oyuq.
Qarşıdan payız gəlir,
Dirəkdəki lampalar
Lap elə bizim kimi
Gözləşir soyuq-soyuq.
Qanımdasan
Bu dünyanın
Dadı
sənsən,
Tamı sənsən.
Ürəyimin çırpıntısı
Qanı sənsən.
Gözlərimi açanda mən
Səhər-səhər
Görürəm ki,
Yanımdasan.
Bundan baha
Söylə görüm,
Nə istəyim
Səndən daha?
Qaranlıq
Bu da mən,
Sənin kölgən.
Sürünürəm arxanca.
Onda tələbə idim
İndi
ahıllığın
Astanasındayam.
Hələlik yoldayam.
Aksiom
Sabah
Bu gecədən başlayır.
Özü ilə
İşıq, nur daşıyır.
Yoldadır
Daimi
metro qatarı kimi.
Duyğularımı əsir edən
Van Qoqun
Və Səttarın
Boyalı
əlləri,
Nimdaş paltarı kimi.
Yazıya
gəlməyən şeir
Keçir ürəyimdən
Keçir bu şeir.
Ancaq
Nə sirdisə,
yaza bilmirəm.
Uçur
əllərimdən
Uçur bu şeir.
Saxlayıb
Mənasın yoza bilmirəm.
Oturub baxıram
Sığallı misralarına.
Nədənsə,
Sözləri yan-yana
Düzə bilmirəm.
Demək,
Məndən qüvvətlidir,
Güclüdür bu şeir.
Odur ki, dəftərə,
Yazı-pozuya,
Mənlə dərdləşməyə,
Söhbətə gəlmir.
Bəlkə də vaxt udur,
Zaman gözləyir?
Ələddin ƏZİMLİ
525-ci qəzet.- 2016.- 24 noyabr.- S.7.