"Şair heç vaxt şeirdən azad ola bilmir"

 

ŞAİR RAMİZ RÖVŞƏN 70 İLLİYİ ƏRƏFƏSİNDƏ YUĞ TEATRINDA OXUCULARI İLƏ GÖRÜŞÜB

 

 

Yuğ Teatrında lap çoxdan olmaq istəsəm , hər dəfə təxirə düşən ilk gedişim noyabrın 25-də, teatrda şair Ramiz Rövşənlə görüş sayəsində gerçəkləşdi.

 

Dekabrın 15-də 70 yaşı tamam olacaq Ramiz Rövşən yubileyi ərəfəsində "Söz" ədəbi layihəsinin qonağı oldu.

 

Görüşün tamaşaçıları arasında Yuğ Teatrının kollektivi ilə birgə Əməkdar rəssam Rais Rəsulzadə, professor Rafiq Əliyev, rejissor Ramiz Həsənoğlu, Əməkdar artistlər Vidadi Həsənov, Tünzalə Ağayeva, türkiyəli yazıçı tərcüməçi İmdat Avşar, yazıçılar Fəxri Uğurlu, Günel Anarqızı, Pərvin, Ülviyyə Heydərova da vardı.

 

Qonaqları salamlayan "Söz" ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə Ramiz Rövşənin həyat yaradıcılığından ətraflı danışdıqdan sonra sözü şairə verdi.

 

Tədbir iştirakçılarına təşəkkür edən şair bu cür tədbirləri sevmədiyini bildirərək dedi ki, şair oxucularla şeirdə görüşməlidir:

 

"Buna görə tez-tez deyirəm, adamın özü çox vaxt sözünə mane olur. Üzümüz sözümüzün qarşısını kəsir.

Şeir şairdən azad olmalıdır. Düzdür, bu, əvvəl-axır baş verir, amma şair heç vaxt şeirdən azad ola bilmir".

 

Dünyada, cəmiyyətdə baş verən proseslərə biganə qalmadığını vurğulayan şairin fikrincə, indi dünyada şeir havası deyil:

 

"Bu sözlərimin qocalıq deyingənliyi kimi qəbul olunmasını istəmirəm. Adam cavanlıqda dalaşqan, qocalanda deyingən olur. Dünya həddən artıq maddiləşib, amma mən bədbin deyiləm. Hərdən deyirlər ki, oxucu yoxdur, insanlar şeirlə maraqlanmırlar. Bunu birmənalı olaraq qeyd edirəm ki, bütün bunlara rəğmən poeziya heç vaxt ölməyəcək. Elə mən özüm bu giley-güzarın ortasında heç vaxt oxucu qıtlığı çəkməmişəm, şeirlərimə həmişə maraq görmüşəm, aclıq hiss etmişəm.

 

Doğrusu, heç vaxt oxucu üçün yazmamışam, əgər şair oxucu üçün yazırsa, o sifət getdikcə konkretləşəcək kimlər üçünsə yazmağa başlayacaq, onların zövqünə uyğunlaşacaq".

 

R.Rövşən hesab edir ki, şeir oxucunun içində əks-səda verirsə, deməli, o hisslər həmin adamın içində var:

 

"Tanınmış rus şairi Anna Axmatova deyir, yaxşı şeir odur ki, kimsə oxuyanda desin: dilimin ucundaydı. Şair yazdığını yazır, oxucu düşündüyünü oxuyur. Eyni şeiri oxuyan iki nəfər əslində ayrı-ayrı şeirlər oxuyur. Kimisi həmin şeiri dünyanın o başına qədər aparır, kimisində isə divara dəyib qayıdır. Oxucu var, şairin ağlına gəlməyən mənaları tapıb çıxarır. Amma bir məsələ var: əgər o mənaları tapmaq olursa, deməli, onlar əvvəldən şeirdə olub. Şair öz şeirindəki bütün sətiraltı mənaları bilməyə məcbur deyil. Ümumiyyətlə, düşünmürəm ki, şair özünün ən ağıllı oxucusudur. Məsələn, "İlan balası" şeirim əslində şair haqqındadır. Amma bir dəfə gənclərin ocaq başında o şeiri dediklərinə şahid oldumorada anladım ki, onların oxuduğu şeir əslində azadlıq haqqındadır.

 

Bəzən gəncliyimdə yazdığım şeirlərə baxıram, əlbəttə, müxtəlif mənalara yoza bilərəm, amma bəzi məqamlarda nə demək istədiyimi anlaya bilmirəm. Çünki o vaxt başqa adamıydım, indi başqa. Zahirən də, daxilən də çox şey dəyişib. Etiraf edim, cavan Ramizi xatırlayanda anlayıram ki, şair haqqında təsəvvürlərimi ən çox dağıdan elə özüm olmuşam. 50 il bundan əvvəl ağlıma gəlməzdi ki, hazırkı yaşımda və görkəmimdə də şair olar” (gülür).

 

R.Rövşən qeyd edib ki, şairliyi öyrənmək mümkün deyil:

 

"Elə bir məktəb, şairlik məktəbi yoxdur ki, orda yazmağı, yaradıcılığı öyrənəsən. Əlbəttə, müxtəlif qurumlar, məktəblər, dərnəklər mövcuddur, amma onların heç biri şair "istehsal" etmir.

 

Şeirin texnikasını öyrənmək olar, hətta bu, çox vacib şərtlərdəndir. Müəllimlərimdən, tanınmış rejissor Andrey Tarkovski rejissorlar haqqında deyirdi ki, bizdə dahilər doludur, amma peşəkarlar çox azdır. Bu sözdə böyük ironiya var. Çünki peşəkar olmayan adam dahiola bilməz.

 

Bir məsələni də qeyd edim, bizdə söhbətlər olur ki, filankəs ədəbiyyata həyatdan gəlib, bəhmənkəs ədəbiyyata kitablardan gəlib və sairə. Gülməlidir. Heç vaxt birbaşa həyatdan ədəbiyyata gəlmək mümkün deyil".

 

Tədbir boyunca oxucularla müxtəlif mövzulara aid fikirlərini bölüşən şair şeirlərini, tərcümələrini oxudu. Yuğ Teatrının kollektivi də R.Rövşənə səs verdi.

 

Daha sonra şair oxucuların çoxsaylı suallarını cavablandırdı.

 

Cavid QƏDİR

 

525-ci qəzet.- 2016.- 29 noyabr.- S.4.