Bəkir Çobanzadənin Budapeşt şeirləri

 

 

 

XX yüzillikdə Azərbaycan keçmiş SSRİ-nin digər türk respublikalarında türkologiya elminin görkəmli simalarından biri kimi tanınan professor Bəkir Çobanzadə doğma Krım-tatar ədəbiyyatının tarixinə həm özünə məxsus poetik dəsti-xəttə malik şair kimi daxil olub.

 

Onun bədii yaradıcılığının ən məhsuldar dövrü gənclik illərinə - Budapeşt universitetində ali təhsil aldığı dövrə təsadüf edir. Müəllifin mətnləri əldə olan 84 şeirindən 55-i 1917-ci ilin yanvar ayından 1920-ci ilin martına qədər Macarıstan paytaxtında qələmə alınıb.

Budapeştdən gənclik dostu Həmdi Atamana göndərdiyi 20 may 1917-ci il tarixli məktubda Bəkir Çobanzadə poeziyaya müraciətinin səbəblərini açıqlayaraq yazırdı: Hər halda bizdə ədəbiyyat şerin rolu, heç bir millətinki ilə müqayisə edilməyəcək dərəcədə böyük olacaq. Ən azı qarşıdan gələn iki-üç əsr ərzində...

 

Coğrafi etnoqrafik vəziyyətimiz olduqca bərbaddır. Tarixi keçmiş sərvətləri baxımından böyük bir millət olan türk-tatarlar hər yerdə azlıqda qalmış əcnəbi təsirlər altına düşmüşlər. Buna qarşı ən böyük çarəmiz heç olmazsa, bir dil birliyinə nail olmaqdan ibarətdir.

 

Dil birliyini gerçəkləşdirməyin ən mühüm yollarından biri onun nəzərində bədii söz, ədəbiyyat idi. Tələbə-şairin əksəriyyəti hələ kifayət qədər bişməyən, poetik baxımdan təkmilləşməyən şeirləri ilk növbədə bu ideyaya xidmət edirdi. Etiraf olunmalıdır ki, Budapeşt şeirlərinin bir çoxu sadəcə ilkin variant, eskiz xarakteri daşıyırdı. Güclü hisslər hələ öz adekvat obrazlı-poetik əksini tapa bilməmişdi. Təbii ki, müəllif özü üçün yazdığı şeirləri çap etdirəcəyi təqdirdə onların üzərinə yenidən qayıtmaq, dil, üslub, vəzn qafiyə baxımından daha da təkmilləşdirmək, cilalamaq niyyətində idi. Amma buna imkan tapmamışdı. Dil məsələsinə gəldikdə Bəkir Çobanzadə ilk qələm təcrübələrini Krım-tatar türkcəsinin geniş yayılan Çöl dialektində (dəniz sahili sakinlərinin dialektindən fərqlilik üçün bu ad seçilmişdi - V.Q.) yazmışdısa, sonralar imkan daxilində ortaq türkcədən istifadəyə daha böyük önəm vermişdi.

 

"Budapeşt şeirləri"ni çapı onu həmişə düşündürmüşdü. 7 sentyabr 1917-ci ildə Həmdi Atamana məktubunda bu məsələyə toxunaraq yazırdı: Sənə uzun bir şeirimi göndərirəm. Amma üzərində sənə ithaf olunduğu göstərilməyib. Əgər istəsən Budapeştdə yazdıqlarımın hamısını bir yerdə nəşr edərkən sənə ithaf eləyərəm. Hər halda bu parçanı diqqətlə oxumağınla bağlı tövsiyəm var. İçərisində bəzən ürəyini titrədən, gözlərini yaşardan duyğular tapacaqsan.

 

Tələbəlik həyatının son ilində Bəkir Çobanzadə Budapeşt şeirlərini Qaval səsləri ümumi başlığı altında üç dəftərdə toplamış çap üçün hazırlamağa başlamışdı. 1919 -cu il dekabrın 25-də gələçək kitabına kiçik, lakin həzin təsirli müqəddimə yazmışdı. Tam mətnini aşağıda gətirdiyim həmin ön sözdə deyilirdi:

 

Mənim yazılarım heç bir şey göstərməsə , qırılan, çökən, darma - dağınıq yaşayan, bəlkə bu gün sabah öləcək, yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını, kədərini, duyğularını çox gözəl dilə gətirir. Bir gün tarix Krıma yar olsa, Krım tatarı öz soydaşlarını arasa, o zaman yazılarım ortaya çıxar.

 

Amma belə olmasa da, zərəri yox... Krım tatarının bunca şanı, şöhrəti, bayrağı, torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli günüm itsə dəyişəcək? Bu sətirləri yazmağımın verdiyi zövq, bəxtəvərlik mənə yetər. Tatarca bir kimsə danışmasa da, o yenə mənim üçün böyük bir sevinc zövq mənbəyi kimi qalacaq. Çünki bu dildə qəhrəman xalqımın min illik sevincli-kədərli tarixi yatır, məğrur səsi eşidilir.

 

Özünü ədəbiyyatda axtaranların çoxu kimi mən uzaq yeniyetməlik ilk gənclik illərində şeir yazmışam.

 

O sadəlövh dövrün onilliklər arxasında qalan təcrübəsinə, bir Çobanzadə şəxsiyyətinə ehtirama güvənib onun bəzi şeirlərini Azərbaycan türkcəsində səsləndirməyə çalışdım. Bəkir Çobanzadə Budapeştdə təhsil həyatına düz yüz il əvvəl 1916-cı ilin payızında başlamışdı. Yəqin ki, macar paytaxtının heç zaman dəyişməyən pozitiv aurası da tərcümədə yardımçım oldu. Hər halda son söz möhtərəm 525-ci qəzet oxucularınındır...

 

Budapeşt, oktyabr 2016-cı il

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2016.- 29 noyabr.- S.7.